525.Az

Rəşad Məcid: “XXI əsrdə insanların cəhalətə, xurafata yuvarlandığını görəndə heyrət edirəm”


 

Rəşad Məcid: “XXI əsrdə insanların cəhalətə, xurafata yuvarlandığını görəndə heyrət edirəm”<b style="color:red"></b>

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbu nəşri olan “Cəmiyyət və din” qəzetinə müsahibəsi: 

- Rəşad müəllim, sizi necə təqdim edək? Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü..? Bunların hansı Rəşad Məcidin ruhuna tam oturur?

- Bu sualı müxtəlif yerlərdə, tədbirlərdə, çəkilişlərdə də mənə verirlər. Adətən, oranın ovqatına uyğun cavab verirəm. Tutaq ki, hansısa telekanalda ədəbiyyatla bağlı verilişdə bu sualı verəndə deyirəm ki, Azərbaycan Yazıçılar Birliyinin katibi və ya şair deyin. Mətbuatla bağlı tədbirlərdə deyirəm ki, “525-ci qəzet”in baş redaktoru deyin, gənclərlə bağlı tədbirlərdə gənclərin dostu və ya  Əfv Məsələləri Komissiyasının fəaliyyəti ilə bağlı suallar olanda deyirəm Komissiyasının üzvü kimi təqdim edin. Mənəvi cəhətdən desəm, özüm özümü daha çox “525-ci qəzet”in baş redaktoru və yazıçı-publisist kimi görürəm. Belə desəm, günümü və ayımı paylasam, daha çox o statusda oluram. Ona görə də “525-ci qəzet”in baş redaktoru və yazıçı-publisist tanıtımı mənim həyat ritmimə və həyat bölgümə daha uyğundur. 

- Yaxşı, bəs Rəşad Məcid özünə qarşı necə yazıçıdır: üsyankar, davakar, yoxsa mühafizəkar?

- Ümumiyyətlə, yazıçılığın mahiyyətində üsyan olmalıdır. İnsan xarakteri də belədir ki, ikili, tərəddüdlü məqamları çox olur. Özümlə daxilən daim dava edirəm. Hansısa məsələ ilə bağlı tam fərqli, təzadlı fikirlərim olur və bu təzad çox vaxt zahirimə də sirayət edir. Bəzən mənimlə yaxın olanlar, iş yoldaşlarım an içində ovqatımdakı dəyişiklikləri görürlər. Bu mənada üsyan, özünə  etiraz, özünlə mübarizə olmasa, ümumiyyətlə, yazı, bədii əsər yarana bilməz. Susqunluqda və sakit vəziyyətdə bu mümkün deyil. Məsələn, poeziyanı  götürək. Ümumiyyətlə, poeziya insanın anormal halıdır. Bu mənada o cür təlatümlü ovqat içəridən olmasa, nə şeir, nə nəsr yazmaq olar. 

- Özünüzdə ən çox nəyə üsyan edirsiniz?

- Ola bilsin ki, o da müxtəlif məqamlarda baş verir. Bəzən öz xarakterimdəki hansısa məqamlara üsyan edirəm. Məsələn, fikirləşirəm ki, bəlkə həddindən çox ürəyiyumşaq, səmimi oluram. Bax, bunlar mənə həyatda mane olur. Amma sonra fikirləşirəm, insan xarakterini dəyişmək mümkün deyil ki, qısa müddətdə xarakterimdə nəyisə korrektə edim. Əslində, məndəki bu xarakter - gözlənilməzliklə dolu, bayaq dediyim kimi, təzadlı, içəridən coşmaq, birdən üsyankarlıq - mənə həyatımda bəlkə ziyan da vurub, ancaq hesab edirəm ki, daha çox xeyir verib. İnsanların gözündə, onların təsəvvüründə məhz qəfildən kükrəyən, coşan, qəfildən hansısa sərhədləri dağıdan, məmur çərçivəsinə sığmayan fikirlər deyən Rəşad Məcid obrazı daha çox yayğındır. 

- İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə.
Bilgisayar kimi, telefon kimi,
Yaddaşı təzələ, ya format eylə.

Xarakterinizin sadaladığınız elementləri bu misralarda da açıq şəkildə görünür…

- Bu yaxınlarda “Qələmsiz yazılanlar” kitabım çıxıb. Ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə yazdığım statusların toplusundan ibarətdir. Orada da yazmışdım ki, unutmaq yaşamağa kömək edir. Unutmasan, yaşamaq çətin olur. Özümü də müsahibələrimin birində məğlub adam adlandırmışam. Keçmiş zədələrlə doludur. Xüsusən, tez-tez dediyim bir məsələni təkrarlamaq istəyirəm. Doğulduğum rayon, kənd, sevdiyim şəhər, ilk dəsrə getdiyim orta məktəb - hamısı işğal altındadır. O illəri, uşaqlığımı, o yerləri fikirləşəndə sanki məni tok vurur, əziyyət çəkirəm. Və bu mənada ondan qaçıram, unutmaq istəyirəm. O, mənim məğlubluğumu, məyusluğumu yadıma salır. Zəifliyimi, gücsüzlüyümü xatırladır mənə. Bu mənada unutmaq istəyirəm. O şerirdə də məhz o hissiyyat təsvir olunub. 

- Bu misralar həmin ovqatın məhsuludur, demək ki?

- Yox, bu, sevgi ilə bağlı şeirdəndir. Amma orada da həmin şeydir. Tutaq ki, sən acı çəkirsənsə, o acı ilə uzun müddət yaşamaq olmur. Bəzi məqamlarda ağrı-acı şairə, yazıçıya yaradıcılıq üçün impuls verir, yaradıcılığa sövq edir. Amma sonra bu əzab-əziyyət səni çox yorur və unutmağa məcbursan. Unutmasan, məhv olacaqsan. 

- Amma deyəsən, o əziyyətlər sizə həm də zövq verir. Çünki bir şeirinizdə  deyirsiniz ki, yenidən qaytarsan bu dünyaya, yenə onu mənə qismət eylə.

- Dediyim həmin təzadlı baxışlar, düşüncələrdir. Həm bu dərdin içindən qopmağa, onu unutmağa çalışırsan, həm də o dərdin içində də özünü daha dolğun, daha təkmil, daha ilahi hiss edirsən. Özünü tapırsan. Ona görə də elə ovqat olur ki, orada qalmağı daha üstün tutursan. Amma bir insan, bioloji varlıq kimi bəzən dözə bilmirsən və o məqamlarda qaçmağa çalışırsan. 

- Bu üsyankarlıq hansı həddə qədər yuksələ bilir? Məsələn, olubmu ki, hansısa bir yazınıza, şeirinizə baxıb demisiniz ki, heç belə də şeir ola-a-a-r? Yəni, özünüzə bu qədər radikal yanaşdığınız məqamlar olubmu?

- Olub, əlbəttə, olub. O şeirlər ki, məsələn, elə həmin ovqatlarda da, anormal vəziyyətdə və yaxud əzabın hansısa qatında yazılıbsa, sonradan ona baxıb, güldüyüm vaxtlar olub - elə o yazıya da, şeirə də, hətta o ovqata da. Fikirləşmişəm, gör nə halda olmuşam ki, belə şeirlər, belə sözlər yazmışam. Dediyim kimi, insanın o ovqatı həmişə olmur. Çox vaxt da həmin hal keçəndən sonra yaşadıqlarına normal insan gözü ilə baxanda yazdıqların təbəssüm doğurur. Hansısa bir şeirimdə də var,

Sevdaya tutulub bu cavan oğlan,
Oturub ağlayır, durub ağlayır,

Sevgidən ağlayan bu cavan oğlan üçün sonradan bu sevgi, bu ağlamaq gülməli görünür. 

- Deyirlər ki, hər bir əsər yazarın övladıdır. Bu təsvirdən yanaşsaq, doğulmadan öldürdüyünüz neçə “övladınız” var?

