525.Az

Xalq şairindən çağırış


 

Xalq şairindən çağırış<b style="color:red"></b>

Pandemiya günlərində hər kəs bir cür insanlara səslənir, onları evdə qalmağa çağırırlar. Xalq şairi Fikrət Qoca da bu günlərdə qələmi ilə insanlara müraciət edir, onların həm özlərinin, həm ailənin, həm də bütün xalqın həyatı naminə evdə qalmaqlarının vacibliyinə diqqət çəkir:

“İnsanların böyük əksəriyyəti, adətən, öz gördüklərinə inanırlar. Onlar elə bilir ki, gözlərini yumdularsa, dünya yoxdur. Bu dərəcədə bəsit düşünən adamlardır. Onlara görə baş verən hər şey təsadüfdür. Eləcə də koronavirusun yaranması, bu dərəcədə yayılması da təsadüfdür. Elə gözləyirlər ki, öz qonşuluğunda, yaxınında kimsə bundan xəstələnsin, ölsün, ondan sonra inansınlar.

Həyatda təsadüf yoxdur. Əvvəlini bilmədiyimiz hadisə var. Biz onun nəticəsinə şahid oluruq və bunu təsadüf adlandırırıq. Çünki bizə elə gəlir ki, “yoxdur” demək daha asandır. Amma “var” demək üçün düşünmək, mahiyyətinə varmaq, özlüyündə sübut eləmək lazımdır. İnsanların az hissəsi bu düşünənlərdir və həyatı da elə onlar saxlayırlar, qoruyurlar.

Koronavirusun da varlığına inanmırlar. Ona görə də dövlətin “evdə qal” çağırışını pozurlar. Axı dövlətin bizdən istdiyi başqa şey yoxdur. Deyir ki, get 15-20 gün evdə otur, maaşın da veriləcək. Bizi qoruyurlar, bizim üçün deyirlər. Amma yox, bəzilərindəki düşüncəsizlik, tərslik onlara bu qaydalara əməl etməyə mane olur. Mən bunu savadsızlıqla da əlaqələndirmirəm. Ola bilər ki, insanın 3-4 diplomu olsun, təhsili olsun, amma savad o deyil. Savad düşünə bilmək, nəticə çıxartmaqdır. İnsan gərək həyatda ilk növbədə öyrənməyi amal seçsin. Onda heç vaxt “mən” deməyəcək, “biz” deyəcək. Ona görə də bacardığımız qədər nə öyrənsək qazancdır. Bu gün “biz” olmaq zamanıdır. Fürsətdir, evdə otur, öyrən, gözlə, gör, sonra nələr olacaq. Bu dəqiqə ən güvənli yerlərimiz evimizdir. Çöldə nələr baş verdiyini bilmirik. Ona görə də yaşamaq üçün evdə qalmalıyıq. Kainatın ən qiymətli, ən böyük, ən gözəl varlığı insandır. Əgər sənə “evdə qal” deyirlərsə, deməli, səni itirmək istəmirlər.

Bu düşüncələrlə kiçik bir çağırış yazmışam. İnsanlara “Evdə qal!” çağırışı. Mən bunu yazanda fikirləşdim ki, bunun musiqisi olmalıdır. Musiqiylə insanlara çağırış edilməlidir. Onda daha yaxşı səslənər:

Evdə Qal

Hamı deyir evdə qal,
Evdə qal!
Atam, Anam, oğlum, qızım,
Evdə Qal!
Evdə darıxıb
Salma qalmaqal,
Qardaşım, bacım,
Evdə Qal!
Könül ver, könül al,
Yoxdur başqa çarəm-əlacım,
Evdə Qal,
Evdə Qal!
Oğul, qız,
Qardaş, bacı,
Ana, Ata,
Siz həyat vermisiniz,
Varlığa, kainata,
Evdə Qal!
Bəzən bir evə sığır kainat,
Evdə Qal!
Yaşasın həyat,
Evdə Qal!”

 





07.04.2020    çap et  çap et