525.Az

Naxçıvanda güclü iqtisadi potensial etibarlı müqavimətliliyin əsasıdır


 

Naxçıvanda güclü iqtisadi potensial etibarlı müqavimətliliyin əsasıdır<b style="color:red"></b>

Artıq dünyanın əksər ölkələrini öz cənginə alan koronavirus pandemiyası bütün sahələrlə yanaşı, milli iqtisadiyyatların da inkişafı üçün ciddi təhdidə çevrilmiş, onun dayaqlarını zəiflətmiş, neqativ təsirləri ilə davamlılığına maneə olmuşdur.

İstər sürətli yayılması, istər mövcud olduğu ölkələrin əhalisi üçün psixoloji təsirləri ilə inkişaf dinamikası və tempini olduqca zəiflədən bu virus həmin ölkələr tərəfindən qabaqlayıcı, qorunma və müdafiə sahəsində qətiyyətli tədbirlərin görülməsini tələb edir. Günbə gün aktuallığını və ağır nəticələrini daha da artıran, nəticədə də milli iqtisadiyyatlara milyardlarla ziyan vuran yeni növ koronavirusun (Covid-19) dünya iqtisadiyyatına təsirlərini minimuma endirilməsi və aradan qaldırılması məsələləri Beynəlxalq Təşkilatlar tərəfindən müzakirə olunmaqdadır. Bu məqsədilə, mart ayında G20 ölkələrinin maliyyə nazirləri telekonfrans keçirməklə ümumi strategiyanın hazırlanması haqda razılığa gəlmiş, koronavirusla mübarizədə izlənəcək yol xəritəsi müzakirə olunmuşdur.

Çindən başlanan bu virus, özünün yayılma sürətinə görə əvvəlcə epidemiya, sonralar isə pandemiya şəklində olmaqla, dünyanın ABŞ, İtaliya, Türkiyə, İran və s. kimi ölkələrini də əhatə etmiş, onların iqtisadiyyatları və sosial sahədəki perspektivləri üçün ciddi təhdidə çevrilmişdir. Nəticə isə, təbii ki, həyəcan təbili çalındığını göstərir. Ümumilikdə, dünya iqtisadiyyatı üçün tənəzzül meylləri baş qaldırmış, cəmiyyət üzvlərinin artan tələbatlarının tənzimlənməsi və dolğun qarşılanması üçün zəruri olan istehsalın davamlılığını şübhə altına almışdır. Belə ki, Asiya İnkişaf Bankının hazırladığı hesabata əsasən Covid-19-un dünya iqtisadiyyatına vuracağı zərər üç müddət üzrə proqnoz olunur. Hesabata görə pandemiyanın iki ay davam etməsinin ən yaxşı halda, dünya iqtisadiyyatına vuracağı zərər 76,6 milyard dollar olacaq. Əgər bu pandemiyanın təsiri üç ay ərzində mövcud olarsa, onda bu zərər 155,9 milyard dollar təşkil edəcək. Həmin proqnozlara görə koronavirusun altı ay davam edəcəyi halda dünya iqtisadiyyatına vuracağı zərər 346,9 milyard dollar olacaqdır.

Təbii ki, belə bir vəziyyət ölkələri qabaqlayıcı tədbirlərin görülməsində çevik olmağa səsləməkdə idi. Bir çox dünya ölkələri, o cümlədən, Azərbaycan Respublikasında da pandemiyanın milli iqtisadi quruculuq və davamlı inkişaf proseslərinə neqativ təsirlərinin qarşısının alınması məqsədilə zəruri hüquqi tənzimləmə vasitələri səfərbər olundu. 19 mart 2020-ci il tarixində Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sərəncam imzalandı. Bu məqsədlə, həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılması nəzərdə tutulmuşdur. Sərəncam pandemiyanın ölkə iqtisadiyyatına və onun sahə strukturuna, həmçinin sosiallaşma proseslərinə təsirinin nəzarətdə saxlanılması, eyni zamanda, mövcud sosial-iqtisadi potensial əsasında uzunmüddətli prioritetlərin aktuallığının qorunması baxımından da olduqca böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, bu, iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması, bu sahədə insanların (və ya istehsalçıların) yaradıcılıq təşəbbüslərinin qorunması məsələlərinə diqqət deməkdir. Həmçinin əhalinin sağlamlığının etibarlı şəkildə təmin olunması da sözügedən hüquqi tənzimləmənin artan mahiyyətini ifadə etməkdədir. Sərəncamda:

- Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin;

- Azərbaycan Respublikasında fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Azərbaycan Respublikası Maliyyə nazirinin;

- Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin;

- Pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərlikləri ilə müvafiq strukturlar üzrə İşçi Qrupunun yaradılması tapşırılmışdır.

