525.Az

"Milli ideya"ya fərqli baxış - Müsahibə


 

UZMAN DR. AYDIN TALIŞİNSKİ: "MƏN MİLLƏTÇİ DEYİLƏM, MİLLƏTSEVƏR VƏ VƏTƏNPƏRVƏRƏM"

"Milli ideya"ya fərqli baxış - <b style="color:red">Müsahibə </b>

"Milli ideya" anlayışına müxtəlif izahlar verilir, amma bütün hallarda bu anlayış xalqın var olması, diriliyi ilə bağlıdır. Yəni Milli ideya bu və ya digər xalqın yaşam missiyasını müəyyən edir; hətta bəzi cəmiyyətlərdə xalq anlayışı sırf dini və ya etnik mənsubiyyətə bərabər tutulur. Milli ideya bədii əsərlər və müxtəlif fəlsəfi mətnlər vasitəsilə ifadə edilə bilər.

Beləliklə, bu məsələlərin öyrənilməsi ilə məşğul olan, həkimlikdən başqa Milli ideya mövzusunda maraqlı fikirləri ilə tanınan Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Xüsusi
Müalicə-Sağlamlıq Kompleksinin həkimi, uzman dr. Aydın Talışinski ilə müsahibəni sizə təqdim edirik. 

Əgər küçədə açıq geyimli gənc qızı sorğu üçün saxlayıb onun İslama və elmə münasibəti barədə soruşsalar, mən onun bu tipdə bir cavab verməsini istərdim: "Dini qaydalara əməl etməsəm də, İslama hörmət bəsləyirəm, bilirəm ki, İslam bir çox yaxşılıqları təlim edir, lakin mənim dinlə bağlı olmayan tamam başqa həyatım var. Alimlərə də sayğı duyuram, özüm də elmlə məşğulam. Elm inkişafın hərəkətverici qüvvəsidir. Həmçinin, xoşbəxtəm ki, türk dünyasının bir parçası olan və  müxtəlif dünyagörüşlərə sahib insanların barış içində olduqları Azərbaycanda yaşayıram".

Yaxşılıq sadəcə, ehtiyacı olanlara yardımla bitmir, yaxşılıq həm də bilgi əldə etmək üçün qüvvə sərf etməkdir - bütün lazımi və elmi bilikləri əldə etməkdir, xüsusən də məşğul olduğun sahənin peşəkarı olmaqdır. Onda yaxşılıq etmək şanslarınız daha çox olacaq və siz cəmiyyətdə daha çox ehtiramla qarşılanacaqsınız. Necə deyərlər, böyük vətənpərvər o şəxsdir ki, öz işini bilir və yaxşı yerinə yetirir.

(Əvvəli qəzetimizin 14 mart tarixli sayında)

- Sizin maraqlı konsepsiyalarınız var. Əgər düz başa düşürəmsə, sizə görə hamı bərabərdir, amma bəzi hallarda çoxluq daha çox bərabərdir?

- Bizdə mütləq şəkildə hamı qeyd-şərtsiz bərabərdir və məhz çoxluq  qərar verib ki, azlıq çoxluqla təndir. Mən sadəcə, bizim özümüzə inamın və tolerantlığımızın əsasını təşkil edən qədim ənənələrə dayanan Türk ulusu və müsəlman olmağımız  faktına vurğu yapır və xatırladıram. Azərbaycan 7-8 müstəqil türk respublikasından biridir, həmçinin, başqa dövlətlərin tərkibindəki onlarla türk eli, muxtar respublikasını da ağlımızda tutaq. Biz yalnız əhalisinin sayı üç yüz milyon olan qohum xalqlarla konstruktiv əsaslarda iqtisadi, elmi, mədəni inteqrasiya etməklə dünya miqyasında nüfuzlu mövqeyə çıxa bilərik.

Bizim üçün dünyəviliyin misli "azərbaycançılıq" və "türkçülük"dür (tolerantlıqdır). Necə ki, məndə Azərbaycan türkü və talışı birlikdə həmrəy və yaradıcı şəkildə vətənin rifahı naminə yola gedirlər, eyni hal bizim digər milli tərkiblərin mənsublarında da mümkündür. Başqa sözlə, Azərbaycanın və digər Türk ölkərinin istənilən vətəndaşı türklərə, yəni özlərinə dərin hörmət, ehtiram göstərməlidir.

Türkiyəmizin özündə isə bu məsələdə çoxdan irəli gediblər: Atatürk prinsiplərinə görə qardaş ölkədə bütün vətəndaşlar türkiyəli deyil, məhz türk adlanır. Bu ideoloji yanaşma xalqın bütünlüyünü qorumaqla yanaşı, Osmanlı dövlətinin küllərindən Türkiyə Respublikasının doğulmasına öz töhfəsini verib. Həm də bu modeldə assimilyasiya yox, inteqrasiya nəzərdə tutulur. Eynilə bizdə də belə olması doğru olardı. Müvafiq şəkildə Azərbaycan vətəndaşlarının da hamısı etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycanlı və dolayısıyla türk sayılmalı idi. Stalinin bizim və digər SSRİ tərkibindəki türk respublikalarının manqurtlaşmağımıza istiqamətləndirmiş 1930-cu illərə təsadüf edən məhşur "islahatlarından" öncə dərsliklərimizdə, sənədlərmizdə və  qanunlarımızda dilimiz və millətimiz türk adlanırdı.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bütün etnik tərkiblər həm özlərinin, həm də digərlərinin yaxşılığı üçün ümumi işə rəng qatmalıdırlar.