- Çoxdur. Mənim yaşayış tempim, qaçaraq həyatım, tədbirlər o qədər şeirlərimi, uzun illərdən bəri beynimdə fırlanan nəsr əsərlərimi ortaya çıxarmağa mane olub ki... Amma son illər sosial şəbəkələr mənim xilasım oldu. “Qələmsiz yazılanlar”ın ideyası ortaya çıxandan sonra daha çox statuslar, status-esselər yazmağa başladım. Həmin statuslar, elə bil, yazılmamış əsərlərimin qırıntılarıdır. Onları bir kitabda topladım. İndi də artıq vərdişə çevrilib. Parisdə yaşayan dostum Şahin Sinariya “Qələmsiz yazılanlar”ı oxuduqca deyir ki, bu statusların bəzisində bir romanın mövzusu var. Əlbəttə, rahat vaxtım olsa, onları daha təkmil hekayəyə, povestə, romana, şeirə çevirə bilərdim. Amma bilirəm ki, uçub gedəcək, qalmayacaq, ona görə də bu statusları yazıram və reaksiya doğurur. Lap gənc yaşlarımda da edərdim bunu. “Kibrit qutusuna yazılan şeir” adlı bir şeirim var. Şeir ovqatı gələndə bilmirsən ki, unutmamaq üçün hara yazasan. Yadımdadır, misraları kibrit qutusunun üstünə yazırdım ki, əsas motivi unutmayım. Bu mənada həmin statuslar da, bir növ, böyük əsərlərin məğzləri, tezisləridir. 

- Özünüz də etiraf etmisiniz ki, SSRİ dövründə Yazıçılar Birliyi ideoloji qurum idi. Bəs bu gün necə?

- Bu gün ideoloji qurum kimi fəaliyyət göstərməyə nə ehtiyac var, nə də tələb. Sovet dövründə Yazıçılar Birliyi sovet ideologiyasının əsas daşıyıcılarından idi. Əsərlərin əksəriyyəti partiyanın ideologiyasına və tapşırığına əsaslanırdı. Yazıçılar da ölkənin yüksək statuslu insanları idilər, maddi cəhətdən yaxşı təmin olunurdular. Hətta deyirlər ki, ötən əsrin 50-ci, yoxsa 60-cı illərinin səhiyyə naziri Yazıçılar Birliyinin sədri Mirzə İbrahimovdan borc pul alırdı. İndi isə Yazıçılar Birliyi əvvəlki kimi nə ideologiyanın tərkib hissəsidir, nə də yazıçıların böyük maddi imkanları var, çoxu kasıb təbəqənin üzvüdür. Ancaq yazıçıya hörmət, yazıçıdan, yazıçı sözündən çox şey ummaq yenə də davam edir. Bəzən yazıçıdan elə şeylər, elə qəhrəmanlıqlar tələb olunur ki… Təəssüf ki, bütün yazıçılardan bunları ummaq mümkünsüzdür və yazıçıların o gücü yoxdur. İndi Yazıçılar Birliyi sadəcə, peşəkar yazıçıların birləşdiyi təşkilatdır. 

- Ancaq, məsələn, Qarabağ mövzusunda yazanları, kitabları görmək istəmək və ummaq bizim haqqımızdır. Və hesab edirəm ki, bu da ideoloji məsələdir.

- Düzdür. Ancaq ideologiyanın tələb etdiyi mövzular ortaya çıxanda qrafomanlar, istedadsız adamlar başlayırlar zəif, primitiv, şablon əsərlər yazmağa. Bu isə həmin ideyaların dəyərini azaldır. Qarabağ mövzusunda, müharibə mövzusunda, torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqlar göstərmiş əsgərlərimiz haqqında elə əsərlər yazılmalıdır və o əsərlər elə bədii gücdə olmalıdır ki, insanların hissiyatına toxunsun, onları inandırsın, onları tərpətsin. Yox, əgər yazılanlar boş söz yığını, yalançı hay-küy, pafos olanda mətləbə, məğzdəki ideyalara xələl gəlir. Ona görə də mən, ümumiyyətlə, sifarişli, məcburiyyətdən irəli gələn ədəbiyyatı sevmirəm. Bir çoxu bu mövzuda güclü əsərlərin olmamasının səbəbini belə izah edir ki, müharibə hələ bitməyib, biz məğlub olmuşuq və bitməyən müharibənin, məğlub xalqın əsərləri yazılmaz, bu, gələcəyin işidir. 

