525.Az

"Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda seminar-treninq


 

"Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda seminar-treninq<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda seminar-treninq keçirilib.

Məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda, natiq dini radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edib.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, dini radikalizmə qarşı mübarizənin həyata keçirilməsi müasir dövrdə bir çox dünya ölkələrinin qarşısında dayanan əsas prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, dini ekstremizm meyilləri bütün bəşəriyyət üçün təhlükə törədən terror təşkilatlarının yaranmasında əsas faktor kimi çıxış edir. "Bu baxımdan dini ekstremizmə qarşı profilaktik və preventiv istiqamətdə tədbirlər planı həyata keçirmək böyük əhəmiyyət kəsb edir", - deyə sədr müavini əlavə edib. G.İsmayılov deyib ki, radikalizmin yayılmasında başlıca faktor təbliğatdır. Dini ekstremistlər sıralarını artırmaq üçün müxtəlif üsullardan istifadə edərək insanları öz tərəfdarlarına çevirirlər. Natiq vurğulayıb ki, dini radikalizm və ekstremizmin təbliğində əsasən internet resurslarından və sosial şəbəkələrdən istifadə hallarına rast gəlinməkdədir: "Bu baxımdan hər kəs, o cümlədən, gənclər diqqətli olmalı, dinlə bağlı zərərli informasiyalara aldanmamalıdırlar", - deyə Dövlət Komitəsinin sədr müavini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

S.QARAYEVA

 





21.02.2020    çap et  çap et