525.Az

Səsin ruhu (Səxavət Məmmədov – 60 )


 

Səsin ruhu <b style="color:red">(Səxavət Məmmədov – 60 )</b>

Mən ömrümün bir ilini sərasər Səxavətin səsinin ardınca gəzmişəm. Bu SƏS gözlərimin önündə böyüyə-böyüyə gedib. Səsin qüdrətinə heyran olmuşam. Bu SƏSİN gözəgörünməz qanadları üstündə, bütün Azərbaycanı dolaşmışam. Gah Şamaxıda olmuşam, gah Şəkidə, gah Gəncədə, gah Ağdamda! Təbrizi, Mərəndi, Şuşanı dolaşıb gəlmişəm bu SƏSİN qanadlarında.

 

Səxavət gah zildən oxuyub, gah da bəmdən. Mən isə ürəyimdə onunla bahəm oxumuşam.

 

Xəlqin iymanını gər məkr ilə şeytan aparır,

 

O pəriçöhrə nədir ki, bəs iyman aparır?

 

Ey kəman qaşlı, məni yarələdi qəmzən oxu,

 

Zülfünü bas  yarama, qoyma, məni qan aparır.

 

Yox, onun SƏSİ bəzən ərşə qalxıb, mən heç cür ona çata bilməmişəm. Onun fəryadına fəryadım yetməyib.

 

Kimsə kim, geyməyə meydani-məhəbbətdə kəfən,

 

Onu məşuqi-əzəl məhşərə üryan aparır.

 

Səxavət oxuyur. Unudub bu dünyanı, unudub özünü, ətrafını... Özü bilmir hardadır. Səsi uca dağ başından axan şəlalə kimi başından aşıb tökülür. Eşqli bir ürəklə, dəli bir sevdayla oxuyur.

 

Düşəndə xatirimə göylərə çıxar ahım,

 

O məhparə ilə xəlvət etdigim gecələr.

 

Ayaqyalın, başaçıq, zəmzəmi-sirişk töküb,

 

Təvafi-kuyi üçün niyyət etdigim gecələr.

 

O, muğama ayaq verib qurtarıb, görürəm boğazım göynəyir. Mən bu işə mat qalıram. Oxuyan Səxavətdi, boğazı göynəyən mən. Bir ona mat qalıram ki, Səxavət gözlərim önündə ömrünün sarayını özgə bir şeylə yox, SƏSİ ilə tikir. Səsi ruha hopdurub. SƏS səsə qovuşub. SƏS gözlərim önündə bir aləm yaradıb. Hərdənbir sözlərdən bu SƏS sarayına elə bir naxışlar vurub ki...

 

Deyəndə yar mənə dərd, mən deyərdim can,

 

Məzaqə təlx sözün şərbət etdigim gecələr.

 

Səxavət oxuya-oxuya ömrünü səsinə bağışlayıb! Cismi torpağa qovuşub, ruhu səsinə! Ruhu səsinə köçüb Səxavətin! Yoxsa SƏS bu qədər bizi halbahal etməzdi.

 

Sənin SƏSİN bir axşam məni götürüb Abdal-Gülablıya aparmışdı. Bir gecə səhərədək Damcılı bulağının başında oturub söhbət etdik. Üzünü mənə tutub dedin ki, necə dözürsünüz torpaq itkisinə?! Cavab tapa bilmədim.

 

Səxavət, sağlığında jurnalistlər səndən lap az yazmışdılar. Mən heç onları qınamıram da. Axı sənin yaşın vardı ki... biləydilər, bir gün amansız əcəl bu tezliklə səni bizdən alacaq. Bəlkə jurnalistlər sənin səsinin ovsunundan çıxa bilmirdilər, ona görə sağlığında səndən belə az yazmışdılar. Bir axı səndən yazmaq heç asan deyil. Sənin səsini, səsindəki min bir çaları, ruhumuzda oyatdığın əlçim-əlçim duyğuları məgər yazmaq, şərh etmək, vəsf etmək asandırmı? O cür ki, Sən oxumusan, o cəh-cəhi zəngulələri ki, sən vurmusan, sən ki o qəlbin, o ruhun sahibisənsəndən yazmaq qat-qat çətindi, qardaş!