- Siz təkcə sifarişli ədəbiyyatı yox, mən bilən, həm də detektiv ədəbiyyatını sevmirsiniz.

- Müsahibələrimin birində demişdim ki, detektivi ciddi ədəbiyyat saymıram. Bundan sonra mətbuatda ciddi müzakirələr açıldı. Hətta bizim 36 milyon tirajlı kitablar müəllifi, hörmətli Çingiz Abdullayev məndən incidi. Hər gün onun haqqında feysbukda yazılan tərifləri mənə göndərir (gülür). Amma o sözümü jurnalistlər belə qabartdılar. İndi də o fikirdəyəm. Mən bir neçə detektiv əsər oxumuşam, o cümlədən Çingiz müəllimin əsərlərini. Amma onlar mənim ürəyimə yatan əsərlər deyil. Oxuyursan, maraqlıdır, ancaq bitəndən sonra yadında heç bir süjet, məna, məğz, xarakter, obraz qalmır. Oxucuya çatdırmaq istənilən alt qat, ideya olmur. Mən bu tip ədəbiyyatı sevmirəm. O sözümdən sonra qəzetlər yazmışdılar ki, Rəşad Məcid Çingiz Abdullayevin yazdıqlarını ədəbiyyat saymır. Bəziləri daha irəli gedərək Çingiz Abdullayevə sual vermişdilər ki, Rəşad Məcid sizi yazıçı saymır. Ümumiyyətlə, “yazıçı saymır” ifadəsi düzgün deyildi, çünki Çingiz Abdullayev 100-dən çox kitab yazıb və elə təkcə buna görə onun haqqında “yazıçı deyil” sözünü necə deyə bilərəm?  Sadəcə, mənim yazıçım deyil, onun yazdıqları mənim zövqümü oxşayan yazılar deyil. Ümumilikdə detektiv ədəbiyyatı mənim sevdiyim ədəbiyyat deyil və ümumiyyətlə, detektivin bədii ədəbiyyat olub-olmaması yüz ildən artıqdır ki, müzakirə mövzusudur. Mənim xoşladığım ədəbiyyat başqa ədəbiyyatdır. Çingiz müəllimlə də artıq barışmışıq. Böyük ədəbiyyata iddialıdır, ancaq onu tarix göstərəcək ki, Çingiz Abdullayevin əsərləri tarixdə yaşayacaq, ya yox. 

- Bəlkə ona görə bəyənmirsiniz ki, bir çoxu kommersiya tipli ədəbiyyatın məhsuludur?

- O tipli ədəbiyyat, əlbəttə bazara hesablanır. Bir dəfə Elxan Elatlıdan soruşdum, sən bu kitabı yazmısan, olmazdımı burda hər hansı alt qat olaydı, məna olaydı ki, bu qalın romanı yazdığın vaxta sonradan heyfin gəlməyə. Cavab verdi ki, sizin dediyiniz kimi yazsaq, bir əsəri yazmaq üçün iki il vaxt lazım olar, amma mən bunu 3-4 aya bitirirəm, 10 min tirajla bazara çıxır və pul qazanıram. Açıq şəkildə deyir ki, kommersiya marağı var, dərin ədəbiyyat mətləbləri yoxdur. Bazara işləyən ədəbiyyat bütün dünyada var. Mənim sevdiyim ədəbiyyat deyil, bəlkə aşağı zövqlü, yaxud vaxt keçirmək istəyən insanların oxuduğu kitablardır. 

