525.Az

Bəxtiyar Vahabzadə Şəkidə yad edilib


 

Bəxtiyar Vahabzadə Şəkidə yad edilib<b style="color:red"></b>

Unudulmaz Xalq şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.

Bu fikirlər Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar fevralın 13-də onun anadan olduğu Şəki şəhərində keçirilən xatirə tədbirində səsləndirilib.

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan xatirə tədbirinin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İ.Nakam adına mərkəzi kitabxanasında keçirilən "Poeziyamızın Bəxtiyarı" adlı tədbirdə mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, poeziya həvəskarları iştirak ediblər.

Xatirə tədbirində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, qüdrətli söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Şair azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Tədbirdə Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, MKS-nin direktoru Seyid Vahabov və 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək, Xalq şairi ilə bağlı ən xoş xatirələrini səsləndiriblər. Bildirilib ki, B.Vahabzadə Vətəninə, doğulduğu yerə bağlı bir insan idi, anadan olduğu yurdu - Şəkini çox sevirdi. Yaratdığı əsərlərdə Şəkiyə xas kolorit, düşüncə özünü aydın göstərirdi.

Qeyd olunub ki, şairin əbədiyyətə qovuşmasından 11 il vaxt keçsə də, işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində həmişə yaşayacaq.

 





15.02.2020    çap et  çap et