525.Az

DİN-də kibercinayətkarlıqla mübarizə üzrə struktur olmalıdırmı?


 

DİN-də kibercinayətkarlıqla mübarizə üzrə struktur olmalıdırmı?<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) sistemində struktur dəyişikləri və islahatlar davam edir. Bu gün də (dünən - red.) Bakı Baş Polis İdarəsinin daha bir qurumu - Narkotiklərlə mübarizə idarəsi ləğv edilib.

Bəs, indiki zamanda daha çox hansı qurumlara ehtiyac var? Düşünürəm ki, kibercinayətkarlıqla bağlı DİN sistemində ixtisaslaşmış bir strukturun yaradılması çox faydalı olardı.

Hazırda bizdə kibercinayətkarlıqla mübarizədə səlahiyyətli qurumlar hansılardır? Bu sualın cavabı indiki şəraitdə birmənalı deyil. Uzun illər bu səlahiyyət yalnız keçmiş MTN-də olub. Xatırlayıram, təxminən 10 il öncə DİN yanında Kibercinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi yaranmışdı. Lakin DİN-nin bununla bağlı açıqlaması yayılar-yayılmaz onun əleyhinə təpkilər müşahidə olundu. Aydın məsələ idi ki, o vaxt narazılıq hansı qurumda baş qaldırmışdı. Hətta mənim özümə də belə bir qurumun olmadığı - anlaşılmazlıq üzündən yaradıldığı bildirilmiş, bununla bağlı açıqlamalarda ehtiyatlı olmaq tövsiyə edilmişdi. Beləliklə də, o zaman DİN-də yaradılmış həmin vacib qurum fəaliyyətə başlamamış dərhal da ləğv olunmuşdu.

Düşünürəm ki, hazırda DİN-nin bütün qurumlarında bu istiqamətdə fəaliyyət göstərəcək bölmələrin yaradılmasına böyük ehtiyac var.

Son zamanlar hökumət kibercinayətkarlıqla bağlı sahəyə diqqəti artırıb. Ötən il Prezident fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində işləri koordinasiya etmək üçün Dövlət Komissiyası, kordinasiyaedici strukturlar yaradılıb. Burada Kibercinayətkarlıqla bağlı da məqamlar yer alıb.  Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən kibercinayətkarlıqla mübarizə sahəsində konseptual sənəd layihəsi hazırlanıb və hökumətə təqdim edilib. Amma düşünürəm ki, bu sahədə xeyli problemlər yığılıb qalıb.

Ən ciddi problem, hesab edirəm ki, səlahiyyətlərin bölgüsü ilə bağlıdır. Hazırda bizdə KİBERCİNAYƏTKARLIQ sahəsində 2 dövlət qurumu səlahiyyətlidir: DİN və DTX. Lakin səlahiyyətlərin konkretliyi indiyədək də problemlidir. Milli internet resurslara hücumlar, telekommunikasiya və enerji şəbəkələrinə qarşı hücumlar, profil və ya şifrə oğurluğu, bank kartları ilə olan cinayətlər, fərdi məlumatların oğurluğu, dövlət resurslarına hücumlar, dövlət resurslarından məlumat oğurluğu, sosial media hesablarının və səhifələrin oğurluğu və s. bütün bu kimi cinayətlərlə bağlı vətəndaşın və ya qurumun müraciət edəcəyi yer konkret bilinməlidir. Fikrimcə, DTX və DİN arasında kibercinayətkarlıqla bağlı səlahiyyətlər konkretləşməlidir. Yalnız milli təhlükəsizlik mahiyyəti daşıyan kibercinayətlər DTX-ya verilməlidir. Qalan bütün kiber sahələrdə olan cinayətkarlıqla mübarizə DİN-ə tapşırılmalıdır. Bütün bölgələrdə, rayon və şəhər polis şöbələrində kibercinayətkarlıqla mübarizə strukturu formalaşdırılmalı, kadrlar yetişdirilməlidir. Bununla bağlı qanunvericiliyə təkliflər hazırlanmalıdır. Amma hesab edirəm ki, ilkin addım kimi tezliklə DİN-in nəzdində Kibercinayətkarlığa qarşı mübarizə üzrə strukturun yaradılması doğru addım olardı.

 





04.03.2020    çap et  çap et