525.Az

"Bilirdim ki, məşhur olacağam..." - "Jay Meel" ilə müsahibə


 

"MALİYYƏ SARIDAN PROBLEMLƏR OLDUĞUNDAN YENİ MAHNILAR GEC-GEC YARANIR"

"Bilirdim ki, məşhur olacağam..." - <b style="color:red">"Jay Meel" ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Rubrikamızın budəfəki qonağı - həmsöhbətimiz "Jay Meel" olacaq. Sosial şəbəkə istifadəçiləri, daha çox da gənclər onu yaxşı tanıyır, müasir, fərqli üslubda ifa etdiyi xalq mahnılarını xüsusi maraqla dinləyirlər.

"Jay Meel"in əsl adı Cəmil Məmmədlidir, müğənniliklə yanaşı, ssenarilər də yazır. Daha hansı sahəyə maraq göstərir, gələcəkdə hansı arzularını reallaşdırmaq istəyir?.. - Gəlin bu və başqa suallara cavablarını "Jay Meel"in özündən eşidək.

"Efirdə özünə yer eləmək üçün gərək eqoist olasan" 

- İstedadlı adam heç bir maliyyə sərf eləmədən tez bir zamanda sosial şəbəklərdə tanına bilər. Televiziya kanalları isə bir az fərqlidir. Şəxsən bir neçə verilişdə iştirak edib, ordakı mühitlə tanış olmuşam. Düşünürəm ki, efirdə özünə yer eləmək üçün gərək eqoist olasan. Sosial media isə belə deyil. Sadəcə, özün kimi olmaqla asanlıqla məşhurlaşa bilərsən. Çünki sosial şəbəkələrdəki auditoriya səmimiyyətə üstünlük verir. Buna görə də mən öz qabiliyyətimi sosial platformalarda daha çox nümayiş etdirməyə üstünlük verirəm.

- Yəqin ki, təkcə televiziya vasitəsilə tanınmaq hardasa 10 ilinizi alardı. Amma İnstaqramda paylaşdığınız ifalarınızla az bir zamanda tanındınız...

- Sosial şəbəkələrin fəaliyyətimdə yeri danılmazdır. Mən musiqiçi kimi fəaliyyətə 2008-ci ildə Günay Mirbabayeva ilə ifa etdiyim "Sən" adlı mahnımla başladım. 2012-ci ildə "Gözəlim sənsən", 2014-cü ildə "Əziz dostum" mahnıları ilə irəlilədim. Sosial şəbəkələrdə isə bir müddət aradan sonra ifa etdiyim "Yandırdın", "Viranə" və "Etiraf" adlı ifalarımla tanındım.  

"Valideynlərimin dediyinə görə, yaxşı övlad, dostlarımın dediyinə görə, yaxşı dostam" 

- Ağlınıza gələrdimi sadəcə bir neçə günün içərisində beləcə məşhurlaşacaqsınız?

- Çoxları deyir ki, ağlıma gəlməzdi, amma məncə, bu, ağlagələndir. Özümüzdən əvvəlkilərin bir günün içində necə parladığını çox görmüşük. Mən də bilirdim ki, məşhur olacağam. Bunun nə vaxt, necə olacağını konkret bilməsəm də, böyük ümidim var idi. Bir vaxtlar türk filmlərində tez-tez qarşımıza çıxan bəzi nüanslara hamımız inanmışıq: guya bir uşaq yolda mahnı oxuya-oxuya gedir və hansısa məşhur prodüser onu görür və bundan sonra həmin uşaq məşhur müğənni olur. Bunlara mən özüm də inanmışam (gülür).

- Dinləyicilərin "Jay Meel" adı ilə tanıdığı Cəmil Məmmədli kimdir?



- Özüm haqqında danışsam, bir az pafoslu səslənər. Valideynlərimin dediyinə görə, yaxşı övlad, dostlarımın dediyinə görə, yaxşı dostam. Mənəvi cəhətdən özüm haqqında bunları deyə bilərəm. Fəaliyyətimə gəlincə, məni daha çox müğənni kimi tanısalar da, ssenaristlik və bəstəkarlıq da edirəm.  