- Cəmiyyətdə gənclərin dostu kimi tanınırsınız və ədəbiyyatımızda gənclər ilə yaşlı nəsil arasında fikir müxtəlifliyini yaxından görürsünüz. Yəqin ki, bu “atalar və oğullar” problemi sizin gəncliyinizdə də var idi.

- Bütün dövrlərdə olub. Hətta 2000 il bundan əvvəl bir filosof deyib ki, “indiki gənclər xarab olublar, öz atalarının əleyhinə çıxırlar”. Ümumiyyətlə, gənc ikən dünyanı dəyişdirmək istəyi, üsyankar olmaq, bəyənməməzlik – bunlar  təbiidir və mən bunu qəbul edirəm. Amma bir məşhur sözü də tez-tez misal çəkirəm: 20 yaşında inqilabçı olmayanın ürəyi, 40 yaşında inqilabçı olanın isə ağlı yoxdur. Hə, 20 yaşında üsyan edib dünyanı dəyişməyə çalışmalısan, amma 40 yaşa gəlib çatanda görürsən ki, bu dünya düzələn deyil, elə həmin dünyadır və sən də sıradan bir insansan, dünyanı dəyişdirə bilmirsən. Bu mənada gənclərin arasında eləsi olur ki, dili də var, dilçəyi də. Məsələn, nəyəsə etiraz edir, amma yazısında da istedad qığılcımları özünü göstərir. Məni ən çox məyus edən o adamdır ki, istedadı, bir misrası, bir bədii cümləsi yoxdur, heç düz-əməlli 3-5 kitab da oxumayıb, amma iddiası yerə-göyə sığmır... Belə adamları görəndə məni xof bürüyür, hirslənirəm və bəzən də kəskin cavablar verirəm. Gənclərdə istedad əlamətlərini görmək və hiss etmək bəlkə də artıq mənim xarakterimə, vərdişimə çevrilib. O dəqiqə hiss edirəm və həmişə də kömək edirəm, çalışıram ki, həmin adama daha çox imkanlar açım. Bəzən yaşlı yazıçılarımız mənə deyirlər ki, gənclərə o qədər dəstək verirsən, kaş, “xarab” olmayalar. Mən də fikirləşirəm ki, niyə “xarab” olmalıdırlar, axı? Ancaq zaman göstərir ki, bəzən həddindən artıq tərifləyəndə “ulduz xəstəliyi”nə tutulurlar, başqa arzulara qapılırlar. Nə qədər məyus olsam da, bütün uğursuzluqlarını məndə görsələr də, mən yenə də istedadlı adamlara kömək edirəm və bunu heç vaxt danmıram. İstedadı etiraf etməkdən zövq alıram. Bir azərbaycanlı gəncdə istedad qığılcımları görmək mənim üçün çox xoşdur. 

- Ümumiyyətlə, kənardan belə görünür ki, gənc nəslin tənqidləri sanki Yazıçılar Birliyinə deyil, Rəşad Məcidə yönəlir, bütün tənqidlərə özünüz cavab verirsiniz. Nədən irəli gəlir bu? Xarakterinizdəki çılğınlıqdan, yoxsa özünüzü gənclərə daha yaxın hiss etməyinizdən?

