525.Az

Gürcüstanda Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirilib


 

 Gürcüstanda Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirilib<b style="color:red"></b>

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Gürcüstanın Marneuli rayonunun Algeti (Məscidli Gorarxı) kəndində aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov aksiya iştirakçıları qarşısında çıxış edərək bildirib ki, 1988-ci ildə SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edən Ermənistan Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürməyə başladı və Ermənistanda yaşayan 200 minədək azərbaycanlını deportasiyaya məruz qoydu. Bunun ardınca Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başladılar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında qətliamlar törədildi.

Xocalı soyqırımının səbəbləri və nəticələri barədə danışan diplomat vurğulayıb ki, Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşa edilməsi və işğal altındakı torpaqlarımızın azad olunması üçün ümummilli lider Heydər Əliyevin, sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri addımlar atılıb və atılmaqdadır. Hazırda beynəlxalq ictimaiyyətin hadisə ilə bağlı geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər olduqca təqdirəlayiqdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq məlumatlandırma kampaniyası geniş vüsət alıb.

Sonra Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, professor Mahmud Kamaloğlu, kənd ağsaqqalı İmran Bayramov və başqaları çıxış edərək Xocalı faciəsi barədə danışıblar.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdilər. Xocalı sakinlərindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyindən isə hələ də məlumat yoxdur.

Çıxışlarda dünyada mövcud olan ikili standartlara soy qoyulması, Xocalı faciəsini törədənlərin ədalət mühakiməsinə çıxarılması barədə təkliflər səslənib.

Sonda kənddə imkansız və sosial müdafiəyə ehtiyacı olan ailələrə yardım paylanılıb.

 





24.02.2020    çap et  çap et