525.Az

Sirrin ölümündən sonra baş verənlər - Kamal Abdulla-70


 

Sirrin ölümündən sonra baş verənlər - <b style="color:red">Kamal Abdulla-70 </b>

"Sirr də adam kimi doğulur, adam kimi yaşayır və adam kimi yox olur. Amma belə olarkən adamdakı kimi sirrin ruhu da cismi ilə əlaqəsini adamın ölümündən sonra bilmərrə kəsməlidir. Halbuki sirrin ruhu ölümdən sonra da yaşamağına davam edir. Bəs əgər belə isə sirrin ruhunun sərgüzəşti sirrin ölümündən sonra necə baş verir?.."

Görkəmli yazıçı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanı reallıqla miflərin çulğalaşdığı möhtəşəm bir əsərdir.

Hadisələr paralel dünyalarda baş verir. Qədim əyyamlarda güzəran keçirmiş Hacı Mir Həsən Ağa Səyyahla çağdaş dünyada yaşayan Həsən müəllim arasında qəribə rabitə yaranır.

Həsən müəllim yaddaşını itirib, heç kimi xatırlamır. Kamal Abdullanın məşhur şeirlərindən birinin son misraları - ən duyğusal vaxtlarımda xatırladığım bu sözlər yenidən yaddaşıma qayıdır: 

Kimsə yox xatırlamağa
Unutmağa da kimsə yox. 

Həsən müəlimin də unutmağa kimsəsi yoxdur, çünki heç kimi xatırlamır. Hətta bir vaxtlar incə hisslərlə sevdiyi mərhum ömür-gün yoldaşı Bəyimi, günlərin bir günü sirli şəkildə özünə qəsd edən Gülzarı, atasının yaddaşını qaytarmaq üçün bir məqamda dastan yaddaşına pənah aparan qızı Həliməni də... Amma genetik yaddaş vaz keçmək niyyətində deyil. Həsən müəllim fərdi yaddaşını xatırlamadığı vaxt genetik yaddaş onun beynini keçmişin informasiyalarıyla (sirli işarə və simvollar, şüuraltı mətnlərlə) yükləyir.

Gecənin bir aləmində Həsən müəllimin gözləri qarşısında ərəbcə yazılar peyda olur. Beləliklə, qəhrəman sirli bir yola çıxır. O yola hələ yüzillər qabaq Hacı Mir Həsən Ağa Səyyah çıxmışdı. Əslində, bu, Həsən müəllimin və ya Səyyahın deyil, sirlərin sərgüzəştidir.

İnformasiyanı genetik kodlarla alan Həsən müəllim keçmişin bu sirrindən xəbərsizdir. Heç Səyyahın da gələcəyin bu sirrindən xəbəri yoxdur, o Səyyah ki, uzaq bir zamanda və məkanda oturub xudanın və insanların sirlərini çözələyir.

Hacı Mir Həsən Ağa Səyyah öz dövrünün son dərəcə elmli coğrafiyaşünası və kamil mətnşünasıdır, hamı ona sevgi və rəğbətlə yanaşır, amma son vaxtlarda Səyyahla onun ətrafındakı insanlar arasında sirli vaqeələr baş verməyə başlayıb. Belə ki, Səyyah onların sirlərini yazacağını deyib, ya da bu, adamlara qəribə bir sirlə faş olub.

"Bir var Sirri - əzəm, sirri - Xuda, sirri - ali.

Bir də var qonşu Həzrətqulunun sirri.

Mənim istədiyim elə bir risalə yazıb ərsəyə gətirməyim idi ki, onun içində hər şəxs öz sirrinə, ən vacibi bu sirrin səbəb və nəticəsinə vaqif olsun.

Bizim bu risalə "sirri - Xuda" deyilən sirr barəsində deyildir. Bizim bu risalə, qonşularımızın, tacirlərimizin, kargərlərimizin, kəndçilərimizin, dərvişlərin, şeyxlərin, vəzir-vükalənin, padşahların, əlqərəz, sevənlərin və sevilənlərin sirridir.