- Bir çox məsələyə mən cavab verirəm, xüsusilə də gənclərlə bağlı məsələlərə. Həm gənclərə yaxın, həm də mətbuata açıq olduğumdan və prosesləri bilməyimdən irəli gələrək ortaya belə mənzərə çıxır. Yazıçılar Birliyində elə həmkarlarım var ki, mətbuatda barələrində nəsə yazılan kimi telefonlarını bağlayıb üç gün cavab vermirlər. Mən isə mediadan heç vaxt qaçmamışam, problemin üstünə gedirəm və həll etməyə çalışıram. Ona görə ki, içəridən özümü haqlı sayıram. Məsələn, cavan uşaqlar Anar haqqında yazmışdılar, iddia edirdilər ki, sədr olacaqlar. Yaxud deyirdilər ki, Anar müəllim bizə vəsiqə verib, ancaq bizi tanımır. Onlara cavab vermişdim ki, Anar müəllimin tanıması üçün siz gərək uzun illər ədəbi fəaliyyətlə məşğul olasınız, sanballı əsərlərlə diqqətini çəkəsiniz. Anar müəllim yüzlərlə gəncə Yazıçılar Birliyinin vəsiqəsini verib, onun hamısını yadında saxlaya bilməz axı. Şəxsən mənim Anara münasibətim Yazıçılar Birliyinə gələndən əvvəl də çox yaxşı olub, dünyagörüşümün formalaşmasında onun əsərləri böyük rol oynayıb, həmişə onun əsərlərini gənclər arasında təbliğ etmişəm. Bugünlərdə onun “Yaşamaq haqqı” traktatı çap olunacaq. Son illərdə Anarın ən çox sevdiyim əsəridir və çox arzulayıram ki, Azərbaycanda bütün evlərdə o kitab olsun. Çünki bu kitabda Azərbaycan tarixi haqqında çox aydın düşüncəli ziyalımızın fikirləri əks olunub. Orada elə tarixi faktlar var ki, hamımız oxumalı və bilməliyik. 

- Bir az da din haqqında danışaq. Müsahibələrinizin birində  etiraf etmisiniz ki, seyid nəslindənəm, seyidliyim var və cəddimə inanıram. Möcüzələrə, övliyalara inanırsınızmı?

- Düzdür, atam elə dindar olmayıb, məmur, ziyalı olub. Amma babam – Mir Hacib Ağanın Ağcabədidəki evi ocaq sayılır. 10 yaşımadək onun yanında böyümüşəm və din xadimlərinin içərisində olmuşam. Mir Hacib Ağa rəhmətə gedəndə yas mərasiminə bəlkə də, 50-60 seyid gəlmişdi, onlar növhə deyirdilər. Sonralar bəzi  adamların növhənin nə olduğunu bilmədiyini eşidəndə təəccüblənmişdim. Bizim ev həqiqi din xadimləri ilə dolu olurdu. Babamın da çox gözəl səsi var idi, vaxtilə Xalq artisti Yaqub Məmmədovla dost olub. Cavan vaxtlarında bir yerdə yas mərasimlərində növhə deyiblər. Ağcabədidə o vaxt bu adət məşhur idi. Babamın səsi, uşaqlıqdan din ilə bağlı mənə danışdığı əhvalatlar, hətta yalançı dindarlara və mollalara qarşı sarkazm dolu lətifələri dünyagörüşümə təsir edib. Bir tərəfdən dinə və ilahi qüvvəyə, cəddə inam, digər tərəfdən dindən sui-istifadə edənlərə sərt münasibət bəlkə də, elə uşaqlığımdan formalaşıb. Babamın da atası Laçın rayonunun Seyidlər kəndindəndir, onun qəbri də həmin kənddə idi, 1991-ci ildə atam onun qəbrini də düzəltdirmişdi.

