525.Az

Ali Attestasiya Komissiyasına elm adamlarından etirazlar - Araşdırma


 

Ali Attestasiya Komissiyasına elm adamlarından etirazlar - <b style="color:red">Araşdırma </b>

Uzun müddətdir, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ətrafında söz-söhbət səngimək bilmir.

Belə ki, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən 11 iyun 2018-11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa, bütün dissertasiyalar yenidən ilkin müzakirədən, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu o deməkdir ki, respublikadakı bütün seminar vermiş iddiaçılar bunu yenidən etməlidir, çünki Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb.

Mövzuya yenidən müraciət etməyimizə səbəb bu dəfə elm adamlarının mövcud qərarla bağlı narazılıqlarıdır. Qəzetimizə bununla bağlı açıqlama verən professorlar, ali məktəb müəllimləri də qərarın doğru olmadığını vurğulayırlar. Onlar bu qərar başda olmaqla, dissertasiyaların müdafiəsi, elmi şuraların tərkibinin müəyyənləşdirilməsi qaydalarının əsassız olduğunu, iddiaçıların işini asanlaşdırmaqdan, yüngülləşdirməkdən daha çox, ağırlaşdırmağa xidmət etdiyini deyirlər. Bu məqalədə onlardan üçünün fikirlərini işıqlandırırıq.

Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev öncə dissertasiyaların müdafiə prosesi, elmi şuraların tərkibi ilə bağlı keçmişdə olanla yeni qərarın müqayisəsini apardı: "Dissertasiyaların keçdiyi elmi seminarın mahiyyəti ondan ilkin müzakirələrdə nəzərdən qaçmaq nöqsanları müəyyənləşdirmək və bir növ iddiaçını müdafiə prosesinə hazırlamaqdan ibarətdir. Əvvəllər məhz belə idi. Seminar tövsiyə xarakteri daşıyırdı. Bu mərhələdə hətta mənfi rəylə belə müdafiəyə çıxmaq olardı. Çünki ola bilsin ki, iddiaçı ona deyilən iradlarla razı olmasın. AAK-ın yeni əsasnaməsinə qədər olan mərhələdə elmi seminarların tərkibi konkret sahələr üzrə tanınmış elmlər doktoru, professorlardan və böyük təcrübəyə malik dosentlərdən təşkil olunurdu. Amma yeni aydalara görə eyni mütəxəssis həm müdafiə şurasında, həm də seminarlarda üz ola bilməz. Elmlər doktorlarının sayı o qədər də çox deyil. Onlar şuralarda təmsil olunur. Bu da ona gətirib çıxarıb ki, seminarların üzvləri fəlsəfə doktorlarından ibarətdir. Burada təkcə fəlsəfə doktorluğu deyil, həm də elmlər doktorluğu üzrə dissertasiyalar müdafiə olunur. Və həmin elmlər doktorluğuna iddiaçı olan şəxsin dissertasiyasını fəlsəfə doktoru, keçmiş adla elmlər namizədi seminarda müzakirə edir. Bu, nə dərəcədə doğrudur?

Məsələ burasındadır ki, ilkin müzakirələrdə ən az beş elmlər doktorunun iştirakı tələb olunur. Belə olduğu halda elmi seminarların yalnız fəlsəfə doktorlarından ibarət olması absurd görünür. Ona görə də eyni bir mütəxəssisin həm seminarda, həm də müdafiə şurasında təmsil olunmasına qoyulan məhdudiyyət absurddur".

Professorun yuxarıda qeyd etdiyimiz qərara münasibəti də birmənalı deyil: "Mənim fikrimcə, 13 dekabr 2019-cu il tarixli qərar Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə ziddir. Bu, iddiaçıların illərlə heç bir səbəb olmadan gözləməsi deməkdir. Həm də təkrar müzakirə nəyi dəyişdirəcək? AAK rəhbərliyi iddia edir və dəfələrlə universitetlərdə çıxış edərək bildirir ki, təkrar müzakirələr həm kafedralarda, həm də elmi seminarlarda formal xarakter daşıyır. Madam ki, formal xarakter daşıyacaq, heç nəyi dəyişdirməyəcək niyə insanların illərlə keçdiyi müzakirə və ya seminarları təkrar olunmalıdır? Bu, böyük sayda gənc tədqiqatçıya həm maddi, həm də mənəvi ziyan vurmaqdan başqa bir şey deyildir".

