525.Az

Mətbuat xidmətləri karantin rejimində


 

Mətbuat xidmətləri karantin rejimində<b style="color:red"></b>

Koronavirus pandemiyası səbəbiylə ölkədə yaradılan karantin rejiminə uyğun öz işini quranların sırasında dövlət qrumları üstünlük təşkil edir. Bu qrumların mətbuat xidmətləri hazırkı durumda işlərini davam etdirərək, təmsil etdikləri orqanın fəaliyyəti haqqında ictimaiyyəti mütəmadi olaraq məlumatlandırırlar.

MƏSAFƏDƏN İDARƏETMƏ 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyir ki, son zamanlar mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, fəaliyyətlərini əsasən məsafədən təşkil edirlər: “Koronavirus infeksiyası ilə bağlı ölkədə görülən sosial təcrid tədbirləri də bunu tələb edir, tibbi-gigiyenik qaydalar da. Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Əslində məktəblərdə tədrisin dayandırılması haqqında martın 3-də ilk qərar qəbul olunan gündən müvafiq qabaqlayıcı tədbirlər görməyə başlamışıq. Təhsil müəssisələri də, idarənin inzibati binası da dezinfeksiya olunub, girişdə dezinfeksiyaedici vasitə qoyulub.

Bu baxımdan Bakı Şəhəri üzrə Təhsil İdarəsi  rəhbərliyinin təşəbbüsü ilə fəaliyyətin məsafədən təşkili hər bir əməkdaşa, o cümlədən mənə də daha arxayın işləməyə imkan verir. İşdən və ya evdən aparılan müzakirə və məsləhətləşmələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır və onlayn müsabiqələr təşkil olunur.

Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və ümumi təhsil müəssisələrində dərs prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsindən ibarətdir. Müzakirələrdə məktəblilərin tədris prosesindən uzaqlaşmaması üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin məktəblilərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır. Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramı çərçivəsində yayımlanan teledərslərə və müəllimlər tərəfindən əlavə olaraq aparılan onlayn dərslərə uşaqların diqqətinin daha da artırılması üçün müəllim-valideyn əlaqələrinin vacibliyi önə çəkilir. Bununla belə, zəruri hallarda işə çıxdıqda da birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb ki, bu da mövcud tələblərin qaydalarına uyğundur. Ancaq elektron poçt, telefon və digər texniki vasitələrlə əlaqə saxlanılır”.

Mətbuat xidməti olaraq media ilə əlaqələrə gəlincə, B.Məmmədov bildirib ki, bu sarıdan elə bir çətinlikləri yoxdur: “Bu günlərdə sözün həqiqi mənasında fədakarlıq göstərərək çalışan media adamları ilə elektron vasitələrlə əlaqə saxlamaq əvvəl də aktual idi, indi daha da aktualdır. Öz operativliyini qoruyan, fəaliyyətinə peşəkar yanaşan bütün media təmsilçilərinə belə xüsusi vəziyyətdə təhsilə, müəllimlərə, məktəblilərə həssas münasibətlərinə görə, hərtərəfli məlumatlandırmaya görə dərin minnətdarlığımızı bildirirəm. İnanıram ki, tezliklə Azərbaycanda koronavirus təhlükəsi aradan qalxacaq, ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə həyata keçirilən tədbirlərin müsbət nəticələri daha çox müşahidə olunacaqdır”.

TƏHSİL NAZİRLİYİNDƏN TƏŞƏBBÜS

Təhsil Nazirliyinin İctimiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehovun dediyinə görə, evdəqal indiki vaxtda çox vacib kampaniyadır. Təhsil Nazirliyinin müxtəlif strukturları, əməkdaşları da bu kampaniyaya qoşulublar. Bu kampaniya ilə bağlı yeni bir təşəbbüs də göstərmişik. Bakı da daxil olmaqla ayrı-ayrı bölgələrdə yaşayan aşağı siniflərdə təhsil alan şagirdlərimizin video formatında hazırladığı təşəbbüsü yayımlayacağıq: “Biz də hər kəs kimi koronavirusdan qorunmaq üçün vacib olan tədbirlərin hər birinə riayət etməyə çalışırıq. Gigiyena qaydaları, digər insanlarla məsafənin saxlanması, maska, əlcəkdən istifadə məsələsində bütün zəruri tədbirləri görürük. Evdə qalaraq vaxtı necə dəyərləndirmək olar? Mütaliə etmək, uşaqlarla vaxt keçirmək, idman etmək və s. məşğuliyyətlər evdə qaldığımız vaxtı effektiv dəyərləndirməyimizə kömək edə bilər. İndiki dövrdə virtual ünsiyyət daha rahat olduğuna görə, insanların biri-biri ilə əlaqəsinin kəsilməməsi baxımından da əlverişli durum formalaşır”.