Bu mənada hiss edirəm ki, məndə genetik olaraq seyidlik var. Bununla bağlı bir neçə dəfə maraqlı məqam olub. Məsələn, 2009-cu il iyulun 23-də - Ağdamın işğalının ildönümü günü “Qarabağ” futbol klubu avrokuboklarda Norveçin “Rosenburq” klubu ilə qarşılaşırdı və ilk dəfə növbəti mərhələyə keçmək üçün şansı var idi. Qarabağın adının bu cür böyük beynəlxalq arenada səslənməsini çox istəyirdim. Bunun həm də bir siyasi mənası var. O zaman hamıya 10-15 gün qabaqdan təbliğ elədim ki, hamı stadiona gəlsin, stadionda ruh olsun. Oyundan bir gün əvvəl futbolçulara ruh vermək üçün yazıçı Aqil Abbasla stadiona getdik. Meydana birinci norveçli futbolçular çıxmışdı, gördüm, hamısı ucaboy, yekəpər. Sonra “Qarabağ”ın oyunçuları çıxdı meydana. Baxdım ki, bəstəboydurlar, dedim, bunlar onlara necə qalib gələcək? Amma ruh verməliyik axı, Aqil özünəməxsus Qarabağ şivəsi ilə danışdı. Sonra mən dedim ki, sabah stadion dolacaq, oyun da Ağdamın işğalı gününə təsadüf edir, belə bir gündə azarkeşlərdən sizə güclü dəstək gələcək və adaşım Rəşad Sadıqov bir qol vuracaq, qalib gələcəyik. O sözümü orada olan mətbuat nümayəndələri qəzetlərdə, saytlarda yazdılar. Oyun günü artıq qəzetlərdə çıxmışdı ki, Rəşad Məcid deyir, Rəşad Sadıqov bir qol vuracaq və biz qalib gələcəyik. Dostlarla axşam futbola getdik. Birinci hissənin axırına yaxın Rəşad Sadıqov cərimə zərbəsindən qol vurdu. İkinci hissədə ancaq Allaha yalvardım ki, başqa qol olmasın, hesab dəyişməsin. Sonra məndən soruşdular ki, hərdən futbolla bağlı proqnoz verirsən, bu da o proqnozlardan idi? Dedim yox, bu dəfə proqnoz deyildi, saf, səmimi qəlblə Allaha dua etmişdim ki, belə olsun. Oyundan sonra Rəşad demişdi ki, özüm də gözləmirdim ki, o top qol olar. “Rosenburq”un qapıçısı da demişdi ki, o top qol olmayacaqdı, onu külək saldı qapıya. Amma mən sirri bilirdim, onu ora salanın kim, nə olduğunu bilirdim. Bax, həmin o cədd və ilahi güc ki, ona inanıram. Məncə, insan bir şeyi dəlicəsinə istəyirsə, o olur. Mənim bir kitabımın adı da belədir: “Dəlicəsinə”. Bir adam istədiyi bir şeyə çatmırsa, deməli dəlicəsinə istəməyib. Həyatda inandığım ən böyük tezislərdən biridir. 

- Rəşad müəllim, uşaqlığınızdan danışdınız. O dövrdəki dini yaşam tərzi ilə bugünkü arasında nə kimi fərq və ya oxşarlıqlar var?

- Onda sovet dövrü idi, qapalı sistem idi. Din ilə bağlı məhdudiyyətlər var idi. Biz Ağdamda yaşayırdıq, məscidə Aşura günləri gəlirdilər və dini ayinlər yerinə yetirirdilər. Dediyim kimi, babam da din xadimi idi, namaz qılırdı. O mənada mən dinə basqını o dərəcədə də hiss etməmişəm. Sonralar gördüm ki, elə rayonlar var, heç din xadimi yoxdur. Amma mən yaşadığım yerdə İslam dininə hörmət və ehtiram görmüşəm. Hərdən deyirəm ki, babalarım İslam dininə 1400 il xidmət göstəriblər, mən bir az loyal qalsam da olar. Hesab edirəm ki, o dövrdə inam, etiqad daha səmimi idi. İndiki dövrdə mənfəətçilik, dəbə uymaq var. Yalançı din xadimi kimi özünü göstərmək indi daha çoxdur. Keçmişdə Kommunist Partiyasının üzvü olmaq vacib və lazım idi, indi də bir çoxu bu statusu “hacı” ilə əvəz edir. Həccə getsinlər, hacı olsunlar. Mən özüm də bir dəfə Məkkədə olmuşam. Hətta rəhmətlik Vasim Məmmədəliyev bunu biləndə demişdi ki, sən ümrə ziyarəti etmisən, yarıhacı sayılırsan. Orada da bir qəribə hadisə baş vermişdi. Deməli, Azərbaycandan, Mərkəzi Asiya ölkələrindən jurnalistlər oradakı iqtisadi konfransda iştirak etməli idik. Jurnalist Ağanisə Sultanova da bizim heyətdə idi. Ağanisə xanım oradakı səfirlərə və digər yetkililərə deyirdi ki, Məkkəyə getməyəcəyik? Halbuki iqtisadi konfransa getmişdik və bizi zavodlara, fabriklərə aparırdılar. Həmin konfransa da ayrı-ayrı ölkələrdən nazirlər gəlməli idi. Ağanisə xanımın israrlı “Məkkəyə getməyəcəyik?” suallarına bir az hirsləndim, ona iradımı bildirdim ki, yaxşı da, imkan olsa, gedərik, yəqin. O da dedi ki, yox bura gəlmişiksə, Məkkəni ziyarət edək, bizim nəyimizə lazımdır zavod-fabriklərdə gəzmək? Bir gün səhər yuxudan oyananda gördüm ki, səfirlər nəsə pıçıldaşırlar. Yaxınlaşdım ki, nə olub. Dedilər, ola bilsin ki, Ağanisə xanımın arzusu reallaşsın. Dedim necə? Dedilər, konfrans baş tutmayacaq, ona görə də bu axşam sizi Məkkəyə aparacağıq. Gecə təyyarə ilə getdik Məkkəyə, ziyarət etdik və qayıtdıq. Ağanisənin duası mənə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərini xatırlatdı, bu barədə “Qələmsiz yazılanlar”da da yazmışam. Ağanisə xanımın duası həmin beynəlxalq iqtisadi konfransı təxirə saldı və biz Məkkəyə gedə bildik (gülür).