Bununla yanaşı, aprelin 9-da isə Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında ölkə başçısı tərəfindən Sərəncam imzalamışdır. Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat ayrılması nəzərdə tutulmuşdur.

Təbii ki, xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin həmişəyaşar ideyaları ilə təmin olunan mövcud sosial-iqtisadi inkişaf onun daha çox regional və milli mahiyyəti ilə daha çox önəm daşımaqdadır. Əsas məqsəd isə bir çox hədəflər fonunda məhz həm regional, həm də milli iqtisadi inkişaf göstəricilərindən ibarət dolğun, yetkin və güclü potensialın qorunması, onun dayaqlarının möhkəmləndirilməsi və bu əsasda da müqavimətliliyin təmin olunmasıdır. Regionların istehsal münasibətlərinin inkişafına verdiyi töhfələr, məskunlaşma siyasətinin səmərəliliyi, prioritetlər üzrə islahatların inamla davam etdirilməsi müstəqillik dövrünün qürurverici səhifələrini təşkil etməkdədir.

Qeyd edək ki, mövcud sosial-iqtisadi inkişafın davamlılığındakı qərarlılıq və qətiyyətlilik ölkənin bütün regionlarında, xüsusilə də Naxçıvan Muxtar Respublikasında inamla reallaşmaqdadır. Bu, koronavirusun və onun neqativ təsirlərinin aradan qaldırılmasına yönəldilmiş tədbirlər çərçivəsində daha əlamətdar görünməkdədir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən cari ilin mart ayının 24-də Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncam imzalanmışdır. Sərəncamda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200000 (iki yüz min) manatın Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılması nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, ölkəmizdə yüksək peşəkarlıqla və böyük dövlətçilik təcrübəsi əsasında reallaşan tədbirlər milli iqtisadiyyat üçün güclü bazadır və bu, rastlaşa bləcəyimiz istənilən neqativ hal qarşısında müqavimətlilik gətirməkdədir. Statistik göstəricilər əsasında olmaqla, müasir müstəqillik illərində müvafiq inkişaf dövrlərinə uyğun genişmiqyaslı islahatlar fonunda əsasları yaradılan regional və milli iqtisadi inkişaf dinamikasına diqqət edərkən aydın olur ki, xüsusən də, son 25 ildə Naxçıvan Muxtar Respublikasında güclü baza formalaşdırılmışdır və bu, hazırkı meqaiqtisadi böhran vəziyyətlərində etibarlı dayaqlar deməkdir. Əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun həcminə və artım dinamikasına nəzər saldıqda bunu aydın şəkildə görə bilərik:



1995-2019-cu illər üzrə müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında ÜDM-nin artması haqqında məlumat (min manat)

ÜDM-nin artım dinamikası haqqında məlumatların təhlili göstərir ki, 1995-ci illə müqayisədə 2019-cu ildə bu sahədə 65 dəfə çox artım olmuşdur. Təbii ki, əsas makroiqtisadi göstəricinin belə bir təşəkkül mexanizminə malik olması, iqtisadiyyatın müxtəlif sahələrinin ardıcıl inkişafının da ifadəsidir. Çünki, ÜDM-nin strukturu məhz iqtisadiyyatın sahə strukturunu ifadə edir, yəni həmin sahələr üzrə yaradılan məhsulların həcmi məhz ÜDM-də öz əksini tapır. İqtisadi inkişaf və səmərəli sosial siyasət muxtar respublikanın ölkənin milli iqtisadi quruculuq proseslərindəki iştirakını daha da sürətləndirmişdir. Bu isə, təbii ki, milli iqtisadiyyat üçün müəyyən olunan prioritetlərin əlçatanlığını təmin etmiş, həmçinin onun dayanıqlığını daha da gücləndirmişdir. Fikrimizi istinad olunan illər üzrə istehsal olunan sənaye məhsullarının həcmi də göstərir.



