525.Az

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


 

Beynəlxalq aləm: <b style="color:red">ziddiyyətlər, münaqişələr, müharibələr</b>

Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiyadakı yerli əhali ingilislərdən fərqli dinə - katolitsizmə mənsubdur. Onlarla protestantlar arasında gərginlik uzun müddət davam etmiş, katoliklərin silahlı mübarizəsinə yol açmışdı.

Tarixdə də şimali irlandlarla ingilislər arasındakı münasibətlərin kəskin pisləşməsi, katoliklərin qırğına məruz qalması halları da olmuşdu. 1649-cu ildə inqilab nəticəsində hakimiyyətə gələn lord-protektor Oliver Kromvel Şimali İrlandiyanın Droqheda şəhərində katolik rahibləri qılıncdan keçirtdirmişdi. Yerli katoliklər Kromvelin vəhşiliyini əsrlər keçsə də, unutmurlar. Onlar İrlandiyadadakı qardaşları kimi kütləvi şəkildə mühacirətə üz tutsalar da, öz xalqının başına gələn faciənin ağrısını daşımaqda davam edirlər. 

Belçikada fransızdilli vallonlar və holland dilli flamandlar arasında münasibətlər heç də daim müsbət çalarda olmur. Vallonlar Belçikadan ayrılmaq arzusunu bir sıra hallarda dilə gətirirlər.

XV əsrdə Araqon kralı Ferdinandın və Kastiliya kraliçası İzabellanın nikahı nəticəsində iki dövlətin birləşməsi ilə mərkəzləşmiş İspaniya dövlətinin rüşeymi meydana gəlmişdi. Sonralar digər kiçik dövlətlər İspaniyanın tərkibinə daxil oldu. Kataloniya Araqon krallığının tərkibində olduğuna görə İspaniyanın tərkibinə elə həmin əsrdə daxil olmuşdu. Lakin katalonlar dəfələrlə özlərini müstəqillik arzularını açıq şəkildə nümayiş etdirmişdilər. XXI əsrin ikinci onilliyində isə muxtar respublikanın hökumət başçısının da fəal iştirakı ilə Kataloniya parlamenti ərazisinin İspaniyadan ayrılması və müstəqil dövlət yaradılması barədə qərar verdi. İspaniya hökuməti bu qərarı qanunsuz hesab etdi və onun qəbul edilməsinin fəal təşkilatçıları olan Kataloniya parlamentinin bir neçə üzvü həbs edildi, hökumətin başçısı Karles Puçdemun isə ölkədən qaçdı. Qotların varisləri olan katalonlar, Qotlandiya sonralar Kataloniya adlandırılmışdı, hər cür təzyiqlərə baxmayaraq, öz arzularını reallaşdırmaq cəhdlərindən uzaqlaşmırlar. İspaniya rəhbərliyi isə, kral da daxil olmaqla, başa düşür ki, Kataloniyanın ayrılması ölkənin parçalanmasını az qala "domino" prinsipinə çevirə bilər. Axı Bask əyalətinin sakinləri daha qızğın mübarizəyə girişmiş, bəziləri hətta terrora əl atmışdı. Lakin İspaniya hökuməti baskları müstəqillik hərəkatından uzaqlaşdırmağı bacarmışdı.

14 oktyabr 2019-cu ildə İspaniya Ali Məhkəməsi Kataloniya separatçılarının bir qrup rəhbərinin işinə baxıb, onlara 9-13 il müddətinə həbs cəzası təyin etdi. Barselonada sakinlərin nəhəng etiraz mitinqləri başladı, adamlar yolları kəsdilər, hava limanı fəaliyyətini dayandırdı. Kataloniya ağır siyasi böhrana məruz qaldı.

İtaliyada varlı sənayeləşmiş şimal ilə kasıb aqrar cənub arasında narazılıq Şimalın Podaniya adı altında vahid ölkədən ayrılması meyillərinə gəlib çıxarmışdı. Lakin bu ideyanın mövcudluq ömrü uzun sürmədi. Aşağı Tirol barədə də İtaliyanın problemi vardır, bu ərazidə alman dilli əhali yaşayır. Fransada isə bretonlar və korsikalılar separatizm naminə terrora əl atdılar. Korsikada bu yeni məsələ deyildi, Napoleonun atası da Korsikanın müstəqilliyi uğrunda partizan mübarizəsinin iştirakçısı olmuşdu.

Hindistan Cammu - Kəşmir əyalətinə görə Pakistanla az qala silahlı münaqişə səviyyəsinə yaxınlaşır. Bu sərhəd ərazisini hər iki dövlət özününkü sayır. Kəşmirdə Pakistan və Hindistan sərhədçilərinin postda durmağa gəlməsi və onu tərk etməsi əsl teatr səhnəsi kimi icra edildiyindən, bu mərasimə hər iki tərəfdən çoxlu tamaşaçı cəlb olunur. Toqquşma variantındansa, belə əyləncə daha yaxşı qəbul ediləndir.

