525.Az

“Dəyərli elmi işlər sanki bulanıq sularda itib-batır...” - Zümrüd Dadaşzadə ilə müsahibə


 

“QARA QARAYEV DÜNYANIN MUSİQİDƏN MƏHRUM OLMASINI SƏSSİZ ZÜLMƏT, İNSANLIĞA ÜZ VERƏ BİLƏCƏK ƏN BÖYÜK QƏZA ADLANDIRIRDI”

“Dəyərli elmi işlər sanki bulanıq sularda itib-batır...” - <b style="color:red">Zümrüd Dadaşzadə ilə müsahibə </b>

Tanınmış musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə uzun müddətdən bəri mətbuatdan və efir məkanlarından uzaqdır.

Hər zaman öz tədqiqatları, musiqiyə dair maraqlı fikirləri ilə diqqət mərkəzində olan professorla pandemiya günlərində əlaqə saxlayıb yaradıcılığından, musiqinin insan həyatındakı rolundan, tələbələrindən və bir sıra digər mətləblərdən danışdıq:

- Zümrüd xanım, öncə ondan başlayaq ki, necəsiniz və bu günləri necə keçirirsiniz?

- Həyat tərzim, demək olar ki, dəyişməyib. Axı mən son illər ailə vəziyyətimlə bağlı əsasən kompüter arxasında çalışıram. Noutbuku da özümün ən vəfalı dostu hesab edirəm: hara gedirəmsə, onu - əlavə yük olsa da - özümlə aparıram. Odur ki, ovqatım yaxşıdır, işgüzar dalğaya köklənib. Çalışıram, vaxtımı səmərəli keçirim: mütaliə edirəm, yazı-pozu ilə məşğul oluram, bir çox musiqi əsərlərini keyfiyyətli ifada yenidən dinləməyə çalışıram. Bu günlərdə dünyanın məşhur opera teatrları və ən tanınmış ifaçılar, orkestrlər dinləyicilərini birbaşa translyasiyalarla sevindirir. Məsələn, nəhayət, Vaqnerin nəhəng “Nibelunqların üzüyü” tetralogiyasını 4 axşam ərzində Metropolitan Operanın təqdimatında dinləyə və seyr edə bildim: özü də dram tamaşaları ilə tanış olduğum şöhrətli kanadalı rejisssor Rober Lepajın quruluşunda! Bilirsiniz, illər ötür, yaşa dolduqca anlayıram ki, bu zamanacan əxz etdiyim, öyrəndiyim - bilmədiyim, bələd olmadığımla müqayisədə xeyli azdır, bəlkə də cüzidir. Musiqi aləmində mənə hələ bəlli olmayan o qədər gözəlliklər var! Bu günlər - musiqi terminologiyası ilə desək, “grand-pause” günləri - müəyyən mənada hətta mənə qəlb rahatlığı da gətirdi, nə qədər qəribə səslənsə də. Yəqin heç də təsadüfi deyil ki, bir çox müdriklər qəlbi sükutla pak etməyi məsləhət görürlər.

Bir də düşünürəm ki, belə məqamlar - pandemiya bəlası ilə üzləşmə insanları gərək səfərbər etsin. Xırda, ikinci dərəcəli nə varsa, ondan yaxa qurtarıb, daha böyük məqsədlər qarşıya qoyub, onlara doğru addım-addım irəliləmək gərəkdir. Əlbəttə, həyəcan var, amma təlaş və bədbinlikdən uzaq olmalıyıq. Eyni zamanda, saxta şadyanalıq, bəsit şərhlər, mənasız məsləhətlər, bir sözlə, qeyri-konstruktiv mövqe də məni, açığı, qıcıqlandırır...

- Müsahibələrinizdən birində demişdiniz ki, sənətinizə olan soyuq münasibət sizi təəccübləndirir. Özünü nə cür göstərir o soyuq münasibət?