Digər tərəfdən, bizim dövlətimizin sekulyar, yəni dünyəvi xarakteri bizim müsəlman ölkəsi olma faktını inkar etmir. Bütün təsnifatlarda Azərbaycan 54 müsəlman ölkəsindən biri sayılır (bu, ölkədəki müsəlmanların dindarlığının dərəcəsi ilə deyil, sayı ilə ölçülür). Sadəcə, hər bir  müsəlman ölkəsi fərqli şəkildə idarə olunur, biz də dünyəvi idarəetmə modelini seçmişik ki, bu bizim üçün daha münasibdir. Yaddan çıxarmaq olmaz ki, İslam dininin iki böyük bayramı - Ramazan və Qurban bizim dünyəvi dövlətimizin yeganə dini xarakterli rəsmi dövlət bayramlarıdır. Bu bir daha təsdiqləyir ki, İslama hörmət ölkəmizdə yalnız müsəlmanlara aid edilmir, heç onların möminliyinin dərəcəsindən də asılı deyil, istisnasız olaraq bütün vətəndaşlarımız ona ehtiramla yanaşmalıdırlar.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın Prezidenti seçilən şəxs Konstitusiyadan əlavə, müqəddəs Qurana da and içir: "Əlimi Qurani-şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam". Məhz bu mərasim sonrası  Azərbaycanın dövlət başçısı rəsmi olaraq vəzifəsinə başlayır. Konstitusiya və Quranın bu nüsxələri rəsmi qəbullar zamanı Prezidentin iş otağından çəkilmiş bütün şəkillərdə açıq görünür və ayrıca, Prezidentin iş masasından daha yüksək bir masada mühafizə olunur. Bu məqamlarla şəxsi dini bağlılığı, xalqın böyük əksəriyyətinin dini mənsubiyyətini və müvafiq ənənələrə sadiqliyinin vurğulanması zəruri bilinir.

Biz etnik və ya dini mənsubiyyəti öz mənfur məqsədləri üçün istifadə edən insanlarla kəskin mübarizə aparmalıyıq. Bu insanlar türk (saxta türk) də ola bilər, qeyri-türk də, qeyri-müsəlman da ola bilər, müsəlman (yalançı müsəlman) da. Onlar bilərəkdən faktları təhrif etməklə Türkçülüyü və ya İslamı mənfi şəkildə qələmə verirlər, nifaq salıb insanları qeyzləndirərək bir-birinə qarşı qısqırtmaqla həm ölkəmizin, həm də dünyanın sabitliyini zəiflədirlər. Gerçək Türkçülük və İslam yalnız yaxşılıq yayır və onu qorumaq lazımdır. Başqa sözlə, kiminsə bıçaqdan qətl aləti kimi istifadə etməsi bıçaqların qadağan olunmasının gərəkliyini bildirmir. Bu sadəcə, o deməkdir ki, bıçağın halal qazanılmış çörək və ət doğramaq, gözəl qidalanıb təzə qüvvə ilə yaxşılıq yaymağı davam etdirmək işinə xidmət etməsinin öyrədilməsinə və aşılanmasına daha çox vaxt ayırmaq lazımdır.

Əgər həmvətənlərimizdən kimsə türklərə və ya İslam dininə ehtiram göstərmirsə, o, ilk növbədə özünə hörmət etmir. Adam istənilən soydan və dindən ola bilər, amma əhalimizin əksəriyyətinin mənsub olduğu dərin etnik və dini köklərə, özü də belə tolerant inanca sayğılı davranmalıdır.

Bizim türk əcdadlarımız tərəfindən insan haqları, o cümlədən, qadın hüquqları ən yüksək səviyyədə qorunub. Biz türklər həmişə qonşularla mehriban münasibət saxlamağa çalışmışıq. Türk dövlətləri qədimdə də təbiətə diqqət və qayğı göstərmələri ilə seçilib.

Digər tərəftən, yaddan çıxarmayaq ki, dində məcburiyyət yoxdur, həmçinin, İslamın yaranışından etibarən, İslam əhatəsi bölgələrdə başqa dinin mənsubları hər cür hörmət görüblər və onların müqəddəs yerləri də xüsusi qoruma altındadır. Qeyri-müslümlər müsəlmanlarla eyni, bəzi hallarda daha çox hüquqa malikdirlər. Məsələn, qeyri-müsəlmanlar daxili məsələləri ilə bağlı öz məhkəmələrinə müraciət edib problemlərini dinlərinə uyğun həll edə bildikləri kimi, müsəlman hakimlərinə də baş vura bilirdilər. Bundan başqa, onlar hərbi mükəlləfiyyət daşımırdılar, müsəlmanlar isə bütün əhalinin yerinə xarici düşmənlərlə savaşırdı. Tarix bəzi alçaqların bu ultra humanist münasibətə satqınlıqla "təşəkkür etməsi" hallarıyla doldur: hayların (indiki ermənilərin) Osmanlı imperiyasına kürəkdən bıçaq vurması buna ən bariz nümunədir. Buna baxmayaraq, İslamın tolerant doqmalarının dəyişməsi mümkünsüzdür.

