525.Az

Ünvana göndərmədiyim məktub - Məhsəti Musa yazır


 

Ünvana göndərmədiyim məktub - <b style="color:red"> Məhsəti Musa yazır</b> Ata, yadındadırmı, ağ-qara görüntülü televizorumuz? Muğamı çox sevirdin. Həmin vaxtlar bir kişi tez-tez ekranlarda görünürdü.

Yaddaşımda ən çox “Qarpız kəsdim - bal kimi” deyərək qalan bu kişini rayonumuzdakı Məmmədhüseyn kişiyə oxşadırdım. O, ekranda görünən kimi uşaq həyəcanı ilə, böyük bir xəbər çatdırırmış kimi çığırırdım:

- Ata, Məmmədhüseyn əmiyə oxşayan kişi oxuyur.

 Gülərdin həmişə... Və gəlib divanda əyləşərdin. Özümü əhəmiyyətli birisi hesab edərək atamı məmnun etdiyim üçün qürrələnərdim. Uşaqlıq illərimi mənə ən çox xatırladan səslərdən biridir “Məmmədhüseyn əmiyə oxşayan kişi”nin səsi...

Dəbdəbəsiz, sadə ailəmiz, sənin, anamın cavanlığı, qardaşlarımın qayğısız şıltaqlığı, bu gün əksəriyyəti həyatda olmayan qonşularımız, uşaqlıq dostlarım bir-bir gəlib keçir gözlərim önündən... Bu sadəliyin, adiliyin içində mənim diqqətimi həmişə sənin qürurun,  özünəməxsusluğun, axına düşməməyin çəkib. Eşitdiyimə görə, çox qızların ürəyini “oxlamısan" gəncliyində... Çox qızların içindən keçmisən. Amma kimsə keçə bilməyib sənin içindən. Bilirəm niyə. Çünki, inamın olmayıb kimsəyə. Tale ta kiçik yaşlarından ata-ana sevgisini əsirgədi səndən. Onlar var idi.  Amma sən “yox” idin. Onlar səni sevirdilər, amma sən bu sevgini doya-doya çəkə bilməmişdin canına. Atan da, anan da bir-birinə inad öz həyatlarını qurmuşdular və sən ikiyə bölünmüş sevgi arasında qalaraq sənə aid olan sevgini tapa bilməmişdin. Sonra tale sənin sol tərəfini aldı... Sonra övladını... Sonra evini... Sonra heç kimə, heç kimə təslim etmədiyin qürurunu almaq istədi... Vermədin. Gizlətdin onu... Amma elə yerdə gizlətdin ki... İndi özün də çaş-baş qalmısan... Gündən-günə balacalaşan, yumağa dönən atam. İnan, həyatımdakı heç bir an, hətta gənc qardaşımın ölümü belə məni sənin qocalıq qarşısındakı çarəsizliyin qədər sarsıtmamışdı.
“Youtube”da dinləyirəm o kişini... “Məmmədhüseyn əmiyə oxşayan kişi”ni:

“Qarpızı kəsdim yeyən yox,
Vallah dərdim bilən yox”

Dərdimi bilən yox, atam. Ağlayıram bu mahnını dinlədikcə. İş yoldaşım evə getdiyini bildirmək üçün otağa daxil olur. Göz yaşlarımı gizlətməyə çalışsam da, alınmır. O, duruxub qalır. Danışsam hönkürəcəyimi bildiyim üçün üzünə baxmadan əlimlə “get” deyə işarə edirəm. Qulaqcıqdan kənara zəif də olsa, səsi çıxan mahnını dinşədiyini hiss edirəm. Mənim yaşda bir qadının “Qarpız”a qulaq asıb ağlamağı çaşdırır onu. O, bilməz ki... Bilməz ki o səs və o mahnı mənə nələri xatırladır...

Mənə yaşam üçün şöhrətdən də, var-dövlətdən də vacib olanları aşılayan, məni qürurlu, şəxsiyyət kimi yetişdirən, itirməkdən çox-çox qorxduğum atam... Hər dəfə yaşıdlarından, dostlarından biri dünyasını dəyişəndə daha da artır bu qorxum. Sən günbəgün məndən uzaqlaşdıqca bir az da tənhalaşıram, ata!
Ata, bəzən səninlə razılaşmadığım, hətta mübahisə etdiyim məqamlar olurdu... İllər keçdikcə sənin heç nədə səhv etmədiyini anladım. Və hər dəfə rastlaşdığım hadisələr məni bu sözləri pıçıldamağa məcbur edir: “Ata, sən hər zaman haqlıydın... haqlıydın...”

Tez-tez  başını dizimin üstünə qoyub: “Qızım, mənə bir ana laylası çal” - deyərdin. Mən də ərinmədən sənə layla çalardım. Elə sevinərdin... Elə kövrələrdin ki... Uşaq məsumluğu ilə gözlərini yumub xeyli müddət başını dizlərimdən götürməzdin. Nələr düşünürsənmiş, nələr yaşayırsanmış o anlarda. Anlamazdım ki səni... Ana qoxusuna, ana istisinə həsrət atam...

 Bəzən qoxulayardın saçlarımı. Anamın qoxusu gəlir - deyərdin... Ürəyimdə “gop eləmə” deyə düşünərdim. İndi oğlumdan hərdən sənin qoxun gəlir. Heyrət edirəm. Eynən sənin qoxun. Zərif, şaftalı qoxusu kimi... İçimə çəkirəm o qoxunu. Oğlum təəccüblə mənə baxıb sonra çiyninə taxdığı parçanı yelləyərək xəyallarındakı “hörümçək adam” cildində oynamağına davam edir. Anlamaz kim məni!...
Son zamanlar səninlə görüşməyə qorxuram, ata! Səni - həyatda öz mənliyini hər şeydən üstün tutan, adamların içini oxuyan, hadisələrə güclü yumor hissi ilə yanaşan, çox vaxt gülüşünün içində iynə-sancaq gizlənən atamı tək-tənha, otağa qapanıb balaca radiosu ilə baş-başa qalmış, çarəsizliyini hiss edərək qocalığa təslim olmuş kimi görmək ömrüm boyu yandıracaq məni.

Nə anam, nə qardaşlarım, nə də övladlarım heç vaxt mənim üçün sən ola bilməyəcəklər. Bəzən hamıdan, hətta övladlarımdan da qaçıb yalnız səninlə baş-başa qalmaq, ömrünün sayılı günlərində yalnız sənin olmaq istəyirəm... Amma... Anlamazlar ki bizi!

Səni sevirəm, ata! Mən səni dəlicəsinə sevirəm! Bizi bir-birimizə bağlayan təkcə ata-övlad olmağımız deyil. Bu nədirsə ayrı, tamamilə ayrı bir hissdir. Ramiz Rövşənin misraları ilə desək, “Bəlkə də oğlumdu bu oğlan elə” və ya “Bircə Allah bilir nəyimsən mənim”...

Bilmirəm nəyimsən mənim... Amma səni tükənməz bir EŞQlə sevirəm, atam!..

Məhsəti MUSA
 





01.04.2020    çap et  çap et