525.Az

Mexikonun Xocalı meydanında soyqırımı qurbanları anılıb


 

Mexikonun Xocalı meydanında soyqırımı qurbanları anılıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin və Meksika Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən “Xocalı Soyqırımı” monumenti önündə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri deputat Aqustin Qarsiya Rubio, deputat Monika Almeida Lopez, Fransisko Xavyer Qusman de la Torre, deputat Adriana Losano Rodrigez, Meksikada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, Qazaxıstan, Pakistan, İran, Malayziya, Ukrayna, Kot-Divuar, Banqladeş, İndoneziya səfirləri, bir sıra ölkələrin yüksək vəzifəli diplomat və hərbi attaşeləri, Meksika KİV nümayəndələri, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Deputat A.Q.Rubio çıxış edərək, Meksika ilə Azərbaycan arasındakı münasibətlərin 28 illik dostluğa dayandığını və bu münasibətlərin yalnız iqtisadi və ticarət əlaqələri üzərində qurulmadığını söyləyib. O, 28 il öncə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Xocalı qurbanlarının xatirəsinin məhz Azərbaycan Hökumətinin dəstəyi ilə abadlaşdırılmış Tlakskoake/Xocalı meydanında yad edildiyini qeyd edərək, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü deyib. Deputat Meksika hökumətinin daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və  sərhədlərin toxunulmazlığı prinsipləri, habelə münaqişənin həlli üzrə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

O, 2011-ci ildə Meksika Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı Soyqırımı zamanı baş vermiş cinayətləri qətiyyətlə pisləyən, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında” sənədin qəbul edilməsinin Meksika Hökumətinin münaqişə ilə bağlı mövqeyini əks etdirdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən səfir Məmməd Talıbov müstəqilliyinin ilk günlərindən Azərbaycan xalqının təcavüzlə üzləşdiyini bildirərək Xocalı soyqırımının Ermənistan təcavüzünün ən qanlı və amansız səhifəsi olduğunu deyib. Səfir sadəcə Azərbaycanlı olduqlarına görə yüzlərlə günahsız insanın həyatlarına qəddarcasına son qoyulduğu, onlara misli görülməmiş əzab və işgəncə verildiyi bildirib.

O, Xocalı hadisələrinin erməni təcavüzkarları tərəfindən dinc Azərbaycan əhalisinə qarşı işğal olunmuş şəhər və kəndlərdə törədilən dəhşətlərin və etnik təmizləmələrin simvoluna çevrildiyini vurğulayıb.

Azərbaycanlı səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya Ədalət” beynəlxalq kampaniyanın bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə böyük nailiyyətlər əldə etdiyini deyib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarlar qəbul edildiyi, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Türkiyə, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən artıq ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını tanıyan qətnamələrin qəbul olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışının sonunda səfir, dünya ictimaiyyəti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını birmənalı şəkildə tələb edən müvafiq qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiqlərin göstərilməsinin vacibliyini vurğulayıb və Xocalı qurbanlarına həsr edilmiş abidənin önündə iştirak edən hər kəsi Xocalıya ədalətə səsləyib.

 





27.02.2020    çap et  çap et