Qeyd edək ki, İsa peyğəmbər və Musa peyğəmbər İslama görə ən sayılan altı peyğəmbərlərdəndir.

Yeri gəlmişkən, milyonların ölümünə səbəb olan Hitler və Stalin də müsəlman deyildi, Yaponiyaya da atom bombasını müsəlmanlar atmayıb, nə də Amerikanın yerli əhalisini müsəlmanlar qırıb və  məşum Səlib yürüşlərini də müsəlmanlar təşkil etməmişdi, 20 Yanvar faciəsini və Xocalı soyqırımı müsəlmanların işi deyil. Xeyr, mən heç bir vəchlə  digər dinləri təqsirləndirmirəm, sadəcə, sübut etməyə çalışıram ki, ümumiyyətlə, şərin mənbəyi sülhpərvər dinlər deyil, dindən sui-istifadə edən və ya dini düzgün başa düşməyən müəyyən insanlardır.

Qısası, Azərbaycanımız dünyəvi müsəlman ölkəsi və polietnik türk diyarının ən gözəl incilərindəndir və olmağa davam etməlidir.

- İdeoloji planda mükəmməl ideal Azərbaycan cəmiyyətini necə görürsünüz?

- Öz kökünü bilən, gələcəyə inam bəsləyən, tolerant, yüksək qayə ətrafında sıx birləşmiş, elmə sarılmış və vaxtını kitabxanalarda keçirən bir topluluq.

Bir neçə örnək deyim. Əgər küçədə açıq geyimli gənc qızı sorğu üçün saxlayıb onun İslama və elmə münasibəti barədə soruşsalar, mən onun bu tipdə bir cavab verməsini istərdim: "Dini qaydalara əməl etməsəm də, İslama hörmət bəsləyirəm, bilirəm ki, İslam bir çox yaxşılıqları təlim edir, lakin mənim dinlə bağlı olmayan tamam başqa həyatım var. Alimlərə də sayğı duyuram, özüm də elmlə məşğulam. Elm inkişafın hərəkətverici qüvvəsidir. Həmçinin, xoşbəxtəm ki, türk dünyasının bir parçası olan və  müxtəlif dünyagörüşlərə sahib insanların barış içində olduqları Azərbaycanda yaşayıram".

Əgər namaz qılan cavan oğlandan türklərə, Nardoğan və Novruz bayramlarına, elmə münasibətini  soruşsalar, belə cavab verməsini azulayardım: "İslamda etnik və irqi mənsubiyyətə görə ayrı-seçkilik yoxdur, lakin Allah vətəni sevməyi və qohumlarla xoş münasibəti buyurur və bu çərçivədə azərbaycanlı doğulmağımdan, Türk ailəsinin üzvü olmağımdan xeyli məmnunam. İkincisi, Nardoğan və Novruz dini bayramlar olmasa da, bu, bizim min illərlə tarixi olan Türk dünyası ənənəsidir, bir növ yenilik, çiçəklənmə, sülh və firavanlığın rəmzidir. Mənə görə, həmçinin, təbiətin hər baharda canlanması Allahın qüdrətinin təzahürüdür. Mən bu hadisənin qeyd edilməsinə bitərəf münasibət bəsləyirəm. Üçüncüsü, mən özüm aliməm və bu yaxınlarda Avropada keçirilən molekulyar biologiya üzrə konfransda layiqincə təmsil etmişəm Vətənimizi”.

Ortabab azərbaycanlı tələbəni sorğuya çəksələr və onun rus qızlarına olan münasibətini sual etsələr, buna oxşar məqbul bir cavab verməsini gözləyirəm: "Bilirsiniz, mən insanları millətinə və ya dininə görə fərqləndirmirəm. Mənim yaxın rəfiqəm rus, dostum isə yəhudidir. Biz sıx dostluq edirik və ortaq elmi layihəmiz beynəlxalq müsabiqədə qızıl medal qazanaraq vətənimizə həm elmi, həm də ideoloji planda şöhrət gətirib. Ümumiyyətlə isə bütün vətənsevər vətəndaşlarımız dövlət dilimizi bilir, bizim türk və İslam köklərimizə hörmət edir, öz niyyətlərini bizim ümumi işimizin xeyrinə yönəldirlər".

Yaxud da özünü fizikaya həsr edən insandan dinin əsaslarını və Türk dünyası tarixini öyrənməyə vaxt tapa bildiyini soruşsalar, o, ən azından belə cavab verməlidir: "Bilirsiniz, məktəbdə mənə bütün istiqamətlər üzrə baza bilikləri veriblər. Mən kökümü bilir, hörmət edirəm və soruşduğunuz bu məsələlərə məndən daha çox vaxt ayıran adamlara da ehtiramımı bildirirəm. Bununla bahəm mən öz nəsibimi fizikada görürəm və başqa məqamlara vaxtım qalmır, lakin əminəm ki, öz nailiyyətlərimlə nəinki mənsub olduğum türk və İslam dünyasına, həmçinin bütün dünyaya fayda verəcəyəm".

