525.Az

İnternet xəyanəti - İmir Məmmədli yazır


 

HEKAYƏ

İnternet xəyanəti - <b style="color:red"> İmir Məmmədli yazır</b>

Aləmdə tam narazı insan yoxdur. Ən narazı insan belə nədənsə, kimdənsə razıdır.

Elə adam var, yol yoldaşından, eləsi də var, qulaq yoldaşından və ya həyat yoldaşından razıdır. Mən qaynanasından, hətta müdüründən razı olan adam görmüşəm.

Pirvəlinin də razı olduğu adam var idi. Qoy sözü uzatmayım, qısadan deyim, Pirvəli yalnız özündən razı idi. Yeri gələndə özü özüylə fəxr də edirdi. Belə ki, ətrafdan narazı olsa da, özü özüylə həmrəy olmağı ona bəs edirdi. Odur ki, məğrur-məğrur dolanır, onu belə yaratdığına görə Allahına gündə bir neçə dəfə şükür eləyirdi.

Pirvəli ideal kişi (ən azından bir nəfərin gözündə) olmasına rəğmən aldığı arvadlar onun yanında, lap belə yatağında bənd tutmurdular. Bu səfeh məxluqlar Pirvəliyə qoşulub onunla fəxr etmək əvəzinə bir neçə vaxtdan sonra ər evini birdəfəlik atıb gedirdilər. Kişi onların arxasınca baxa-baxa qalırdı.

Pirvəli bəxtini düz beş dəfə sınadı, düz beş dəfə evləndi. Bu evə gəlin köçənlər də, elə bil, sözü bir yerə qoymuşdular, bir ayın tamamında cinbat olurdular.

Pirvəli bunun səbəbini heç vəch ilə başa düşə bilmirdi. Amma vəziyyətdən çıxış yolu axtarırdı. Çalışırdı, növbəti dəfə evə elə gəlin gətirsin ki, o gəlin ər qədrini öz canından artıq bilsin.

Belə xanım axtaran Pirvəli hətta bir dəfə elə qadınla evlənmişdi ki, həmin qadın Pirvəliyə qədər üç dəfə ərdə olmuşdu, hər üçünü gedər-gəlməzə yola salana qədər yerindən tərpənməmiş, ər ocağını (ocaq özü sönənə qədər) söndürməmişdi.

Amma di gəl, Pirvəliyə ərə gələndən sonra dəfi döndü, özündən öncəki gəlinlər kimi bir ayın tamamında ilim-ilim itdi.

Pirvəli ha düşünüb-daşındı, bunun qarşısını necə alsın, nəhayət tapdı: məsələ burasındadır ki, bu evə gəlin gələnlərin cehizəvəzi mobil “Ayfon” telefonları olurdu, evdə isə nə vayfay var idi, nə də internet. Aha, ardıcıl boşanmaların tək səbəbi elə bu ola bilərdi.

Altıncı arvadı alanda gəlinə qızıl üzük əvəzi bir dənə smartfon aldı. Bu yerdə sualbaz oxucu soruşa bilər, Pirvəli özünə niyə həmin telefondan almadı. Onun özünün adına layiq bahalı telefonu var idi.

Hə, arvad aldı, arvada telefon aldı və bir dənə internet paket aldı. Amma internet paketi təzə gəlinin mobil nömrəsinə deyil, öz nömrəsinə yüklədi.

Sonra üzünü təzə xanımına tutub dedi:

- Arvad, bax, sənin telefonunu da qoşuram öz internet paketimə. Məndə internet olunca səndə də olacaq. Amma bir şərtlə, daim yanımda olmalısan. Elə ki, yanımdan uzaqlaşdın, sənin telefonunun internet xətti qırılacaq, yəni internetdən məhrum olacaqsan. Uzağı bir-iki addım məndən aralana bilərsən. Üçüncü addımda bizi bir-birimizə bağlayan tel üzülə bilər... odur ki, imkan daxilində mənə yaxın ol, uzaq düşmə, dediyim məsafədən o yana getmə.

Təzə gəlin onu diqqətlə dinləyib dilləndi:

-Baş üstə!

O, “başüstə” deyəndə Pirvəli bic-bic gülümsünüb düşündü: necə deyərlər, həm ziyarət, həm ticarət – həm internet xətti, həm də bizi bir-birimizə bağlayan tel... hələ ki internet var, bu telə zaval yoxdur, iki-üç metr uzanar, bir az nazilər, amma üzülməz... üzülməz, çünki internetdə arvadın başını qatacaq, ər ocağına bərk-bərk bağlayacaq çox nəsnə var... bax, ağıllı kişi arvadı belə etibarlı tellərlə bağlayar özünə!...
Sözü çox uzatmayaq, yoxsa üç metr o yanda qırılan internet xətti kimi qırıla bilər.

Bunuca deyim ki, təzə gəlin gözünü gecə yumana qədər, tel kimi gərilmiş nəzərlərini smar telefonun ekranından çəkmirdi. Bu minvalla şad-xürrəm yaşayırdılar, amma...

