525.Az

Firuz Mustafa: “Bu, insanın təbiət qarşısında daha məsuliyyətli olmasına bir çağırışdır”


 

Firuz Mustafa: “Bu, insanın təbiət qarşısında daha məsuliyyətli olmasına bir çağırışdır”<b style="color:red"></b>

Yazıçı, dramaturq Firuz Mustafa ilə yaşamaqda olduğumuz sosial izolyasiya günləri, onun bu günlərdəki məşğuliyyəti, eləcə də yaradıcılığı və araşdırmaları barədə qısa söhbət etdik. Müsahibəni oxucularımıza təqdim edirik:

- Firuz müəllim, bu günləri necə keçirirsiniz? Nələrlə məşğulsunuz?

- Günlərim adi qaydada keçir. Bu son vaxtlar baş verən “nizamlayıcı” tədbirlər mənim şəxsi həyat və məişət rejimimə, iş qrafikimə elə bir əsaslı təsir göstərməyib. Bilənlər bilir, mən uzun illərdir ki, az yatır (uzaqbaşı sutkada 3-4 saat),  amma yazı-pozu işləri ilə çox məşğul oluram. Sadəcə olaraq, əvvəllər hər gün iki saatlığa şəhərə çıxar, kitabxanaya baş çəkər  və ya dostlarla görüşərdim. İndi bu iki saatlıq “istirahət” ixtisar olunub.

- Sizcə koronavirus, pandemiya insanlığa nə kimi mesajlar ötürdü?

- Deyir, hər ziyanda bir xeyir də olur. Əvvəllər həddindən artıq “ictimailəşmiş”, “kütləviləşmiş” adamlar bu hadisələr baş verəndən sonra sanki get-gedə “fərdiləşməyə”, “individuallaşmağa” başlayıblar. İndi hər kəsin özü-özü ilə “üzbəüz” qalaraq “söhbət etmək” imkanı yaranıb. Özünütəhlil və habelə özünütənqid üçün də əlverişli bir zamandır. Amma bütün bunlar “təklənmə”, “yalqızlaşma” deyildir. Bu, həm də insanın sosium və təbiət qarşısında daha məsuliyyətli olmasına bir mesaj, bir çağırışdır. Mənim müşahidəm belədir ki, bu günlərdə bir-birindən “uzaqlaşmağa” başlayan insanların bir-birinə daha da yaxınlaşması prosesi gedir.

- Türk və hindu dillərinin oxşarlığı ilə bağlı yazı yazmısınız. Bunu nə zamandır araşdırırsınız?

- Bildiyiniz kimi, mən prodessional dil mütəxəssisi deyiləm. Amma özümü dilçilik problemindən uzaq adam da hesab etmirəm. Uzun illər doktorant, aspirant və tələbələrə fəlsəfə ixtisası üzrə dərs demişəm. Fəlsəfənin öyrəndiyi əsas  problemlərdən biri dil ilə təfəkkürün qarşılıqlı əlaqəsidir. Dil və dilçilik məsələləri mənim hobbim, daha doğrusu, maraq dairəmə daxil olan bir fenomendir. İndiyəcən bu istiqamətdə onlarla yazım işıq üzü görüb. O ki qaldı hindu dilinə, təbii ki, mən bu sahənin ardıcıl tədqiqatçısı deyiləm. Amma dillərin “dialektikasını” və “nəfəsini”  pis duymuram, bu barədə öz fərdi düşüncələrim var. Mən özümü “Ural-Altay” dil nəzəriyyəsinin, bəzən buna hipotez də deyirlər, tərəfdarı hesab edirəm. Və belə düşünürəm ki, hindu dilləri məhz bu ailəyə daha yaxındır. Düzdür, bu dili 150 ildən bəri tədqiq edən alimlər onu (daha doğrusu, bütün hindu dillərini) vahid bir mikroailəyə daxil edir və bunu “amerinds” adlandırırlar.

Qırmızıdərililərlə  bağlı bir neçə il əvvəl Amerikada “Şimali Amerika hinduları haqda məlumat” adlı kitab nəşr edilib və o kitabda hindu dilləri ailəsi haqda geniş məlumatlar verilib. Yenə deyirəm, mən bu sahənin peşəkar tədqiqatçısı deyiləm, yalnız oxuculara məlumat verməklə kifayətlənmişəm. Belə hesab edirəm ki, hindularla türklər tarixən həm fiziki, həm də dil cəhətdən qohum olublar.

- Başqa belə araşdırmalarınız varmı?