- Aydın müəllim, sözünüzün başlanğıcı da, sonu da elmdir. Bu ideologiya cəbhəsində bu qədər vacibdirmi?

- Əlbəttə. Axı, bəşəriyyəti irəli aparan məhz elmdir. Nizami Gəncəvini xatırlayın: "Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz..."

Təbii ki, elm prioritetdir və elmin önəmli tətbiqlərindən olan istehsal gücü və əhatəsi çox əsasdır. Misal üçün, Britaniyada yaxın tanımadıqları ölkələrin nümayəndəsinə  "Sizin ölkə nə istehsal edir?" sualı çox populyardır və onlar bir tək bu yığcam suala cavabla tərəf müqabilinin vətəninin çəkisi haqqında ilkin fikir əldə edirlər. Yəni "Bu gün elmi zirvədəsinizsə, keçmişinizə, təfəkürünüzə və gələcəyinizə ehtiram bəsləməyə dəyər" - məntiqi ilə düşünürlər. Məncə də, çox haqsız deyillər.

Əlbəttə, dünya alimləri Afrika qəbilələrinə də maraq göstərir, qədim ənənələri olan bəzi geri qalmış Asiya ölkələrinə də. Lakin bu maraq tamamən başqa müstəvidədir, heç də o xalqların müasir durumuna ehtiram və hörmətin təbii davamı deyil.

Planetimizdə dövlətlərin sayı 200-ü aşır, amma əhalinin sayından, ərazisinin miqyasından, irqi, milli mənsubiyyətindən asılı olmayaraq onların yalnız elmi cəhətdən inkişaf etmiş, alimləri də cəmiyyətin elitası olan az bir qismi müntəzəm olaraq gündəmdədir, beynəlxalq aləmdə üstünlüyə malikdir və faktiki olaraq dünyanı idarə edirlər. Güclü ordu, güclü iqtisadiyyat, idmanda və vətəndaş cəmiyyətindəki uğurlar yalnız o ölkənin malik olduğu elmi nailiyyətlərin hərtərəfli inkişafının labüd nəticəsidir və özlüyündə həm də ahəngdar inkişafın davamlılığının zəminidir. Azərbaycanımız da məhz bu cərgədə olmağa məcbur və məhkumdur, bu, öz əcdadlarımız qarşısında mənəvi borcumuzdur.

Qeyd edim ki, radikalizmin bütün digər formalarında olduğu kimi elmdə də ifrata varmaq (ideologiyasız elmə xidmət) dağıdıcı nəticələrə, hətta bəzən fəlakətə gətirib çıxarır. Ona görə də elmlə məşğul olarkən yaradıcı ideyalara xidmət etməliyik. Bunun özü də yuxarıda bəhs etdiyimiz Unikal tərəqqinin daha bir açıqlamasıdır.

- Niyə hesab edirsiniz ki, birləşməliyik. Və bu birliyin hansı forması daha effektlidir?

- Birincisi, burada saf niyyətlər gözləmək vacibdir. Bu, olduqca zəruridir. Birləşmək ədalətli dünya nizamına daha böyük töhfələr vermək məqsədilə daha güclü, daha təsirli olmaq üçündür. İnsanlar bineyi-qədimdən müxtəlif mülahizələrlə özlərinə həmfikirlər arayırlar. Taleyin bizə bəxş etdiyi bütün vasitələrdən bərabər şəkildə yararlanaraq onlar arasında tarazlığa riayət etməliyik. Dövlət xalqı müstəqim şəkildə bu həssas mərama doğru aparmalıdır.

Konkret olaraq bizim ölkənin bir yox, bir neçə birləşdirici mexanizmi mövcuddur. Bu, bizim xoşbəxtliyimizdir və Milli ideyanın istiqamətlərindəndir. Lakin burada bir nüans var - əgər biz tarazlığa riayət etməsək, bir də görəcəyik ki, bütünləşmənin müxtəlif yolları ilə gedənlər düşmən kəsilmək üzrədir. Bu isə son nəticədə konstruktiv bir başlanğıcın iflası deməkdir.

- Sizcə, bizi birləşdirən amillər hansılardır və onlar arasındakı tarazlığı qorumaq üçün gəncliyi hansı ruhda tərbiyələndirməliyik?

- Uşaqlıq dövründən doğru bilgiləndirməklə hər bir Azərbaycan vətəndaşına Türk dünyasına (o cümlədən, Azərbaycan dilinə) və İslam dünyasına dərin hörmət hissi aşılanmalıdır ki, bu sağlam bünövrə üzərində onun gələcəkdə etnik və dini kökləri, elmi və müasir həyat tərzini fəal mənimsəmənin metodlarını qurmaq mümkün olsun.

Başa düşürsünüz ki, hərdən valideynlərin sözünə qulaq asmasanız da, hər bir halda ona hörmət etməyə borclusunuz.  Bayrağımızda təcəssüm olunan milli-mənəvi dəyərlərimizin hamısına hörmət etmək vacibdir.

