525.Az

Bolluq - Seyfəddin Dağlının hekayəsi


 

Bolluq - <b style="color:red">Seyfəddin Dağlının hekayəsi </b>

Çində ortaya çıxan koronavirus pandemiyası çox işə pəl vurub. Karantin elan edilməsi isə istiqanlı, hiperaktiv xalqımızın həyat tərzinə isə heç uyuşmur.

525.az bu karantin günlərində evdə qalmağın çox da darıxdırıcı olmaması üçün Seyfəddin Dağlının “Bolluq” hekayəsini Fariz Bayramovun transliterasiyasında oxuculara tədim edir:

"Tbilisidən Bakıya gəlirdim. Kupemizdəki dörd yerin üçü tutulmuş, biri isə hələ boş idi. Üçüncü zəng vuruldu, lakin boş yerin sahibi gəlib çıxmadı. Yalnız paravoz fit verib qatar tərpəndikdən sonar kupenin qapısı açıldı və bir əlində çamadan, digər əlində zənbil olan qırx beş-əlli yaşında, ucaboylu, qabarıqsinəli, qırmızıyanaqlı, üzügülər bir kişi özünü içəri salıb, şeylərini alt qatdakı boş yerə atdı. Yeni sərnişin kupeyə ümumi bir salam verdikdən sonra, yekə cib dəsmalı ilə üzünün tərini silərək, təngnəfəs deyinməyə başladı:

– Ahh! Azca qalmışdı ki, qatardan qalım… Gecikəcəyimdən qorxub evdə ujini tələsik yedim. Amma vağzala gəlib çıxanda gördüm ki, hələ qatarın yola düşməsinə yarım saat qalır. Dedim, bekarçılıqdır, qoy bir gürcü xarçosu ilə çexoxbelisi də yeyim. “Varlığa nə darlıq?” Ancaq, zalım oğlu kelner!.. Xörəyi vaxtında verdi; insafən, qəhvənin də əvvəlinci stəkanını tez gətirdi; amma ikinci stəkanı o qədər yubatdı ki… Az qala məni qatardan saxlamışdı. Yaxşı ki, yenə çatdım!

Bunları deyib gecikmiş sərnişin öz yerində oturdu və dərindən nəfəs aldı.

Naftluğu keçdik. Gecə saat on birə işləyirdi. Üst qatdakı yerləri tutan sərnişinlər yatdılar. Mənim yuxum gəlmirdi, başım üstündəki kiçicik lampada kitab oxuyurdum. Alt qatda üzbəüzümdə oturmuş yeni sərnişin isə çamadan və zənbilində qurdalanmaqla məşğul idi.

Tbilisidən ikicə saatlıq yol keçmişdik ki, qonşum kiçik mizin üstündə süfrə açıb üzünü mənə tutdu:

– Bu qatarın da silkələməyindən keçmə, əlüstü adamı acıdır… Buyurun!

Mən təşəkkür etdim. O isə əl çəkmədi:

– Xahiş edirəm, buyuracaqsınız, – dedi. – Yoxsa elə bərk inciyərəm ki, daha nə bilim! Heç elə şey olarmı ki, mən yeyim, siz baxasınız? O da bizim azərbaycanlılıqda!

Sonra qalxıb üst qatdakı sərnişinlərə baxdı:

– Hayıf ki, qonşularımız yatıblar; bu, heç yaxşı olmadı. Ziyan yoxdur, sabah xəcalətlərindən çıxarıq… Di buyurun da! Yuxudan əvvəl yüngül bir qəlyanaltı eləsək məncə pis olmaz. Xahiş edirəm, elə bilin ki, öz evinizdə, ğz süfrənizin başındasınız.

Yeni tanışımın üzündən keçə bilməyib mizin başına gəlməyə məcbur oldum.

Onun bu “yüngül qəlyanaltı” süfrəsi; bir toyuq, ona qədər tavakababı, yağda qızardılmış un, ət və şirnidən ibarət adını bilmədiyim bir növ gürcü qoğalı, həmçinin təzə meyvə və göyərti ilə dolu idi.

Mən bir az yedikdən sonra dəsmalı götürdüm. O, əlimi tutub:

– Sizin canınız üçün inciyərəm! – dedi. – Bunların hamısından yeyəcəksiniz. Uşaqların anası gürcüdür, qaynanam özü bişirib. Qarı yolda iştahımın açıldığını bildiyindən, ehtiyatımı möhkəm tutubdur… Siz Allah bundan da yeyin, əntiqə şeydir, bizlərdə bişirməzlər; onun da dadına baxın… Sən mənim canım, elə etmə ki, aramızda inciklik olsun.