- Bəli, təxminən 15 il öncə belə bir fikir səsləndirmişdim. Təəssüf, o zamandan vəziyyət yaxşılığa doğru dəyişməyib. Tədqiqlə, araşdırıcılıqla məşğul olan adamlara cəmiyyətdə mövcud münasibəti nəzərdə tuturam. Bu sənət sahibləri bir qayda olaraq yazıçının, bəstəkarın kölgəsində qalır. Sadə bir misal: hər hansı bir konsert keçirilərkən çox zaman musiqişünas sözünə ehtiyac duyulur. Özü də elə bəstəkarlar, ifaçılar bu təşəbbüslə çıxış edib, öz sənətlərini təqdim etmək üçün musiqişünasa üz tuturlar. Amma musiqişünasın adını afişada, konsert bukletlərində qeyd etməyi unudurlar. Özüm bununla dəfələrlə üzləşmişəm və doğrusu, son dərəcə xoşagəlməz duyğular yaşamışam.

Başqa bir neqativ hala da diqqət yetirmək istərdim: musiqişünas fikrinə dözümsüz münasibət. Olub, problemləri işarələyən kəskin çıxışdan sonra musiqi tənqidçisi təqib olunur, təzyiqə məruz qalır. Vaxtilə, 80-ci illərin ikinci yarısında Bəstəkarlar İttifaqının “Xaqani, 27” (İttifaq həmin ünvanda yerləşirdi) adlı verilişi ayda bir dəfə efirə çıxırdı. O verilişdə çağdaş musiqinin ən aktual məsələlərini müzakirə etməyə çalışır, gənclərimizin yaradıcılığına da tez-tez müraciət edirdik. Amma bu, yaşlı nəslin heç də xoşuna gəlmirdi. Nəticədə 1990-cı ildə İttifaqın “təşkilati” xarakter daşıyan VII qurultayının qərarı ilə həmin veriliş qapandı. Əvəzində isə məhz çağdaş yaradıcılıq prosesini əks etdirən başqa bir veriliş yaranmadı.

Mənim əsas tədqiqatım “fəlsəfi ümumiləşdirmələr” janrı - simfoniyaya həsr olunub. Burada mən XX əsrin 60-cı illərindən başlayaraq simfoniyanın “həyatında” baş verən ən önəmli hadisələr - silsilə yozumu, dramaturji həll baxımdan özünəməxsus nümunələrə üz tutmuşam, bəstəkarlarımızın “nəhəng simfonik eksperiment” adlandırılan prosesə töhfələrini sərgiləməyə çalışmışam. Aydındır ki, bütün simfoniyaları əhatə etmək belə tipli tədqiqatın məqsədi deyil: müəyyən təmayül göstərilir və həmin təmayülü daha bariz illüstrasiya edən əsərlərə diqqət yetirilir. Amma artıq neçə ildir ki, öz adını həmin tədqiqatda oxumayan “məhsuldar”, şəxsən mənim elmi konsepsiyama aidiyyəti olmayan əsərlər müəllifi - ağsaqqal bəstəkarlarımızdan birinin narazılığı, demək olar ki, səngimək bilmir. Bu, yolverilməzdir. Musiqişünas kiminsə diktəsi altında tədqiqat işi aparmamalıdır. Dediklərimdə yeni bir şey yoxdur. Hələ ötən əsrin ortalarında “tənqidimizin vicdanı” (ifadə Səməd Vurğunundur) kimi tanınan babam Məmməd Arif (ümidvaram, məni qeyri-təvazökarlıqda günahlandırmayacaqsınız) bu mövzuya dair fikirlərini bölüşüb yazırdı: “Məncə, yazıçı ilə tənqidçi arasındakı ziddiyyət əsas etibarilə iki səbəbdən ola bilər: birinci, haqsız və vicdansız tənqiddən, ikinci də tənqidi qəbul etmək mədəniyyətinin azlığından. Yəni əslinə baxsan, bu səbəblərin də hər ikisi mədəniyyətin azlığından (vurğulama mənimdir - Z.D.) irəli gəlir. Biz tənqidçilərimizi vicdanlı, prinsipial və cəsarətli olmağa çağırarkən, yazıçıları da doğru və haqlı tənqidə dözümlü olmağa, tənqidçinin faydalı göstərişlərini qəbul etmək vərdişini mənimsəməyə çağırmalıyıq”.

