525.Az

Koronavirusdan qorunmaq üçün necə qidalanmalı?


 

C VİTAMİNİ BOL OLAN SİTRUS MEYVƏLƏRİ, TƏRƏVƏZLƏR QƏBUL EDİLMƏLİDİR

Koronavirusdan qorunmaq üçün necə qidalanmalı?<b style="color:red"></b>

COVID-19 pandemiyasına yoluxmamaq üçün immun sisteminin güclü olması vacib amildir. İmmun sistemini gücləndirmək üçün necə qidalanmaq lazımdır? Düzgün qidalanmağa, yəni qidalanma mədəniyyətinə necə diqqət yetirməliyik.

Sağlam qidalanma və düzgün həyat tərzi üzrə ekspert, Məhsəti Hüseynova deyir ki, sağlamlığın əsas şərtlərindən biri düzgün və sağlam qidalanmadır. Əgər, orqanizm sağlam olarsa , immun sistemi güclü olarsa, bütün virus mənşəli xəstəliklərə qarşı dayanıqlı olur. Soyuq aylarda insan orqanizmində bir çox ətraf mühit amillərinin - aşağı temperatur, külək, az kalorili qida qəbulu, az hərərkətlilik və s. təsirlərdən immun sistemi zəifləyir: “Təsadüfi deyil ki, xroniki xəstəliklərin kəskinləşməsi, bakterial və virus infeksiyalara yoluxmanın artması məhz bu dövrdə baş verir. Virus mənşəli infeksiyalar əsasən tənəffüs yollarının zədələnməsi ilə ortaya çıxır. Xalq arasında “zökəm”, “qrip” və s. kimi tanınan bu xəstəliklərin böyük əksəriyyətinin törədiciləri məhz bu viruslardır. Son zamanlar təşvişə səbəb olan koronavirus da belələrindəndir. Lakin, buna baxmayaraq hər il yuxarı tənəffüs yolları virus infeksiyaları və onların səbəb olduğu fəsadlar 100 minlərlə insanın ölümünə səbəb olmaqdadır. Tənəffüs yollarının zədələnməsi ilə müşahidə olunan virus infeksiyalarının ən çox rastlanan fəsadları-faringit, laringit, bronxit, pnevmoniya, meningit və s.-dir. Adətən, bu xəstəliklər immun sistemi zəif olan insanlarda rast gəlinir. Bu kateqoriyaya yaşlılar, zəif qidalanan insanlar, davamlı stresə məruz qalanlar, ağır fiziki işdə çalışanlar və s. aiddir. Çünki bu amillər immun sistemini zəiflədir və nəticədə orqanizmə daxil olan viruslar özlərinin dağıdıcı qüvvəsini tam şəkildə göstərir”.

M.Hüseynovanın sözlərinə görə, infeksiyalardan qorunma yolları, demək olar ki, eynidir. Belə ki, əllərin antiseptiklərlə, dezinfeksiyaedicilərlə yuyulması, qoruyucu tibbi maskaların tətbiqi, sanitar normalara riayət, sosial gigiyena tələblərinə əməl etmə və ən əsası sağlam qidalanma nəticəsində bu kimi infeksiyaların yayılmasının qarşısını almaq olar: “Bildiyimiz kimi, koronavirus yoluxma qabiliyyətinə görə bənzər viruslardan çox da fərqlənmir, profilaktikası və müalicəsində daha dəyişik metodlar tələb etmir və həyati təhlükəliliyinə görə digər viruslarla eynidir, hələ bəzilərindən zəifdir də deyə bilərik. Bu səbəbdən, qeyd etdiyim təhlükəsizlik tədbirləri yetərli olmaqla bərabər, əhalinin həyəcanlanmasına lüzum yoxdur. İnfeksiyanın hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq, kütləvi yerlərdən uzaq olmaq lazımdır. Gündəlik həyatda birdəfəlik kağız dəsmallardan istifadə, havaya uyğun geyinmək orqanizmi soyuqdan qorumaq, düzgün qidalanmaq, orqanizmə kifayət qədər karbohidrat və zülal qəbulunu təmin etmək, xəstəlik əlamətləri - yüksək bədən hərarəti, asqırma, öskürək, halsızlıq və s. müşahidə olunan zaman cəmiyyətdən təcridlə bərabər həkim-mütəxəssisə vaxtında müraciət və s. kimi tədbirlər görmək məsləhətdir”.

Ekspert bildirib ki, immun sistemini zəiflədən qidalardan kolbasa, sosiska, çipsi, şirniyyat və s. kimi paketlənmiş qidalardan uzaq durmaq lazımdır: “Hər səhər bir çay qaşığı bal udmaq antibakterial təsirə malikdir. C vitamini bol olan sitrus meyvələrindən mandarin, portağal, limon, kivi həddindən artıq faydalıdır. Mövsümü meyvələrlə yanaşı tərəvəzlər və göyərtilərə də qidalarda geniş yer ayırmaq lazımdır. Soğan, sarımsaq, cəfəri, ispanaq, keşniş, turp, kələm, brokoli çox faydalıdır. Badam, ərik və xurma da immuniteti gücləndirir. Lobya, qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və digər paxlalı və dənli bitkilər də immun sistemini gücləndirməyə kömək edir. Gün ərzində orqanizmin yaşına, çəkisinə və qəbul etdiyi qidalara görə 1.5-2 litr su və bitki çayları içmək faydalıdır. Qidalarla yanaşı bədəni gücdən salan amillərdən biri də təmiz havada az olmaq və hərəkətsizlikdir. Hazırda epidemiya ilə əlaqədar karantin rejimində insanlar evdən çıxa bilmir. Ən azından pəncərədən də olsa gün ərzində təmiz havanı qəbul etmək mütləqdir. Eyni zamanda, ev şəraitində idman hərəkətləri etmələrini tövsiyə edirəm”.

S.QARAYEVA

 





03.04.2020    çap et  çap et