525.Az

Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb


 

Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb<b style="color:red"></b>

Gənc pianoçu Leyla Zeynalova Estoniyanın Narva şəhərində keçirilən XIII Beynəlxalq Şopen Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Leyla Zeynalova müsabiqəyə öz təşəbbüsü ilə qatılıb. İlk dəfə bu müsabiqədə 12 yaşında iştirak edən ifaçı 2-ci yeri qazanıb.

Seçim turuna ötən ilin oktyabrında videoifasını göndərən Leyla noyabrda müsabiqəyə dəvət alıb. Müsabiqənin birinci turunda 25, ikinci turda 30 dəqiqə solo proqramla, sonda isə orkestrlə birgə çıxış edərək böyük uğura imza atıb.
Qazandığı uğurlara görə ona dəstək olan insanlara təşəkkürünü bildirən pianoçu deyib: “Bakı Musiqi Akademiyasının professoru Kəmalə Nemanovanın tələbəsiyəm. Bu illər ərzində onunla çox layihələr həyata keçirmişik. Müəlliməm hər zaman məni dəstəkləyir, hər vaxt yanımdadır. Hətta müsabiqəyə birlikdə getməsək də, hər turdan əvvəl telefonla əlaqə yaradıb məsləhətlərini verir, mənə dəstək olurdu. Düzdür, müsabiqəyə qatılan hər kəsin içində qalib olmaq inamı olur. Bu uğur mənim üçün inanılmazdır. Yaşadığım hissləri ifadə etmək çətindir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Leyla Zeynalovanın adı gənc istedadların "Qızıl kitab"ına yazılaraq Prezident təqaüdünə layiq görülüb.

Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda təhsil alan Leyla ölkəmizlə yanaşı, Almaniya, İngiltərə, Belçika və Latviyada bir sıra müsabiqələrdə iştirak edib, laureat olub, əksəriyyətində Qran-pri mükafatına və birinci yerə layiq görülüb. O, dəfələrlə Yuri Başmetin rəhbərlik etdiyi MDB və Baltikyanı ölkələrinin Uşaq Musiqi Akademiyasının ustad dərslərində iştirak edib. 2015-ci ildə gənc pianoçu Vladimir Spivakovun təşkil etdiyi "Moskva dostları qarşılayır" festivalına qatılıb.

L.Zeynalovanın uğurlu fəaliyyəti 2018-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.

Onu da bildirək ki, Leylanın qardaşı, beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeynalov da vaxtilə Narvada keçirilən Beynəlxalq Şopen Müsabiqəsinin qalibi olub. Rüstəm hazırda Moskva Konservatoriyasının aspiranturasında təhsilini davam etdirir.

 





20.02.2020    çap et  çap et