525.Az

“O dövrü həyatımın vacib dövrlərindən biri hesab edirəm”- Professor Asif Hacılı ilə müsahibə


 

“O dövrü həyatımın vacib dövrlərindən biri hesab edirəm”- <b style="color:red">Professor Asif Hacılı ilə müsahibə </b>

Bu gün ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru, professor Asif Hacılının ad günüdür. 60 illik yubileyini qeyd edən professorla əlaqə saxlayıb həm ad gününü təbrik etdik, həm də bu çətin zamanda yaradıcılıq, ədəbiyyat, türkologiya, folklor söhbətləri etdik.

- Asif müəllim, qəzetimiz adından ad gününüzü təbrik edirik. Pandemiya və karantin dönəmində bu günü necə keçirirsiniz?

- Təbrik üçün təşəkkür edirəm! Deyim ki, bu günlərdə başqa məsələlərin dəyər əhəmiyyəti daha çoxdur. Onları daha çox fikirləşirsən, nəinki ad gününü. Amma həyatdır, bunları da yaşamalıyıq. Ad günümü sizin kimi dostların təbrik zəngləri ilə, evdə ailəmlə keçirirəm. Hamı kimi biz də evdə oturmuşuq, heç yerə çıxmırıq, həm də xüsusi bir ad günü keçirmək həvəsi yoxdur. Yəqin ki, pis günün ömrü çox çəkməz, biz də bu günlər bitəndən sonra daha yaxşı şəkildə dostlarla, yaxınlarla bərabər qeyd edərik.

- Koronavirus infeksiyası qısa zamanda pandemiya halını aldı. Bununla bağlı nə düşünürsünüz?

- İndi elə bir zamandır ki, sosial şəbəkələr hər kəsə tribuna verib, hər kəsin bununla bağlı bir fikri, fərziyyəsi var. Mən bu sahədə peşəkar deyiləm, sadəcə mətbuatdan, sosial şəbəkələrdən izləyirəm. Ancaq pandemiyayla mübarizədə ölkəmizdə görülən tədbirləri müsbət qarşılayıram. Baxın, dünyanın ən qabaqcıl ölkələrində vəziyyət necə dəhşətli bir hal aldı. Çin, ABŞ, İtaliya, digər Avropa ölkələri çox acınacaqlı vəziyyətə düşdülər. Bizdə isə doğrudan da, tədbirlər zamanında, operativ şəkildə və ciddi qaydada həyata keçirildi, hazırda da keçirilməkdədir. Ölkə rəhbərliyi bütün resursları bu virusla mübarizəyə səfərbər edib, ancaq biz vətəndaşların özlərində də bir məsuliyyət olmalıdır. Anlayıram, cənub xalqıyıq, evdə oturmağı çox xoşlamırıq, amma hər halda etməliyik, başqa yol yoxdur. Dövlət də şəraiti yaradıb, işlər dayanıb, hər kəsə məzuniyyət verilib. Biz də özümüzün, ailəmizin və xalqımızın sağlamlığı baxımından bundan düzgün istifadə etməliyik.

- Müəyyən müddətlik hərbçi keçmişiniz də var. Bu, həyatınıza necə təsir etdi? O vaxtdan qalma hansısa vərdişləriniz varmı?

- Bəli, Bakı Dövlət Universitetini bitirdikdən sonra təyinatla C.Naxçıvanski adına hərbi məktəbə ezam olundum. Üç illik təyinatla getmişdim. Üç ildən sonra ordan çıxa və aspiranturaya gələ bilərdim. Ancaq orda taqımım, yəni sinfim hələ bir il də oxuyacaqdı. Mən də onları tək buraxmadım və bir il də artıq qaldım, könüllü şəkildə dörd il işlədim. O illərdən ilk növbədə gözəl xatirələrim qalıb. Keçmiş şagirdlərim indi vəfalı dostuma çevriliblər. İndiyə qədər də əlaqə saxlayırlar, zəng edirlər, bəzən tədbirlərinə dəvət edirlər. Həmin ildə mənim iki sinif buraxılışım olmuşdu. O uşaqlardan sonralar şəhid olanı da oldu, döyüşüb qəhrəman olanları da. İndi də onların arasında hərbçilər, generallar var. O dövrü həyatımın vacib dövrlərindən biri hesab edirəm. Çünki boşa keçməyib. Ədəbiyyatçılar, adətən, sərbəst adam olurlar. Amma ordakı intizam, qayda-qanun da mənə təsir etdi. Həm də oraya məxsus olan ciddi rejimə sonrakı həyatımda da əməl etmək qaldı mənə (gülür).  

- Zamanında folklora meylinizin səbəbi nə idi?

- Mənim köküm Borçalıdandır. Borçalı da elə folklorun məskənidir. Aşıq sənəti, elat, tərəkəmə mədəniyyəti, qarapapaq adətləri bizim qanımızda var. Həm də 1980-ci illərdə mifologiya, folklor çox aktuallaşmışdı. Rəhmətlik Mirəli Seyidov kimi ailəmlərimiz vardı. Eləcə də yeni nəsil yetişmişdi, onlardan Arif Acalov, Mais Əlizadə, Muxtar İmanov və başqaları folklora maraq göstərirdilər. Bu maraq təkcə elmi maraq deyildi, həm də Sovet hakimiyyətinin sonlarında bu, milli mənliyin, milli varlığın təzahürü, qoruyucusu kimi aktual idi. Türklüyü, türkçülüyü açıq demək olmurdu, ona görə də qədim türk mifologiyası, türk folkloru sanki elə türkçülüyə aparan yol idi. Tələbəlik illərindən bu haqda məqalələrim çıxırdı. Sonradan tək folklorla yox, folklor-ədəbiyyat əlaqələri ilə də məşğul oldum. Yəni bu iki amil birləşdi: Sovet dönəmində folklorun, mifologiyanın yetəri qədər öyrənilməməsi və gənclərin içərisindəki millilik duyğusunun daha da artması. Ona görə də o dönəmdə çox gözəl bir məktəb formalaşmışdı, indi də var. Dostumuz, gözəl alim Muxtar müəllim Folklor İnstitutunda çox dəyərli, istedadlı gənc alimləri ətrafına toplayıb və bu işi davam etdirir.

