525.Az

Azəri çeşnili Kərkük türküləri


 

Azəri çeşnili Kərkük türküləri<b style="color:red"></b>

Bu günlərdə kərküklü alim, prof. dr. Süphi Saatçıdan bir məktub və "Azəri çeşnili Kərkük türküləri" adlı məqaləsini aldım.

Məktubda yazılıb: "Möhtərəm və qiymətli Qəzənfər müəllim!

Öncəliklə salam, sayğı və məhəbbət duyğuları ilə sizləri qucaqlamaq istəyirəm. Kərkük üçün daim göstərdiyiniz ciddi çalışmalarınız bizi həm xəcalətli, həm də mutlu etməkdədir. İki hissədən ibarət "Azəri çeşnili Kərkük türküləri" və "Küzəçioğlu və Azəri mənşəli türkülər" başlıqlı yazını Sizə göndərirəm. İnşallah məqbula geçər və rəğbət görər. Rəğbət görməzsə, cırın, atın...

Hörmətli redaktor, prof. dr. Süphi Saatçı İraq-Türkman-Azərbaycan ədəbi əlaqələri yolunda xidməti olan alimdir.

Mənim Bakıda hazırlayaraq çap etdirdiyim "İraq Türkman poeziya antologiyası"na ön söz yazıb (Bakı, Elm və təhsil, 2019, s.5-8).

Lap bu günlərdə "Qardaşlıq" dərgisində çıxan "İraq Türkman ədəbiyyatı Azərbaycanda" başlıqlı çox maraqlı və sanballı məqaləsini "Ədəbiyyat qəzeti"ndə (18.01.2020) çap etdirdik. İxtisasca memar olan Süphi bəy ədəbiyyatı və musiqini də çox sevir və bir çox kitabları vardır.

Onlardan biri də İraqda yaşayan soydaşlarımızın qüdrətli müğənnisi Əbdülvahid Küzəçioğluna həsr etdiyi "Kərkükün səsi Əbdülvahid Küzəçioğlu" əsəridir (Kərkük vəkfi. İstanbul, 1912, 100 s.). Əslində, alimin məqaləsi illüstrasiyalarla, şəkillərlə zəngin olan bu gözəl əsər əsasında yazılmışdır.

Bu maraqlı məqaləni oxuculara təqdim etməkdən məmnunluq duyuram.

Qəzənfər Paşayev

Azəri çeşnili Kərkük türküləri

Prof. dr. Süphi Saatçı

Köklü bir musiqi ənənəsi ilə yoğrulan Türkmaneli bölgəsi, özünəməxsus xalq türküləri ilə Türk dünyasında zəngin bir repertuara sahibdir. Türkman elində Kərkük, Ərbil, Tuzxurmatu və Telafər kimi əsas şəhər mərkəzləri xalq havaları (melodiyalar) baxımından çeşitlilik göstərir. Xüsusilə, Türkmaneli bölgəsinin mərkəzi sayılan Kərkük, qəzəl, xoyrat, divan, Qarabağı kimi uzun hava çeşidləri yanında qırıq hava deyilən türkülərlə də Türk dünyasının ilgili münasibətini göstərən bir mərkəzdir.

Kərkükün tanınmış xalq sənətçisi Rəşid Külə Riza və İzzəttin Nemət kimi usta oxucuların zəngin repertuarında Kərkük türküləri yanında Azəri çeşnili havalar da vardır. Külə Rizanın oxuduğu "Qarabağı" - "Segah" adlı uzun havanın Azərbaycan ilə ilişkilərinin, xüsusi bir araşdırma və analizi yapılmalıdır. Digər yandan Azərbaycanda geniş yayılan "Qarabağ şikəstəsi"nin, başqaca melodiya biçimləri ilə bənzərlik və ya ayrılıqlarını müsiqişünaslar tədqiq etməlidirlər.

Qarabağı örnəklərindən:

Düşdü biçarə könül, atəşi hicrana gənə.
Od tutub yandı könül, döndü al-qana gənə.
Dönməsəydi könül qana gənə.
Dönsəydi gül çöhrəyi xandana gənə.
Sənin ruhi rəvana zülfün olmuşam
xəstə bugün.
Qalmışam çöllərdə xandana gənə.
Doldurdu eşq badəsin, eylədi divana gənə.

