525.Az

Əzəmətdən doğan zəriflik və gerçəklik - İmir Məmmədlidən yeni esse


 

Əzəmətdən doğan zəriflik və gerçəklik - <b style="color:red">İmir Məmmədlidən yeni esse </b>

Yazının əvvəlində belə bir heyrətamiz əhvalatı diqqətinizə çatdırmaq istəyirəm: Bizlərdə az tanınan rus yazıçısı və filosofu Vasili Rozanov "1914-cü il müharibəsi və rus dirçəlişi " kitabında yazır ki, Petroqradın küçələrində gəzərkən rus süvarilərinə tuş oldum.

Onların görünüşü və yerişi məni elə ovsunladı ki, səkinin küncünə qeyri-ixtiyari qısılmış vəziyyətdə öz acizliyimi, bu atlılarınsa əzəmətini apaydın hiss etdikcə vahimə məni bürüdü. Süvarilərin nəhəngliyini anladıqca özüm öz gözümdə kiçilirdim. Bir azdan ömrümdə ilk dəfə hiss etdim ki, bu əzəmətli igidlər dəstəsinin qarşısında məni tədricən qadın incəliyi, zənən zərifliyi bürüdü. Qəribə də olsa, bu hiss bakirə qızın kişiyə, ər qüvvəsinə qarşı oyanan ilk məhəbbətini xatırladırdı. Mən artıq onlardan qorxmurdum, sanki bu basılmaz qüvvəni sevməyə, ixtiyarımı qeyd-şərtsiz ona verməyə, məftun olmağa başlamışdım. Onların daha çox, daha əzəmətli olmasını istəyirdim... və mən hiss etdim ki, dünyada ən gözəl şey gücdür, qüvvədir. Pərəstişə də yalnız o (güc-qüvvə, sarsılmaz mətanət) layiqdir.

Daha maraqlı orasıdır ki, mütəfəkkirin bu qəribə hisslərini bir az sonrakı dövrün digər rus filosofu Nikolay Berdyayev rus millətinin varlığında daim yaşayan ödləkliklə, ümumi qüvvəyə tabelik, mütilik meyli ilə izah edir.

Berdyayevə əsaslanaraq belə düşünürəm ki, həmin xüsusiyyət təkcə rus millətinə deyil, bütün ifrat qəhrəmansevər, əzəmətə son dərəcə məftun, gücə-qüvvəyə hədsiz ehtiyac duyan millətlərə xasdır. Tarixin keşməkeşli keçidlərində sərt gerçəkliklə bacarmayan bəşər övladı öz təxəyyülündə, saqa və eposlarda bir oturuma iki öküz yeyən və ya Zorro kimi lazım olan yerdə gözlənilmədən peyda olan qəhrəman obrazı yaradaraq basılmaz qüvvəyə pərəstiş edib "səkinin küncünə qısılmış " vəziyyətdə ona heyran olub, özünü onun tabeliyinə verib.

Qəhrəmanlıq dastanlarının şahı, Azərbaycan gerçəkliyinin və təxəyyülünün məhsulu olan "Koroğlu dastanı" bu baxımdan ən parlaq nümunədir.

Koroğlu xalqın sevimli qəhrəmanıdır, elə sevimli ki, xalq ən gözəl qızlarını ona və onun dəlilərinə rəva bilir, onları at belində qaçıran oğlanlara halal edir, ərə verir; özü bir qarın ac, bir qarın tox dolansa da, ən ləzzətli yeməklərini ona bol-bol qıyır, malını-heyvanını ona qurban verir, özünü aciz bilərək onu ən qüdrətli igid, sarsılmaz qüvvət sahibi tərənnüm edir.

Fikir verin, qəhrəmana belə bir zərif qayğıkeşliklə səciyyələnən münasibət yerdə qalan millətlər üçün elə doğma, elə yaxın oldu ki, sonradan şanlı qəhrəmanlıq dastanımızın müxtəlif versiyaları dünyanın yarısına yayıldı, Koroğluya layiq şücaətlə ürəkləri zəbt etdi.