Şübhəsiz, musiqi tənqidçisi sanballı bir fiqur olmalı, onun tənqid etməyə haqqı çatmalıdır. Yadımdadır, Moskvada yaşadığım illərdə mən Bəstəkarlar İttifaqı nəzdində mövcud Müasir Musiqi Assosiasiyasının iclaslarına - həmkarım Rauf Fərhadovun dəvəti ilə - daim baş çəkirdim. Orda ən yeni əsərlər dinlənilir və sonra coşqun müzakirə olunurdu. Bir dəfə biz tanınmış bir bəstəkarın konseptual əsərini kəskin tənqid atəşinə tutduq. Müzakirənin müəyyən məqamında, adətən daxili müvazinətini itirməyən, Fərəc Qarayev qəfildən müdaxilə etdi: “Siz səhərdən bu əsəri tənqid edirsiniz, daha sağ yer qalmadı... Amma,elə bilirsiniz, asandır bu və ya digər ideyanı ərsəyə gətirmək? Bunun arxasında gərgin axtarışlar, zəhmət durur axı...” Fərəc müəllimin bu çıxışı mənə bir dərs oldu. Musiqi haqqında yazan, fikir söyləyən adamın dünyagörüşü geniş olmalı və o, fikirlərini əsaslandırmağı bacarmalıdır. Sənətdə dürüst mövqe tutmalı, vəzifəsindən, yaşından asılı olmayaraq - bu və ya digər müəllifi, onun əsərini qiymətləndirərkən ancaq ali peşəkarlıq prinsiplərini əsas götürməlidir. Olur, belə bir halla da rastlaşırıq: ad-sana malik sənətkarları tənqid etməkdən ehtiyat edib, öyüd-nəsihət hədəfi kimi gəncləri seçirlər. Yeri gəlmişkən, mən o Moskva toplantılarımız üçün çox zaman darıxıram. Orda ən gərgin müzakirələr, atışmalar Bəstəkarlar Evinin xudmani kafesində oturub danışmaqla bitirdi: bayaqdan barışmaz opponent olanlar “dinc şəraitdə” günün əsas məsələlərini dostyana müzakirə edirdilər. Özümün də püxtələşməyimdə belə toplantıların rolu çox böyük olub. 80-ci illərin ortalarında Azərbaycan Bəstəkarlar İttifaqında çalışmağa başlayanda təşkilatın rəhbəri Aqşin Əlizadə bizi məhz prinsipial mövqe tutmağa səsləyirdi. O zaman İttifaqın gənclərdən ibarət birliyi bəstəkar, ali peşəkar, vicdanlı insan Afaq Cəfərovanın başçılığı altında çox səmərəli çalışırdı. Bizim - gənc musiqişünasların cəsarətini hətta mərhum bəstəkar Giya Kançeli də Tiflisdə, Zaqafqaziya gənc bəstəkarlarının festivalında (1986) dəyərləndirərək, Afaq xanıma yarızarafat-yarıciddi demişdi: “Bəstəkarlarınız yaxşıdır, amma musiqişünaslarınız necə də qorxmazdır - “dişləri itidir...”

Çox istərdim ki, bizdə musiqi həyatına, çağdaş musiqi yaradıcılığına dair tənqidi icmallar gerçəkləşdirilsin, problemlər ört-basdır edilməsin: yalnız bu halda bir çox bəlalardan yaxa qurtarmaq mümkündür. Məncə, bizim mətbuat da belə yazılara maraq göstərməli, öz səhifələrində yer ayırmalı, istedadlı müəlliflərlə müntəzəm əməkdaşlıq etməlidir. Özü də həmin müəlliflərin zəhmət hesabına ərsəyə gətirdiyi yazılar, əlbəttə, müvafiq surətdə (qonorarı nəzərdə tuturam) dəyərləndirilməlidir. Yoxsa bizim musiqi təhsil ocaqlarını bitirənlər - musiqi tənqidi fənnini keçsə də, “musiqi tənqidçisi” kvalifikasiyasını alsa da - tənqid, publisistika sahəsində tam fəaliyyətsizlik sərgiləyirlər. Musiqi savadı olmayan jurnalistlərin konsert və opera tamaşaları haqda yazıları isə çox əfsus, qeyri-peşəkar xarakter daşıyır.

- Tanınmış ailənin qızısınız. Sənət seçimində, sonralar həyatınızda ailənizin, atanızın, soyadınızın təsirlərini hiss etmisinizmi?