- Folklorunu araşdırdığınız türk xalqlarından danışaq. Planınızda daha başqa türk xalqları varmı?

- 1980-ci illərdən ahıska türklərinin folklorunu, adət-ənənələrini toplamağa başladım. Borçalıların folkloru ilə az-çox maraqlanmışam. Bir də urumlar adlanan türk xalqları var ki, onlar nə Sovetlər Birliyində, nə də Türkiyədə elə də öyrənilməyib, araşdırılmayıb. Sadəcə müəyyən toplama işləri var. Onları ilk dəfə Gürcüstanda görmüşdüm. Türkcə danışan xristian toplum idi. Təsəvvür edin ki, İncili öz dillərinə, öz ləhcələrindəki türkcəyə tərcümə etmişdilər, o cür oxuyurdular. Onlara qarşı maraq yaranmışdı məndə. Ümumi tarixi, mədəniyyəti və folklor nümunələrini topladım. Çox maraqlı mədəniyyətləri var. Məsələn, məni təəccübləndirən bir faktı deyim. Bildiyiniz kimi, “Koroğlu” dastanının bir çox türk xalqlarında versiyası var, eləcə də urumlarda. Bizdəki və bütün versiyalardakı Koroğlu öz xalqından olan xanlara, bəylərə qarşı mübarizə aparır. Amma çox maraqlıdır ki, urumlardakı versiyada düşmənlər erməni adlandırılır. Bunu aşkarlayanda çox təəccüblənmişdim. Fikirləşirəm ki, yəqin bizdəki versiyalarda da belə imiş, amma Sovet senzurası zamanında dəyişdirilib, onlarda isə qalıb.
Eləcə də Sibirdə yaşayan türk xalqlarının folkloru həmişə diqqətdə olub. Çünki bizim mifoloji, tarixi, etnoqrafik köklərimiz ordadır: Altaylarda, Sibirdə və sair.

- Müasir türkologiyanın vəziyyətindən razısınızmı?

- Müasir türkologiya çox geniş anlayışdır, türk xalqları da çox böyükdür. Təbii ki, müəyyən məqamlarda bəli, razılığımızı bildirməliyik. Çünki iş görülür, tədqiqatlar aparılır. Ümumiyyətlə, türkologiyadakı araşdırmalar türklərin özünün apardıqları və türk olmayan alimlərin araşdırmaları olaraq təsnif edilə bilər. Bu sahədə materialların çoxu rus alimləri tərəfindən toplanıb, öyrənilib. Düşünürəm ki, onları biz daha dərindən öyrənməli və mənimsəməliyik.
Eləcə də hörmətli akademikimiz, dostumuz İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasını qeyd etmək istərdim. Bu, çox ciddi elmi əsasları olan, fundamental əsərdir. Deyərdim ki, tarix və nəzəriyyə ilk dəfə burda birləşib. Bu məsələlər orda da vurğulanıb ki, biz ən qədim dövrdən gələn türk ənənəsini ədəbiyyatımızın başlanğıcı kimi qəbul etməliyik. Yəni çox da başqa xalqlara aid olan tarixə meyllənmə lazım deyil. Çünki bəzən ədəbiyyat tariximizin bununla başladığını deyirlər. Bir də araşdırmalarımızı daha geniş aparmalıyıq. Bütünlükdə türk xalqlarının arxaik dövrünü Çin, Sibir xalqlarının mənbələrində də araşdırıb, geniş səpkidə tədqiqatlar aparmalıyıq. Hətta qədim yəhudi mədəniyyəti ilə çox paralellər var, onları araşdırmalıyıq. Hinduların mədəniyyəti ilə müqayisəli araşdırmalar aparmalıyıq və sair. Türk xalqları elə nəhəng, zəngin mədəniyyətə, tarixə malik bir toplumdur ki, həmişə tədqiqat perspektivi olacaq və bu sahədə gələcəkdə böyük işlər aparılacağına da inanıram. 

- Son olaraq, bu karantin günlərini necə dəyərləndirirsiniz? Nələrlə məşğulsunuz?

- İki azyaşlı nəvəm var, onlarla vaxt keçirirəm. Deyim ki, bütün günüm oxumaqla, yazmaqla keçir, yox. Çünki psixoloji proseslər, yaranmış atmosfer buna da təsir göstərir. Pandemiya ağır məsələdir, asan deyil. Həyətdə işlərlə məşğul oluram. Və bir də ara-sıra yazı-pozu işlərimə zaman ayırıram. Yarım qalmış məqalələrim üzərində işləyirəm. İnanıram ki, bu gərgin dönəmi tezliklə arxada qoyub, işlərimizə geri dönəcəyik. 

Şahanə MÜŞFİQ

 

 





03.04.2020    çap et  çap et