525.Az

Şəhərim - Günel Anarqızı yazır


 

Şəhərim - <b style="color:red"> Günel Anarqızı yazır</b>

Mənim əziz şəhərim!

Bu məktubu sənə adi sakinlərindən biri yazır. Adım önəmli deyil. Nə fərqi var kiməm? Əsas odur ki, mən Sənin sakininəm. Bu gün həyatımızda ilk dəfə Mənsiz qalan Sənin.

Bəlkə də sənin üçün  mənsiz qalmaq elə də çətin deyil, çünki sənin məndən başqa o qədər maraqların var ki!

Geniş küçə və prospektlərin, abad park və bulvarların, yaraşıqlı ev və abidələrin... Mən hələ dənizini demirəm! Sənin Xəzər kimi əngin və ulu xəzinən, sehirdolu İçəri, gözqamaşdıran Bayır şəhərin var. Bütün bunlar sənin təkrarsız, heç nəyə bənzəməyən simandır.  Şəhərim! Səni o qədər dahi vəsf edib ki! Onların yanında mənim tərifim çox acizdir. Heç istəsəm də, ehtiyatımda olan bütün kəlimələri toplasam da sənin möhtəşəmliyini və sadəliyini ifadə etməkdə gücsüzəm. Çünki, bu nə mənim əlimdən gələr, nə də sənə lazım olar.

Amma indi Sən Mənsiz qalmısan. Kim bilir, bəlkə də uzun illərdən bəri ilk dəfə...
 
İlk dəfədir ki, rahat nəfəs alırsan! Yolların maşınların zəhər püskürən üfunətindən, küçələrin saysız hesabsız ayaqlardan, metro və avtobus tutacaqların saya gəlməz barmaq izlərindən, kafe və parklardakı oturacaqların minlərlə bel və kürəklərdən, yaraşıqlı dükan vitrinlərin maraqdolu gözlərdən, məktəb həyətlərin qayğısız uşaq gülüşlərindən, qaranlıq döngələrin sirli öpüşlərdən və daha nələrdən nələrdən azad olub. Bir günün içində... tək qalıb.

Neylək... Demək, bu da qismətimizdə varmış. Mən Sənsiz, Sən də Mənsiz qalarmışıq.

Amma... mən sənsiz çox darıxıram, şəhərim! Ağlıma elə qəribə fikirlər gəlir ki! Məsələn, küçələrinə ayaqyalın çıxıb, bina divarlarını oxşamaq, ağac yarpaqlarını öpmək, gözlərimi yumub onların pıçıltısını eşitmək, ciyərlərimə öncələr qoxlamadığım ətrlərini çəkmək, doldurmaq, yağışında islanıb, yalnız səni düşünmək, səni sevmək. Şikayətlərini eşidib gileyini bilmək, utanmaq və etiraf etmək:

Bağışla məni, şəhərim. Səni zəhərlədiyimə, zibillədiyimə, bədəninə, canına vurduğum silinməz izlərə görə, həmişə harasa tələsdiyimə, hətta səndən bezib harasa qaçmaq istədiyimə, əslində isə qaçdığım yerdə səni həsrətlə xatırladığıma, yanına dönərkən isə bu həsrətimi unutduğuma,  sənlə olarkən sənin qədrini bilmədiyimə görə... bağışla.

İndi mən Sənə bu qədər yaxın olan vaxt səndən bir o qədər də uzağam. Ancaq neylək, bu da bir qismətdi və mən onu yaşamalıyam...

Sənsə dincəl, şəhərim. Sənə dincəlmək gərəkdir. Çünki mən səni çox yormuşam. Bir az da mənsiz qal...

Sənə qayıdana, səni qaytarana kimi...

5 aprel, 2020

 





06.04.2020    çap et  çap et