Lakin hadisələrin gedişi heç də teatrlaşdırılmış səhnəyə uyğun gəlmir. 31 oktyabr 2019-cu ildə Hindistanda Cammu və Kəşmir ştatı ləğv edildi. Pakistan ləngimədən buna sərt reaksiya verərək, nüvə silahına malik olan iki qonşu dəvlət arasında müharibənin başlanması ehtimalını mümkün hesab etdi. 

1947-ci ildə müstəqillik qazanan Hindistandan Pakistan onun ilk qubernatoru olan Məhəmməd Əli Cinnanın başçılığı altında ayrılıb, müstəqil dövlət qurdu. Lakin bir neçə onillik keçdikdən sonra Pakistanın şərq və qərb əyalətləri arasındakı gərginlik, 1971-ci ildə onların bir-birindən ayrılması və şərq regionunun Banqladeş adı altında müstəqil dövlətə çevrilməsi ilə nəticələndi.

Türkiyədə kürdlər öz müstəqil dövlətlərini yaratmaq yolunda hələlik muxtariyyət qazanmaq uğrunda mübarizə aparırlar. Silahlı PKK dəstələri Türkiyənin cənubi-şərqində mübarizəni hərbi münaqişəyə çevirərək, türk hərbçilərini qətlə yetirir, terrorçuluqla məşğul olurlar. Türkiyə öz tarixindəki acı təcrübədən ibrət dərsi götürərək, ilk prezident Mustafa Kamal Atatürkün yolu ilə gedərək, kürdlərə muxtariyyət verməkdən də imtina edir. Türkiyədə kürd problemi uzun müddətdir ki, xəstəliyin latent fazasını keçirir və həm açıq, həm də iri miqyas almağa cəhd edir.

Çində də Tibet və uyğurların yaşadığı Sintszyan-Uyğur əyaləti Pekin hakimiyyətinin tabeliyindən ayrılmaq üçün o qədər də uğurlu olmayan mübarizə aparır. Tibet müstəqilliyə nail olmaq üçün dini inamlarını - lamaist-buddizmi ön plana çəkir. Ölkədən qaçmış Dalay-Lama 200 min nəfər həmvətənləri ilə birlikdə Hindistanda yaşamaqla, tibetlilərin mübarizəsinə ideoloji rəhbərlik edir.

 Son vaxtlarda Qərbin təhriki ilə Honkonqda da mərkəzi Çin hökumətinə qarşı etiraz nümayişləri səngimək bilmir. Artıq neçə aydır ki, hər şənbə günü əsasən gənclər, tələbələr mitinqə çıxırlar. Onlar ilk anda həbs edilənlərin materik Çininə verilməməsi tələbi ilə çıxış edirdilər və bu tələb yerinə yetirildi, lakin mitiqlərə son qoyulmadı. Şəhərə elə bil ki, inqilabi psixoz hakim kəsilmişdir. Mitinqçilər mağazaları dağıdır, vitrinləri sındırmağa küçələrə uşaqları da çıxarırlar. Mitinqlərin təşkilatçılarının ABŞ-ın yüksək vəzifəli adamları ilə sıx əlaqədə olduqları məlum olmuşdur. Çin hökuməti də mitinqlərin təşkilinə köməklik göstərdiyinə görə Vaşinqtonu və Londonu günahlandırır.

Yəməndə şiə husitlər, Səudiyyə Ərəbistanında yaşayan və Bəhreyndə çoxluq təşkil edən şiə əhalisi separatizm mövqelərindən çıxış edirlər. Husitlərin mübarizəsi azacıq uğur qazandıqda Yəmən prezidenti qaçıb ər-Riadda özünə sığınacaq tapdı. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri husitlər üzərinə bomba yağdırmağa başladılar, şəhərlər viran qaldı, dinc əhali arasında çox sayda insan tələfatı baş verdi. Aclıq da daxil olmaqla ölkəni humanitar böhran bürüdü. Belə bir şəraitdə 2019-cu il sentyabrın 15-nə keçən gecə husitlər Səudiyyənin iki iri neftayırma zavodunu pilotsuz təyyarələrin - dronların köməyi ilə bombaladılar, yanğın müəssisələrə böyük maddi ziyan vurdu. Səudiyyə hökuməti vurulan yaraya görə İranı günahlandırır və ABŞ hökuməti də bu ittihamı təkrar edərək öz müttəfiqinə həmrəylik göstərir.