- Bayrağımızın simvolizə etdiyi kimi - Türk multimillətçiliyi, İslam multikonfessionallığı, Unikal tərəqqi. Tarazlıq da, yeganə mümkün sabit həll də budur.

- Bayraqda olduğu kimi, idealda da hər bir hissə bizim daxilimizdə üçdə bir hissə təşkil etməlidir. Paradoks ondadır ki, bu nisbətdə onlar bir-birinin təsir gücünü artırır və məcmuda 100 faizi aşa bilirlər. Sistem müəyyən dərəcədə müxtəlif nisbətlərdə o vaxta qədər stabil olar ki, zolaqlardan birinin rolu sıfıra doğru meyl etməsin. Müvafiq olaraq insanın ümumi işə faydalılığı mənasında qalan iki hissə də yekunda sıfıra yaxınlaşa bilər. Buna isə yol vermək olmaz. Bəzi hallarda belə insanlar özləri də dərketmədən həm özünün, həm də bütün xalqının düşməninə çevrilə bilər.

- Fikrinizcə, ideoloji əsasların möhkəmləndirilməsi üçün hansı konkret addımlar atılmalıdır?

- Müasir dünyanın çağırışlarına uyğun, Ümummilli liderin təyin etdiyi çizgilərdən çıxmadan və yuxarıda söylənilənləri də nəzərə almaqla ideoloji məqamlara vurğu olmalıdır. Cənab Prezident İlham Əliyev son çıxışların birində ideoloji məsələlərə yenidən baxılmasının, boşluqların tamamlanmasının zəruriliyin vurğuladı və bu məni çox ruhlandırdı.

Fikrimcə, Milli ideya ilə bağlı Azərbaycanda müvafiq Nazirliyin yaradılmasının vaxtı çatıb. Mən bu qurumu təxminən belə adlandırardım: Adil Dünya Düzəni və Təbliğat Nazirliyi. Bu Nazirlik ümumilikdə Milli İdeya anlayışını əhatə edən bütün sahələrin formalaşmasını, nəzarətini, təşviqatını aparmaqla yanaşı, həm də diaspor fəaliyyətini, dövlət dilinin təbliğinin koordinasiyasını, türk özünüdərkini və kimliyini, dini dəyərlərin doğru izahının təmini işini, multikultural zənginliyimizi tanıtma, ölkəmizdə və dünyada sülhməramlı tədbirləri, eləcə də əks propoqandaya qarşı zamanında qabaqlayıcı mübarizə məsələlərini özündə birləşdirə bilər. Həm daxili, həm də xarici ideoloji cəbhədə müəyyən problemlərimiz var. Orta məktəblərdən başlamış bütün təhsil müəssisələrində oxuyanlara təhsilin bəşəri faydalarını və xalqımızın ümumimilli ideyalarını müvafiq siniflərin səviyyəsinə uyğun dildə izah edən "Milli ideya" (kiçik uşaqlar üçün onu, məsələn, "Özümüzü taniyaq və dünyaya sülh paylayaq" adlandırmaq olar) fənni keçilməlidir. Müvafiq fundamental ideoloji əsaslar məhz məktəb dövründən qoyulmalıdır ki, nə xaricdə təhsil, nə düşmən mövqeli təbliğat onlara təsir edə bilməsin. Ayrıca, 12 il qürbətdə təhsil almış bir mütəxəssis kimi, dövlət xəttiylə xaricdə təhsil alan tələbələrimizin ideoloji dayanıqlığının daima nəzarət altında saxlanılmasının zəruriliyini xüsusi qeyd etmək istərdim.

Bəzi işlərə qəbul zamanı vətəndaşlar üçün "Təməl mədəniyyət kursları" təşkil etmək olar (cəmi 3 ay içində coğrafiya, fizika, kimya, tarix, etiket, ritorika, incəsənət, kulturologiya kimi fənlərdən minimal biliklər, habelə ideologiya təməllərini aşılamaq yerinə düşərdi).

Ölkəmizin qonaqları üçün də uyğun üslubu işləyib, Milli ideyamızı aşılamalı və dilimiz öyrətməliyik (gələn hər müsafir əqidəmizi mənimsəməli, sayğı duymalıdır).

- Türk dünyasının birliyini konkret hansı istiqamətdə həyata keçirmək lazımdır?

- Bu, Azərbaycan dilinin nüfuzunun gücləndirilməsi, elmdə islahatlar, İslam dünyasının birliyi, sistemli işləyən lobbi, vətəndaş cəmiyyətinin rolunun artırılması mövzuları kimi ayrıca uzun bir söhbətin, hətta xüsusi bir məqalənin məğzidir. Lakin təfsilata varmadan yalnız başlıca xüsusiyyətlərindən danışsaq, Türk dünyası üçün aşağıdakıları qeyd edə bilərəm.

Elmin bütün sahələri üzrə dünya miqyaslı əlaqələndirilmiş elmi tədqiqatların aparılmasını stimullaşdırmaq. Azərbaycan-Türk cərrahlarının mobil əməliyyat briqadalarının yaradılması və nəinki Türk dünyasında, habelə ehtiyacı olan bütün ölkələrdə mürəkkəb cərrahi əməliyyatların təmənnasız həyata keçirilərək dünyada nüfuzumuzu qısa müddətdə artırmaq mümkundür. Bu ampluada şəxsən iştirak etməyə və koordinasiya etməyə hazıram.

