525.Az

Keçmişin sirli qəribəlikləri - Rəvan Caviddən yeni yazı


 

Keçmişin sirli qəribəlikləri - <b style="color:red">Rəvan Caviddən yeni yazı </b>

Bir rəsm tablosuna baxarkən onda təsvir olunan zamanın donmuş xəyalı üzərində yox, ya davamı, ya da əvvəli haqqında düşünürük. Bir musiqi də bizə sadəcə üç dəqiqəlik bir zaman fasiləsi haqqında səsləri danışmır, biz də sadəcə bir neçə dəqiqəlik düşündüklərimizlə kifayətlənmirik. Xatırlamağın yaxşı tərəfi odur ki, səni özündən ayırıb, əlindən tutub bir də gedə bilməyəcəyin yerlərə, insanların yanına aparır. Pis tərəfi odur ki, bitmək bilmir bu səyahət.

Özümü kafedə birinin çay içməsinə zillənəndə tapmışam, bu, tez-tez olur. Birinin fincanı necə tutmağı mənə çox şey xatırlada bilir. Fincanı nəlbəkiyə yox, kənara qoyması, çay qaşığını içində saxlaması, üfürməsi, şəhadət barmağını fincanın kənarlarında oynatması. Öncə çayı, sonra görüşü, sonra görüşdüyün adamla sənə heç vaxt bitməyəcək kimi gələn xatirələri yada salırsan. Mübhəm ayrılığın solğun keçmişi. Rəsm sərgilərinə getməyə həmişə buna görə tələsmişəm. Yeni bir sərgi, yeni performans olan kimi özüm üçün orada nələrə diqqət edəcəyimi ayırd edirəm. Elə bil beynimin içində çoxlu deaktiv olunmuş fayllar var, rəsm tabloları o faylları açır, içindən çıxan sənədlər, şəkillər məni indiki zamandan bir müddət ayrı salır. İnsan ən çox indiki zamandan şikayətçi olur axı. Keçmişindən gileylənən, gələcəyindən tədirgin olan adamlar da var, amma küçədə indiki zaman haqqında kimdən nə soruşsan, cavabı bir az qıvırcıqlı olacaq. Ta ki bu günün özü də keçmişə bənzəyənə qədər.

Yadıma gəlir, babamın firuzəyi rəngli muncuqları olan qədimi bir təsbehi vardı. Gec-gec çevirirdi. Hər muncuq çevirəndə qısa bir əhvalat danışırdı. Elə bil həyatındakı hər şeyi o təsbehin muncuqlarına yığmışdı, əlində fırladırdı. Babamın danışdığı əhvalatlar hərdən mənə maraqlı gəlməyə bilirdi, onda əlində tutduğu, barmaqlarının arasından salladığı təsbehə baxıb mən də öz əhvalatlarımı fikirləşirdim. Özüm üçün bir tale uydurmağa çalışırdım. Sonralar anladım ki, təsbehə baxıb, təsbeh çevirib tale uyduranda çoxu gerçək olur. Mazoxist kimi ən ağrılı sevincinin xəyalını qurursan, gün gəlir ağrısından yata bilmirsən. Babanın çətin həyatına heyranlıq duyub özünə də asan olmayan bir həyat arzulayırsan, elə bil Allah eşidir, səni ən dərin çuxura salır, sonra da yağış yağdırır. Yəni onu deyirəm ki, hərdən keçmişin layihəsini özümüz qururuq. Qismət, alın yazısı olur bir təsbeh muncuğu... Allah alnından alıb əlinin içinə qoyur o taleyi də, yazını da. Babam öləndən sonra o təsbeh də itdi-batdı. Elə bil ki, qoca adamın həyatı kimi, bədəni kimi o da bizdən gizləndi, gedib hansısa torpağın altında yatdı. Sapı çürüdü, muncuqları palçığa batdı.

Əşyaların bizimlə dil tapdığı vaxtlar olur. Ən çox o vaxtlarda xoşbəxt ola bilirəm. Adamın içi göynəyir. Əşyaların özünəxas bir mutiliyi olur, səssizliyi olur, köhnələr müdriklik pilləsinə çatmış qoca kimi sakitcə baxmağı, səni də onun kimi xamuşa çəkilməyə çağırır. İndi belə bir şey var ki, rəssamın bütün iç səsi ilə çəkdiyi, hansısa keçmişin kətanda heykəl rəngləri bir tablo kimi başqasının evində əşyaya çevrilir. O əşya da həmin kəsə başqa şeyləri xatırladır. Tablo özünün ikinci həyatını yaşamağa başlayır, təzə əhvalatlar eşidir, təzə üzlər tanıyır, təzə talelərin yaddaş kartına çevrilir.