- Şübhəsiz.Atam yeddi il musiqi məktəbində təhsil alıb. O zaman - 40-cı illərdə ziyalılar öz övladlarını musiqi məktəbinə verirdilər. Bu, Üzeyir bəyin və onun məsləkdaşı -  musiqi təhsilimizin təməl daşını qoyanlardan biri - Kövkəb xanım Səfərəliyevanın təşəbbüsü idi. Mən müəllimim - qadınlar arasında ilk bəstəkarlardan olan Ədilə Hüseynzadə haqqında kitab yazarkən, 30-40-cı illərin arxiv sənədlərini nəzərdən keçirdim. O zaman konservatoriyada təhsil alanlar arasında azərbaycanlı çox az idi... Ədəbiyyat tarixçisi, tənqidçi Məmməd Arif və qadınlarımız arasında ilk pedaqoji elmlər namizədi Zümrüd Axundovanın ailəsində dünyaya göz açmış, ailənin yeganə övladı olan atamı - Araz Dadaşzadəni də Kövkəb xanımın tövsiyəsi ilə Konservatoriya nəzdində musiqi məktəbinə (hazırda Bülbül adına orta ixtisas musiqi məktəbi) verirlər. Atam sonra həyatını ədəbiyyatla bağlasa da, musiqiyə sevgisini sonacan qoruyub saxladı. Evimizdə daim üslubca müxtəlif musiqi səslənərdi, o cümlədən, atamın yaxın bəstəkar dostları Emin Sabitoğlu və Xəyyam Mirzəzadənin ən yeni əsərləri. Evimizdəki kitabxana ilə yanaşı, musiqi valları kolleksiyamız da daim yeni nümunələrlə zənginləşərdi. Həm də altmışıncı illər mühitini qeyd etmək istərdim. Əlamətdar dövr idi: siyasi iqlimin mülayimləşdiyi dövr, rejissor Elem Klimov demişkən, 12 ayı da bahar ətirli illər. Azərbaycan musiqisinin uğurları da o zaman xüsusilə seçilirdi. Qara Qarayev yenilikçi ruhlu Üçüncü simfoniyasını və Violin konsertini yaradıb, musiqiyə yeni nəfəs gətirdi. Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Məmməd Quliyev kimi bir-birindən fərqli bəstəkarlar sənət aləminə gəldi. Azərbaycan ifaçıları beynəlxalq arenada qələbə qazanmağa başladı: Fərhad Bədəlbəylinin Lissabonda Viana da Motta adına Beynəlxalq müsabiqədə zəfərini xatırlayıram. Musiqi həyatı polifonik əsərdə olduğu kimi ən müxtəlif musiqi şaxələrini ehtiva edirdi: muğam, akademik musiqi, estrada mahnıları, caz bir-birini üzvi şəkildə tamamlayırdı. Odur ki, yenə də hamı - bütün valideynlər uşaqlarına musiqi təhsili verməyə can atırdılar. Səciyyəvi ştrix: Bakıda az qala bütün evlərdə piano var idi. Əvvəl-əvvəl təhsilimə pianoçu kimi başlasam da, sonra tədricən musiqi nəzəriyyəsinə və tarixinə marağım üstünlük təşkil etməyə başladı: mütaliəni, əsərləri təhlil etməyi, “harmoniya” fənni üzrə mürəkkəb məsələləri həll etməyi sevirdim. Burada da ailə ənənəsi özünü göstərdi. Anam, ixtisasca bioloq olan, Füzulinin elmi görüşlərinə dair dissertasiya müdafiə etmiş Aida xanımın dəstəyi nəticəsində - musiqi məktəbində oxuyanların valideyn dəstəyinə ehtiyacı xüsusən vacibdir - təhsilimi qızıl medalla bitirdim. Soyadım isə... əlbəttə, məsuliyyətdir. Xoşbəxtəm ki, saf arzularla yaşayan insanların əhatəsində boya-başa çatmışam. O adamların ki, alim missiyasını təkcə tədqiqat işi aparmaqla məhdudlaşdırmırdılar, “xalqa xidmət yollarını” (gənc Məmməd Arifin ifadəsidir) axtarırdılar. Fəal vətəndaş mövqeyi, təəssübkeşlik, konkret əməllərlə cəmiyyətə xidmət etmək onların şəxsiyyət kimi səciyyəvi xüsusiyyəti idi. Mən də “Əməl Adamı” olmağa səy göstərirəm, əlbəttə, bacardığım qədər.