Yenə Külə Rizanın səsləndirdiyi:

Bahar qapı zarınnan
Gözün çəkməz yarınnan
Bizim oğlan istiri
Sizin baxça barınnan.

Ay balam, əglənə
O damda duran oğlana
Yazığın gəlsin ay nənə

Və ya:

Öləydim, Allah öləydim
Bir də yarı görəydim.
Ceyran (ceylan) mən ölləm.

Bağlantılı (nəqaratlı) türkülər Azərbaycan dolaylarının rəngini daşıyır.

Küzəçioğlu və Azəri mənşəli türkülər

Kərkük xoyrat və türkülərinin usta oxuyucusu Əbdülvahid Küzəçioğlu (1924-2007), Azəri çeşnili türküləri səsləndirmədə böyük başarı göstərmişdir.

Azəri türkülərindən seçmələr edən Küzəçioğlu, seçdiyi parçaları türkmanların ağız və musiqi zövqünə daha da yaxınlaşdıraraq oxumuşdur. Böyləcə, türkmanların zövqünü qazanan Azəri çeşnili türkülər, İraq Türkmanları ilə Azərbaycan arasında sevgi bağlarını daha yüksək səviyyəyə qaldırmışdır.

Güclü sənət yorumu ilə Küzəçioğlu Azəri türkülərinin Türkman intellektual kəsiminin gönlünü də oxşayan geniş bir kütlə arasında yayırdı. Tanınmış musiqişünas Mehmet Özbekin (o, kərküklü müğənni Əbdülrəhman Qızılay ilə Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında "Kərkük gecəsi"ndə iştirak edib - Q.P.) də işarə etdiyi kimi "İraq Türkman musiqisinin gerçək örnəkləri onun dilində daha melodik bir biçimə ulaşmışdır.

Türkiyə və Azərbaycan radiolarından dinləyib bəgəndiyi və Bağdad radiosunda oxuduğu türkülər üzərində elə gözəl melodik gedişmələri vardır ki, hər biri Türkman xalq musiqisinin orijinal əsərləriymiş kimi dinlənmişdir".

Kərküklü şair Əsəd Naib (1897-1992) "Güz" başlıqlı şeirində Küzəçioğlunun oxuduğu Azəri türküsünə işarət edərək, ondan çox təsirləndiyini dilə gətirmişdir. Şeirin son bəndi belədir:

Nəşələnir bağ-bağçalar
Nur saçarkən ay gecələr.
Başlar artıq əyləncələr
Al Vahiddən dəstə çiçək.
"Söz verib sabah gələcək".

Burada sözü edilən türkünün sözləri belədir:

Gettim baxtım bulaqdadır
Ay qız mənə bax, bax.
Əl-üzünü yumaqdadır
Ceyran mənə bax, bax.
Məni görüb utanmaqdadır
Maral mənə bax, bax.
Yar bizə qonaq gələcək
Bilmirəm nə vaxt gələcək.
Söz verib sabah gələcək.

Küzəçioğlunun oxuduğu Azəri çeşnili türkülərin sayı çoxdur:

1. Ollam boyun qurbanı,
Sənsən dağlar ceyranı.
2. Layla balam, a layla
Şirin dilim, a layla.
3. Samovar almışam, silənim yoxdu,
Bir dərdə düşmüşəm, bilənim yoxdu.
Ağlaram, göz yaşım silənim yoxdu.
4. Yeri, yeri, yeri küsmüşəm sənnə
Ayrılıq badəsin içmişəm sənnə.
5. Vəfasız
6. Ay qız, tovuz kimi sən
Nə gözəl bəzənmisən.

Prof. dr. Qəzənfər Paşayev "Böyük  nəğməkar da köçdü dünyadan" məqaləsində: "Bu mahnıları onun kimi məlahətli səslə oxuyana təsadüf etmədiyini" söyləyir.

Küzəçioğlunun Türkmanca radiosunda səsləndirdiyi bir başqa Azəri türküsü də vardır. Nəqaratı belədir:

Harda qaldı, ay balam, mənim yarım,
Getdi gəlmədi anam, vəfadarım.

