525.Az

Rənglərin sirri - Vüsalə Selcan yazır


 

Rənglərin sirri - <b style="color:red">Vüsalə Selcan yazır </b>

Emosiyalardan bəhs edərkən onları enerjilərimizin qidalandırdığını söyləmişdim. Hər şeyin enejidən ibarət olduğuna inandığımı da gizlətmədim. Ətrafımızda toxunduğumuz, baxdığımız konkret və mücərrəd varlıqların hamısı bizə bu və ya digər dərəcədə enerji ötürür.

Enerji mövzusu çox genişdir, mən bu dəfə sizə rənglərin bizdə yaratdığı təəssüratlardan danışmaq istəyirəm. Özümüz fərqində olmadan belə rənglərlə rəqs edirik. Onlar bizə hansı havanı çalsa, onu oynayırıq. Necə yəni?

Təbiətin verdiyi hər bir rəngin özünəxas enerjisi var. Məsələn, başlayaq qaradan. Əski dövrlərdə qara rəngi gücün, qəhrəmanlığın simvolu kimi tanınıb. "Kitabi-Dədə Qorqud" dastanında da bu rəng igidlərin geyimində xüsusi mahiyyət daşıyıb. Qara sözü əski türkcədə "böyük" anlamını verirdi. Və igidlərə təxəllüs kimi verilən (məsələn: Qara Xan) bu söz rəng kimi də əzəmət, güc anlamını verirdi. Qara rəng gücün simvolu olmaqla yanaşı, gizililiyin də rəmzidir. Qara rəng işığın ortaya çıxardığı rəngləri udub özündə saxladığına görə, belə bir deyim də yaranmışdır: ağ gizlənər, qara gizlədər. Psixologiyada da qaranın cəmiyyətdən gizlənmək istəyən insanların seçimi olduğu vurğulanır. Qara qoruyucu rəngdir. Düşünərsən ki, hər kəsdən səni qoruyar. Qara rəng neqativ enerjini somurduğuna görə, qara geyən insanlar özlərini daha rahat hiss edirlər.

Eşqin, iradənin, qəzəbin simvolu sayılan qırmızı enerji rəngidir. Qırmızı əski türkcədə "qızmızı" sözündən alınıb. Mənası qızarmaq anlamını verir. Qırmızının oğlan deyil də, məhz qız rəngi olması utanarkən yanağın qızarmasının  qızlara aid bir xüsusiyyət kimi aşılanmasından irəli gəlir. Lakin bu məntiq təsdiqini tapmamış düşüncədir. Rəngin cinsi olmaz.

Bildiyimiz kimi, cəmiyyətimizin adətlərində də qırmızı rəng müstəsna rol oynayır. Gəlinlərə taxılan duvağın məhz qırmızı olması şərtdir. Antik yunan mədəniyyətindən gələn qırmızı duvaq qədim inanclara görə, gəlinlərin şeytani ruhlardan qorunmasına yardımçı olur. Bu inanca görə, qırmızı duvağı taxan gəlin yeriyərkən alov kimi bir görünüşə sahib olur ki, bu da pis ruhları qovur. İndi qırmızı duvaq adəti çox yerdə yığışsa da, qırmızı rəngin inancı qalmaqdadır.  Qırmızını geyən adam kənardan müsbət enerjini özünə çəkir. Qırmızıya çox baxan adamın isə enerjisi alınır.

Təbiətin gücü olan yaşılı psixoloji durumunda problem olmayan hər kəs sevər. Yaşıl sükunətin özüdür. Pozitivliyi aşılayan bir rəngdir. Psixlogiyada bu rəng fiziki, ruhsal və duyğusal enerjilərimizin nizamlayıcısı kimi yönəldilir. Şifahi xalq ədəbiyyatı nümunələrimizdə yaşıl yenidən doğuluşu ifadə edir. Buna görə də, əski dövrdə bahar fəsli ilin başlanğıcı hesab olunub.

Ümid, xoşbəxtlik sarıya yönəldir. Sarı rəng dinclik rəngidir. İnsanın başı əcaib şəkildə qarışanda sarıya baxması onun fikirlərini aydınlatmağa kömək edir. Sarının mənasını izah edərkən ədəbiyatlarda ağlın, düşüncənin rəngi olduğu vurğulanır. İslamda sarı rəngi sevilməyən bir rəng olub. Məhəmməd Peyğəmbər sarı geyimi müsəlman kişilərinə haram buyurmuşdur. Və sarının kafirlərə məxsus rəng olduğunu söyləmişdir. Fikir vermisinizsə, "Kitabi-Dədə Qorqud" dastanında sarı donlu Selcan xatun da, xalq mahnımızda adı çəkilən sarı gəlinimiz də xristian (kafir) qızları idi. Dindən gələn sarıya yad düşüncəni xalq yaradıcılığımızdan da yan keçirməmişik.

Depressiya ilə mübarizə aparan kəslər narıncı rəngi ilə əlaqəsini sıxlaşdırmalıdır. Portağal meyvəsi kimi rəngi də aqressiya ilə mübarizədə aktiv rol oynayır.

Bənövşəyi krallıq rəngi kimi tanınır. Bənövşə gülünün özü kimi bənövşəyi rənginin də əsəbsakitləşdirici və yuxugətirici təsiri var. Hətta meditasiya zamanı fikrinizi cəmləyə bilmirsinizsə, bənövşəyi geyməniz tövsiyə olunur.

Ziddiyyətli rəng sayılan ağ rəngi qaranın tam əksi  olaraq, işığı çölə yansıdır. Bəzi mədəniyyətlərdə, xüsusən də, çinlilərdə ağ ölümün, kədərin rəngidir. Eyni zamanda, ağı saflıq, məsumiyyət simvolu kimi də tanıyırıq. Bu simvolik xüsusiyyəti daha çox gəlinliklər oynayır. Kraliça Viktoriyayadək gəlinliklər gümüşü rəngdə geyilirdi. Bu ənənəni qıran kraliçadan sonra fransız və ingilis yazıçıları ağ rəngdən məsumiyyət simvolu kimi yazmağa başladılar.

Rənglərə baxış mövqeyi və onların insanlarda yaratdığı təəssürat fərdidir. Sizi özgüvənli edən, gözəl göstərən hər bir rəngə müraciət edə bilərsiniz.

Sizin uğurlu rənginiz varmı?

 





26.02.2020    çap et  çap et