525.Az

Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib


 

Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib<b style="color:red"></b>

Görəsən, mikrobaş nazirin bədbəxtliyinin nədən ibarət olduğunu Yerevanda bilirlərmi? Onun bədbəxtliyi siyasi diletant olmasından, siyasi təcrübəsizliyindən, beynəlxalq tədbirlərdə özünü aparmaq bacarığının olmamasından (əzizim, bu sizin üçün Yerevandakı Teatr meydanında dum-dum-babax etmək deyil), ağı-qaradan ayıra bilməməsindən irəli gəlmir. Daha doğrusu, təkcə bunlardan irəli gəlmir. Paşinyanın əsl bədbəxtliyi budur ki, o, reallıqları olduğu kimi qəbul edə bilmir və real dünyanı şəxsi illüziyaları çərçivəsinə uyğunlaşdımaq üçün mənasız cəhdlər göstərir.

Baxın görün Bavariya paytaxtında Prezident Əliyevlə rüsvayçı qarşıdurması, - yeri gəlmişkən, erməni ekspertlər birliyi indiyə qədər bu rüsvayçılığı həzm edə bilmir, - başa çatandan dərhal sonra Paşinyan nə edir. Özünü kompyuterinə (yaxud smartfonuna, dəqiq bilmirik) yetirərək “Facebook” səhifəsində daxil olur və orada özünün əlüstü qondardığı altı “Münxen prinsipi”ni çap edir. Bunun üçün nə danışıqlar üzrə tərəfdaşı, nə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşir. Onun düşüncəsinə görə, bu prinsiplər “Madrid prinsipləri”ni dəfn etməli və əvəzləməlidir.

Bəli, bəli, Paşinyanın sevimli Minsk qrupunun həmsədrlərinin bir neçə il üzərində işlədikləri həmin “Madrid prinsipləri”ni! Təsəvvür edirsiniz?

Mən onun “Münxen prinsipləri”ni qəsdən təhlil etməyəcəyəm. Ona görə yox ki, onun bəndlərindən hər biri tam cəfəngiyyatdır, sərsəmin can çəkişməsidir. Bu cəfəngiyyata vaxt sərf etməyə dəyməz və heç kəs bu səfeh “prinsiplər”in məzmunu ətrafında onunla danışıq aparmayacaq. Mən onun “Facebook” statusu ilə tanış olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin necə dəhşətə gəldiklərini təsəvvür edirəm. Təkcə ona görə yox ki, bu prinsiplərlə əvvəlcə vasitəçilər deyil, ... Mark Sukerbergin platformasında yarandığı üçün ilk dəfə o tanış olub, həm də ona görə ki, dırmaşaraq hakimiyyətə gəlmiş bir adam ABŞ, Rusiya və Fransanın onlarca diplomatının çoxillik zəhmətini sadəcə sosial şəbəkədəki bir statusu ilə zibil qutusuna atmaq və sanki onlara “yoldaşlar, siz bu günə qədər düzgün yaşamamısınız, mən sizə göstərərəm, düzgün yaşamaq necə olar” sözlərini bəyan etmək qərarına gəlib.

Mənə belə gəlir ki, indiki vəziyyətdə dünya birliyinin Paşinyana ən böyük lütfü bu ola bilər: özümüzü elə aparırıq ki, guya heç nə baş verməyib. Nikol Vovayeviç isə bu səfeh “prinsiplər”i sakitcə və xəlvətcə öz səhifəsindən silməlidir. Çünki onları heç kəs danışıqlar masası arxasında müzakirə etməyəcək! Onlar hətta KİV-lərdə də təhlil olunmayacaq. Klounluq etmək yetər!

Mikroinqilabçının bədbəxtliyi həm də bundadır ki, o, incə diplomatik mesajları tuta bilmir. O, bütün dünyanın zəhləsini tökmüş “Qarabağ danışıqlar tərəfidir” sözlərini hər dəfə işlədəndə, vasitəçilər ona mesaj göndərirlər. Əfsuslar olsun ki, bu mesajları Yerevanda görməzdən gəlirlər və təbii ki, varçapetə məruzə etmirlər.

Məsələn, belə incə mesajlardan biri Məmmədyarov ilə Mnatsakyan arasında yeddisaatlıq danışıqlar olan gün göndərilib. Həmin gün ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Azərbaycandakı səfirlərinin Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Tural Gəncəliyecvlə görüşü olub. Bu, Yerevan üçün aydın mesaj idi: “Yoldaşlar, danışıqlar prosesinin formatını dəyişdirmək istəyinizi unudun. Dağlıq Qarabağın Azərbaycan icması ilə erməni icması bərabərhüquqlu tərəflərdir”.
Lakin Ermənistan XİN-in mətbuat xidməti baş verən hadisəni “səfirlər ilə QHT arasında” görüş kimi təqdim etməyə çalışdı.

Madam Anna Nağdalyan, bilirsiniz, sizin Bako Saakyan hətta QHT səviyyəsinə çata bilmir. Məgər Yerevanda səfirlər onu tez-tez qəbul edirlər? Heç xatırlamıram.

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Ancey Kaspşik də Münxen debatlarından iki gün əvvəl elə həmin Tural Gəncəliyevlə görüşüb. Madam Nağdalyan, mənə bir deyin görüm, səfirlərin və beynəlxalq təşkilatların başçılarının nümayəndələrinin öz qızıl vaxtlarını “QHT” ilə görüşə sərf etməkdən başqa ayrı işləri-gücləri yoxdur? Yoxsa, bu, hər halda sizin rəhbərliyə daha bir mesajdır ki, o, Münxendəki hadisədən iki gün sonra çaşıb yenə də üçtərəfli formatdan danışmasın.

Amma yox, qozbeli qəbir düzəldər, o, yenə də danışdı!

Əgər sizi qandırmaq bu qədər çətindirsə, onda daha bir mesajı qəbul edin - bu dəfə Tural Gəncəliyevin İsveçin Azərbaycandakı səfiri ilə görüşü şəklində. Yeri gəlmişkən, İsveç də ATƏT-in Minsk qrupunun üzvüdür və bu görüşlər təsadüfən keçirilmir, çünki onlardan əvvəl cəlb edilmiş ölkələrin xarici siyasət idarələrində müzakirələr aparılır.

İndi deyəcəksiniz ki, yenə də “QHT”? Axı bu, necə bir “QHT”dir ki, onunla belə nüfuzlu dövlətlərin səfirləri görüşməyə can atır? Bəs nə üçün onlar “öz müqəddəratını təyin etmiş Arsaxın legitim prezidenti” ilə belə tez-tez görüşmürlər?

Bəlkə hər halda sətiraltı mənanı oxumağı və siqnalları tutmağı öyrənmək vaxtı artıq çatıb?

Gözünüzü geniş açın və boz maddəni işə salın: Bako Saakyan və onu əvəz edəcək şəxslərlə heç kəs heç vaxt danışıqlar masası arxasında oturmayacaq. Nə qədər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindədir, danışıqlar yalnız Yerevanla aparılacaq. Sonuncu çağırılmamış qonaq Azərbaycan ərazisini tərk edən kimi, Bakı da iki bərabərhüquqlu həmyerli həmkarı – Bako Saakyanı və Tural Gəncəliyevi, yaxud onların varislərini qəbul etməyə hazır olacaq. Yalnız birlikdə və “mərkəz-əyalət” formatında.

Mesajları başa düşməyi öyrənin və özünüzü aldatmayın. Sizin arzularınız H-E-Ç V-A-X-T gerçəkləşməyəcək!!!

 





18.02.2020    çap et  çap et