525.Az

“İndi bir-birimizə mənəvi dəstək olmağımıza daha böyük ehtiyac var” - Açıqlama


 

PROFESSOR MİSİR MƏRDANOV BU KARANTİN GÜNLƏRİNDƏ EVDƏ MÜTALİƏ VƏ ELMİ TƏDQİQATLA MƏŞĞUL OLDUĞUNU BİLDİRİR

“İndi bir-birimizə mənəvi dəstək olmağımıza daha böyük ehtiyac var” - <b style="color:red">Açıqlama </b>

Koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi karantin rejimi elan edib və insanlar karantin günlərində vaxtlarının əksər hissəsini evdə keçirir. Ziyalılar, elm adamları da karantin rejiminin qaydalarına riayət edib evdə fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov mövcud vəziyyətlə əlaqədar evdə elmi tədqiqat işləri ilə məşğul olduğunu deyir: “Hazırda hami kimi mən də evdəyəm. İşlərimi ev şəraitində davam etdirirəm. Sözün düzü, ilk ongünlükdə koronavirusun dünyanın əksər ölkəsində olduğu kimi Azərbaycanda da yayılması, yoluxanların sayının çoxalması, ölüm hallarının artması məndə bir az gərginlik, ruh düşkünlüyü yaratdı. Demək olar ki, heç nə ilə məşğul olmadım. Əlim qalxmırdı ki, nəsə edim, nəyləsə məşğul olum. Ancaq bütün çətinliklərə rəğmən həyat davam edir. Tədricən bu gərginlikdən uzaqlaşıb elmi tədqiqat işlərimlə məşğul olmağa başladım. Hazırda da ixtisasım üzrə elmi tədqiqatlarımı davam etdirirəm. Elmi məqalələr yazıram, yarımçıq qalan işlərimi tamamlayıram, yeni kitabım üzərində işləyirəm. Vaxtımı səmərəli keçirməyə çalışaram. Demək olar ki, boş vaxtım olmur. Mütaliə ilə məşğul oluram. Kitab oxumağı, xüsusən də bədii əsər oxumağı çox sevirəm. Məncə, kitab bəşər övladına verilən ən böyük hədiyyədir. Hər nə qədər internet əsrində yaşasaq da, nə qədər internet resursları icad olunsa da, heç biri kitabı əvəz eləyə bilməz. Hazırda Xalq yazıçısı Anarın yeni işıq üzü görən “Yaşamaq haqqı” kitabını oxumağa başlamışam. Çox xoşuma gəlib, böyük həvəs və maraqla oxuyuram. Kitab məndə elə maraq oyadıb ki, onu tez bir zamanda oxuyub başa çatdırmaq həvəsindəyəm”.

Misir Mərdanov bildirib ki, mütəmadi olaraq tanışlarla, qohumlarla, yaxınlarla telefon əlaqəsi saxlayıb hal-əhval tutur: “Hesab edirəm ki, görüşlərin məhdudlaşdırıldığı bu günlərdə dost-tanışların, qohum-əqrəbanın bir-birini telefonla araması da cəmiyyətdəki gərginliyi, depressiv ab-havanı aradan qaldırmağa kömək edər. Yaxınlarla, əzizlərlə əlaqə yaratmaq, onlarla danışmaq, narahatlıq, gərginlik yaşayanlara mənəvi dəstək olmaq, onları sakitləşdirmək bu məqamda çox vacibdir. Xəstəliyin əhatə dairəsi genişləndikcə, yoluxanların sayı artdıqca insanlar istər-istəməz narahatlıq keçirir, gərginlik yaşayır. İndiki vəziyyətdə bir-birimizə mənəvi dəstək olmağımıza daha böyük ehtiyac var.

Danışan zaman, ərkim çatan hər kəsə deyirəm ki, koronavirusla mübarizə məqsədi ilə dövlətin qoyduğu bütün qaydalara hamı birmənalı şəkildə əməl etməlidir. Tövsiyə edirəm ki, özlərini və yaxınlarını bu təhlükəli virusdan qorumaq üçün evdə qalsınlar, gigiyena qaydalarına əməl etsinlər. Azərbaycanın hər bir vətəndaşı tətbiq olunan karantin rejimin qaydalarına əməl etməyə borcludur. Ən əsası ona görə ki, məqsəd təhlükəli pandemiyanın ölkəmizdə yayılmasının qarşısını almaqdan, hər vətəndaşın həyatını qorumaqdan ibarətdir. Belə olan təqdirdə hər birimiz öz məsuliyyətimizi dərk etməklə, qayda və qanunlara sözsüz əməl etməliyik.

İnanıram ki, bu gərginlik yaxın zamanlarda ötüb-keçəcək və həyat öz axarına düşəcək. Xalqımız bu bəladan da üzüağ çıxacaq. Hər kəsə də tövsiyyəm odur ki, göstərilən qaydalara əməl etsinlər və xəstəliyə ciddi yanaşsınlar. İnsanlar özlərini qoruyaraq ətrafındakıları riskə atmamalıdır. Bu gün ölkəmizdə koronavirusla mübarizədə qəbul edilən mühüm qərarlar əsasında görülən çevik, operativ və qabaqlayıcı tədbirlərin, profilaktik təbliğat, maarifləndirmə işinin ciddi nəticələri göz qabağındadır. Məhz bu cür effektiv və səmərəli fəaliyyətin nəticəsində ölkəmizdə ağır pandemik şərait müşahidə olunmur”.

S.QARAYEVA

 





01.04.2020    çap et  çap et