- Rəşad müəllim, dini radikalizmin Azərbaycana təsirlərini yəqin ki, siz də hiss eləyirsiniz. Bir ziyalı kimi, onunla mübarizə üçün təklifləriniz varmı?

- Hiss edirəm, əlbəttə. Ara-sıra da mövqeyimi bildirirəm, ümumiyyətlə, bəzən sərt danışıram bu barədə. Mən xurafatın, cəhalətin əleyhinəyəm və görəndə ki, XXI əsrdə, bu boyda informasiyanın içində, məlumatların asanlıqla əldə edildiyi bir vaxtda insanlar cəhalətə, xurafata yuvarlanırlar - heyrət edirəm. Bizim mediamız cəhalətə qarşı mübarizə aparır. Təəssüf ki, hansısa dini dairələrin sifarişlərini yerinə yetirən “media” yaranıb. Jurnalist bu cür radikal dini dairələrin sifarişlərini yerinə yetirməməlidir, həqiqətin yanında olmalıdır. Bu məsələlərin də kökündə savadsızlıq durur. Orta məktəbdə dünyəvi təhsildə vaxtilə olan qüsurlar gətirib ona çıxarır ki, “din adamları” həmin insanlara daha çox təsir göstərə bilir, nəinki bizim dünyəvi  təhsil  sistemi. Bu mənada təhsilimizi gücləndirməliyik, gənclərin təhsildən yayınmasına imkan verməməliyik. Son illərdə də görülən işlər, Azərbaycan gəncləri üçün yaradılan şərait imkan verir ki, bəzən maddi, bəzən savadsızlıqdan yad dini təmayüllərə meyillər aradan qalxsın.

- 2003-cü ildə “10 sentyabr” adlı hekayə yazmışdınız, deyirdiniz ki, bununla ABŞ-ın İraqa hücumunun qarşısını almaq istəyirsiniz. Don Kixotluq etmək istəyirdiniz?

- Don Kixotluq da demək olar. O hekayə 20-dən çox dilə tərcümə olundu, bir çox ölkədə çap edildi. Doğrudan da, ABŞ-ın İraqa hücumu ərəfəsində yazdığım o hekayə ilə müharibənin qarşısını alacağımı düşünürdüm. Ümumiyyətlə, mən ədəbiyyata elə baxıram, hesab edirəm ki, ədəbiyyat müharibələrin qarşısını almaq, şərə qarşı müqavimət göstərmək gücündədir.

Müsahibəni hazırladılar:
Saleh Arslan
Ramil Hikmət

 





28.02.2020    çap et  çap et