"Uşaq vaxtlarımdan zümzümə etməyi xoşlayırdım" 

- Musiqiyə marağınız əvvəldən olub?

- Uşaq vaxtlarımdan evdə zümzümə etməyi xoşlayırdım. Vaxt keçdikcə valideynlərim həvəsimi görüb, məni 30 saylı uşaq incəsənət məktəbinə yazdırdılar. Musiqi məktəbində görkəmli opera ifaçısı, aktyor Firudin Mehdiyev və Əməkdar artist, solist Bəhram Əliyev mənə dərs deyiblər. Universitetə hazırlıq vaxtı isə Sevda Məmmədovadan xüsusi dərs almışam. Nəhayət, Bakı Musiqi Akademiyasına qəbul oldum. Burda da opera ifaçısı, professor Rumiyyə Kərimova müəllimim olub. Bir müddət Xalq artisti, cazmen Cəmil Əmirovdan bəstəkarlıq və caz dərsləri də aldım. Sonra əlavə olaraq Nyu-Yorkda Dijital Film Akademiyasında ssenaristliyin sirlərinə də yiyələndim.

"Bir yandan Maykl Ceksonu, o biri yandan İbrahim Tatlısəsi dinləyirdim..."  

- Uşaq vaxtı hansı stildə mahnıları daha çox oxuyurdunuz?

- Elə uşaq vaxtından mahnıları indiki kimi qarışıq tərzdə oxumağı xoşlayırdım. Bir yandan Maykl Ceksona qulaq asanda, o biri yandan İbrahim Tatlısəsi dinləyirdim (gülür).

- Deyir, musiqi istedadı çox vaxt ailədən, gendən gəlir. Sizdə necə olub?

- Atamın babası Ələsgər Rzayev cənub bölgəsində tanınmış aşıqlardan olub. Valideynlərimin də yaxşı səsi var, amma onlar bunun arxasınca getməyiblər. Görünür, ailədəki genlərdən mənə də keçib.  

"Kiməsə ağız açmağı sevmirəm..."  



- İndi gənclərə xalq mahnılarını sevdirmək asan deyil. Xalq mahnılarına qatdığınız müasirlik xüsusən gənclər tərəfindən çox bəyənildi. Niyə bununla daha ciddi və davamlı şəkildə məşğul olmursunuz?

- Artıq burada hər şey madiyyatdan asılıdır. Musiqi sahəsində işini istədiyin səviyyədə görmək üçün yaxşı investisiya olmalıdır. Öz üslubumda oxuduğum xalq mahnılarından ibarət bir albom çıxarmaq istəyirdim. Ancaq maliyyə probleminə görə alınmadı. Mən kiməsə ağız açmağı sevmirəm. Çalışıram işlərimi öz gücümə həll edim. Bu da çətin olduğundan yeni mahnılar gec-gec yaranır. 

"Güclü olan qazansın..."  

- Bəs, sosial məkanda insanları özünə cəlb etməyi bacaran, amma istedadsız həvəskar müğənnilər haqqında nə deyə bilərsiniz?

- Onları da dinləyən bir kütlə var. Bu haqda heç nə deyə bilmərəm. Güclü olan qazansın.

- Bu sənətin sizə görə ən çətin tərəfi nədir?

- Çətin tərəflərdən biri dinləyicilərin hamısını razı salmaqdır. Elə mənim də məqsədim budur ki, hər kəsin xoşuna gəlim. Çətin olsa da, bunu bacarmaq istəyirəm.  

"Mən ifaçılara yox, mahnılara pərəstiş edirəm..." 

- Musiqi sahəsində ideal kimi gördüyünüz biri var?

- Maykl Ceksonun ifalarını bəyənirəm. Çünki mənim üslubuma daha çox o yaxındır. Ancaq onun da fanatı deyiləm, sadəcə yaradıcılığını bəyənirəm. Ümumiyyətlə, mən ifaçılara yox, mahnılara pərəstiş edirəm.

- Öz mahnılarınıza qulaq asanda heyranlıq duyduğunuz olurmu?

