525.Az

Aprelin qələbə qoxusu - Şahanə Müşfiqin yazısı


 

Aprelin qələbə qoxusu - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

2016-cı ilin 2 aprel səhərini bugünkü kimi xatırlayıram. Ölkə olaraq gözümüzü həyəcan, təşviş, qorxu dolu bir səhərə açmışdıq.

Aprelin 1-indən 2-nə keçən gecə mənfur qonşularımız növbəti dəfə atəşkəsi pozub, bu dəfə cəbhə xəttində yerləşən kəndlərimizi, adi insanlarımızı hədəf almışdılar. Onsuz da ondan bir gün öncə- 31 Mart tarixi azərbaycanlıların soyqırımı, 2 aprel isə Kəlbəcər rayonumuzun işğal günü kimi təqvimdə özlərinin qanlı yerlərini tutmaqda idilər. Bəs indi bu səhər ön cəbhədən aldığımız xəbərlər nə idi?

Sonrakı saatlarda hər şey dəyişirdi. Düşmənlə üz-üzə mövqelərimizdən qan qarışıq xoş xəbərlər də gəlməyə başlamışdı. Hamımız nigaran, hamımız narahat... Sosial şəbəkələrin, medianın gündəmi bir andaca bu hadisələr olmuşdu. Hər birimizin ürəyi əsgərimizlə, ordumuzla bir döyünürdü. Birdən facebookdan bir mesaj aldım. Uzun müddətdir burada dostluq siyahımda olub, heç vaxt “salam əleyki” belə etmədiyim biri idi. Jurnalist, tərcüməçi olduğunu bilirdim. Paylaşımlarımdan təsirlənmiş, keçirdiyim qorxunu, sarsıntını sözlərimdən hiss eləmişdi. Mənə yazdı ki, yoldayam, cəbhə xəttinə gedirəm, narahat olma, sənə ordan xəbər verəcəm. Düzü, bu dəfə də onun üçün narahat olmağa başladım. Heç vaxt danışmadığım, üzünü görmədiyim birinin hisslərimə şərik olması isə duyğulandırmışdı məni. Dönə-dönə diqqətli olmasını tapşırırdım. Bir neçə saat sonra orda olduğunu yazdı, qısa-qısa yazışmalarla mənə məlumat verirdi, hər şeyin bizim xeyrimizə olduğunu, ordumuzun igidliyini, əsgərlərimizin möhkəmliyini təsvir edirdi. Gah set kəsilir, ondan saatlarla xəbər ala bilmirdim, gah da xoş xəbərləriylə qanadlanıb uçacaq hədə çatırdım. Həmin gün dediyi bir söz heç vaxt yadımdan çıxmaz: “Biz Azərbaycan kişiləri ölməmişik ki, siz xanımlar narahat olasınız. Burdayıq, əgər lazım olsa, biz də əlimə sılah alıb, döyüşəcəyik”.

O çətin günlərdə içimdəki o böyük narahatlığı hiss etdiyi və məni sakitləşdirməyi bacardığı üçün o qədər minnətdaram ki ona... Sonralar bir neçə dəfə iş xaricində heç vaxt danışmadıq, görüşmədik, amma o insan mənim yaddaşımda vətəninin ən ağır məqamında cəbhəyə qaçan və bir Azərbaycan kişisi olaraq millətinin qızına sahib çıxmağı bacaran biri kimi əbədi qaldı.

***

Sonralar həmin günləri “Aprel döyüşləri”, “Aprel qələbəmiz” kimi yad edəcəkdik. Çünki Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.   

Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqamətlərində gedən gərgin döyüşlərdə ordumuz düşmənə qəti zərbələr endirərək öz gücünü sübut etdi.  Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi.

Bu döyüş Azərbaycan xalqında qələbə əzmi, ruh yüksəkliyi yaratdısa da, erməni xalqı öz dövlətinin və ordusunun acizliyini tanıdı, ona olan güvəni yoxa çıxdı, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Erməni xalqı bildi ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Erməni xalqı, eyni zamanda, dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir.

Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı ordumuzun zabit və əsgərlərindən başqa, dinc əhali arasında da həlak olan və yaralananlar oldu, yaşayış məntəqələrimizə böyük ziyan dəydi. Amma itkilərə baxmayaraq, Azərbaycan xalqı bu günü qələbə günü kimi tarixinə daxil etdi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edildi.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər vardır.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin Ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.