Ev muzeylərini gəzəndə də eyni hissləri keçirirəm. İndi doymadan oxuduğumuz yazarların, şairlərin masaları, dəftərləri, qələmləri, kitabları, saatları, əsaları. Qəribə sızıltı keçir içimdən həmişə. O adamları bu əşyalardan yaxşı heç kim tanımayıb, heç kim bilməyib. Yaza bilmədiklərini bu əşyaların qulağına pıçıldayıblar. O qələm bəlkə min dəfə yazdığı cümlələrin üstündən qalın xətlər çəkib. O dəftər neçə gecə masadaca yuxuya getmiş o yazarın qolları altında əzilib. O əsa getdiyi yolların hamısını yadında saxlayıb. Saatlar bütün tarixi əzbərləyib. Divardan asılan şəkillər, sandığa qoyulmuş fotoalbomlar, daktilo, mürəkkəb qabı, cib saatı - hamısı yüzlərlə əhvalat bilir, danışıb vaxtı ilə, indi kirimişcə onlara baxanların üzünə baxır, icazə verir ki, bu adamlar da öz istədiklərini xatırlasınlar. Əvvəl-axır, aşağı-yuxarı, yarızarafat-yarıciddi hamı eyni həyatı yaşayır. Kimi öz balaca adasında xaliqələr yaratmaq eşqindədi, kimisi də axdığı çayın təbiətini öyrənib hamı kimi məcraya üzür.

İndi düşünün ki, babanızdan qalma bir evdə yaşayırsınız. Dörd tərəfiniz xatirə danışan əşyalar. Siz onlarla danışmayanda öz aralarında pıçıldaşırlar. Hər şeyi eşidir, təkrar xatırlamalı olursunuz. Üstlərinə parça atırsınız, divanın, çarpayının altına itələyirsiniz, amma divan da, çarpayı da onlardandı. Yanmış dəriyə yapışmış bez kimi yapışır hamısı sizə. Nə yaza bilirsiniz, nə çəkə bilirsiniz, nə bəstələyə. Belinizdə yüz ilin yükü elə qalıb. Yarısı atanızdan, yarısı babanızdan. Evə gəlib-gedən adamların ayaq səslərindən tutmuş, çay süfrəsində etdikləri köhnə söhbətlərə qayıtmaqdan yorulursunuz. Evi dəyişirsiniz, başqa küçəyə, olmadı, başqa şəhərə köçürsünüz. Sonra yad adamlar da çevirdiyi təsbehlə babanızı yadınıza salır, sonra hər şey olduğu kimi geri qayıdır. Bir-iki gün keçmir, yenə köhnə evin köhnə divarları arasında vargəl edən yerdə tapırsınız özünüzü.

Keçmiş o qədər qəribə anlayışdır ki, o qədər düşündürən, amma çox az şey vəd edən mövzudur ki, zaman keçdikcə adamlar oradaca ilişib qalır, çiyinlərindən hər şeyi atıb ora - yaşadıqlarına geri qayıtmaq üçün can atırlar. Unutmaq istədiyimiz o qədər şey var ki. Unutmamalı olduğumuz da. Amma sən saydığını say, gör fələk nə sayır. Özümüz qərar verə bilmirik nəyi unudacağıq, nəyi yox. Ağlımızda, yaddaşımızın bir küncündə qalanlar bəzən bizim istədiyimiz insanlar, əhvalatlar, məkanlar olmur. Düşünürük ki, hardan gəlib girdi ağlıma?! Kaş beynimiz də cibimizdəki smartfon kimi işləyəydi. İstədiyimiz şeyi silib, istədiyimiz şeyi əlavə edərdik. Redaktə edərdik, rəngləyərdik, çevirərdik, istədiyimiz papkalara qoyardıq ki, rahat tapa bilək. O da olacaq, amma bilirəm ki, onda da gözəlim həyat nəsə tapıb bizim əlimizdən o ixtiyarı alacaq. Smartfon bizim beynimizdə, parolu, Allah bilir, kimdədir. Kimi unudub, kimi xatırlayacağımıza da o qərar verəcək.

 





17.03.2020    çap et  çap et