Mən qonşumun ciddi təkidilə daha bir-iki tikə yedim və nəhayət artıq boğazımdan getmədiyini görüb xeyli üzr-niyazdan sonra, birtəhər süfrədən çəkilməyə müvəffəq oldum. O isə gülərək:

– Eh, bu da yeməkdir? – dedi. – Mən sizin yaşda olanda üç bu qədər yeməsəydim, süfrədən əl çəkməzdim; o da ki, yolda ola. Bir də, bacıoğlu, bil ki, süfrədən geriyə xörək qaytarmaq yaxşı deyil.

Qonşum məndən sonra bir qədər də yeyib, nəhayət süfrədə qalmış azca qoğal, meyvə və göyərtini qəzetə bükərək:

– Nə edəsən ki, tək yemək olmur; adamın boğazından getmir! – deyə qəzeti mizin bir küncünə itələdi; sonra, zənbilindən termosunu çıxardı:

– Zəhmət çəkin, fincanınızı bəri verin; yaxşı lumum var.

Mən bir stəkan da çay içib, qonşuma yenidən təşəkkür edərək, papiros qutumu qarşısında açdım. O, əlini döşünə qoydu:

– Xeyr, çox sağ olun; mənim elə şeylərlə aram olmaz. Mədəmi acı tüstü ilə doldurmaqdansa zavtraka bir qədər artıq yer saxlasam, daha yaxşıdır, – deyib termosu tamamilə boşaldaraq ayağa qalxdı, vaqon xidmtçisini çağırdı və Kirovabadda onu oyatmasını xahiş etdi. Sonra yatağını düzəltməyə başladı.

Mən qonşumdan Kirovabadamı getdiyini soruşdum. O da gülərək cavab verdi:

– Xeyr, canım, təşvişə düşməyin; Bakının özünədək sizə yoldaşam. Deyirəm, bəlkə bir Kirovabad qatığı yeyək. Hayıf ki, oradan obaşdan keçəcəyik… Hə, indi yatmaq olar.

Yataqlarımıza uzandıq və dərhal qonşumun xorultusu eşidildi. Mən isə uzun zaman yuxulaya bilmədim. Yerimin içində oyan-buyana çevrilərək, yeni tanışımın səxavət və iştahası haqqında xeyli düşündüm və bu şəxsdə onlardan hansının daha çox olduğunu qət edə bilməyib, nəhayət, gecədən xeyli keçmiş yuxuya getdim.

Səhər alaqaranlıqdan qonşum məni oyatdı:

– Dur görək, a yoldaş, acından qırıldıq ki! Bu qədər də yatmaq olar? Dəlməmmədlini də keçdik. Qalx bir pervi zavtrak eləyək, axı!

Gözümü açan kimi süfrəni hazır gördüm – yenə dolu idi. Qonşum yeməkləri yerbəyer edərək deyirdi:

– Kirovabadda səni səslədim, oyanmadın; sonra daha qıymadım, dedim, cavandır, qoy yatsın. Hayıf ki, vağzalda qaymaq tapa bilmədim. Ancaq, bufetdə yaxşı, isti kakao və perojni vardı. Özüm ayaqüstü bir-iki stəkan içib termosu da səninçün doldurdum. Dəlməmmədlidə isə əla buğda çörəyi, kərə yağı və yumurta almışam. Bir az da qaynanamın azuqəsindən qalıb. Daha tez tərpən ki, ikinci zavtraka qədər bir az vaxt keçsin, yediklərimizi həzmə verə bilək. Bu kakao və perojnilər sənindir; qalan şeyləri isə bərabər yeyəcəyik. Hə, buyur görək!

Qonşum bütün bunları elə bir üslub və tərz-hərəkətlə dedi ki, daha mən nə etiraz, nə də təşəkkür üçün heç bir söz tapa bilməyib, süfrəyə oturmağa məcbur oldum.

Onun dediyi kimi, bu “birinci zavtrak”ı yeyib qurtardıqdan sonra, yenə yatağa uzandıq. Lakin, bir az keçməmiş, qatarın radio qovşağı Yevlax stansiyasına yaxınlaşdığımızı bildirdikdə, qonşum yerindən atıldı:

– Hə, nəhayət, tamam-kamal zavtrak eləmək olar!

