525.Az

Məcburi köçkünlərlə bağlı beynəlxalq konfrans


 

Məcburi köçkünlərlə bağlı beynəlxalq konfrans<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda beynəlxalq konfrans keçirilib.

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir: "Aydındır ki, Ermənistanın bu istiqamətdə siyasətinin əsas hədəflərindən biri də işğal edilmiş ərazilərdə özünün əsassız iddialarını rəsmiləşdirmək məqsədi ilə həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin mədəni irsini məhv etmək, bu mümkün olmadıqda isə saxtalaşdırmaqdır". F.Şəfiyev dünya ictimaiyyətini Ermənistanın işğal etdiyi ərazilərdə atdığı bu cür addımları Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirməyə çağırıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müdiri Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində işğal pislənilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların fəal rolunun mühüm amil olduğunu vurğulayan Hikmət Hacıyev deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu əks olunub. Qadınların bu sahədə fəaliyyəti dayanıqlı sülh üçün təminat yaradacaq. Qadınlar və kişilərin bərabər tərəfdaş kimi tanındığı halda sülh üçün zəmin yarana bilər. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda da mühüm rol oynayır. Qadınların sülhün təmin edilməsi prosesindəki rolu təmin edilmədən məqsədlərə nail olunmayacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1325 saylı qətnamə ilə bağlı Azərbaycanın Milli Fəaliyyət Planının hazırlanaraq müvafiq dövlət qurumlarına göndərildiyini diqqətə çatdırıb: "Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? İlk növbədə, işğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır. Niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal yerinə yetirilir. Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da sözlərini deyə bilsinlər. Qadınlarımızın da iştirakı ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsun".

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir. "Azərbaycan erməni işğalından əziyyət çəkməkdə davam edir. Biz bir milyondan çox qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmalarını tələb edirik, əsir saxlanılanlar isə sərbəst buraxılmalıdır. Ermənistan tərəfinin təcavüzü nəticəsində yaranan humanitar fəlakətdə ən çox əziyyət çəkən qadınlar olub".

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınlar işgəncələrə məruz qalıblar. Buna baxmayaraq, Dağlıq Qarabağdan olan azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. Bu qadınların torpaqlarında ləyaqətlə yaşamaq haqqı tanınmalıdır. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımızın fəal iştirak edəcəyini gözləyirik. Son 118 ildə Nobel mükafatı alan 52 qadından 17-si Sülh mükafatı alıb. Azərbaycan qadınlarının da torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfələrini verəcəyinə əminəm".

Konfrans panel müzakirələrlə davam etdirilib.

S.QARAYEVA

 





26.02.2020    çap et  çap et