525.Az

Təbii resursların və texnologiyanın cazibə qüvvəsi - Telman Orucov yazır


 

Təbii resursların və texnologiyanın cazibə qüvvəsi - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr 

(Əvvəli ötən şənbə saylarımızda)

Bakı neft yataqlarının taleyi dəfələrlə nəzərdə tutulan İstanbulu işğal etmək niyyətlərinin puç olmasına bənzəyir. Onların hər ikisini təhlükə anında elə bil ki, ilahi qüvvə, qəzavü-qədər qoruyurdu. Abşeron neft yataqlarını nə ingilislər bombalaya bildi, nə də Hitler tuta bildi. Həmlələrin ən qorxulu günlərində belə Bakı neftçiləri böyük əzmlə çalışır, cəbhəni fasiləsiz olaraq yanacaqla təmin edirdilər. Onların fədakarlığı qəhrəmanlığa bərabər idi. Mükafatları isə Azərbaycan müstəqillik qazandıqdan sonra neft istehsalının daha sürətlə artması, öz dövlətinə daha böyük fayda verməsi timsalında layiqli ifadəsini tapdı.

Əfqanıstanın isə hələlik neft yataqları yoxdur, lakin taleyinə daim yadelli işğalçılara qarşı əlində silah mübarizə aparan bu xalqa daim problem yaradan digər ağılasığmayan bir cəhət vardır. Digər Şərq ölkələrində olduğu kimi, burada da tiryəkdən həm xalq təbabəti üçün, həm də adəti ziyanlı tətbiqinə görə istifadə olunur, tələbata müvafiq olaraq onun istehsalı da adi hal sayılırdı. Tiryəkin hazır məhsula çevrildiyi xammal olan lalə bu ölkədə uzun müddət ərzində ənənəvi məhsul idi və hakimiyyətlər dəyişsə də, tiryək istehsalının qadağan olunması heç vaxt gündəliyə gəlmirdi. Çünki olduqca gəlirli bir sahə idi. Müxalifət qüvvəsi olan Taliban prezident Nəcibullanı devirib, hakimiyyətə gəldikdən sonra lalənin ölkə torpağında becərilməsinin kökünü kəsdi, bu məsələdə onlar tiryəkin İslama zidd olduğunu əsas götürürdülər. Lakin belə vəziyyət uzun sürmədi. 2001-ci ildə ABŞ-ın Əfqanıstanın müdaxiləsindən sonra bu iyrənc məhsulun istehsalı bərpa olundu və dinamik inkişaf etməklə rekord rəqəmlərə çatdı. Birləşmiş Ştatlar ordusu lalə əvəzinə digər bitkilərin becərilməsi imkanlarını araşdırdıqda məlum oldu ki, başqalarından daha mənfəətli bitki pambıqdır.

ABŞ-da pambıq inhisarçıları bunu eşitdikdə əks tədbirlərə əl atdılar. Ölkənin cənubu daim pambıq istehsalı ilə məşğul olmuşdu, bu bitkinin becərilməsi və məhsulunun yığılmasında vaxtilə qul əməyindən istifadə edilməsi mühüm əhəmiyyət kəsb etmişdi. Pambıq plantasiyalarında qul əməyi ağır zülmə bərabər idi və məhsuldar işləməyənlər plantatorlar tərəfindən cəzalandırılır, ailələrindən ayrılıb, başqa qul sahiblərinə satılırdı. Konqoda isə XIX əsrin ikinci yarısında qullarla daha vəhşiliklə davranılırdı, heveya şirəsini toplayan zəncilər gündəlik normanı yerinə yetirməyəndə, müstəmləkənin ağası olan Belçika kralı II Leopoldun qoyduyu qayda əsasında onların sağ qolu kəsilirdi. Hollandlar isə müstəmləkələri olan İndoneziyada kauçuk plantasiyalarında məhsuldar işləməyən azyaşlı uşaqların qollarını kəsirdilər. ABŞ-ın pampıq plantasiyalarında belə vəhşiliklərə rast gəlinməsə də, zülm, istismar zəncilərin ömrünü zəhərləməkdə davam edirdi. Fiziki və mənəvi təhqirin şiddəti, iztirab və faciə qul həyatının acı naxışları idi.

