525.Az

“Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq


 

“Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq<b style="color:red"></b>

Aprelin 2-dən etibarən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

“Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda  şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

Qeyd edək ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyir ki, UNESCO-nun hesablamalarına əsasən, Koronovirus pandemiyası səbəbilə 1 milyarda yaxın uşaq təhsildən kənarda qalıb. Tibbdən sonra təhsil sahəsi bu virusdan ən çox əziyyət çəkən ikinci sahədir. Azərbaycanda martın 11-dən başlayaraq teledərslərə start verilib: ““Virtual məktəb” layihəsi həmin “Dərs vaxtı”nın davamı kimi olacaq”. Bu layihə valideynləri də təhsilə cəlb edəcək. Valideynləri yeni yaradılan layihədə övladları ilə birgə fəaliyyətə səsləyirik”.

Onun sözlərinə görə, bu layihədən istifadə üçün ilk növbədə internetə çıxış lazımdır. Valideynlər və ya şagirdlər şəxsiyyət vəsiqələrinin fin kodları ilə qeydiyyatdan keçə bilərlər. Mail ünvanlarını qeyd edəcəklər və qeydiyyatdan uğurla keçmələri haqda onlara mesaj göndəriləcək. Daha sonra sistemə daxil ola biləcəklər.  Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçdikdən sonra  öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftə içi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanan ev tapşırıqlarını yerinə yetirəcəklər: “Bu layihə şagirdlər üçün əlavə imkan yaradır ki, televiziyadan izlədikləri mövzulara uyğun test tapşırıqlarını həll etsinlər. Növbəti mərhələdə layihəyə müəllimlər də cəlb ediləcək ki, onlayn formada şagirdləri ilə müzakirə edə bilsinlər. Layihə karantin rejimi bitdikdən sonra da, davam edəcək. Kim nə zaman istəsə, qoşula biləcək. 1-ci sinifdən 11-ci sinfədək-bütün sinifləri əhatə edir”.

V.Xanlarov bildirib ki, sistem aprelin 2-dən səhər saatlarından  istifadəyə verilib. Çox sayda müraciət olduğu üçün gecikmələr olur. Qeydiyyatdan keçən hər kəsə məlumat göndəriləcək: “Gecikmələr olsa da, sistem işlək vəziyyətdədir. Biraz səbr etmək lazımdır”.

S.QARAYEVA

 





04.04.2020    çap et  çap et