525.Az

Estet həkim Samirə Mehralı: “Sosial izolyasiya dərimiz üçün daha xeyirlidir”


 

Estet həkim Samirə Mehralı: “Sosial izolyasiya dərimiz üçün daha xeyirlidir”<b style="color:red"></b>

Bilirik ki, təmiz hava, günəş şüası insan orqanizmi kimi, dərimiz üçün də çox faydalı və lazımlıdır. Qışın sonları, yazın əvvəllərində, günəşin yeni-yeni parladığı zamanda koronavirus pandemiyası səbəbindən təyin olunan sosial izolyasiya tədbirləri hər birimizi maksimum şəkildə evdə qalmağa çağırır. Təbii ki, bu tədbirlər virusun yayılma arealını kiçiltmək, insanları yoluxma risklərindən müdafiə etmək üçündür. Bəs bütün günümüzü evdə keçirmək dərimizə necə təsir göstərir, bu müddətdə dərimizin ziyan görməməsi üçün evdə necə qulluq etməliyik?

Bütün bunları estet həkim Samirə Mehralı “525.az”a verdiyi açıqlamasında cavablandırdı:

“Yaz aylarında əsasən orqanizmin bəslənməsi zamanı vitamin çatışmazlığı əmələ gəlir. Bu zaman orqanizmdə residiv halda olan bütün xəstəliklər remisiya vermə hallarını artırır. Eləcə də dəridə olan avitaminoz özünü göstərir.

Sosial izolyasiyanın məhz qışla yazın növbələşdiyi zamana təsadüf etməsi düşünürəm ki, dərimiz üçün daha xeyirlidir. Nəzərə alsaq ki, bir çox xanımlar, eləcə də bəylər gərgin iş rejimində çalışırlar və özlərinə, sağlamlıqlarına yetərincə vaxt ayırmır, qulluq etmirlər. Mövcud karantin rejiminin gəlin, müsbət tərəflərindən yararlanaq. Qeyd etdiyim kimi, hava dəyişkənliyi nəticəsində orqanizmin, eləcə də dərinin vitamin çatışmazlığı əmələ gəlir. Ən azından evdə olduğumuz müddətdə düzgün yuxu rejimimizi bərpa edə və sağlamlığımız üçün müəyyən addımlar ata bilərik.

Bütün çatışmazlıqların qarşısını almaq üçün ilk növbədə daxildən düzgün qidalanmalıyıq. Bol meyvə və tərəvəz ağırlıqlı qidalar qəbul etməli, eləcə də maye qəbulumuzu normaya çatdırmalıyıq. Belə olduğu halda, həm immun sistemimiz güclənəcək, həm də dərimiz sağlam və təravətli olacaq. Yaşıl çaydan istifadəni xüsusilə tövsiyə edirəm. Dəridə olan quruluq, yağlılıq, ekzimatoz problemlərin artması yaz fəslində özünü daha çox biruzə verir. İlkin olaraq dərimizi təmiz saxlamalı, nəmlik balansımızı həm daxildən, həm də xaricdən bərpa etməliyik. Yaxşı olar ki, dərimizi ultra-bənövşəyi şüaların təsirinə məruz qoymayaq”. 

Şahanə MÜŞFİQ

 





31.03.2020    çap et  çap et