ABŞ indi də də pambıq istehsalında birinci yeri tutur, burada məhsulun becərilməsi və yığılması tamamilə mexanikləşdirilmişdir, Sovet İttifaqındakı pambıqçıların ağır zəhmətinə burada rast gəlmək mümkün deyildir. Pambıq istehsalçıları dünya bazarında aparıcı rol oynayırlar, onlar öz mövqelərinin zəifləməsi ilə heç cür barışa bilməzdilər. Əfqanıstanın timsalında onlara güclü bir rəqib meydana çıxa bilərdi, çünki orada pambıq yüksək keyfiyyətli və istehsalı ucuz xərclər tələb edən olmaqla, xoşa gəlməyən rəqabət yarada bilərdi. Ona görə də Əfqanıstan əkinçiliyinə yeni inkişaf yolu təqdim edən bu ziyansız planın həyata keçirilməsi yoluna mümkün olan asan bir sədd çəkildi, bu planın yaddan çıxarılmasına nail olundu. Beləliklə, Əfqanıstanın lalə plantasiyalarından uzaqlaşdırılıb, pambıq istehsalının geniş təşkilinə keçməsi imkanı sıradan çıxarıldı.  Tiryək yenə də Əfqanıstanın iqtisadi inkişafının buxovu və xalqın bədbəxtlik mənbəyi olaraq qaldı.  

Təbii resursların və texnologiyanın cazibə qüvvəsi 

XXI əsrin başlanğıcından dünyada qloballaşma prosesi böyük sürət götürmüşdür. Bir ölkənin icad etdiyi nou-hau, yeni texnologiya sərhədləri aşaraq digər ölkələrə yayılır və istehsalda müsbət dəyişikliklər əmələ gətirir. Dünyada SSRİ-nin süqutu ilə kommunist blokunun dağılması nəticəsində bütün ölkələr öz iqtisadiyyatını azad ticarət bünövrəsi üzərində qurdu. Hətta Çin Xalq Respublikası, Vyetnam kimi ölkələr də müəyyən ölçüdə sosialist iqtisadi prinsiplərini saxlasalar da, kapitalizmə daha yaxın olan üsullardan istifadə etməklə, görünməmiş inkişafa nail oldular. Belə vəziyyət rəqabətin də genişlənməsinə və güclənməsinə səbəb oldu. Dünya bazarında rəqabətə davam gətirmək üçün daha yaxşı satılan mallar, yəni keyfiyyətli və ucuz olan əmtəələr istehsal etmək lazım idi. Əks halda, istehsal olunan mallar satılmayacaq, ölü kapitala çevriləcəkdi.

Türkiyə əvvəllər sənaye istehsalı cəhətdən geri qalırdı, əhalinin məişəti üçün tələb olunan mallar kənardan alınır və ya gətirilirdi. 1980-ci illərdə liberal iqtisadiyyata keçid bu geriliyə son qoymaq üçün bünövrə rolunu oynadı, XXI əsrdə isə Türkiyə sənayesi bütün sahələrdə gur inkişaf etdi. Çoxişlənən mallar istehsalı isə sürətlə artdı. İndi Çinin dünya üçün oynadığı emalatxana, əslində, fabrika rolunu, Türkiyə öz qonşuları - Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycan üçün, həm də qismən də Mərkəzi Asiya və Yaxın Şərq ölkələri üçün oynayır. Türkiyədə istehsal edilən paltar, ayaqqabı, ev ləvazimatı keyfiyyətinə və ucuz olmasına görə həmin ölkələrin bazarında öz rəqiblərini sıxışdırıb çıxara bilir. Türklər texnologiya "ovçularına" çevrilmişlər, istehsalatda yenilikləri böyük həvəslə tətbiq edirlər.

Yaxşı məlumdur ki, sənaye istehsalını inkişaf etdirmək üçün xammal və digər təbii resurslar lazımdır. Bunlarla yanaşı, yüksək texnologiyanın da tətbiqi tələb olunur, çünki o, həm xammala və yanacağa qənaət etməyə imkan verir, həm də istehsal edilən məhsulun keyfiyyətinə xələl gətirməməklə onun ucuz başa gəlməsinə şərait yaradır.