1995-2019-cu illər üzrə müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye məhsulunun artım dinamikası (min manat)

Sənaye özünün inkişafına, iqtisadi potensialına və yeni hədəflərə çevik xidmət etmə xüsusiyyətlərinə görə muxtar respublika iqtisadiyyatında aparıcı yerə malikdir. ÜDM-nin strukturunda ilk yerdə təşəkkül tapan bu sahə üzrə istehsal olunan məhsulların artım dinamikasına diqqət edəndə aydın olur ki, 1995-2019-cu illərdə 111 dəfədən çox artım qeydə alınmışdır. Təkcə, 1995-2000-ci illərdə bu artım göstəricisi 1,5 dəfədən çox olmuşdur.

Təbii ki, hazırkı şəraitdə dünya ölkələrinin məruz qaldıqları iqtisadi sarsıntılar mütərəqqi, həmçinin yüksək təminatqabiliyyətli iqtisadiyyatın mövcudluğunu zəruri bir amil olaraq ortaya qoymaqdadır. Burada iqtisadiyyatın digər mühüm sahəsi olan kənd təsərrüfatını və oradakı inkişaf göstəricilərini qeyd edə bilərik. Həyata keçirilən tənzimləmə tədbirləri, fəaliyyəti stimullaşdırılan ailə təsərrüfatları, yaradılan yeni istehsal müəssisələri muxtar respublikanın aqrar sferasının inkişafı ilə yanaşı, eyni zamanda, aqrar sənaye inteqrasiyası mühitində sənayenin də davamlı inkişafına təkan vermişdir. Nəticədə isə, makroiqtisadi siyasət müəyyən olunan hədəflərə doğru daha inamlı addımların atılmasını təmin edə bilmişdir.



1995-2019-cu illər üzrə müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsulunun artım dinamikası (min manat) 

Qeyd etmək lazımdır ki, muxtar respublikada iqtisadi inkişafın təhlili və bu sahədə həyata keçirilən tədbirlər digər sahələrdə də davamlı artımın çox mühüm göstəriciləri olaraq çıxış etməkdədir. Milli iqtisadiyyatın uzunmüddətli hədəflərinin reallaşması, sosiallaşma proseslərinin sürətlənməsi, qeyri-neft sektorunun perspektivləri bütün tərəfləri ilə birlikdə regional inkişafın etibarlılığını daha da artırmışdır. Təbii ki, bu isə, qarşıya qoyulan məqsədlərin reallaşmasını təmin etməkdədir. Hesablamalar apardıqda aydın olur ki, 1995-2019-cu illər ərzində Naxçıvan Muxtar Respublikasında:

- əsas kapitala yönəldilmiş vəsaitlərin həcmində 337,6 dəfə;

- nəqliyyat sektorunda yükdaşınmasında 26,8 dəfədən çox;

- informasiya və rabitə xidmətlərinin həcmində 125,5 dəfədən çox;

- pərakəndə əmtəə dövriyyəsinin həcmində 47,3 dəfə;

- əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmində 63,3 dəfə;

- orta aylıq əmək haqqının məbləğində 30,5 dəfə artım olmuşdur.

Beləliklə, Naxçıvan Muxtar Respublikasının əsrin dörddə biri qədər keçən inkişaf müddəti ərzində əldə etdiyi sosial-iqtisadi uğurlar böhran və maneələr qarşısında dayanıqlılığı ilə seçilməkdədir. Milli iqtisadiyyat üzrə perspektivlər həmin güclü baza əsasında daha etibarlı görünür və hədəflərin reallaşmasına doğru reallaşan tədbirlərin uğurlu nəticələrinə olan inamı daha da artırır. Bu isə, genişmiqyaslı islahatların səmərəliliyini və perspektivliliyini bir daha göstərir.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 





09.04.2020    çap et  çap et