525.Az

İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla ifşa etdi


 

İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla ifşa etdi<b style="color:red"></b>

Ötən həftə baş tutmuş 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan  arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələr keçirilib.

Selest Volenderin moderatorluğu ilə baş tutan müzakirlər hələ də geniş şərh olunur. İstər Azərbaycanda, istər Ermənistanda, istərsə də bir çox xarici ölkələrdə politoloqlar, ekspertlər Azərbaycan Prezidentinin debat zamanı Paşinyan üzərində diplomatik qələbə əldə etdiyini birmənalı şəkildə vurğulayırlar. Paşinyana qarşı ölkəsində tənqidlər səngimir. Erməni ekspertlər, siyasi analitiklər hesab edirlər ki, baş nazir ölkəsinin maraqlarını Münxendə lazımi qədər müdafiə edə bilmədi, İlham Əliyevin tutarlı arqumentləri qarşısında aciz və çarəsiz vəziyyətə düşdü. Xatırladaq ki, Prezident İlham Əliyev müzakirələr zamanı münaqişənin yaranma tarixindən söz açıb, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb, bunun tarixi həqiqət olmaqla yanaşı, beynəlxalq hüququn normalarına əsaslandığını dilə gətirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilmədiyini diqqətə çatdıran Prezident İlham Əliyev qətiyyətlə bəyan edib ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir.

Paşinyan isə öz yalanlarını isbatlamaq üçün tarixin dərinliklərinə baş vurmağa çalışıb, amma pis vəziyyətə düşüb. Çünki söylədiyi yalanlarla gülüş hədəfinə çevrilib. Beləliklə, Ermənistanın işğalçı siyasəti daha bir mühüm tribunada yüksək səviyyədə səsləndirildi və təcavüzkar tərəf bir daha diplomatik məğlubiyyət yaşadı.

Mövzu ilə bağlı danışan siyasi şərhçi Arzu Nağıyev deyib ki, Ermənistanda baş verən proseslər müxtəlif dövlətlər tərəfindən sakit və seyrçi mövqedən qarşılansa da, vəziyyət göründüyü kimi deyil. Xüsusilə də Münxen Təhlükəsizlik Konfransından sonra həm Ermənistanda, həm də ümumiyyətlə, onların havadarları arasında münaqişənin hərbi yolla həlli ilə bağlı narahatlıqlar var. O bildirib ki, Azərbaycan artıq şərtləri diktə edən tərəf kimi cavab gözləyir: "Əsas məqam ondan ibarətdir ki, doğrudan da Paşinyan hərb yolundan qorxur və bu, təkcə regionda müharibənin alovlanması ilə bağlı qorxu deyil. Eyni zamanda, son vaxtlar orduya qarşı olan münasibətdən doğur. Bununla yanaşı, Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaarla da görüşündə münaqişənin ancaq sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib və hərb yolunun olmayacağı haqqında zəmanət verib".

A.Nağıyev söyləyib ki, Paşinyan Münxendə baş verənlərdən sonra məğlubiyyətləri ilə barışmadığını göstərməyə çalışsa da, vəziyyət onun əleyhinədir: "Ermənistanda vətəndaş cəmiyyəti və ordu arasında sülh şəraitində itkilərlə bağlı da dərin bir böhran yaşanır. Bunun özü də Paşinyanı qorxudan amillərdən biridir. Digər məsələ qondarma qurumda bu ilin 31 martında keçiriləcək "prezident və parlament seçkiləri"dir. Bu da cəmiyyətdə qıcıq yaradan və perspektivi olmayan bir məsələ kimi dəyərləndirilir".