Və bu sirlər donmuş, yatmış halətdə gözümüzə görükmürlər, onlar hərəkətdə, fəaliyyətdədirlər. Onların öz macərası, sərgüzəşti vardır. İlahidən mənə elə bir güc verməsini təvəqqe edirəm ki, mən bu macəranı, sirlərin sərgüzəştini olduğu kimi qələmin ucuna gətirə bilim. Daim uca olan Allahın adı ilə..."

"Sirlərin sərgüzəşti"ndə Kamal Abdullanın möhtəşəm tədqiqat əsəri olan "Gizli və aşkar Dədə Qorqud"un elementlərini görürəm. Bu əsəri hər zaman heyranlıqla oxumuşam və "Dədə Qorqud dastanı"yla bağlı demək olar ki, bütün yazılarımda bəhrələnmişəm. Müəllif "Gizli və aşkar Dədə Qorqud"da, obrazların bəlkə heç Mifin də ağlına gəlməyən özəlliklərini açır.

"Sirlərin sərgüşəşti"ndə Mİf yenə sınağa çəkir, qəhrəmanın nəyi xatırlayıb, nəyi xatırlamadığını sınayır.

Çünki həqiqətə çatmağın yolu yazıçının dediyi kimi, cavabdan yox, sualdan keçir. 

Məsələn, bu əsərdə Təpəgöz, dastandakı obrazından fərqli olaraq mərhəmətlidir, rəhmdildir, adamları yedikdən sonra bəzən göz yaşı da tökür. Hansısa məqamda Mif yenə özünə bəraət qazandırır.

Həsən müəllimin öz qızı Həliməni "Dədə Qorqud" dastanındakı mətləblərlə bağlı sorğu-suala çəkməsi, əslində, öz yaddaşını qaytarmaq cəhdi deyil, onu yaddaşa qaytarmaq istəyidir. Həsən müəllim əcdad kultunu ifadə edir. Onun dastandakı vaqeələri sorğuya çəkməsi gələcək nəsillərin yaddaşını sınamaq istəyindən qanaqlanır.

Həsən müəllimin epizodların birində Həliməni yad bilib hədələməsində də bir mistik ovqat var.

Oljas Süleymen "Az i ya" əsərində də həmin o yaddaş fenomenindən bəhs edirdi. "Qəribə olur insan yaddaşı. 13-cü əsrdə monqollar qıpçaqları yer üzünə səpələmişdilər. Onların bir hissəsi Macarıstana pənah apardı. 20-ci əsrdə onlar artıq öz dillərini, öz adlarını unutmuşdular. Ancaq hansı sehrli qüvvəsə onları bir yerə sığmalayırdı. Onlar xristian kilsəsində ibadət etdikdən sonra heç kəsin başa düşmədiyi bir duanı xorla oxuyurdular. Tenqri, amen! Tenqri amen!"

"Sirlərin sərgüzəşti"ndə qədim əyyamlarda ovsun nəğmələrində adı keçən "Gün buralara, kölgə dağlara" deyiminin çağdaş zamanda bir məktəb şagirdinin qeyri-ixtiyari dilə gətirməsi yaddaş kodlarının təzahürüdür (Yazıçının dil və üslub  sənətkarlığından soraq verən bu ifadə obrazlılıq və bədiilik baxımından bir daha yaşarılıq haqqı qazanır).

Yaddaş, xatirələri geri çağırmaqdır. Həsən müəllimin yaddaşını itirdikdən sonra funksiyası ayrı-ayrı yaddaş fraqmentləriylə bütövlüyü bərpa etməkdir. Hansısa bir dastan elementi onu qeyri-ixtiyari yaddaşa qaytarır. Məsələn, əsərin sonlarında onun özünü xəyali meşədə görməsi və ona əl edib çağıran ağaca tərəfə getməsi əslində, qəhrəmanın genetik yaddaşa qayıtmasıdır...

Yaddaş şəxsiyyətin qəyyumu rolunu oynayır və onun itkisi şəxsiyyətin məhvi deməkdir. İnsan genetik kimliyini dərk etmədən yaşaya bilməz. Ona görə Həsən müəllimin  ətrafındakı insanlar - öz mənəvi kimliyini dərk etmədən, yalnız maddi çıxarları üçün yaşayan Zaur, Şahin, Əliqismət və digərləri mənəvi uçuruma yuvarlanırlar. Çünki əslində, yaddaşsızlığın böhranını yaşayan Həsən müəllim deyil, mənəvi kimliyini itirmiş insanlardır. Sonda bu gerçəkliyi dərk etmək "amansız həqiqətin" gəlişiylə barışmaqdır.

