525.Az

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsi


 

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsi<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri yüksək qiymətləndirilir. Qardaş ölkənin lideri Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün fevralın 25-də bir günlük səfərlə paytaxtımızda olub.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri arasında təkbətək görüş keçirilib. Görüşlərdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, həyata keçirilən beynəlxalq xarakterli layihələrin əhəmiyyəti vurğulanıb. Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Bunun ardınca dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. Dövlət başçısı İlham Əliyev ötən ilin ölkələrimiz arasında əlaqələr üçün çox uğurlu olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün sahələrdə, o cümlədən, siyasi, iqtisadi, enerji, nəqliyyat sferasında çox böyük nailiyyətlər əldə edilib. O, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri xüsusilə vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, "Star" neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atıldığına diqqət çəkib. Əlavə edib ki, indi başlıca hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəsini 2019-cu ildə müəyyənləşdirilən 15 milyard dollara çatdırmaqdır.

Səfər zamanı prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Tərəflər ümumilikdə 14 sənəd imzalayıb ki, bunlar da iki qardaş ölkənin əlaqələrinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Sənədlərdən biri "Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu"dur.

Qeyd edək ki, Ərdoğanın səfərindən sonra Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması ölkəmizin ictimaiyyətində təəccüb doğurmuş, narahatlıq yaratmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhədin bağlanmasına dair qərarın verilməsi birmənalı qarşılanmamışdı.

Məsələ ilə əlaqədar KİV-də çoxsaylı materiallar yayımlanmışdı. Məlumatlarda Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan bağlamasını xoşagəlməz hal kimi qiymətləndirirdi və bu qərarın ləğv olunacağına ümid edilirdi. Azərbaycan ictimaiyyəti həm də Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, sərhədin bağlanmasının da yüksək səviyyədə müzakirə olunacağını və anlaşılmazlığın aradan qaldırılacağını gözləyirdi.

Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etməsi və onun Prezident İlham Əliyevin bilavasitə yanında oturması da diqqətdən yayınmayıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış problemin aradan qaldırılması Azərbaycan Prezidentinin xüsusi diqqətində olub, dövlət başçıları arasında aparılan danışıqlarda bu məsələ də qaldırılıb və Azərbaycanda koronavirus aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü Türkiyə tərəfinin diqqətinə çatdırılıb. Məhz bunun nəticəsidir ki, bu gün Prezident R.T.Ərdoğanın tapşırığına əsasən, Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib.

Mövzunu şərh edən politoloq Arzu Nağıyev deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çox təqdirəlayiq səfər kimi dəyərləndirilməlidir.

O söyləyib ki, səfərin əsas məqsədi iqtisadi məsələlərdir: "İqtisadi məsələlərlə yanaşı, eyni zamanda, siyasi, hərbi, müdafiə, ticarət sahələri və ümumiyyətlə, regionda baş verən proseslərin də hansı istiqamətdə yönələcəyi əsas müzakirə məsələlərindən biridir. Məlumdur ki, Türkiyə-Rusiya münasibətləri İdlib məsələsinə görə bir qədər gərgindir və konkret olaraq Suriyada gedən proseslərə müxtəlif rakurslardan çıxışlar edilir. Düşünürəm ki, cənab Prezidentlə görüşdə bu məsələ də diqqətdə saxlanılıb. Lakin Azərbaycan-Türkiyə münasibətlərinin kifayət qədər ciddi və eyni zamanda, strateji əhəmiyyətə malik olması əsas mövzu kimi bu görüşdə öz əksini tapıb".

Politoloq nəzərə çatdırıb ki, Ərdoğanın Azərbaycana səfəri məhz Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf edib: "Prezident Ərdoğanın ümumiyyətlə, soyqırıma münasibəti, əsrin ən ağır hadisələrindən biri kimi məhz Xocalı soyqırımının olması ilə əlaqədar dünyaya çağırışı, daha sonra şəhidimizə başsağlığı verməsi çox vacib məqamlardır. Bütün bunlar göstərir ki, Azərbaycan və Türkiyə arasında olan münasibətləri çox mühüm və yaxın tərəfdaşın maraqları kimi qeyd etmək olar".