- Bu günlərdə sosial şəbəkədəki paylaşımınızın birində məqalənizdəki fikirlərdən istinadsız istifadə ilə bağlı narazılığınızı oxudum. Belə hallarla tez-tezmi qarşılaşırsınız?

- Təəssüf, vaxtaşırı belə çirkin - başqa bir söz tapa bilmirəm - hallarla mən də, dəyərli həmkarlarım da rastlaşırıq. Bu, olduqca ağrılı bir mövzudur. “Köçürmələr” daim olub, amma indi, internet dövründə bunu gerçəkləşdirmək daha asandır. Bir dəfə sevimli alimimiz, professor Aida Tağızadənin “XX əsr Azərbaycan musiqisi” kitabına yazdığım rəy kiçik ixtisarlarla - amma bir söz belə dəyişdirilmədən - saytlardan birində özgə ad altında çap olunmuşdu. Və ya filarmoniyada iki il öncə baş tutan konsertdə - o zaman Qara Qarayev və onun məktəbinin iki görkəmli təmsilçisi Xəyyam Mirzəzadə və Arif Məlikovun əsərləri ifa olunurdu - “imzasız” annotasiyanı açıb öz cümlələrimi oxuyanda, doğrusu, çox təəccübləndim. Yaxınlarda Arif Məlikovun ənənəvi simfoniyadan xeyli fərqli quruluşa malik Səkkizinci simfoniyasının konsepsiyasına dair özümün, tam müstəqil olaraq (bəstəkarla məsləhətləşməmişdim) gəldiyim qənaətləri bir alimin (özü də tanınmış!) - məqaləsində görüb, dəhşətə gəldim. Bilirsiniz, yazdıqlarım mənə asan başa gəlmir. Az qala hər bir cümləni təkrar-təkrar cilalayıram, fikri obrazlı və dəqiq ifadə etmək üçün axtarışlar aparıram, bir növ, “söz ovuna” çıxıram: odur, mətn yaddaşıma həkk olunur və onu dərhal tanıyıram.

Burada bir cəhəti xüsusi vurğulamaq lazımdır. Əlbəttə, belə yollara əl atan “yazarların” nadürüstlüyü aydın məsələdir: çarəsi də Müəllif Hüquqları Agentliyinə müraciət etməkdir. Amma məncə, bu hallara elmi ictimaiyyət də göz yummamalıdır: bax bu, həmkar laqeydliyi, həqiqətən, təşviş doğuran təhlükəli hadisədir. Köçürmə, plagiat ictimai qınaq obyekti olmayınca, vəziyyət daha da pisləşəcək: özgə fikirlərə sahib çıxmaq istəyənlərin və bunun əslində, böyük bir qəbahət, əxlaqsızlıq olduğunu anlamayanların sayı artacaq. Həmin “natəmiz” yolun yolçuları arasında gənclərimiz, təəssüf, öz tələbələrim də var. Odur ki, ictimai qınaq çox vacibdir: həmkarlarım isə susmağa üstünlük verir və hətta məni bəzi açıq bəyanatlardan çəkindirməyə çalışırlar. Öz haqqını müdafiə edənləri günahkar çıxarmaq cəhdləri də var. Yaxınlarda Kazan konservatoriyasının təklifi ilə orda nəşr olunan elmi jurnal (AAK siyahısındadır) üçün məqalə hazırlamışdım: redaktorla yazışmam 2-3 ay davam etdi. Əsas diqqəti onlar elə biblioqrafiyanın tərtib olunmasına yönəltmişdilər. Hətta bir bəstəkarla apardığım müsahibənin dəqiq tarixini göstərməyi tələb etdilər. Bax belə bir ciddi iş aparıldı və nəticədə son dərəcə səliqəli - bütün qaydalara uyğun yerinə yetirilmiş material ərsəyə gəldi. Sonda mən hətta zarafat edib Kazandakı həmkarlarıma dedim ki, sizi Bakıya ezam etmək lazımdır: gəlib burda “dırnaqsız sitatlar” həvəskarlarına dərs keçəsiniz.