- Bəli, dilçiliklə bağlı araşdırmalarım var. Onlardan biri də 2012-ci ildə rusca nəşr edilmiş “Yüz türk etnosu” adlı kitabdır.

- Bu və bu kimi araşdırmalarınızı gələcəkdə kitab halında çap etməyi düşünürsüzmü?

- Bəli. Şübhəsiz.

Şahanə MÜŞFIQ


Firuz Mustafanın müsahibədə söhbəti gedən hindu dilləri ilə bağlı yazısını təqdim edirik:

Türk və hindu dillərinin kök yaxınlığı haqda bəzi qeydlər

Amerikan hinduları ilə türklərin kök birliyi haqda zaman-zaman bir-birinə yaxın və bir-birindən fərqli mülahizələr, hipotezlər irəli sürülüb.  Amerikanın qırmızıdərili yerli sakinlərinin mənşəyi elmi və qeyri-elmi fikri uzun illər məşğul edib. Bəs xalqların bir-biri ilə doğma və yad münasibətləri hansı müstəvidə çözülməlidir. Zira bu iki etnosun birbaşa əlaqə və vəhdətini təsdiq edən rəsmi, tutarlı və elmi dəlillər yoxdur.
Amma... ortada maraqlı hipoteza və fikirlər də yox deyildir.  Hesab edirəm ki, bu məsələdə dil faktoru önəmli rol oynaya bilər. Amerikan alimlərinin Miçiqan Universitetində apardığı tədqiqatlara görə müasir hindular bu qitəyə “Berinq körpüsü” vasitəsilə gəliblər. Adı çəkilən ərazi vaxtilə Amerika və Asiya arsında geniş bir dəhliz olub. 12 min il əvvəl həmin “körpü” yox olmuşdur. Hazırda həmin ərazidə Berinq körfəzi yerləşir. Bu miqrasiya uzun bir zaman ərzində davam edib. Təxminən 20-25 min əvvəl indiki hinduların ulu babaları Altaydan köç edərək Amerikada məskunlaşıblar.
Əksər alimlər müasir hinduların türk kökənli olduğunu irəli sürür. Elə hindu tayfalarının dilindəki bir çox türk sözləri də deyilənlərə illüstrasiya ola bilər.
Gəlin, həmin sözləri qarşılıqlı şəkildə (hindu və turk dilləri əsasında) nəzərdən keçirək.
Vakan- kaqan, xan
tanı- tanımaiçi-içmək
kapsun- qapmaq, dişləmək
kan- qan
mi- mən
baha- baba
ike- iki.
Mövcud sahənin görkəmli tədqiqatçısı avropalı O.Reriqin və rus alimi Y.Knorozovun mülahizələri ilə tanışlıq da diqqəti özünə çəkir.
Gəlin, yenə mövcud leksemlərlə paralel şəkildə tanış olaq.
Yaş- gənc
yaşel- yaşıl, cavan
iç- daxil, iç
oş (uş) –üç
kuç- güc
kol- qol
çab- çap, kəs, doğra
ax(çı)- ov(çu)
koş-q uş
aak- ağ
çul- su
tur- dur, dayan
imi- döş
imu- əmmək (döş)
çalan- ilan
ooç- aş
ba- balıq
akan- ağa
al- oğul.

Orientalist alim S. Vikavder Altay  ailəsinə mənsub olan dillərlə mayya hindularının dili arasında paralellər görür.

 Yenə bəzi sözləri müqayisəli şəkildə nəzərdən keçirək.

Bet- bitmək
bllim- bilik
vox- boş
qanlı- qanlı
yaklel- yandırmaq
tas- daşımaq
boya- boya, rəng.
Uruqvay alimi B. Ferrario mayya qrupuna daxil olan keçuaların dili ilə türk dili arasında oxşarlıq olduğunu irəli sürməklə yanaşı, söz köklərinin yaxınlığını da qeyd edir. Bəzi leksemləri nəzərdən keçirmək pis olmazdı.
Kok- göy, səma
vaqe- dayı
tata- ata
misi- pişik
ari- arıq
qo- qovmaq
kasa- qaç(an).

Fransalı orientalist G. Dümezel də hər iki dil arasında oxşarlığı qeyd edərək müqayisələr gətirir.Buyurun, tanış olaq.

Caqla- saqqal
tuqu-  tökmək
tavqa- dağ, dağ-daş
qarvin- mədə, qarın
cunqa- son(da), axır.

Hesab edirəm ki, gətirilən misallar hindu və türk dilllərinin kök və mənşə yaxınlığı barədə düşünməyə, tədqiqatlar, axtarışlar aparmağa imkan verə bilər.

 





03.04.2020    çap et  çap et