Politoloq Qabil Hüseynli söyləyib ki, Münxen Təhlükəsizlik Konfransı dünyanın nüfuzlu forumlarından biridir, dünya ictimai rəyə və beynəlxalq təşkilatların mövqeyinə çox ciddi təsir göstərir. Bu nöqteyi-nəzərdən həmin forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi debat və eyni zamanda, təkbətək görüşü sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. O bildirib ki, Azərbaycan Prezidentinin debatda Nikol Paşinyanı tam məğlub etməsi, ölkə başçısının intellektual şərhləri, problemi çox yüksək səviyyədə təhlil etməsi, bu təhlil zamanı Ermənistanın işğalçı mövqeyinin ortaya qoyulması, hətta yalanlara baş vurmağı sevən Paşinyanın uydurmaları həqiqətləri göz önünə sərdi. Politoloq söyləyib ki, onsuz da dünya son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyini haqqın-ədalətin xeyrinə xeyli dəyişib: "Prezident İlham Əliyevin bu forumdakı fəaliyyəti, intellektual çıxışı, yüksək təhlil qabiliyyəti həqiqətlərin bir daha təsdiqlənməsinə gətirib çıxardı. Beləliklə, Azərbaycanın danışıqlar prosesində əli daha da gücləndi. Bu o deməkdir ki, Dağlıq Qarabağ prosesində Ermənistanın qeyri-konstruktiv fikirləri olacaqsa, ona qarşı beynəlxalq təzyiqlər artacaq. Bu o deməkdir ki, Azərbaycanın haqq işi, ərazi bütövlüyünün təmin edilməsi məsələsində aparıcı dövlətlər və beynəlxalq təşkilatların mövqeləri tam dəqiqləşəcək".

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, ilk dəfə olaraq Münxendə Dağlıq Qarabağ probleminə dair açıq debat keçirildi, bütün qlobal informasiya resurslarının diqqətinin məhz bu panel müzakirələrinə fokuslandı. O qeyd edib ki, Azərbaycan Prezidenti öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi bilgiləri, yüksək dil qabiliyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay edib: "Bir daha hamıya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı olaraq qalacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomiyanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır. Bu keyfiyyətlər əsl siyasi lider keyfiyyətləridir və hər bir azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər".

H.Babaoğlu deyib ki, müzakirələrdə miskin vəziyyətə salınmış işğalçı Ermənistanın baş nazirinin qarşısında özündən əmin, xalqına arxalanan, haqqı, ədaləti, beynəlxalq hüququn təmin olunmasını tələb edən bir Prezident var idi: "Bu müzakirələrdə bir daha Prezident İlham Əliyev hamını inandırmağı bacardı ki, istər tarixi və istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycana aiddir. Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir isə Paşinyanın və onun havadarlarının sifətinə vurulan siyasi sillə idi. Bunlardan birincisi - "Erməni xalq öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratlarını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox! İkinci isə - "Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq". Bu fikirlər təkcə Ermənistana deyil, bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarıc idi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik".

Politoloq İlqar Vəlizadə vurğulayıb ki, ümumiyyətlə hadisələr göstərir ki, Ermənistan tərəfi beynəlxalq tədbirlərdən sonra heç bir nəticə çıxarmır. Əlbəttə ki, bu, acınacaqlı haldır. Əslində, bu, onu göstərir ki, Ermənistan özü-özünə dalanlıq edir. Təbii ki, bu dalandan çıxış yolu yoxdur. Çıxış yalnız birdir, o da Azərbaycanın işğal olunmuş torpaqlarını, bir milyondan artıq qaçqın və məcburi köçkünləri öz yurdlarına qaytarmaqdır, eləcə də öz qoşunlarını Dağlıq Qarabağdan və Azərbaycanın ətraf rayonlarından geri çəkməkdir. Yeganə çıxış yolu bundan ibarətdir". Politoloqun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında açıq diskussiya onu göstərir ki, Ermənistan işğalçı dövlətdir və işğalçı siyasət aparır: "Onun bu siyasəti aparmaq üçün heç bir əsası yoxdur. Burada bir yol ola bilər, o da Ermənistanın öz mövqeyini danışıqlar prosesində dəyişdirməsidir. Əgər mövqeyini dəyişdirməsə, demək olar ki, bu kimi diskussiyalarda Ermənistan heç bir şeyə nail ola bilməyəcək. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkə rəhbərinin görüşündə aydın oldu ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanınmasına çalışmaq və bunu Azərbaycana qəbul etdirməkdir. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev əsaslı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Ölkə rəhbəri münaqişənin danışıqlar yolu ilə və mərhələli şəkildə həllinin tərəfdarı olduğunu vurğuladı".

PƏRVANƏ

 





21.02.2020    çap et  çap et