Amma bu fani dünyanın xöşbəxtliyi də rahatlığı kimi fanidir.

İlk baxışda bu sakit ailədə hökm sürən harmoniyanı heç nə pozmamalı, ekstremal bir  hadisə baş verməməli idi, çünki internet xətti ən mətin zəncirlərdən də mətindir, paketi vaxtı vaxtında yeniləşdirirsənsə, Pirvəli demişkən, bu telə zaval yoxdur.

Pirvəli demiş, desin.

Amma var imiş.

Pirvəlinin güvəndiyi dağlara da qar yağarmış...

Bir gün Pirvəli evə ərzaq almaq üçün bazara getmişdi. O, alacağını alınca, dərd onu alırdı, - başına gələn başmaqçı olar. Acı təcrübəsi ona deyirdi ki, evdə internetsiz qalan arvad azad daylaq kimi bir şeydir, ağlına gələn istiqamətə çapıb gedə bilər. Evə tez qayıtmalı, onu öz internet xəttinə tez bağlamalıdır. Odur ki, əliyüklü Pirvəli taksiyə minib evə tələsdi.

Taksidən düşüb tövşəyərək evə daxil olanda nə görsə yaxşıdır?

Kaş onu görməyəydi, Pirvəlinin gözləri kor olaydı!

Kaş onu görməyəydi, Pirvəlinin bazara gedən ayaqları qırılaydı!

Kaş onu görməyəydi, bazardan əlidolu qayıdan Pirvəlinin astanadan keçən kimi canı çıxaydı!
Pirvəli nə gördü?

Pirvəli içəri girib gördü, stulu çəkib divara yaxın oturan arvad başını aşağı salıb, gözünü zilləyib telefonun monitoruna.

Bunu görən Pirvəlinin gözlərində şimşək çaxdı:

- Sən orda neynəyirsən? - boğuq səslə soruşdu.

- İnternetdəyəm, maraqlı bir şeyə baxıram.

Pirvəli büdrədi, az qaldı yıxılsın:

- Hardasan?

- İnternetdəyəm!

Pirvəli pencəyinin cibindən çıxarıb öz telefonuna diqqət kəsildi:

- Sənin ki xəttin yoxdur, internetə necə girdin?

- Qonşunun xəttinə bağlanmışam.

- Kimə bağlanmısan? – Pirvəli bir də büdrədi, ancaq özünü bu dəfə də tarazladı.

- Qonşuya.

Pirvəli udqundu, həmin an deməyə münasib söz tapa bilmədi. Arvad isə sözünə davam etdi:

- O gün qonşu öz vayfayının kodunu verdi, dedi, Pirvəlininki tükənəndə, mənimkinə qoşularsan...

- Vəfasız!!! Pirvəlininki tükənməyib! Tükənməz! – Söz Pirvəlinin ağzından vulkan kimi pusqurdu.
 
- Sən Pirvəli kimi kişinin telindən üzülüb bir gör hara bağlanırsan!? Sən mənim qədrimi bilmədin, papağımı yerə soxdun!

- Soxmadım... 

- Soxdun! Beş dəqiqə məndən üzülən kimi başqasına bağlandın, xain!

- Burda nə var ki?!

- Sənin ərinin halal-hümbət teli ola-ola, sən niyə bir başqasının xəttinə bağlanırsan!? Hələ bir arsız-arsız “burda nə var ki” deyirsən?! Naxələf!

- Mən...

- Kəs səsini! Səni eşitmək istəmirəm!

- Məə-mən...

- Belə çıxır ki, artıq o divardan çəkilməməlisən ki, səni ora bağlayan tel qırılmasın!...

- Niyə ki?! Sən artıq gəldin, indi yenidən sənin xəttinə bağlana bilərəm.

- Lazım deyil! Onun-bunun telinə bağlanan arvadın yenidən mənim telimə bağlanması lazım deyil! Get, hara bağlanmısan, ora bağlan, vəfasız!

- Bir daha bağlanmaram.

- Bir dəfəylə yüz dəfənin arasında heç bir fərq yoxdur! Sən artıq öz adını ləkələdin! Mənim sənə aldığım o telefonu murdarladın!... Mənə belə arvad lazım deyil! Bir başqasının intrenet xəttinə bağlanan qadın mənim arvadım ola bilməz!

- Bağışla.

- Xəyanət bağışlanmır! Mən bazara gedəndə bilməzdim bizi bir-birimizə bağlayan tel birdəfəlik qırılacaq... Get, get vəfasız, daha bizi bir-birimizə heç nə bağlamır!...

Pirvəlinin bu sözlərinin qarşısında qadın heç nə deyə bilmədi. Yerindən durub əvvəlcə qonşu mənzillə müştərək divardan, sonra Pirvəlidən, daha sonra isə Pirvəlinin yaşadığı evdən birdəfəlik uzaqlaşdı.

Beləcə Pirvəli sayca altıncı arvadını internet xəyanəti üstündə boşadı.

 

 

 





10.04.2020    çap et  çap et