***

Aprel döyüşlərinin əsas qəhrəmanları düşmənin gözünün içinə baxa-baxa onunla döyüşə çıxan, torpaqlarını, xalqını müüdafiə etmək uğrunda canını əsirgəməyən əsgərlərimiz, zabitlərimizdir. Qələbədən bir il sonra aprel döyüşləri qəhrəmanı, şəhid Əbdülməcid Axundov və onun timsalında həmin günlərdə canını qurban verən digər şəhidlərimiz haqqında veriliş çəkmək, şəhid anası Ceyran Həsənova ilə söhbət etmək şansı qazandım. Gənc balası şəhid düşmüş bir ananın mətanəti, dözümü, səbri, “Vətən sağ olsun!” nidası yəqin ki, heç zaman yadımdan çıxmayacaq. Budur Azərbaycan qadını! Balasını vətən uğrunda qurban verə biləcək qədər mərd, cəsarətli və məğrurdur!

Həmin günü evində keçirib, cəbhədən kilometrlərlə uzaqda, evində oturub bir xəbər sorağında olan bizlər bu cür xatırlayırıq. Bəs qanlı döyüşlərin bilavasitə iştirakçısı olan əsgərlərimiz nələr danışırlar?

Qazi Üzeyir Nəcəfov mətbuata verdiyi müsahibəsində Lələ Təpə yüksəkliyini alarkənki sevinclərini bu cür ifadə edib: “Döyüş tapşırığına üç istiqamətdən kiçik bir qüvvə ilə getdik və hər birimiz özümüz qədər əmin idik ki, bu tapşırığı uğurla yerinə yetirəcəyik. İrəli gedən hər kəsin üzündə təbəssüm var idi. Hamımız sevincli idik. Bizim Lələ Təpə yüksəkliyini işğaldan azad edən zaman keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil. Çünki illərdir gözlədiyimiz, xüsusilə xalqımızın gözlədiyi sevinci qazanmışdıq. O sevinc ki, o, bizim şanlı ordumuzun yaxın gələcəkdə qazanacağı böyük zəfərin açarı idi”.

2016-cı ilin aprel döyüşlərinin iştirakçısı Əhliyyət Mehdiyev də maraqlı nüanslara toxunur: “Yenicə gəlib çatdığımız postda dəhşətli bir hadisənin şahidi oldum. Bir neçə dəqiqə əvvəl vurub öldürdüyümüz cılız erməni əsgərinin ayağına zəncir bağlanmışdı. Zəncirin uzunluğu 300-400 metrliyində olardı. Bir daha əmin oldum ki, erməni əsgərlərini burada məcburi şəkildə, zəncirləyib saxlayırlar ki, qarşı tərəf olan bizim hücumlarımız olarsa, cavab versinlər. Onların bizim torpaqlarda nə işi var ki? Məgər bilmirdilər ki, bir gün qanunsuz zəbt etdikləri torpaqlarda ölmək də var. Döyüşə girən, sərhəddə dayanan zabitin və əsgərin olduğu yeri, ərazini qorumaq onun şərəf işidir.

Bizim döyüşçülər ölümün gözünə dik baxa-baxa, dönməyəcəklərini bilə-bilə, arxaya baxmadan son nəfəslərinə qədər irəli getdilər.

2016-cı ilin aprel günlərini hər zaman belə xatırlayacağam, həm qürur, həm də hüznlə. Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır. Tanrıdan bir istəyimiz var, Ali Baş Komandan İlham Əliyev tezliklə əmr versin və biz azad etdiyimiz torpaqların üstündəki mövqelərimizdən irəli keçərək, qısa bir müddətdə düşməni geri oturdaq”.

***

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu gün həm də Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür. Amma bu gün kəlbəcərlilər də daxil olmaqla, bütün Azərbaycan xalqı tez zamanda Kəlbəcərin, Qarabağın, işğal altında olan bütün torpaqların azad olunacağına, Cocuq Mərcanlı kəndinin sakinləri kimi, onların da öz yurd-yuvalarına dönəcəklərinə ürəkdən inanır, bu inam və güvənin sayəsində dövlətinin, Ali Baş Komandanının ətrafında sıx birləşir!

 





02.04.2020    çap et  çap et