 

Səxavət gözəl oxuyurdu”, “əvəzsiz xanəndəydi”, “təkrarsız müğənniydi” ... bilim, ünvanına bu kimi söz naxışları vurulsa da, bu sözlər sənin vurduğun bir nəfəsi belə söz olaraq olduğu kimi bizə çatdıra bilmir. Bütün işlədilən epitetlər, metaforalar sənin təkcəMirzə Hüseyn segahındakıMüxalifinin yerini verə bilmir, qardaş!

 

Sənin səsinin rəngi, ovqatı bambaşqaydı. Sənə dönə-dönə qulaq asmaqdan, səsini qətrə-qətrə ruhumuza hopdurmaqdan, səni alqışlamaqdan başqa çıxış yolu görmürəm.

 

Mən bu bir il ərzində bəlkə yüz kərə Sənin səsinin ardınca Ağdamı, Şuşanı dolaşıb gəzmişəm. Artıq Sənin səsinin ruhu mənim ruhuma qovuşub. Bu SƏS məni ucaldıb, hisslərim, duyğularım təzələnib. İnanmamışam Sənin ölümünə. Bu səsin sorağı ilə neçə qapını döymüşəm. Hər evdə, hər könüldə Sənin böyük SƏS ruhunu görmüşəm.

 

Səxavət, sənin barəndə mənə xatirələr danışanlar dönə-dönə deyirdilər ki, sən öz ölümünü qabaqcadan  görübsənmiş. Ölümün özünü! Bəlkə sən ona görə bizi vaxtından əvvəl tərk etdin ki, candan artıq sevdiyin doğma torpağa qovuşasan! Hamı deyir ki, sən o yerlərsiz bircə gün yaşaya bilməzdin. Allah ona görə səni arzularına yetişdirib, qardaş! Səni sevimli torpağına qovuşdurub.

 

İndi sənin o dağlarda əks-səda verən səsin bizi intiqama səsləyir, Səxavət! Eygili gündə hələ sən oxuyurdun:

 

Vətən, sənin torpağının qüdrətinə qurban olum,

 

Babəkinin, Koroğlunun qüdrətinə qurban olum.

 

Nurlu olur haqqın yolu, bir sahilsiz çayın qolu,

 

Tarix dolu, dünya dolu şöhrətinə qurban olum.

 

Bu gün məzarın yağı düşmən əlində olsa da, sən rahat yat, əziz qardaşım. Çünki sənin yerin hər an görünür. Azərbaycanın hər yerindən toy kasetlərin bir-bir üzə çıxır əl-əl, gəzir.

 

   Böyük şairimiz Səməd Vurğun yaxşı deyib:

 

  

 

Bir görürsən ki, açılan solur,

 

Düşünən bir beyin, bir torpaq olur.

 

Bir yandan boşalır, bir yandan dolur,

 

Sirrini verməyir sirdaşa dünya.

 

Həyat davam edir. Heyif ki, övlad toyu görmək sənə qismət olmadı, Səxavət. etmək, bu da bir alın yazısıdır.

 

Əziz qardaşım, duyar insanların bu dünyadan köçəndə ən böyük nigarançılığı, nisgili unudulmaqdır. Xatırlanmamaq, yad edilməmək qorxusudur. Səxavət, sən bu sarıdan tam xoşbəxtsən.

 

Sən hər an xatirələrdəsən!

 

Sən hər an yaşayırsan!

 

Axı sən ruhən bizimləsən!

 

Otuz səkkiz yaş yaşayasan, müxtəlif əqidəli, dünyagörüşlü insanların yaddaşında dərin iz salasan, buna ancaq heyrətlənmək olar, Səxavət! Sənin nəfəsinin, səsinin ruhu qəlbimizdədir. Sənin SƏS ruhun hər cür məhəbbətə, ehtirama layiqdir. Nəğməli ruhuna salamlar olsun!

 

 





02.12.2013    çap et  çap et