Mənim belə tezliklə yeməyə iştaham yox idi. Lakin, heç olmasa qonşumun xəcalətindən çıxmaq üçün dərhal qalxdım və çamadanımı açıb yola götürdüyüm ərzağı süfrəyə düzməyə başladım. Mənim yol azuqəm: bir neçə bulka, bir qab konserv, bir kompot, bir az kolbasa, konfet və bir şüşə konyakdan ibarət idi. Qonşum bütün bunları ötəri süzüb səmimiyyətlə güldü:

– Rəhmətliyin oğlu, sən elə bil Şimal Qütbü səfərinə çıxmısan. Bu yerlərdə təzə azuqə yemək lazımdır… Sən bir balaca səbr elə! – deyib termosu qapdı və cəld kupedən çıxdı.

Onun çıxması ilə qatarın dayanması bir oldu. Qatar hərəkətə gəldikdə isə qonşum geri döndü. Yenə qucağı isti çörək, tavakababı, təzə meyvə və göyərti ilə dolu idi; termosdan süd buğlanırdı.

Mən incimiş halda qaşqabağımı sallayıb etiraz üçün ağzımı açmaq istəyirdim ki, o məni qabaqladı:

– Mən ölüm, ürəyini sıxma, bacıoğlu. Sən cavansan, belə şeyləri qocalardan öyrən, – deyib yuxarı qata baxdı. – Hə, artıq mənim səbrim tükəndi, daha durğuzacağam qonşularımızı! Bu qədər də yatmaq olmaz ki; yoxsa bunlar yuxuda toyuqplov yeyirlər, nədir?

Qonşum yuxarı qatda yatmış sərnişinləri nəzakətlə oyadıb, bir qədər zarafat, üzr və məzəmmətdən sonra, süfrəyə dəvət etdi. Onlar çamadanlarını açıb yemək çıxarmaq istədikdə isə, mane olub hələlik bizim qonağımız olacaqlarını bildirərək, zorla onları süfrəyə oturtdu.

Səhər yeməyimiz də öz qaydası ilə şən keçdi, heç bir hadisə baş vermədi. Yalnız, mən konyak tökərkən, qonşum əlilə öz stəkanının ağzını qapadı:

– Məni məzur tutun.

– İştəha üçün…

– Sağ olun. Mənim iştəham onsuz da yaxşıdır. İçki korlayar! – deyib termosdan stəkanına süd süzdü.

Hamımız möhkəm yedik. Şəxsən mən elə tox idim ki, daha Bakıya qədər yenə bir şey yeyə biləcəyimi zənn etmirdim.

Lakin, görünür qonşum bu fikirdən çox uzaq imiş.

Ləkidə o, stansiyaya enib bir qəzet içi dolusu fındıq və bir neçə heyva gətirərək: “Çərəz edək!” – dedi.

Ucarda: “Bəs biz buradan Göyçay narı yeməmiş keçək?” – deyib nar aldı.

Kürdəmirdə bizi üzümə qonaq etdi.

Sonra isə nahar vaxtı çatdığını bildirdi. Biz hələ tez olduğunu söylədikdə, o, heç olmasa qəlyanaltı təklif etdi. Biz buna da etiraz etdikdə üz-gözünü turşutdu. Könlünü alıb söhbəti dəyişdik. Lakin o, söhbətə aludə olan adama oxşamırdı: gözü çöldə, stansiyalarda idi. Nəhayət, özünü saxlaya bilməyib, Nəvahidə yerə düşdü və bir neçə isti təndir çörəyi ilə bir qədər motal pendiri gətirərək mizin üstünə qoydu: “Təzə sarı buğda məhsuludur; heç piçennik də buna çatmaz!” – deyə çörəkləri şora batırıb yeməyə başladı. Bu zaman, yatağa uzanmış üst qatdakı qonşularımız ona bişmiş təklif etdikdə, o təşəkkürünü bildirib: “Bu isti təndir çörəyinin ləzzəti elə pendirdədir” – dedi.