- Sosial izolyasiya günlərində sənətçilərimiz Nazirliyin dəstəyi ilə evdən canlı konsertlər verir, ifalar səsləndirirlər. Buna münasibətiniz necədir?

- Mən bunu ancaq dəstəkləyir və alqışlayıram. Ümumiyyətlə, bu günlərdə sənət dostlarım, keçmiş tələbələrim - indi isə tanınmış musiqiçi və müəllimlər - fəallıq və əsl yaradıcılıq sərgiləyirlər! Mən deyərdim ki, yaranmış gərgin vəziyyət onları yeni, maraqlı təqdimat formaları axtarışlarına sövq edib. Musiqi tarixinə dair onlayn dərsləri özüm də həvəslə izləyirəm. Zənnimcə, bu cür dərslərin - müxtəlif videomühazirələrin, prezentasiyaların sayı getdikcə artacaq. Sirr deyil ki, gənclər informasiyanı internetdən alırlar: odur, bu tipli resurslara böyük ehtiyac var. Burada mən “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədovun təşəbbüslərini də xatırlamağı lazım bilirəm. Hələ 20 il əvvəl Tariyel müəllim uzaqgörənliklə elektron kitabxana layihəsini gerçəkləşdirməyə başlamışdı. Həmin kitabxanada mənim də Qara Qarayev haqqında mühazirəm - bir neçə dildə - yer almışdı. Bu yöndə hələ çox işlər görmək olar və onların icrası davam etməkdədir.

- Sizcə, bu gərgin günlərdə insanlara musiqi lazımdırmı?

- Bir dəfə Qara Qarayev belə bir ürəksıxıcı “mənzərə” təqdim etmişdi: təsəvvür edin ki, dünya səssizləşib, musiqi sədalarından məhrum olub. Həyat nə qədər maraqsız və sönük olar! Qara Qarayev bu “səssiz zülmət”i insanlığa üz verə biləcək “ən böyük qəza” adlandırırdı.

Öz təcrübəmə əsasən deyə bilərəm: həyatımın ən ağır günlərində məhz musiqidə təskinlik tapmışam. Bu da musiqinin əsasını təşkil edən səslərin böyük təsiredici qüvvəsi ilə bağlıdır. Ancaq burda bir başqa məsələ də ortalığa çıxır. Səslərlə davranarkən ehtiyatlı olmaq lazımdır. Müəyyən səs kombinasiyalarının, “inadkar” ritmlərin təcavüz xarakterli müdaxilələri heç də təhlükəsiz deyil. Səs mühitinin ekoloji təmizliyini mühafizə etmək də zəruridir.

- Bir musiqişünas kimi yazmaq, araşdırmaq istədiyiniz, amma hələ də imkan tapmadığınız mövzular varmı?