- Heyranlıq duymuram. Amma gələn dəfə daha yaxşı oxumaq üçün nəyi necə oxuduğumu analiz etməyi xoşlayıram.



- Kitab oxumağı necə, sevirsiniz?

- Xüsusən dedektiv-psixoloji romanları oxumağı xoşlayıram. Elə sonuncu dəfə Çingiz Abdullayevin "Mənim gözəl alibim" adlı romanını oxumuşam.

"Uşaq vaxtı yatmazdan əvvəl valideynlərimə öz fikirləşdiyim nağılları danışardım"

- Bəs ssenaristliyə marağınız necə yarandı?

- Başqa uşaqlardan fərqli olaraq valideynlərimə yatmazdan əvvəl öz fikirləşdiyim nağılları danışardım. Cek adlı obraz fikirləşib ona hekayələr yazırdım. Həmin hekayələr hələ də bir sinif yoldaşımda qalır (gülür). "Bayram axşamı", "Gizlənpaç", "Təhminə və Zaur" komediyalarının ssenarilərini yazmışam, hətta bəzilərində özüm də rol almışam.

- Hansı çox qazancı gətirir - ssenaristlik, yoxsa musiqi?

- Maddi qazancı daha çox musiqi sahəsindən götürmüşəm. Hər iki sahədə frilanser kimi fəaliyyət göstərirəm. Arada bir müddət Azərbaycan Dövlət Filarmoniyasında çalışmışam, bir müddət isə ATV kanalında yayımlanan "Düz cavab" verilişində aparıcı olmuşam.

 

"Ən sevmədiyim xasiyyətim perfeksionist olmağımdır" 

- Özünüzün hansı bəyənmədiyiniz xasiyyətiniz var?

- Ən sevmədiyim xasiyyətim perfeksionist olmağımdır. Çünki hər xırda detalda ilişib qalıram. Bəlkə də onlar heç kimin görə bilməyəcəyi səhvlərdir, amma mən onu düzəltmək üçün uzun vaxt sərf edirəm. Bunu bir qədər azaltsam, işlərimi daha tez ərsəyə gətirə bilərəm.

"Dinləyicilərimin sevgisi mənə stimul verir"

- Sosial şəbəkələrdə dinləyicilərinizdən gələn rəylər sizi nə dərəcədə qane edir?

- Demək olar ki, pis rəylər almıram. Ona görə də məni qane edir. Bütün dinləyicilərimə və sevənlərimə təşəkkür edirəm. Onların sevgisi mənə stimul verir.



- Sizdən gələcəkdə hansı yeniliklər gözləyək?

- Bir-iki həftəyə yeni mahnım olacaq. Bir də film çəkməyə hazırlaşırıq. Əgər bu il alınmasa, gələn ilə kimi filmi bitirəcəyik. Hələlik yeniliklərimiz bu qədərdir, bütün uğurlarımızı bizi izləyənlərlə bölüşəcəyik.

Günel ABBAS

P.S. Az qala, deməyi unutmuşdum, müsahibimizin sosial şəbəkələrdə istifadə etdiyi "Jay Meel" təxəllüsü, özünün dediyinə görə, adının - "Cəmil" sözünün ingiliscəyə uyğunlaşdırılmış formasıdır. Onu da qeyd edək ki, "Jay Meel"in əcnəbi söz və ifadələrə, intonasiyaya rəğbəti söhbət boyu da hiss olunurdu. Bu rəğbət suallara cavab verərkən iki məqamda - "perfeksionist" və "frilanser" sözlərində daha qabarıq özünü büruzə verdi. Yeri gəlmişkən, "perfeksionist" - özünə və ətrafdakılara həddən artıq tələbkar yanaşan, məsuliyyət anlayışını həddindən artıq dərəcədə şişirdirdən şəxsləri xarakerizə edərkən işlədilir. "Frilanser" isə maaş müqabilində yox, sərbəst şəkildə, razılaşma və müqavilə əsasında fəaliyyət göstərmək anlamını ifadə edir.

 





27.02.2020    çap et  çap et