Təbii sərvətlər isə təbiətin ayrı-ayrı ölkələrə bəxş etdiyi nemətdir. Elə ölkələr vardır ki, onlar yeraltı faydalı qazıntılara görə çox kasıbdır, ona görə də diqqəti sənaye istehsalına, onun diversifikasına verir və bu sahədə yaxşı nəticələr əldə edirlər. 1960-cı illərdə özünün "yapon möcüzəsi" ilə dünyanı təəccübləndirən Yaponiya maşınqayırmada, elektron malları sənayesində möcüzələr yaratdı və planetdə DMİ-yə görə ABŞ-dan sonra ikinci yerə çıxdı. XXI əsrdə bu dinamikasını itirsə də, yenə də iqtisadi cəhətdən ən qüdrətli ölkələrdən biri olaraq qalır. Vaxtilə avtomobil sənayesində inqilab törətmiş ABŞ bu sahədə Yaponiya ilə rəqabətdə uduzmağa başladı və ölkəyə çox keyfiyyətli və nisbətən ucuz yapon avtomobilləri ayaq açdı. İllər ötür, avtomobil istehsalına Cənubi Koreya kimi ölkələr də qoşulur, Almaniya öz nüfuzunu saxlamağa çalışır, lakin Yaponiya avtomobilləri dünyanın bütün ölkələrini fəth etməklə, özünün yüksək markasını itirmək istəmir. Cürbəcür ölkələrin yollarında istehlakı iqtisadi cəhətdən daha sərfəli və yüksək keyfiyyətə malik olan yapon maşınlarını görməmək mümkün deyildir.

Təbii sərvətlər sayca çoxdur və hər birinin tələbata uyğun gəlməsinə görə üstünlüyü vardır. Axı dəmir filizi nə enerji yaradan nefti, nə də elektronikada işlədilən qiymətli metalları əvəz edə bilməz. Ona görə də neft və qaz, yüksək texniki mallar istehsalının tələb etdiyi mis, nikel, uran, almaz, qızıl və boksit kimi minerallar təbii sərvətlər siyahısına daxildir.

İnkişaf etmiş ölkələrin sənayesi bu mallara daim ehtiyac duyur. Qərb ölkələrində neftə tələbat əvvəlki qaydada artmadıqda, onu çox istehlak edən Çin, Hindistan kimi böyük inkişaf yoluna düşmüş ölkələr meydana çıxdı və yanacağa tələbat heç də azalmadı. Ona görə də əvvəllər müstəmləkəyə sahib olmaq üçün Afrikada torpaq ovuna çıxan qüdrətli dövlətlər indi də fövqəldövlətlə birlikdə qitənin sərvətlərinə nəzarət etmək üzərində mübarizəyə girdilər. Bu mübarizə qitədəki münaqişələri meydana gətirdi. Fövqəldövlət kimi Birləşmiş Ştatlar çalışır ki, təbii sərvətlərin gələcək tədqiqatı, sənayeləşməsi və ticarəti amerikan şirkətləri tərəfindən həyata keçirilsin. Hətta təbii sərvətlərin tapılması barədə məlumatlar da ABŞ tərəfindən həmin ölkələrdən toplanır. 

Əgər XXI əsrin əvvəllərində baş verən müharibələrə nəzər yetirsək, bunlar Yaxın Şərqdə və Afrikanın şimalında, neftlə zəngin olan və ABŞ-ın nüfuz dairəsində olmayan ölkələrdə getmişdi. 2003-cü ildə ABŞ İraqa qarşı saxta bəhanə ilə silahlı müdaxilə etdi və Səddam Hüseyni hakimiyyətdən məhrum etdi. Bunun arxasında nəhəng neft amili dururdu. Səddam Küveyti işğal etdiyi kimi, Səudiyyə Ərəbistanına da hücum edə bilərdi və onu məğlub etsə, dünyadakı ən iri və ən ucuz neft yataqlarına nəzarəti ələ keçirə bilərdi. Bu yataqlar isə dünyanın məlum ehtiyatının yarısına bərabər qiymətli bir resursa malikdir. Hadisələrin belə gedişi Birləşmiş Ştatlar və Qərb dünyası üçün izahı çətin olan problemlər yaradırdı. ABŞ İraqa hücum etməklə, Səddamın öz qonşuları üzərində ağalıq iddialarına son qoydu.

