525.Az

Estoniya-Azərbaycan parlamentlərarası qrupundan Xocalı bəyanatı


 

Estoniya-Azərbaycan parlamentlərarası qrupundan Xocalı bəyanatı <b style="color:red"></b>

Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı xüsusi bəyanat qəbul edib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Estoniyadakı səfirliyindən məlumat verilib.

Bəyanatda deyilir: “Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupu adından Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Biz çoxlu sayda uşaq, qadın və qoca daxil olmaqla 600-dən çox günahsız dinc sakinin həyatına son qoymuş Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.

Biz günahkarları və onların 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinin işğalı zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdikləri cinayətkar və amansız əməllərini qətiyyətlə pisləyirik. Bu əməllər insanlığa qarşı cinayətdir. Bu kütləvi qətliamın günahkarları layiqli cəzalarını almalıdırlar.

Azərbaycan Respublikasının ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərini dəstəkləyirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi bütün regionun inkişafı üçün vacibdir”.

 





26.02.2020    çap et  çap et