- Bilirsiniz, zövq məhdudiyyəti mənə yaddır. İstənilən janra, üsluba, növə aid musiqi diqqətimi cəlb edir və təhlil aparmaq həvəsi oyadır. Vaxtilə çağdaş musiqi məni çox məftun etdi. Bakıda 80-ci illərin ikinci yarısında “Qara Qarayev - XX əsr musiqisi” festivallarında onlarla yeni - avanqard yönlü əsərlərlə tanış olurduq. Onlardan bir hissəsi keçmiş sovet məkanında ilk dəfə məhz Bakıda səslənirdi. Bəstəkarlar İttifaqında işləməyə başladığım illərdə də daim yeni musiqinin episentrində idim. Stravinskinin “Müasir musiqi uzun dövr ərzində yaranan musiqinin ən maraqlısıdır, bu gün isə musiqi tarixinin ən cazibədar günüdür” fikri məni həyəcanlandırır və axtarış aparmağa sövq edirdi. Amma eyni zamanda, heyfsilənirəm ki, vaxtında zəngin ənənəvi irsimizə üz tutmadım. Orda hələ o qədər tədqiq olunmamış məsələlər var! Bu əsnada 80-ci illərdə Bəstəkarlar İttifaqında baş tutan bir əlamətdar görüş - nüfuzlu etnomusiqişünas İzali Zemtsovski ilə ünsiyyətim yadıma düşür. O zaman Zemtsovskiyə aşıq musiqisi zəminində yaranan bir çox bəstəkar əsərləri təqdim edildi. Həssas musiqi duyumuna malik, Azərbaycan musiqisinin vurğunu olan Zemtsovski onları çox böyük diqqət və maraqla dinlədi. Sonda görüşdə iştirak edən mərhum aşıq Aydın Çobanoğlu əlinə saz alıb el havalarını səsləndirdi. Bu məqamda qonağımız kövrəldi: “Dinlədiyim bəstəkar yaratmaları da, sözsüz, ali bədii məziyyətlərə malikdir, amma canlı saz ifasını, autentik - qatqısız - aşıq musiqisini heç nə əvəz edə bilməz!” Əlbəttə, ümumiləşdirmək istəməzdim, çünki bəstəkar əsərlərinin də mənə sarsıdıcı təsir bağışladığı anları xatırlayıram. Elə üç il öncə IX Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalının bağlanışında Fuad İbrahimovun idarəsilə Münxen simfonik orkestrinin təfsirində “Koroğlu” operasından uvertüranı eşitdiyim zaman yaşadığım emosiyaları heç zaman unutmayacağam. Burada Qara Qarayevin bir vaxt  “Koroğlu” operasının premyerası ilə bağlı qələmə aldığı təəssüratlar necə də səciyyəvidir: “Bu, təkcə furor, böyük uğur, parlaq premyera deyildi. Bu, tamam başqa bir şeydi: sevinc, həyəcan, göz yaşları... Hər bir tamaşaçı, hətta ən cahili belə, anlayırdı ki, tale onu xalqının tarixində təkrarolunmaz hadisənin şahidi etmişdi”. Bax, mən də elə bir hadisənin şahidi olmaq istəyirəm: “bədii kəşflər” - yeni səslənmələr, yeni sarsıdıcı musiqi ideyaları sorağındayam. Bəzən rastıma çıxır... və o zaman əsl xoşbəxtlik hissi yaşayıram.

- Musiqişünaslıq bayaqdan danışdığımız kimi, zəngin araşdırma, geniş tədqiqat tələb edir. Gənclər arasında, tələbələrinizdən bu sahədə ümidvericilər varmı?

- Araşdırıcılıq işi üçün xüsusi istedad gərəkdir: analitik düşüncə tərzi, məntiq, fikirləri inandırıcı - qabarıq və obrazlı ifadə etmək bacarığı. Biz bu gün nə müşahidə edirik? Elmi dərəcə sahiblərinin sayı durmadan - yağışdan sonra göbələk kimi - artır. Hamı dissertasiya müdafiə edib, elmi dərəcə, elmi ad almaq həvəsindədir. Axı mən, deyək, ifaçı kimi çıxış etməyə can atmıram. Bir dəfə pianoçu Ülviyyə Hacıbəyova yaxşı demişdi: Mən sənin kimi yazmağı, sən isə mənim kimi piano çalmağı bacarmırsan. Başqa sözlə, hamı öz işi ilə məşğul olmalıdır. Anlayıram ki, ali təhsil ocaqlarında irəli getmək üçün elmi dərəcə tələb olunur. Amma burada nə isə bir islahata ehtiyac var. Kəmiyyətin artması əsla keyfiyyətin yaxşılaşmasına gətirib çıxarmır. Əksinə, dəyərli elmi işlər sanki bulanıq sularda itib-batır, ali meyarlar unudulur. Qeyri-peşəkarlıq ayaq tutub yeriyir.