A.Nağıyev vurğulayıb ki, müdafiə sənayesi sahəsində, təhlükəsizlik məsələləri, qonşuluq siyasəti kimi bir sıra məsələlərdə fikir mübadiləsi aparılıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli də görüşün ən mühüm müzakirə mövzularından biri olub. Bu görüş eyni zamanda, Türkiyə-Rusiya münasibətlərinin də normallaşmasına gətirib çıxara bilər. Ən önəmli layihələrdə Türkiyənin iştirakı, Azərbaycanın məhz operator rolunda çıxış etdiyi Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələrinin həyata keçirilməsi, logistik yükdaşımalar və s. iki ölkə arasında vacib məqamlardır. Ümumilikdə səfəri şərh etsək, bu görüş iqtisadi, siyasi, ticarət, hərbi, müdafiə, təhlükəsizlik məsələləri baxımdan yaddaqalan və məhsuldar səfər olub".

Politoloq Nəzakət Məmmədova deyib ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı hesab olunur. O bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərləri, elə Azərbaycan Prezidenti İlham Əliyevin də birgə mətbuat konfransında bildirdiyi kimi, müntəzəm olaraq keçirilir və hər bir görüş böyük məna daşıyır: "Prezident İlham Əliyev birgə mətbuat konfransında bildirdi ki, hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Dövlət başçısı qeyd etdi: "Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, iki ölkənin fikirləri bütün məsələlərdə birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin. İki ölkə arasında önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik".

Politoloq söyləyib ki, Türkiyə və Azərbaycan daima qardaş dövlətlər olaraq beynəlxalq səviyyədə bir-birinə tam dəstək verirlər: "Türkiyənin işğalçı Ermənistanla sərhədləri bağlı saxlaması, diplomatik müstəvidə beynəlxalq aləmdə daima Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi, Azərbaycanın da eynilə Türkiyəyə qardaşlıq münasibətində etibarlı müttəfiq olması bu iki ölkəni bölgədə və dünya siyasətində söz sahibi etmişdir. Bu da onu göstərir ki, ölkələrimiz bir çox beynəlxalq məsələlərdə söz sahibidir və birlikdə çox güclüdürlər. Doğrudur, Türkiyənin hazırda Yaxın Şərqdə, Şimali Afrika və Şərqi Aralıq dənizi hövzəsində siyasəti böyük maneələrlə üzləşmişdir, lakin Türkiyənin gec ya tez üzünü Qarabağa tərəf çevirəcəyi şübhəsizdir".

N.Məmmədova qeyd edib ki, NATO üzvü olan regional böyük dövlətin Azərbaycanla birlikdə dünya siyasətində söz sahibi olaraq güc mərkəzlərini özləri ilə hesablaşmağa vadar etməsi artıq bir gerçəkdir:

"Prezident İlham Əliyev birgə keçirilən mətbuat konfransında Türkiyənin dünya miqyasında bir güc mərkəzinə çevrildiyini qeyd edərək, bunun prezident Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər, yorulmaz fəaliyyəti nəticəsində gerçəkləşdiyini xüsusi vurğuladı. Doğrudan da, Türkiyə bu gün beynəlxalq miqyasda qəbul olunan güclü dövlətdir və bu, Ərdoğanın hakimiyyətə gəlişindən sonra daha da geniş vüsət almağa başladı".

Politoloq vurğulayıb ki, bu gün Türkiyə regionda və dünyada gedən prosesləri öz xeyrinə istifadə etmək üçün yetərincə potensiala malikdir: "2023-cü ildə Cümhuriyyətin 100 illiyinə Ərdoğanın böyük planları var və Türkiyə bunları həmin vaxtadək uğurla başa çatdıra biləcəkdir. Türkiyə regionda ən böyük dövlət olma yolunda uğurla irəliləyir və bunun əsas səbəbkarı da İlham Əliyevin də qeyd etdiyi kimi, Rəcəb Tayyib Ərdoğandır. Eyni zamanda, Türkiyənin bütün çətinliklərə sinə gərməsində təbii ki, qardaş, dost Azərbaycanın, onun Prezidenti İlham Əliyevin də xüsusi rolu vardır. Buna görə də Ərdoğan haqlı olaraq çıxışında qeyd etmişdir ki, "Həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir".

PƏRVANƏ

 





28.02.2020    çap et  çap et