525.Az

Baş redaktordan xeyirxah təşəbbüs


 

Baş redaktordan xeyirxah təşəbbüs<b style="color:red"></b>

Bir neçə gündür sosial şəbəkələrdə zəng atəşfəşanlığı var. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet" in baş redaktoru Rəşad Məcid facebook səhifəsində gözəl təşəbbüs irəli sürüb.
 
O, koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısının alınması məqsədilə keçilən xüsusi karantin rejiminə diqqət çəkib. Xüsusi karantin rejiminə görə ölkədə 65 yaşdan yuxarı insanların bir ay müddətində evdən çıxmasına icazə verilmir. Baş redaktor bu insanların özlərini diqqətdən kənarda hiss etməmələri üçün hər kəsi bu günlərdə onları arayıb-axtarmağa, tək olmadıqlarını hiss etdirməyə çağırıb:

"Təşəbbüs: zəng atəşfəşanlığı

Gəlin, bugündən başlamaqla, hərəmiz 5 nəfər yaşı 65-i keçən tanışımıza zəng vurub hal-əhval tutaq, bir şeyə ehtiyacları olub-olmadığını soruşaq.

Təsəvvür edirsiz: susqun telefonlar dilə gəlir, üzlərə təəccübqarışıq bayram ovqatının ifadəsi yayılır, adi bir zəng insanlara yalqız olmadığını anlamağın sevincini yaşadır...
Mən başladım!

P.S. Kimə zəng etdiyinizi burda da yaza bilərsiz".

Onun bu təşəbbüsü facebook istifadəçiləri və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Tez zamanda həm Rəşad Məcidin məlum paylaşımının altındakı rəy bölməsində yazaraq, həm də paylaşımı öz səhifələrində paylaşaraq dəstəklərini göstəriblər. Ziyalılar, yazıçı, şairlər, digər ictimaiyyət nümayəndələri, facebook istifadəçiləri zəng edib, hal-əhval tutduğu insanlar haqqında "#altmışbeşyaşıkeçənbeşadamazəngedək", #zəngatəşfəşanlığı heşteqləri ilə paylaşımlar ediblər.

Bu çətin dönəm sübut etdi ki, Azərbaycan xalqı vətəndaş olaraq ölkəsinə, insan olaraq insanına dəstək göstərməyi bacaran xalqdır. Virus təhlükəsi görüşməyə məhdudiyyət qoysa da, texnoloji vasitələr, sosial şəbəkələr, telefon bizim bir-birimizə dəstək olmamız üçün vasitəyə çevrilib. Biz bir olduqca öhdəsindən gələ bilməyəcəyimiz çətinlik yoxdur. Yetər ki, qoyulan qaydalara əməl edək, özümüzü koronavirusdan mühafizə etməklə ailəmizi, sevdiklərimizi və xalqımızı ola biləcək təhlükədən qoruyaq! Evdə qalaq, amma bir-birimizi unutmayaq!

Şahanə MÜŞFİQ

 





27.03.2020    çap et  çap et