525.Az

Totuşun yanağından tapdığım qadınlıq - Məhsəti Musa


 

Totuşun yanağından tapdığım qadınlıq - <b style="color:red">Məhsəti Musa </b>

Məktəbdə bizdən bir sinif aşağıda bir oğlan oxuyurdu - boyu balaca, yanaqları yupyumru, toppuş və şipşirin uşaq idi.

Yaşından çox kiçik görünürdü. Cəmi bir yaş böyük olsam da, mən də hamı kimi onu görəndə özümü saxlaya bilməyib totuq yanaqlarını sığallayır, əzizləyirdim. İllər keçsə də, bu cıqqılı və şirin oğlanı hamı uşaq kimi oxşayırdı. Və o da buna alışmışdı. Mollanın hər gün satılmağa apardığı, amma heç vaxt sata bilmədiyi qoca atı adətkar olub adam görəndə dişlərini göstərdiyi kimi bu uşaq da üstünə gələn olanda dərhal yanağını çimdiyə hazır vəziyyətə gətirib boğazını irəli uzadırdı. 

Artıq 9-cu sinifdə oxuyurdum. Xeyli vaxtdır, görmədiyim Totuş ləqəbli həmin oğlanla dəhlizdə rastlaşdıq. İki yanağından yüngül çimdik götürüb:

- Ay Allah, Toppuş, necəsən?- dedim.

Birdən qart kişi səsi eşitdim:

- Booooou!..

Diksindim. Bu səs o cocuqdanmı gəlirdi? Totuş isə əllərini çimdiklənmiş yanaqlarına tutub hələ də mat-mat üzümə baxırdı. Mən də ona diqqət elədim. Ətim ürpəşdi. Həmişəki saf cocuğun yerində bığ yeri qaralmış cıqqılı bir "kişi" mənə boylanırdı. Bu dəyişikliyi hiss edəndə ürəyim bulandı. Qadın olduğumu ilk dəfə məhz həmin gün hiss elədim. Və bundan sonra atacağım addımlarda qadın olduğumu nəzərə almağa məhkumluğumu, əgər nəzərə almasam, "bouuuu!"  nidalarını daha çox yerdə, daha çox adamdan eşidəcəyimi də onda anladım. Deyim ki, heç də xoş hisslər deyildi. Hətta get-gedə qadın kimi var oluşumdan daha çox utanır, bir əskiklik hiss edirdim özümdə. Və bu əskikliyi mənə hiss etdirən əks cinsin nümayəndələrinin varlığından qıcıqlanır, onların mövcudluğunu görmək istəmirdim.

Özümə çox qapandım. Hamıdan uzaq olmağa çalışdım. Qapandıqca məni öz köləsinə çevirən qara-qura fikirlərlə illəri yola verdim. Ta ki... işıq adamlar, işıqlı adamlar çıxdı rastıma. Qarşıda mənim üçün yeni dünyaya qapı açıldı. O dünyada cins yox idi, "bölgü" yox idi. Orda yalnız sevgi var idi, eşq var idi. İçində zərrə qədər nifrət olan  kəs həmin qapıdan keçə bilməzdi. Əlimdən tutdular, "üst-başımdan" qara, boz fikirləri çırpıb təmizlədilər, yeni qapıdan keçirtdilər məni. Yenidən doğuldum. Yenidən yarandım. Bu yaradılışımı sevdim. Mənim üçün "qadın-kişi" məfhumu "insan" məfhumu ilə əvəzləndi. Artıq anlayırdım ki , insanlığın qorunduğu yerdə qadın da, kişi də dəyərlidir. Dəyərimizi bilək!..

Hə, bu arada Qadınlar gününü qeyd elədik, axı. Bizim günümüzü. Günümüz mübarək,əziz qadınlar!..

 





11.03.2020    çap et  çap et