"Sirlərin sərgüzəşti"ndə mif və reallıq çulğalaşır, hansının mif, hansının gerçək olduğunu müəyyən edə bilmirsən, hətta bir məqamda oxucu özü də yaddaşını itirmiş kimi olur. Bu yaddaşın itməyi həm də yaddaşın qayıtmasıdır, çünki yazıçının dediyi kimi, düzənsizliyin özündə də bir düzən var.

Əsərdə mifik bir element olan tutuquşu da maraqlı obrazdı. O, müqəvvadı, amma ara-sıra, gözlərini parıldadıb nələrsə söyləməyə macal tapır. Qəhrəmanın gözünəmi belə görünür, yoxsa uzaq əyyamlarda bu sirli quş Səyyah üçün hansısa mistik mənanı ifadə edirdi, - deyə bilmərik,  hər halda əsər boyu bu simvolik obraz qəhrəmanı müşayiət edir, o, hər kəsdən, hətta özündən də qaçmaq üçün çıxdığı səfərdə yalnız bu müqəvvanı özüylə götürür.

Tutuquşu obrazı qədim mifoloji mətnlərdə ara-sıra qarşımıza çıxır. Miflərdə tutuquşu canlı həmsöhbət, sirdaşdır, bir çox hallarda isə Tanrı sözünü ehtiva edir. Məsələn, XV əsrdə yaşamış alman rəssamı Martin Şonqauerin Müqəddəs Məryəmlə İsanı təsvir etdiyi rəsm əsərində tutuquşu Tanrı sözünü ifadə edir.

Rəsm əsərlərindən söz düşmüşkən, meksikalı rəssam Frida Kalonun bir avtoportretini xatırladım. Müəllif də, əsərin qəhrəmanı kimi mənəvi böhran keçirərkən tutuquşuyla təmasda olur. Rəssam bu tablonu atasının ölümündən az sonra çəkib. O ərəfədə Frida şəxsi həyatında da problemlər yaşayırdı. Hər şeyini itirmiş, pərişan halda olan qəhrəmana tutuquşular hüzur və dinclik bəxş edir.

"Sirlərin sərgüzəşti"ndə böhranlı çağında qəhrəmanı müşayiət edən tutuquşu mifik və estetik element kimi diqqəti çəkir. Bu obraz qəhrəmanın ruhi vəziyyətini ifadə edir, eyni zamanda, mövzunun tematikasını tamamlayır.

Əsərdə hər fəslin öz sirr qatı, öz təhkiyəsi var, oxucunun qarşısında yeni dil qatları açılır. Sanki müəllif doğrudan yeni fəslə daxil olur.

Deməli, heç nə yox olmur, heç nə itmir, hər bir sirr tarixin hansısa qatında yenidən üzə çıxır, sirr kimi qalmağı həmin nəsnənin yaşamasına xidmət edir, axı sirrin açılması onun itməsi deməkdir, yaddaş isə itirməyi sevmir.

Beləcə, sirlər müstəqil hərəkət edir, səyahət edir, zamandan-zamana adlayır, böyük həqiqətlər sirr cildində gəlib hansısa zamanda üzə çıxır...

Son nəhayətdə Hacı Mir Həsən Ağa Səyyah da Həsən müəllim kimi insanların amansızlığıyla üzləşir, insanlar ona dönük çıxır, onu daşlayır, yerindən-yurdundan didərgin salırlar. Bəlkə də Səyyahın son nəhayətdə özünə qayıtması, öz içinin nurunda özünü dərk etməsi üçün bu, yaddaşın bir priyomudur.

Sonda Həsən müəlimin yaddaşdan qaçmaq istəyini Dədə Qorqudun əcəldən qaçmasına bənzədirəm. Dədə Qorqud əcəldən qaçmağın mümkün olmadığını anladığı kimi, Həsən müəllim də yaddaşdan qaçmanın mümkünsüzlüyünü dərk edir. Amma bir məqam da var ki, bu, öldürmür, bu, yaşadır...

 





27.02.2020    çap et  çap et