Qatar radiosu “Hacıqabul” elan etdikdə, qonşum qəti səslə “Obed!” komandası verdi. Yuxarıdakı sərnişinlər aşağı düşüb çamadanlarını açdılar. Qonşum isə kupedən çölə sıçradı. Məqsədini anladığımdan mən də onun ardınca qaçdım. Perrona endik. Qonşum bir neçə bişmiş balıq aldı; lakin, mən onu qabaqlayıb pulunu verdim. O: “Bacıoğlu, böyük olan yerdə kiçik pul xərcləməz; yaxşı deyil!” – deyib balıq parçalarını əlimə verdi və özü iki bişmiş quş, çörək, meyvə və göyərti alaraq, haqq-hesabını çəkdi. Sonra, yenə ətrafa göz gəzdirməyə başladı. Mən artıq bir şey almasına mane olmaq üçün onu vaqona dartdım. Aldığımız şeyləri kupemizdəki o biri sərnişinlərin açdığı süfrəyə əlavə etdik və nahara başladıq.

Nahardan sonra mən özlüyümdə, daha bu gün nəinki qatarda, hətta evdə də heç bir şey yeməməyi qət edib, yatağıma uzandım. O biri sərnişinlər də yatdılar. Qonşum isə uzun müddət pəncərədən çölə tamaşa etdi; sonra, nəhayət, o da uzandı.

Şirin yuxuda idim ki, birdən onun səsi məni oyatdı:

– Bəs bu Ələt xərçəngindən yeməyək, balam?

Gözlərimi açarkən stolun üstündə bişmiş xərçəngdən ibarət təpəcik gördüm. Qonşum bizi süfrəyə dəvət etdi. Biz xərçəng yemədiyimizi bildirərək, təşəkkür etdik. Süfrə başında tənha qalmış qonşum bir qədər dilxor oldusa da, dərhal kefini bərpa etdi:

– Siz də ağzınızın dadını bilmirsiniz ki, – deyib qollarını çırmadı, dəniz heyvanları və onların insan bədəninə xeyri haqqında mənə uzun bir mühazirə oxuyaraq, xərçəngləri təkbaşına yeyib ayağa qalxdı.

O, bir qədər pəncərə önündə durub, dişlərini qurdalaya-qurdalaya, çölü seyrə daldıqdan sonra, təkrar kupedən çıxdı. Qatar Qaradağ stansiyasında dayandıqda iki banka qatıqla içəri daxil olub səsləndi:

– Dur gəl, heç olmasa, ürəyimizi sərinlədək! – deyə məni qatıq yeməyə dəvət etdi.

Mən tamamilə tox olduğumu söyləyərək, təşəkkürümü bildirdim. O isə əl çəkmədi. Əvvəl: “Qatıq həzmə verər” – deyib məni təbliğ etdi; sonra isə, yeməsəm qəti surətdə inciyəcəyini bildirib təhdid etdi, nəhayət, zorla məni süfrəyə çəkməyə müvəffəq oldu. Mən, daha Bakıya qədər heç bir şey yeməyəcəyim haqqında onunla şərt bağladıqdan sonra (kişinin mədəsinin pozulacağından qorxurdum), bir-iki qaşıq qatıq yedim. Artıq mədəmdə yer yox idi, bir sözlə, daha boğazımdan aşağı getmirdi. Qonşum mənim halıma gülərək, bu zaman vaqonumuzdan keçən səyyar satıcıdan bir bulka  alıb, qatığa girişdi.

Mən yastığa dirsəklənib papirosumu tüstülədir və qonşumun, qatıq bankasını necə böyük iştahla boşaltmasını seyr edirdim. O, elə şirin-şirin yeyirdi ki, dünən gecədən mənimlə bir yerdə olmasaydı, srağagündən ac olduğunu zənn edərdim. Qonşum, özüm də hiss etmədən onu maraqla süzdüyümü görərək, qaşığı əlindən qoymadan, üzünü mənə çevirib gülümsədi:

– Hə, nə var, yoldaş, mənə xeyli təəccüblə baxırsan, olmaya iştaham səni heyrətə salır?

Mən səmimi təbəssümlə, onu incitməməyə çalışaraq, “Maşallah!” deyə həqiqətən ona heyran qaldığımı və belə gözəl bir iştahaya ürəkdən sevindiyimi bildirdim. Bu zaman, o, ağzındakı son tikəni udub, qaşığı bankaya buraxdı, cib dəsmalını çıxarıb qalın bığlarını sildi və ciddi tövrlə dedi:

