525.Az

“Ruhlar şəhəri”ndən ruhlar planetinə - Cahangir Məmmədli yazır


 

“Ruhlar şəhəri”ndən ruhlar planetinə - <b style="color:red">Cahangir Məmmədli yazır</b>

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl kimi bu şəhəri də viran qoydu. O vaxtlar Vahid Qazi - mənim də tələbəm olmuş ağdamlı publisist belə silsilə məqalələr yazmışdı: “Ağdam - ruhlar şəhəri”. Əvvəlcə mətbuatda dərc olunan, sonra isə kitab halında işıq üzü görən bu yazıları hər dəfə yenidən xatırlayanda içimdəki ağrılar təzədən yanır və bir zamanlar səsli-küylü, Qarabağın gözü olan bu şəhərin xiffətini çəkirəm. Ən çox ona yanıram ki, Qarabağı, onun gözü olan Şuşanı, Ağdamı düşmən xaraba qoyanda, “ruhlar şəhəri”nə çevriəndə dünya bilə-bilə, görə-görə susdu. BMT - indi adi bir QHT gücündə belə olmayan bu təşkilat gözdən pərdə asan dörd qətnamə qəbul etdi, amma icrasını vecinə almadı.

Yadima düşür ki, İkinci dünya müharibəsinin axırlarında faşist Almaniyasının Avropanın bir çox ölkələrini, SSRİ-nin bir çox ərazisini zəbt edəndə ABŞ, İngiltərə, Fransa, İtaliya kimi güclü qəflət yuxusundan ayıldı, bu “qələbələrdən” sonra Hitlerin zəbtetmə siyasətinin onlara da çatacağını dərk edib SSRİ-yə köməyə gəldilər və Hitleri məğlub etdilər.

Amma havadarlarının dəstəyi ilə Azərbaycanın Qarabağını qara günlərə salan Ermənistana “gözün üstə qaşın var” deyən olmadı. Çünki bu işğalın Avropaya, Asiyaya, Amerikaya bir “zərəri” yox idi. Amma, necə deyərlər, göydə Allah var axı! Haqsız zülmə, qatilə dəstəyə Allah dözmür və günün birində özgə zülmünə etinasızlara bu təcrübənin insafsız olduğunu qandırır: Koronavirus anında olduğu kimi.

Dünya koronavirus azarına düçar oldu. İlk dəfə Çində görünən, bu ölkəni zəbt edən koronavirusa da əvvəl-əvvəl “mənə nə” deyən dövlətlər tapıldı. Bir az keçdi və bu koronavirus Qarabağ zülmünə, erməni əclaflığına etinasız yanaşan, hətta bəzən açıq, bəzən gizli bu istilaçı dövlətə dəstək çıxan bir sıra Avropa ölkələri də, okenlarla əhatələnmiş ABŞ da, Asiya və Afrika da bu koronavirusun bəşəri bir bəla olduğunu hamıdan çox hiss etdi. Avropanın şəhərləri, bu şəhərlərin izdihamlı meydanları boşaldı, rəsmi karantin bu özündənmüştəbeh ölkələri ruhlar məbədinə, onların iri-iri paytaxtlarını “ruhlar şəhəri”nə çevirdi.

Koronavirus Yer kürəsini ruhlar planetinə döndərdi. Bu, çox ağır hadisədir. Heç kim, heç kəs bunu ən qəddar düşməninə də arzu etməzdi. Amma neyləyək ki, indi Yer kürəsi dost-düşmən tanımayan bu koronavirus müharibəsindən xilas üçün şəhərləri, meqapolisləri boşaltdı və planetin özü ruhların ixtiyarına verildi.

Ermənistan və onun havadarları Azərbaycana zülm edəndə, mənim Qarabağımı, səsli-küylü Ağdamımı “ruhlar şəhəri”nə döndərəndə susan dövlətlər “ruhlar şəhəri”nin nə demək olduğunu yəqin indi başa düşərlər. Tanrı zülmə etinasızlığı sevmir. Bir dövlətin digər dövlətə, bir xalqın digər xalqa haqsız zülmünə hər etinasızlıq Allahın tövbə üçün göndərdiyi neçə-neçə fəlakətlərə yol aça bilər.

Ağdam özünün qədim-müasir görkəmi ilə, məscidləri, mədəniyyət saray kimi evləri ilə, pislik bilməyən, nankorluq bacarmayan, iki daşın arasında belə özünü dolandıran insanları ilə dünyaya sevgi timsalıdır. Onu ruhlar şəhərinə çevirənlərin əməllərinə etinasızlığı kim bağışlasa da, Tanrı bağışlamaz.

 





06.04.2020    çap et  çap et