525.Az

Özünü gözlə - Şeir


 

Özünü gözlə - <b style="color:red">Şeir</b>

“Atam Cəmil Əkbər 50 il Gəncə Kənd Təsərrüfatı İnstitutunda pedaqoq kimi fəaliyyət göstərib. Bir virusun dünyanı öz təsiri altına saldığı ağır bu dönəmdə onun bir şeirini oxudum, çox təsirləndim. 1978-ci ildə yazdığı şeiri "Özünü gözlə" adlanır. Virusun gücünü, qüdrətini nəyə qadir olduğunu şeirin bir bəndində həyəcan təbili çalaraq ifadə edir.

Şeiri “525-ci qəzet”in oxucularına təqdim edirəm”.

İlqar İmamverdiyev

ÖZÜNÜ GÖZLƏ

(Cəmil ƏKBƏR)

Günəş yanmağından qorxma dünyada,
Çınqı yanğısından özünü gözlə,
Əjdaha, begemont, nə fildən qorxma,
Mikrob danəsindən özünü gözlə.

Böyük əməllərdən xətər gözləmə,
Qəm-qüssə gözləmə, kədər gözləmə,
Nə fitnə gözləmə, nə şər gözləmə,
Kiçicik xətadan özünü gözlə.

Doğru yol-ərkandan azan kimdi ki?
Ayaqlar altından qazan kimdi ki?
Bədinə danışan, yozan kimdi ki?
Əyri keçidlərdən özünü gözlə.

Mərd igid vursa da ölməkdən qorxma,
Asmaqdan, kəsməkdən, bölməkdən qorxma,
Saralmaqdan qorxma, solmaqdan qorxma,
Namərdin daşından özünü gözlə.

Çəkinmə, qısqanma nər savaşından,   
İgid savaşından, ər savaşından,
Pələng savaşından, şir savaşından,
Tülkü hiyləsindən özünü gözlə.

Qorxma davalarda topun səsindən
Bombadan, mərmidən, ya gülləsindən,
Şahın qəzəbindən, məhkəməsindən,
Elin şilləsindən özünü gözlə.

Cəmil, mərd xətası olmaz dünyada,  
Həyat yollarında qoymaz piyada,         
Salmaz bir kimsəni aha, fəryada  
Namərd fitnəsindən özünü gözlə.    

15.09.1978

 





25.03.2020    çap et  çap et