525.Az

Dövlət sosial sığortası üzrə cərimələrin bir qismi dövlət büdcəsinə köçürüləcək


 

Dövlət sosial sığortası üzrə cərimələrin bir qismi dövlət büdcəsinə köçürüləcək<b style="color:red"></b>

Məcburi dövlət sosial sığortasının ödəmələrinə dair tələblərin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının məbləğinin bir hissəsi dövlət büdcəsinə köçürüləcək.

APA-nın məlumatına görə, bu, "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcburi dövlət sosial sığortasının vəsaitləri vahid fondda cəmləşdirilir. İndiyə qədər bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50%-i və sığorta edənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30%-i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülüb.

Bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və həmin fonda olan maliyyə sanksiyası məbləğinin 43%-i və sığorta edənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23%-i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7%-i isə dövlət büdcəsinə köçürüləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, məcburi dövlət sosial sığortasının vəsaitləri aşağıdakı mənbələr hesabına yaradılır:

- məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;

- dövlət büdcəsindən ayırmalar;

- maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər;

- sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər;

- bank kreditləri;

- qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.

 





31.03.2020    çap et  çap et