– Bilirsən nə var, bacıoğlu… Aatalar deyib ki, iştaha diş altındadır. Yaxşı məsəldir… Bir də, “iştaha” sözü “iş” kəlməsindəndir. Düzdür, mən alim-zad deyiləm, ancaq, bilirəm ki, bu elə belədir. Özü də əslində “iştaha” yox, “işlə ha” olsun gərək. Yemək, əməklə əkiz doğulubdur. İşin ki oldu – iştahan da olacaq; yox, əgər tənbəl oldun – yeməyin də olmayacaq. Mən özüm neftçiyəm. Otuz ildir ki, buruqda işləyirəm. Bu ərzi-müddətdə nə bir gün mən işdən qalmışam, nə də bir dəfə iştaham məndən qaçıbdır.Hökumətimiz nə deyir: “İşləməyən yeməz”. Mən də elə. Nə qədər çox işləsəm, o qədər çox yeyərəm… Ancaq, yollarda yeməyə xüsusi şövqüm var. Aşiqəm bu stansiyaların sveji produktuna! Hər il məzuniyyətimdə bir yana getməsəm qeyri-mümkündür. Riqadan, Leninqraddan tutmuş Orta Asiyaya qədər gəzmişəm. Gəzmişəm də, yemişəm də. Bu il məzuniyyətimi Tbilisidə keçirdim. Dedim elə balaca bir başmaq seyrinə çıxım. Çün bilirdim ki, hökumətin təzə qərarlarından sonra stansiyalar dolub daşacaq; lap müharibədən əvvəlkindən də yaxşı. Allaha şükür, özün də görürsən, nə bolluqdur də!.. Hə, bayaq dediyim kimi, yaxşı işləyirəm, yaxşı da pul alıram. Qazandığım da ev-eşiyimdə, bir də ki, bax bu damarlarımdadır. Hökumət mənə bu qədər pulu niyə verir, hə? Onun üçün ki, yaxşı yeyim; canlı olum, qanlı olum; sümüyüm ətli, qolum qüvvətli olsun. Belədir, yay yox? Mənim, bəzi para adamlar kimi evdə pu yığıb gizlətməklə aram olmaz. Artıq pulumu əmanət kassasına qoyub, məzuniyyətimdə seyrə-səyahətə sərf elərəm. Yeməyim də ki, öz qaydası ilə. Varlığa nə darlıq! Hələ mən böyük bazarları, məgəzinləri demirəm, bu balaca stansiyaları gördün ki, nə qiyamətdir! Nə istəyirsən var, özü də su qiymətinə. Buyur, nə qədər qarnın tutur ye! Ye də! Bəs hökumət pulu sənə niyə verir? Ye, atam da!.. Yaxşı, indi də iştaham olmadı, bəs nə vaxt olacaq?...

Qatar dayandı. Qonşum pəncərədən çölə baxıb səsini ucaltdı:

– Çatdıq ki! Biləcəri… Hə, burada mütləq bir şollar suyu içmək lazımdır; yoxsa, lap ciyərimiz yandı. – deyib kupedən çıxdı.

Qonşum geri dönərkən, biz – mən və o biri sərnişinlər – çamadanlarımızı qablaşdırırdıq. Vaqona girən dördüncü yoldaşımız isə zənbilində qalmış bir neçə qoğal və meyvəni mizin üstünə düzüb, zənbili bükdü, çamadana qoydu, sonra bizə müraciət etdi:

– Adam mənzilə çathaçatda lap darıxır, məşğulat edin, görək, – deyib bir alma dişlədi.

Nəhayət Qatar Bakı stansiyasında dayandı. Vağzala neftçi qonşumla bərabər endim. Perronda onunla vidalaşmaq istərkən o, qolumdan tutub:

– Bacıoğlu, – dedi, – arvad bilir ki, mən yoldan gələndə ac oluram. Şoğərib qatar adamı o qədər silkələyir ki, bütün yedikləri heç olub gedir… Dünən telefonla Tbilisidən çıxdığımı xəbər vermişəm, özüm də plov sifariş eləmişəm. Oğlanlarımın da evdə hazır konyakı olmamış olmaz. Belə ki, heç cür səni buraxmalı halım yoxdur, qonağımsan!

Minbir təşəkkür, xahiş və bəhanə ilə bir təhər onun əlindən çıxıb, özümü taksiyə saldım. Ancaq, qonaqpərəst yoldaşım istirahət gününə vədimi almamış məni buraxmadı. Ayrılarkən: “Vaqonda doyunca yeyə bilmədik, evdə xəcalətindən çıxaram” – deyən təzə tanışımın açacağı süfrənin vahiməsi qabaqcadan məni basdığından,indidən özümü çox yeməyə alışdırıram. Hər ehtimala qarşı, bir qədər çay sodası ehtiyatı görmüşəm".

 





31.03.2020    çap et  çap et