525.Az

Hərənin öz hekayəsi - Mina Rəşid yazır


 

Hərənin öz hekayəsi - <b style="color:red">Mina Rəşid yazır </b>

Əvvəllər bir dərgidə, topluda ən birinci şeirləri seçib oxuyardım. Sonra keçərdim başqa yazılara. İndi əksinə, əvvəlcə hekayə axtarıram... Son günlər yayılan virus təşvişilə evdə daha çox vaxt qazanmışıq. Vaxtdan şikayət edənlər üçün əsl mütaliə zamanıdır. Hərdən nağıl, hekayə dünyasında bir-birinə bənzəyən günlərdən, bəd xəbərlərdən  uzaqlaşır, sanki başqa aləmə düşürsən...

Deyir, aşıq gördüyünü çağırar. Uşaq ədəbiyyatına marağım daha artıq olduğundan bu tipli yazılar həmişə məni cəlb edir. Bu günlərdə Namiq Abdullayevin dərsliyə salınmış bir hekayəsindən xüsusi zövq aldım. Halbuki bu hekayəni əvvəllər də oxumuşdum... “Lampa niyə söndü?” hekayəsi bir nağıl kimi qələmə alınsa da, buradan uşaq çox şey öyrənir. Yağış nəyə lazımdır, elektrik necə əmələ gəlir və başqa bu kimi suallara bu hekayədə cavab verilir.

Yenə darıxdırıcı gündə internetdə qısa bir hekayə də məni özünə çəkdi. Şəhla Nihanın müharibənin yaratdığı ağrılardan bəhs edən “Absence” adlı hekayəsi kiçik olsa da, oxucuya böyük təsir bağışlayır. Uşaq anasından xahiş edir ki, onu bayıra çıxarsın. Amma hava soyuq olduğundan anası icazə vermir... İllər ötür, özü də asanlıqla yox, müharibə, qan-qada onun taleyindən keçir, anası vəfat edir... O, yenə pəncərədən bayıra baxır. “Əlil arabasını sürüb pəncərəyə yaxınlaşdı. Uşaqlar həyətdə futbol oynayırdılar. Hava yenə soyuq idi, amma ayaqlarının hiss edəcəyi qədər də yox”...   

Hərdən olur ki, internetsiz də qalırsan. Belə sıxıcı günlərin birində yaddaşa köçürdüyüm kitablardan birinə üz tuturam. Mir Cəlal Paşayevin hekayələrini oxuyuram və gəlib çatıram onun “Vətən yaraları”na... Bu gözəl, Vətən qoxulu hekayəni həm də esse kimi oxuyuram. Çünki burada elə incə düşüncələr, xatirələr var ki, səni də, öz doğulduğun yurda, uşaqlıq çağlarına  qaytarır. Yaddaşını təzələyir... “Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağımda yaşamışam. Doymamışam.

Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları...

Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əsgər onları arxada qoyub gəlmişdir. Onları qorumağa, onları hədələyən təhlükəni yox etməyə gəlmşdir”. Bəli, onlar üç dost olurlar. Müharibədə, səngərdə, odun-alovun içində birlikdə vuruşurlar. Bir-birinin yaralarına məlhəm olurlar. Anaları olara birgə pay göndərir. Bir yerdə olun, birlikdə vuruşun və bir olun söyləyirlər...

Hələlik bu qədər. Hekayə dünyası isə öz məna çalarları, rəngarəngliyi ilə həmişə bizi gözləyir. Bir də, hər kəsin öz hekayəsi var. Mütaliə etdikcə, başqalarını öyrəndikcə sənin də hekayən özünə maraqlı gəlməyə başlayır... 

 





02.04.2020    çap et  çap et