İstanbulda çıxan "Qardaşlıq" dərgisinin və Kərkük Vəqfinin təsisçisi Ərşad Hürmüzlü bu xalq havasından təsirlənərək "Son məktub" başlıqlı beş bənddən ibarət şeir yazmış, ona Küzəçioğlu musiqi bəstələmiş və xalq tərəfindən sevilmişdir. Şeirdən bir bəndi burada veririk:

Gecə hər kəs yatağında
Cocuk ana qucağında.
Bir mən düşüncə çağında
Harda qaldı, ay balam, mənim yarım.
Getti gəlmədi anam, vəfadarım.

Kərkük dolaylarında məşhur olan "Bu xal nə xaldı" əski mahnılardan olub, həm Azərbaycanın, həm də İraq Türkmanlarının malıdır. Eləcə də Azərbaycanda "Qubanın ağ alması", bizlərdə "Kərkükdən alma aldım" kimi, İqdirdə (Türkiyə) isə "Ölürəm yar, sevirəm yar" kimi bilinən türkü.

Azəri çeşnili bir önəmli türkü daha var ki, ona təmas etmədən geçmək böyük bir əskiklik sayılar. Türkiyə radiosunda da sıx-sıx oxunan mahnı "Maral çıxmış dağ döşünə" və ya "Gülə gülə" sözləri ilə bilinməkdədir.

Türkünün sözləri əslində, Azərbaycanın böyük şairi Səməd Vurğuna aiddir. Küzəçioğlunun musiqi bəstələyərək "Küzəçioğlunun xoyrat və bəstələri" kitabına (Kərkük, 1966) daxil etdiyi bəstə həm Türkman ellərində, həm Azərbaycanda, həm də Türkiyədə qısa surədə mənimsənilmiş və anonimləşərək Kərkük türküləri arasına qatılmışdır. Eləcə də müğənninin musiqi bəstələyərək "Küzəçioğlunun xoyrat və maniləri kitabına daxil etdiyi "Layla balam, a layla" mahnısı. Bu bəstənin sözləri Azərbaycanın görkəmli şairi Rəsul Rzaya məxsusdur.

Sən ömrümün gülüsən,
Gülüsən, bülbülüsən.
Gül dodağından güləndə
Neyləyirsən gülü sən.
Layla balam, a layla
Şirin dilim, a layla.

Bizlərdə "layla" deyil, "leylə" qullanırıq. Küzəçioğlu şeirdə melodik gediş etmişdir: "Leylə balam, a leylə, Şirin dilin bal eylə".

Bu türkü də anonimləşərək Kərkük türküləri arasına qatılmışdır.

Azərbaycan dünyasında da Kərkük türkülərinə qarşı böyük bir ilgi duyulduğunu burada bildirmək yerində olacaqdır. Özəlliklə "Evlərinin önü yonca", "Ay dolanaydı", "Altun üzük yeşil qaş", "Gözələ  bax, gözələ", "O yana döndər məni" kimi türkülər azərbaycanlı qardaşlarımızın əzbərindədir. Onları ilk dəfə Bakıda Sinan Səid Nərminə Məmmədova ilə oxuyub.

İraq Türkman toplumunun səsini dünyaya duyuran böyük sənətkar Əbdülvahidə həsr etdiyim yazıma müğənninin sənəti və şəxsiyyəti haqqında dəyərli araşdırıcı Prof.Dr.Qəzənfər Paşayevin "Kərkükün səsi Əbdülvahid Küzəçioğlu" kitabımızda yer alan (səh.43;54) qiymətli fikirləri ilə son verməyi münasib bildim:
"Tanrı vergili müğənni Əbdülvahid saf səsi və özünəməxsus üslubda xalq havaları və xoyrat üsullarını elə məlahətlə oxuyurdu ki, müğənnilər bu gün də onun ovsunu altından çıxa bilmirlər. Belə gözəl əda və üslubda oxumağa xalq arasında Əbdülvahid ağzı deyirlər... Unudulmaz müğənnini bir çoxlarından fərqləndirən bir cəhəti də xüsusi vurğulamaq istərdim. Küzəçioğlu uzun və mənalı bir ömür yaşadı və dünyasını dəyişdiyi günə qədər xalq arasında qazandığı hörmət, izzət, ləyaqət və məhəbbəti qorudu, xərcləmədi".

 





17.03.2020    çap et  çap et