Etiraf etməliyik ki, qəhrəman, bir tərəfdən, nümunəvi bir fakt kimi güclü tərbiyəvi təsirə malikdir, ələlxüsus da gənc nəslin formalaşmasında qəhrəman obrazının əvəzsiz rolunu danmaq olmaz. Amma məsələnin digər tərəfi də var.

Qəhrəman çətin durumda eli-ulusu dardan qurtarır, lazım olan anda basılmaz qüvvə kimi, qüdrətli xilaskar kimi onun dadına çatır, amma sonradan, Rozanov demişkən, aciz xilasolunanın daxilində güclü xilaskara qarşı bir zənən itaətkarlığı, zərif məxluq izzəti baş qaldırır. Beləliklə, qəhrəman əzəmətli bir qüvvə kimi xalqın kişi cinsindən olan hissəsinin qəlbində dərk olunmayan, izah edilməyən bir yükə çevrilir. Yəni bir qayda olaraq, kişilər, istər-istəməz, öz boylarını qəhrəmanın boyu ilə ölçməli olur, öz kiçikliklərini dərk etdikcə, şüurun alt qatlarında qıcıqlanaraq daha da kiçilib, daha da cılızlaşırlar. Qəhrəmanın əhəmiyyətini dərk edərək, sanki arvad-uşağın gözündə də öz əvvəlki əhəmiyyətlərini, öncəki dəyərlərini itirirlər.

Şota Rustavelinin "Pələngdərili cəngavər" poemasında Nestan Darecanın izini-özünü axtara-axtara gəlib Gilən şəhərinə çıxan əsərin baş qəhrəmanı Avtandili şair belə vəsf edir:

Səs yayıldı, səs bir yerə yığdı Gilən şəhərini,
"Əhsən!" deyə cəngavərə
zillədilər gözlərini.
Kim istəklə baxdı ona, kim itirdi huş-sərini.
Onu görən neçə gəlin gözdən saldı öz ərini!  

Bəla burasındadır ki, gücün dəhşətli təsiri altında gözdən düşən ərlər də həmin gücə-qüvvəyə qadın heyranlığına bənzər bir heyranlıqla məftun olur, onu tərənnüm etməkdən usanmırlar.

Dahi gürcü şairindən söz düşmüşkən, onun ölməz poemasından yenə öz tərcüməmdə bir beyti də xatırladım:

Rəhm edərək əsir aldı, rəhm artırdı itaəti,
Düz buyurub peyğəmbər ki:
"Qorxu doğar məhəbbəti".

Bəli, Vasili Rozanov da deyir: ...və mən hiss etdim ki, dünyada ən gözəl şey gücdür, qüvvədir. Pərəstişə də yalnız o (güc-qüvvə, sarsılmaz mətanət) layiqdir".

Amma yox...

Çağdaş dünyanı, Allahın yaratdığı insanın alternativini yaradacağına iddialı olan bəşəri təşvişə salan adı bəlli korona virus göstərdi ki, fiziki güc-qüvvə əsl "gücün" qarşısında heç nədir. İnsan, əzəmətli süvarilərin önündə deyil, gözəgörünməz bir qüvvənin qarşısında özünü acız və əlacsız sanır.

Diqqətli insanlar bilirlər ki, bunun belə olduğunu dünyanı fəth edən, süvarilərin ən əzəmətlisi olan Makedoniyalı İsgəndəri sancaraq onun axırına çıxan ağcaqanad çoxdan təsdiq etmişdi. Amma görünür, bəşər övladının yaddaşı zəifdir, çoxdan baş verən bu hadisəni çoxdan unudub.

Kim bilir, bəlkə də bu virusun özü də vaxtaşırı dünyanı titrətməyə qalxan, özünü həm hərbi, həm iqtisadi cəhətdən ali qüvvə hesab edənlərə Tanrı tərəfindən bir xəbərdarlıqdır.

P.S. Dar ayaqda xilaskar axtaran, onu bəzən tapan, bəzən də tapa bilməyən, tapa bilməyəndə basılmaz xilaskarın obrazını öz təxəyyülündə yaradan insanın, güman ki, növbəti qəhrəmanı tibb aləmini öz kəşfləri ilə heyran edən, bütün virusları an içində dəf etməyə qadir olan bir həkim - yeni "Doktor Aybalit" olacaq.

 





09.03.2020    çap et  çap et