ONLAYN REJİM

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zeynab Kazımovanın sözlərinə görə, bir sira dövlət orqanları kimi, gömrük orqanları da fəaliyyətdədir: “Mən hazırda onlayn rejimdə çalışıram. Nazirlər Kabinetinin müvafiq qərarı ilə himayəsində azyaşlı usaqlar olan qadınlara nəzərdə tutulan güzəştlərə müvafiq olaraq, rəhbərlik tərəfindən oğlumun 8 yaşı olması nəzərə alınıb. Buna görə hökumətə və Akademiya rəhbərliyinə minnətdaram. Biz oğlum Yusiflə evdeqal haştağına qoşulmuşuq. Həmçinin, Yusif öz youtube kanalında həmyaşıdlarına müraciət edərək, bu virusdan qorunmaq üçün gündəlik gigiyena qaydalarına riayət etməyi tövsiyə edib. Bununla yanaşı, Tehsil Nazirliyi tərəfindən televiziyada yayımlanan dərsləri izləyirik. Məktəb özü də bu isiqamətdə işlər görür, müəllimlər tapşırıqları göndərirlər və uşaqlar evdə hazırlayıb valideynlərinin köməyilə  mail vasitəsilə göndərirlər.  Düzü, bu sadaladıqlarım baxımından boş vaxtım çox  olmur. Bununla belə, daha çox "evdarlaşmışam" deyə bilərəm. Həmişə gündəlik iş rejimində olduğum üçün daha çox tez hazırlanan yeməklər hazırlayırdım. Əsasən çox vaxt aparan yeməkləri həftəsonuna saxlayırdım, amma yenə də bəzi mənim üçün daha çox vaxt aparan yeməklər hazırlamırdım. Təsəvvür edin, bu dönəmdə düşbərə, qutab, peraşki hazırlamışam. Bəlkə də üç il olardı düşbərə bükməmişdim”.

 

İŞİMİZİ DAVAM ETDİRİRİK

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova vurğulayıb ki, distant təhsil modelini uğurla reallaşdıran UNEC  idarəetməni bütövlükdə online sistemə keçib: “Əvvəlki qaydada, amma evdən işimizi davam etdiririk. Saytımızda gündəlik olaraq universitetlə bağlı bütün yenilikləri paylaşırıq, eləcə də digər KİV-lərdə işıqılandırılmasını təmin edirik. UNEC-lə bağlı sorğu ilə müraciət edən bütün KİV-lərin suallarını cavablandırılır. UNEC həm idarəetmədə, həm də tədrisdə öz fəaliyyətini onlayn formada davam etdirir. Boş vaxtım olanda gündəmi izləyirəm”.

 

MEDİA İLƏ OPERATİV İŞ

Azərbaycan İlahiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayşən Aslanova qeyd edib ki, COVID-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan İlahiyyat İnstitutu olaraq evdə qalaraq işlərini evdə davam etdirirlər: “Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində aprel ayının 20-dək ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması ilə əlaqədar İnstitutda tədris distant şəkildə davam etdirilir. Artıq bir neçə gündür ki, Təhsil Nazirliyi tərəfindən tövsiyə olunan xüsusi proqram vasitəsilə onlayn dərslərə başlanılıb. Rəhbərlik və müəllim heyəti tələbələrimizin distant təhsilə maksimum cəlb olunmasına çalışırlar. Bu günlərdə onlarla əlaqələr daha sıx şəkildə qurulur, evdə qalaraq distant təhsildən yararlanmaları, təhsildən geri qalmamaları üçün tapşırıqlar verilir.

İnstitutun mətbuat xidməti olaraq işlərimizi evdən davam etdirir, rəhbərliklə mütəmadi əlaqə yaradır, tapşırıqları yerinə yetirir, fəaliyyətimizin işıqlandırılması üçün media ilə operativ şəkildə işləyirik. Xüsusilə qeyd etmək istərdim ki, çap olunacaq kitablar və dərsliklər üzərində intensiv şəkildə işlənilir. Bu çətin günlərdə tibb işçiləri, polislərimizlə yanaşı jurnalistlərimiz də gecə-gündüz çalışaraq, ictimaiyyəti operativ və obyektiv xəbərlərlə məlumatlandırırlar. Onların bu əməyi danılmazdır. İş başında olan bütün jurnalistlərimizə minnətdarlığımızı bildiririk”.



Sevinc QARAYEVA

 





03.04.2020    çap et  çap et