Türk coğrafiyası üzrə qarşılıqlı sərmayələrin qoyulmasını və birgə transmilli şirkətlərin yaradılmasını təşviq etmək, yəni Türk dünyasının birbaşa maddi birliyi üzrə ciddi işlərin görülməsi. Yerdə qalan bir çox şeyi isə elm və iqtisadiyyat öz ardınca çəkib aparacaq. Türk elləri fəaliyyətlərini konfederasiya çərçivəsində uzlaşdıra bilərlər: bütün sahələr, o cümlədən, qədimdən bizə xas olan insan hüquqlarının müdafiəsi üzrə yüksək standartlara cavab verən ictimai və digər təşkilatların yaradılması mümkündür.

Müxtəlif Türk xalqlarının mədəniyyət günlərini keçirmək olar. Məsələn, ili Tatarıstan, Başqırdıstan, Xakas, Saxa, Çuvaş ili elan edib qalan bütün Türk ellərində müvafiq festivallar, seminarlar, qarşılıqlı səfərlər və digər mədəni tədbirlər keçirə bilərik.

Türk runi mətnlərinin, Orxon-Yenisey abidələrinin kütləvi öyrənilməsini bərqərar etmək və bunun zəminində ortaq Türk dili qrammatikasını tənzimləmək və tədris etmək, "Türk yazısı və mədəniyyəti günü"nü təsis etmək. Türk ensiklopediyası, "Türkika"nın tərtibi, Türk mədəniyyətini, elmini, tarixini və birgə gələcəyinin təbliği xüsusi önəmlidir.

"Azərbaycan tarixi" məktəb fənni Türk dünyasının tarixi ilə yanaşı tədris olunmalıdır. Bir neçə gün öncə cənab təhsil nazirinin müsahibəsindən orta məkətəblər üçün “Ümumtürk tarixi” dərsliyinin təsdiqlənməsi xəbərini böyük sevinclə qarşıladım. Ümüm Türk coğrafiyası və ədəbiyyatı dərslikləri üzərindəki işləri də intensivləşdirmək gərəkdir. Ümumtürk radiosu, televiziya kanalı, internet şəbəkəsi, klublar, forumlar yaradılmalıdır.

Biz məhz ruhən və mənən yekcins olmalıyıq. Kitabxana, muzey, məktəb və universitetlərin, həmçinin kafe, restoran və mağaza şəbəkələrinin Türk dünya markalarını yaratmalıyıq.

Türk identifikasiya kartları tətbiq edərək proqram iştirakçısı olanlara bütün təhsil, səhiyyə və digər müəssisələrdə güzəştlər təklif edilməlidir. "Ədalətli dünya naminə Türk Birliyi Günü" təsis edilməlidir.

Türk Dünyasının loqotiplərini, gerblərini, standartlarını təsdiq edərək onları dövlət rəmzləri ilə yanaşı istifadə etmək. "Made in Azerbaijan. Made in Turkic World" brendini təbliğ etmək. Eyni təbliğat və dəyişikliklər digər Türk ölkələrində və torpaqlarında da həyata keçirilməlidir. Bu, bütün deyilən ideyaların çıxış nöqtəsidir: heç kim yorğanı oz üzərinə çəkməməli, "məndən ötüb qardaşıma dəysin" deməməlidir. Bu həm müstəqil Türk dövlətlərinə, həm də digər ölkələrin tərkibində olan Türk respublikalarına aiddir.

Elə şüarlardan istifadə olunmalı və elə fəaliyyət göstərilməlidir ki, bütün ölkələr razı qalsın və özləri vətəndaşlarında Türk birliyinə həvəsin oyanması ilə yüksək dərəcədə maraqlansınlar.

Biz gərək Türk dünyasını elə bir vahid ruh halına gətirək ki, sonra, məsələn, Türk və müsəlman dünyasına körpü və istinadgah, sabitlik və təhlükəsizliyin dayağı, Türk ölkələrinin Rusiyaya sərmayə qoymasının növbəti əsası kimi daha bir Türk düşüncəli insanın vətəndaşlığında Rusiya rəhbərliyinin özü də maraqlı olsun, türklərin şüurlu və yaradıcı birliyinin Rusiya dövlətçiliyini möhkəmləndirdiyinə əminlik yaransın. Formul belədir: istənilən ölkədə daha çox türk - daha möhkəm sülh, sabitlik və güclü iqtisadiyyat deməkdir. Bu elə türk-slavyan birliyini, türklərin və rusların bərabərhüquqlu tərəfdaşlığını müdafiə edən və mənim də tərəfdarı olduğum Avrasiyaçılıq hərəkatı ilə də səsləşir. Qeyd edək ki, yüksək milli özünüdərk onun mühüm tərkib hissəsi kimi çıxış edir və sözsüz əsas istinad nöqtəsi də dil bilgisidir. Məhşur tarixçi Lev Qumilyovun xəbərdarlıq etdiyi kimi, rus xalqı ucsuz-bucaqsız Avrasiyada yalnız türklərlə birgə sağ-salamat qala bilər.