1990-cı illərdə Yuqoslaviyanın tərkibinə daxil olan respublikaların bir hissəsində mərkəzdən qaçma meyilləri xeyli gücləndi və prezident Slobadan Miloşeviç qiyam qaldıranlara qarşı sərt tədbirlərə əl atdıqda, ölkədə vətəndaş müharibəsi ocaqları yarandı. Sloveniya ilk olaraq Yuqoslaviyanın tərkibindən çıxdı, sonra Makedoniya da müstəqillik qazandı. Ən böyük silahlı toqquşma Serbiya ilə Xorvatiya və Serbiya ilə Bosniya-Herseqovina arasında getdi. Xorvatiya mərkəzi hökumətlə müharibədə udub, müstəqilliyə qovuşdu. Bosniya-Herseqovinada isə serb orduları mülki əhalinin qırğınına əl atdı. ABŞ-ın diplomatik səyləri ilə Bosniya-Herseqovina Yuqoslaviyadan ayrılıb, müstəqil dövlətə çevrildi.

1999-cu ildə Kosovoda yaşayan albanlar Yuqoslaviyadan ayrılıb, öz dövlətlərini qurmağa can atdı. Miloşeviç Kosovonun muxtariyyətini ləğv etdi, onu isə 1974-cü ildə albanlara İosip Broz Titonun özü vermişdi. ABŞ hərbi hava qüvvələri albanlara kömək məqsədilə Belqradı və Serbiyanın strateji obyektlərini bombaladı. Kosovo özünü müstəqil elan etdi. Lakin onu da tanımaqdan bəzi dövlətlər imtina edirlər. XXI əsrdə isə Serbiyadan ayrılma ətaləti davam etdi və Çernoqoriya (Montoneqro) da öz müstəqilliyini elan etdi.

ABŞ və AFR ilk gündən Yuqoslaviyanın dağılmasına açıq və ya gizli köməklik göstərirdilər. Almaniya Xorvatiyanın müstəqilliyə qovuşmasına xüsusilə loyallıq göstərirdi, axı ona isti, donmayan dənizə çıxış lazım idi. II Dünya müharibəsində Yuqoslaviyada partizanlar alman qoşunlarına uğurlu müqavimət göstərəndə, xorvat ustaşiləri natsistlərə kömək və xidmət göstərmək yolunu tutmuşdular.

Yuqoslaviya dağıldı və onun xarabalıqları üzərində Serbiya, Xorvatiya, Bosniya-Herseqovina, Sloveniya, Makedoniya yarandı. 1999-cu ildə silahlı mübarizəyə qalxan Kosovo albanları öz müstəqil dövlətlərini yaratdılar. Çernoqoriya (Monteneqro) da Serbiyadan ayrıldı və beləliklə, Serbiya dənizə çıxışdan bütünlüklə məhrum oldu. 1918-ci ildə serblərin, xorvatların və slovenlərin Krallığı yaradılmışdı, 1929-cu ildən isə bu dövlət Yuqoslaviya Federativ Respublikası adlandırdı. ABŞ-ın hərtərəfli yardımı ilə, SSRİ-nin bir qədər əvvəl, 1991-ci ildə baş vermiş acı taleyini ardıcıl qaydada Yuqoslaviya da yaşadı. Və onun keçmiş xəritəsində 7 müstəqil dövlət meydana gəldi. Kosovo istisna olmaqla həmin respublikalar birləşib, Yuqoslaviya dövlətini əmələ gətirmişdi. Belqradın yaxınlığındakı Avala dağında ucaldılan 6 qadın heykəli bu respublikaları təmsil etməklə, onların birliyinin simvolu idi. Avropanın ürəyində, Balkan yarımadasında hansısa xalqı əsarətdə saxlayan, istismar edən deyil, azad, demokratik bir federal dövlət süquta uğradı, daş dəymiş vitrin şüşəsi kimi xırda hissələrə parçalandı.

Silahlı münaqişələr vaxtı yaranan düşmənçiliyin izləri indiyədək qalır, acı xatirələrin təsiri yaşamaqda davam edir. Kosovoda etnik serblərə qarşı sərt münasibət bəslənir, onların adi vətəndaşlıq haqları tapdanır. Bosniya-Hersoqovinada bosnak-serb-xorvat bölmələri arasında gərginlik yoxa çıxmır. Serbiyanın Xorvatiya, Bosniya-Herseqovina və Kosovo ilə aralarındakı soyuq münasibət də aradan qalxmır.

Bədbəxtlik orasındadır ki, hər üç ölkədəki qatı millətçilər xalqlar arasındakı düşmənçiliyin aradan qaldırılmasına özlərinin məğlubiyyəti kimi qəbul edərək, bu prosesin hətta gündəliyə gəlməsinə imkan vermirlər. Onlar çalışırlar ki, bu gərginlik nəinki saxlansın, hətta artsın və baş verən hadisələr də bu cəhdlərin heç də uğursuz olmadığını göstərir.

(Ardı var)

 





24.02.2020    çap et  çap et