H.Zərbəliyev ümumiyyətlə, AAK-ın dissertasiyalarla bağlı olan çox qərarıyla razılaşmadığını, qərarlara yenidən mütəxəssislərin iştirakı ilə baxılmalı olduğunu vurğulayır: "AAK iddia edir ki, müdafiə prosesi xeyli yüngülləşdirilib. Məsələn, aparıcı müəssisə ləğv olunub, onun əvəzinə üçüncü opponent müəyyənləşdirilib. Toplananların yerini dəyişdikdə cəm dəyişməz. Ona görə də bu heç də prosesi yüngülləşdirmək demək deyildir. Başqa bir "yüngülləşdirmə": təzə qaydalara görə müdafiələri sürətləndirmək üçün şuranın hər iclasında 3-4 müdafiə keçirilməsinə icazə verilir. Mən təxminən 30 ilə yaxındır ki, şuraların üzvü oluram. Öz təcrübəmdən deyirəm ki, artıq 2-ci müdafiədə şura üzvləri yorulur və qalan hissə demək olar ki, formal keçirilir. İndi 3-4 müdafiə planlaşdırılırsa, bu, keyfiyyət yox, yalnız kəmiyyətə hesablanmış bir qərardır. Əgər doğrudan da müdafiələri sürətləndirmək lazımdırsa və yaxud AAK-ın belə arzusu varsa, o zaman şuraların sayını artırmaq lazımdır. Məsələn, Azərbaycan Dillər Universitetində ən müxtəlif dillərlə müqayisələrin aparıldığı dissertasiyaların müdafiəsi üçün indeks verilməyib. AAK həmin universitetə lazım olan indeksi verməyib. Bu indeks yalnız Bakı Slavyan Universitetindədir. Slayan Universiteti isə daha çox slavyan dilləri üzrə ixtisaslaşıb. Bu halda uzun bir növbə yaranmalıdır. Növbələrin yaranması da bilirik ki, son nəticədə nəyə xidmət edir. Mütəxəssislərin indekslər üzrə hüquqları da ciddi və süni şəkildə yeni qaydalarla daraldılıb. Məsələn, dil nəzəriyyəsi üzrə mütəxəssislərə müqayisəli dilçilik üzrə şuaralara üzvlüyə, yaxud opponentliyə icazə verilmir. Halbuki, müqayisəli dilçilik dil nəzəriyyəsinin bir hissəsidir. Məsələn, Azərbaycanda müqayisəli dilçilik üzrə cəmi bir nəfər elmlər doktoru var. Bu da o deməkdir ki, o halda bu indeks üzrə müdafiələr ümumiyyətlə, keçirilə bilməz. Çünki həmin ixtisas üzrə hər şurada ən azı beş elmlər doktoru iştirak etməlidir. Bütün bu məsələlərin normal şəkildə həlli üçün AAK sədri mütəxəssiləri yığıb onlarla müzakirələr aparmalı idi. İndi zənnimcə, AAK həm ilkin müzakirə və seminarların təkrar keçirilməsi ilə bağlı qərarını ləğv etməli, həm də dissertasiya şuralarının, elmi seminarların tərkibinin yenidən formalaşdırılması üzərində ciddi düşünməlidir. Günahın yarısından qayıtmaq da faydaldır. Dissertasiyaların tərkibi ilə bağlı yeni qaydalar da əcaibdir. Bu qaydalara yenidən baxılmalıdır. Qaydalardakı dəyişikliklərin çoxu nöqtə, vergül, tiredən ibarətdir və bir ədəbiyyatı tərtib etmək üçün 50-60 yersiz durğu işarəsindən istifadə olunur. Məsələn, deyək ki, müəllifin soyadı ilə onun inisialları arasında vergül qoyulur ki, bu da çox əcaib bir haldır. Bu, Avropa mütəxəssislərinin əsərlərində belə göstərilir. Bəli, avropalıların öz düşüncə tərzi var, bizim öz düşüncə tərzimiz. Nə vaxt bizdə soyadla inisiallar arasında vergül qoyulub? Ona qalsa ingilislər "və"dən əvvəl vergül qoyula bilir, indi nə edək, biz də "və"dən əvvəl vergül qoyaq? Azərbaycan dilinin orfoqrafiya qaydaları var. AAK gərək bu qaydaları tərtib edərkən Azərbaycan dilinin orfoqrafiya qaydalarına əməl edəydi. Bu, bir nümunədir. Orda  başqa hallar da var. Məsələn, ədəbiyyatın nömrələnməsi. Təsəvvür edin, ilkin müzakirədə müəllifə irad tutuldu ki, filan mövzu barədə daha yaxşı bir əsər var, siz onu görünür, nəzərdən qaçırmısız, onu tapın, oxuyun və ədəbiyyata əlavə edin. Tutalım, 150-200 ədəbiyyat var, onlar da mətndə nömrə ilə verilib. İndi müəllif 2-3 gün oturmalıdır ki, bir ədəbiyyatın əlavəsinə görə mətni təzədən oxuyub o nömrələri dəyişdirsin? Yaxud ikinci mərhələdə, seminarda da buna bənzər irad tutula bilər və müəllif məcburdur ki, bu prosesi yenidən təkrar etsin. Bunun çox bəsit bir üsulu var. Şərti işarə kimi müəllifin soyadı və əsərin yazıldığı il göstərilir və müvafiq səhifə zəruri halda qeyd olunur, ədəbiyyat siyahısı da ona uyğun tərtib edilir. Bu qədər bəsit, sadə bir üsul olduğu halda dissertasiyaların tərtibatı ciddi şəkildə çətinləşdirilir. Bununla belə iddia olunur ki, yeni qaydaların hamısı guya iddiaçıların xeyrinədir, faydalıdır. Mənsə bunların hər birinin heç də iddiaçıların xeyrinə olmadığı və bütün bunlara təkrar, özü də mütəxəssislərin iştirakı ilə yenidən baxılmalı olduğu fikrindəyəm".