Ümumiyyətlə, bu mövzularda bilikli, kreativ, fəal insanlar "beyin fırtınası mərkəzi" şəklində şəbəkələnməli və istiqamətləndirilməlidir.

- İslam dünyası barışı mövzusunda ne deyə bilərsiniz ?

- Bu da çox geniş, ayrı və müstəqil mövzudur, təfərruatlar bu günkü söhbətin sərhədlərini aşar. Sadəcə olaraq qeyd edim ki, öncəsində bərəbər oturub ortaq İslam həmrəyliyi konsepsiyasını təfərruatlarıyla qələmə almaq və sonra bu istiqamətdə irəliləmək lazımdır. Mən çox istərdim ki, hər bir azərbaycanlı şagird elə təhsil alsın ki, Milli ideya çərçivəsində əcnəbilərə İslamın işıq, sülh, ədalət, mərhəmət, elm, səbir dini olduğunu öz dərin bililəkləriylə (həm öz dilində, həm də xarici dildə), öz əməli ilə isbat etməyə qadir olsin.

Ümumilikdə, Türk dünyasına aid oxşar birləşdirici islahatları İslam dünyasına da aid etmək olar. Onların sırasında müvafiq fənlərlə  birgə "İslam dünyası tarixi, coğrafiyası, ədəbiyyatı" dərslərinin də orta və ali məkətəblərdə aparılmasını qeyd edə bilərəm. Hesab edirəm ki, bütün məscidlərin "Elm mərkəzi" statusu bərpa olunmalıdır, o cümlədən, onların nəzdində məktəblilər üçün kurslar açılmalıdır: gənc həkim, jurnalist, tərcüməçi, astronom, memar, bioloq, coğrafiyaçı, psixoloq, politoloq, konfliktoloq, proqramçı və s. dərnəklər yaradılmalıdır. Bunun davamı olaraq (ali təhsil tələb edən ixtisaslardan başqa) daha çox peşə məktəbi pilləsində öyrədilən ənənəvi qədim peşələr - xəttatlıq, əbru, təzhib, miniatür, çini, şəbəkə, mozaika kimi İslam sənətləri, İslam ədəbiyyatı (ilahilərdən tutmuş dini-fəlsəfi qəzəllərə kimi) təhsili də məqbuldur. Bu sahədə ən böyük arzularımdan biri odur ki, doğma Azərbaycanımız məscidlərin nəzdində STEM təhsili, habelə robot texnikası, aviamodelləşdirmə və dron mühəndisliyi üzrə dərnəklər açan ilk nümunəvi dünya ölkəsi olsun. O kursların müdavimi uşaqlarımız da beynəlxalq olimpiadalarda iştirak edərək uğur qazansınlar və nəticədə, xaricdən məscidlərimizin nəzdindəki kurslarda təhsil almağa əcnəbi məktəblilər gəlsinlər.

Biz gərək sülhsevər və elmsevər Türk və İslam dünyasının carçıları, hamı üçün ziya mənbəyi olaq. Heç vaxt kiməsə qarşı olmaq, ələlxüsus da kimlərəsə qarşı birləşmək lazım deyil - xeyrə və ədalətə dəlalət edən ideya uğrunda çalışmaq gərəkdir.

- Sonda bir neçə şəxsi sual vermək olarmı?

- Bəli, əlbəttə. Prinsipcə dərin şəxsi suallar xaricində hər şeyi soruşa bilərsiniz.

- Sizin soyadınızın kökündə ölkəmizdə yaşayan xalqlardan birinin adı var. Sizin nəticə olaraq talış xalqı ilə birbaşa bağlılığınız varmı ?

- Tam dəqiq bilmirəm, amma tamamilə mümkündür, olsaydı, etiraz etməzdim, hətta çox məmnun olardım. Lakin mən özümü genetik ekspertizadan keçirməmişəm, çünki bu məsələ məni maraqlandırmır. Vacib deyil sizin DNT-niz hansı xalqa məxsusdur, əsas olan sizin aldığınız tərbiyə və ürəyinizin hazırda nə üçün döyünməsidir (sizin niyyətiniz haradır, nə uğrunda mübarizə aparırsınız). Etnik olaraq özümü daha çox türk, azərbaycanlı hiss edirəm. Bununla birgə, talış xalqı mənə istənilən halda doğmadır, əzizdir. Sosiologiya elminə ikili və hətta üçlü "özünü indetifikasiya" məfhumları gözəl məlumdur. Mən bu mənada özümə yeri gəldikdə Talış türkü və ya Talış-Azərbaycan türkü deyirəm.

Bütün düşüncələrim isə ədalətli dünya düzəninə, fərqedilməz də olsa, öz kiçik töhfəmi verə bilməklə əlaqəlidir.

Əlavə olaraq deyim ki, bizim xalqın multikultural dəyərlərini göstərmək və sübut etmək üçün sözün yaxşı mənasında öz Talış Xanı köklərimdən istifadə edirəm.  Qeyd edim ki, ədalətlə idarə olunan müxtəlif millətlər nə qədər çox olsa, onlardan əldə etdiyi töhfələrlə cəmi xalqlar da zəngin olar. Amma acanda dəqiq talışam: cənub bölgəsinin mətbəxindən dadlı heç nə tanımıram.