Təbii sərvətlərə sahib olmaq və ya onun istehsalına nəzarəti ələ keçirmək məsələnin heç də bütövlüklə həll edilməsi deyildir. Onların nəql edilməsi, nəqliyyatın və onun yolunun təhlükəsizliyi də vacib əhəmiyyət kəsb edir. Hələ Aleksandr Makedoniyalı yürüşlərinə başlamamışdan əvvəl logistika şəraitini nəzərdən keçirib, onun faydalı olub-olmamasını müəyyən edirdi. Bu məsələdə keçiləcək yolun əsgərləri qida ilə, atları isə ayaqaltı otla təmin etməsi imkanları öyrənildikdən sonra qərar qəbul olunurdu.

Müasir dövrdə ticarət qlobal xarakter daşıdığından, bu, həm xammal, həm də hazır məhsula aiddir, nəqliyyat yollarının, xüsusən dünya ticarətinin 80 faizinin keçdiyi dəniz yollarının təhlükəsizliyi, bu nöqteyi-nəzərdən onlara nəzarətin əldə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Əslində, indiki dövrdə okeanlara nəzarət dünya bazarına nəzarət mənasını verir. Çinin iqtisadi cəhətdən nəhəngə çevrilməsi, onun digər tarixi ambisiyalarını da oyada bilər, bu vaxt Sakit və Hind okeanlarından keçən ticarət yolu müəyyən dəyişikliklərə məruz qala bilər ki, bu da Qərb ölkələri üçün arzuedilməzdir.  

İqtisadi qüdrət və münaqişə 

Hərbi qüdrət birinci növbədə iqtisadi potensiala əsaslanır. Əksər müharibələrin başvermə səbəbi axtarıldıqda, onun bu və ya digər dərəcədə iqtisadi amillər olduğu nəzərə çarpır. Geridə geniş danışılan Birinci Dünya müharibəsinin baş verməsi üçün bəhanələrə əl atılsa da, başlıca səbəb əlavə iqtisadi faydaya malik olmaq istəyi idi. Almaniya başlıca sənaye ölkələri ilə iqtisadi rəqabətdə üstün mövqeyə malik deyildi, onlarla iqtisadi sahədə döyüş də çox baha başa gələ bilərdi. Almaniya dünya sənaye istehsalı süfrəsinə gec gəlsə də, iti iştaha nümayiş etdirirdi və çox şeyə nail ola bilmişdi. Kayzer II Vilhelm isə mərhum kraliça Viktoriyanın nəvəsi olduğu halda, Britaniyanı diz çökdürmək istəyirdi. Almaniya Avstriya-Macarıstan imperiyasının Balkanlardakı mənafeyini qorumaq, mövqelərinin möhkəmləndirmək naminə Antantaya qarşı müharibəyə girdi və dörd ildən sonra məğlubiyyətlə üzləşdi və əvvəlki imkanlarının da xeyli hissəsini itirməli oldu.

Böyük Britaniya Asiyada da guya azad ticarət naminə Çini 1839-1842-ci illərdəki və 1856-1860-cı illərdəki Tiryək müharibəsinə cəlb etmişdi. Çin öz ərazilərini narkotik maddələrin mənfəətli satışı üçün ingilislərə açmaqdan imtina etmişdi. Böyük Britaniya bu ticarətdən böyük fayda götürəcəkdi. Çin öz xalqını narkotik asılılıqdan xilas etmək kimi xeyirxah mövqedən çıxış edirdisə, İngiltərə yaxşı pul qazanmaq xatirinə millətin bir hissəsinin narkomanlara çevrilməsinə də əhəmiyyət vermirdi. Müharibə Çinin məğlubiyyəti ilə nəticələndi və Böyük Britaniya soyğunçuluq siyasətini həyata keçirdi.

(Ardı var)

 





10.03.2020    çap et  çap et