Bakı Dövlət Universitetinin dosenti, ədəbiyyatşünas Məti Osmanoğlunun da mövzuyla bağlı mövqeyi sərtdir. O, qərarı absurd hesab etməklə yanaşı, AAK-ın fəaliyyətindən də narazılığını dilə gətirdi: "Bu gün Azərbaycan elminin çox ciddi problemləri var və həm dövlət, həm də ictimaiyyət səviyyəsində həmin problemlərin həllinin çıxış yolları axtarılmalıdır. Mənə elə gəlir ki, mövcud problemləri dərinləşdirən amillərdən biri də AAK-ın fəaliyyətidir.  

Bu təşkilatın müzakirələrdən keçmiş işləri yenidən müzakirəyə qaytarmaq qərarı isə absurddan başqa bir şey deyil. Təsəvvür edin, eyni iş eyni seminara qaytarılacaq, eyni adamlar tərəfindən yenidən müzakirə ediləcək, eyni protokolun tarixi dəyişdirilib yenidən AAK-a göndəriləcək... 

Mənə elə gəlir ki, fikirləşməyin vaxtı çatıb: AAK kimi özünü nüfuzdan salan bir quruma ehtiyac varmı?!"

Folklorşünas Əli Şamil AAK-ın beynəlxalq standartlara əməl etmədiyini dedi: "Mən onlara rəsmi şəkildə də yazmışam. Əsasnamalərində ziddiyyətlər var. Əsasnamədə gənc alimin qarşısına qoyulan tələblərdən biri də budur ki, beynəlxalq jurnallarda məqalə nəşr etdirsinlər. Lap yaxşı. Bəs onda AAK özü niyə beynəlxalq standartlara əməl etmir?! Dissertasiyalarda hələ də Sovet dövründən qalma, bilgisayara uymayan, gənc alimi axtarışdan çox texniki problemlərlə məşğul olmağa vadar edən kodlaşdırma tələb edilir?! Kodlaşdırma ilə yazılmış dissertasiyaya bir sitat, qaynaq əlavə ediləndə ədəbiyyat siyahısını, qaynaqları gərək yenidən tərtib edəsən. Bunun da neçə çətin və vaxt aparan bir iş olduğunu dissertasiya yazan da, elmi rəhbər də, opponent də bilir. Biz hələ də Sovet dövrünün yazı qaydasından əl çəkə bilmədiyimizdən gənc alimlərin vaxtının çoxu bu işlərə gedir və xarici ölkələrdə nəşr edilən jurnallara göndərdikləri məqalələr də hakimlərə-rəyə göndərilmədən texniki qüsura görə zibil qutusuna atılır.

Başqa bir qərarda deyilir ki, fəlsəfə doktorları elmi rəhbər ola bilməz. Elmi rəhbər ola bilməyən adam sabah necə professor olacaq?! Axı professorluq üçün tələb edilən göstəricilərdən biri də nə qədərsə işin elmi rəhbəri olmaqdır. Ya o ləğv olunmalıdır, ya da bu".

 





23.02.2020    çap et  çap et