- Siz özünüzü daha çox türk və azərbaycanlı hiss edirsiniz, sizi millətçi hesab etmək olarmı?

- Bəli, hiss edirəm, amma mən millətçi deyiləm, daha doğrusu, millətsevər və vətənpərvərəm.

- Allaha inanırsınızmı?

- Sözsüz. Bəli, mən müsəlmanam, Yaradanın vahidliyinə və aliliyinə inanıram, ölümdən sonrakı həyata inanıram və s. Əgər xeyir əməl işlətsəniz, siz istənilən halda udacaqsınız. Etdiyiniz yaxşılıqların əksəri bu həyatda bumeranq kimi sizə qayıdacaq. Bir çox insanlar, o cümlədən, də mən hədiyyə, xeyir paylayanda daha çox sevinirik, nəinki alanda. Yəni insan xeyirxahlığına görə taledən mənəvi sevinc və hörmət şəklində dərhal mükafat alır. Eyni zamanda, mən, əlbəttə ki, insanların bütün digər sülhsevər etiqadlarına hörmət edirəm, o cümlədən, dünyanın ilk monoteist dini olan qədim türk tenqriçiliyinə də.

Vurğulamaq istəyirəm ki,  yaxşılıq sadəcə, ehtiyacı olanlara yardımla bitmir, yaxşılıq həm də bilgi əldə etmək üçün qüvvə sərf etməkdir - bütün lazımi və elmi bilikləri əldə etməkdir, xüsusən də məşğul olduğun sahənin peşəkarı olmaqdır. Onda yaxşılıq etmək şanslarınız daha çox olacaq və siz cəmiyyətdə daha çox ehtiramla qarşılanacaqsınız. Necə deyərlər, böyük vətənpərvər o şəxsdir ki, öz işini bilir və yaxşı yerinə yetirir.

- Siz sünnisiniz, yoxsa şiə?

- Mənim üçün belə bir fərq yoxdur, mən sadəcə müsəlmanam. İslamın konkret hansısa formasının təəssübkeşi deyiləm, mən yaxşılıq, ədalət, dözümlülük, nizam fəlsəfəsinin və elmi inkişafın aludəçisiyəm. Madam, siz bu qəbil şeyləri sordunuz, bildirmək istəyirəm ki, dediklərim bu mövqeyimi insanlara doğru kimi qəbul etdirmək niyyəti daşımır. Hər kəs İslamdan öz nəsibini alar. Vətənə maksimal fayda vermək üçün necə olmaq gərəkdiyi təhər - məhz öz istədiyim kimiyəm. Başqa sözlə, beyin ürəyi saf məqsədlər üçün döyünməyə məcbur edir, öz növbəsində ürək də beyni daha səylə çalışmağa vadar edir və tərsinə dairə üzrə.

- Sizin dünyagörüşünüz elmi və həkimlik fəaliyyətinizdə köməyinizə gəlirmi? Və sizi ruhlandıran nədir?

- Əlbəttə, çox kömək edir. Demək olar, həmişə insanlarla, o cümlədən, pasiyentlərlə ümumi dil tapmağa müyəssər oluram. Düzdür, bu zaman böyük enerji sərf olunur, amma nəticədə gücümə güc qatır və beləliklə, mən özümü təsdiqləmiş oluram.

Cənab Prezident İlham Əliyevin ideoloji məsələlərə yenidən baxılma töhfəsi və məhz insan kapitalının inkişafına dəfələrlə vurğu salması bir daha təsdiqləyir ki, qloballaşma dövründə milli ləyaqətin və təhlükəsizliyin qorunması sisteminin dayanıqlı inkişafını və  suverenliyin saxlanılması səylərini yalnız yekdil xalq uğurla, bir yumruqda cəm edə bilər. Gərək özünə hörmət edəsən ki, başqaları da sənə hörmət etsin, həmçinin, özünə hörmət etməyi öyrənən başqalarına da gerçəkdən hörmət etməyi həqiqətən mənimsəyər. Bu fikirlər məni ruhlandırır.

Üzümüzə gələn Novruz bayramıyla əlaqədar yurddaşlarımı təbrik edir, ürəklərimizin bir ritmdə döyünməsini, sülh, əmin-amanlıq, özünü dərk etməyi və tanımağı arzulayıram. Dünya şöhrətli alimlər, ən çox da həkimlər arasında, savad yüksəlincə İlahi güclər qarşısında insan oğlunun nə qədər aciz olduğu fikri geniş yayılıb. Özümdən onu da əlavə edim ki, bunun əbədiyyən belə olacağından kainatın qanunlarına riayət etmə zərurətini son hadisələr və bu bayramı evlərimizdə keçirtmə məcburiyyəti də bir daha təsdiqləyir. Özünü tanıyan elmdə yüksəlir, elmdə yüksələn bizim MƏN-i gələcək nəsillər naminə daha da dərinləşdirir və genişləndirir.

 





18.03.2020    çap et  çap et