Gənc nəsillə işləməyi sevirəm: bütün bildiklərimi tələbələrimlə bölüşməyə səy göstərirəm. Çalışqan, dünyagörüşünü genişləndirmək həvəsində olan gənclərə - qoy lap bilik səviyyəsində problemlər olsun - həmişə kömək etməyə hazıram. Təəssüflə deməliyəm ki, sənətimizdə təsadüfi adamlar az deyil. Onlar musiqiçi kimi təhsil alsalar da, əslində, öz sənətlərini sevmirlər. Olur, dərs zamanı dünya musiqi ədəbiyyatı xəzinəsindən nümunələrə qulaq asırıq: dinləyiş əsnasında heyrət hissi yaranmırsa, gözlər alışıb yanmırsa, bu tələbələr mənim üçün “məhv olur”. Amma narahatlıq doğuran odur ki, onların çoxu sonra musiqi məktəblərində işləyəcək: musiqini sevməyən müəllim şagirdlərə nə verə bilər?! Yadımdadır, biz tələbə olanda necə çətinliklə informasiya əldə edirdik. XX əsr musiqisinin klassiklərinin əsərlərini eşitmək isə qeyri-mümkün idi. İndi imkanlar o qədərdir ki! İstənilən əsərə qulaq asmaq, çeşidli ədəbiyyatla işləmək mümkündür. Xarici dilləri də bilmək vacibdir - zamanı duymaq üçün, zamanın təmayüllərinə cavab vermək üçün. Bir də gənclərimiz peşəkar olub daha çevik, daha cəsarətli hərəkət etməlidirlər. Məsələn, virtual məkanda Azərbaycana qarşı əsl müharibə gedir: sənət abidələrimizə, məşhur sənətçilərimizə qarşı qarayaxma, böhtan kampaniyası vüsət alıb. Bu müharibəyə qoşularkən yaxşı hazırlığa malik olmaq gərəkdir. Tək vətənpərvərliklə iş bitmir. Elə özüm yaxınlarda qərəzli bir bloggerin - özünü opera sənəti barədə “ancaq və ancaq həqiqəti bəyan edən bir mütəxəssis” elan etmiş, kifayət qədər tamaşaçısı olan bir kəsin mühazirəsinə getdim və salonda onun azarkeşlərinin əksəriyyət təşkil edib, mənim suallarımdan narazı olmasına baxmayaraq, onun iftira xarakterli çıxışlarına iradlarımı bildirdim. Bəziləri mənim bu addımımı “donkixotçuluq, yel dəyirmanları ilə mübarizə” kimi dəyərləndirdi. Bəlkə də haqlıdırlar... Amma düşünürəm ki, belə görüşlərdən qaçmaq düzgün deyil. “Nəyinə lazımdır?”mövqeyində duranlar mənə tam yabançıdırlar.

Eyni zamanda, əlbəttə, parlaq istedada malik musiqiçilərimiz də müntəzəm öz uğurları ilə sevindirirlər. Beynəlxalq müsabiqələrdə çıxış edib Azərbaycanı təmsil edənlər haqqında mən həmişə sevinclə danışıb yazıram. Məsələn, iki il ardıcıl münsiflər heyətinin üzvü olduğum “Riga Symphony” müsabiqəsində gənc vokalçılarımızın gözəl çıxışları məni xeyli məmnun etdi. Arzu edərdim ki, gənclərimizin səs-sorağı ən mötəbər festival və müsabiqələrdən gəlsin.

- Sənətinizlə bağlı planlarınız nələrdir?

- Əvvəla “Müasir Azərbaycan musiqisi dünya mədəniyyətinin əsas təmayülləri kontekstində” tədqiqatımı, nəhayət, tamamlamalıyam. Amma mən axı heç vaxt sırf elmi araşdırmalarla məşğul olan alim olmamışam. Musiqi esseistikasına, publisistikasına da marağım böyükdür. Burada və indi - nə baş verirsə, ona münasibət bildirməyə çalışmışam. Sağ olsun, “525-ci qəzet” də həmişə mənim o yazılarımı “isti-isti” çap edib. Yəqin məqalələr toplumu da nəşr etdirməliyəm. Öncə 2004-cü ildə belə bir toplu “Biz də dünyanın bir hissəsiyik...” başlığı altında işıq üzü gördü. O zamandan xeyli vaxt ötüb və yeni yazılar ərsəyə gəlib. Dostlar məndən bir kitab da gözləyirlər: musiqi, sənətlə bağlı düşüncələrimi - zəngin təəssüratlarıma əsaslanaraq - yazıb təqdim etmək. Ümumiyyətlə, öz imkanlarımı dəqiq müəyyənləşdirməyi bacarıram. Yadımdadır, dissertasiyamda öz ünvanıma yazdığım tənqidi fikirləri oxuyan elmi rəhbərim Zemfira Səfərova müvafiq səhifədə belə bir qeyd yazmışdı: “Özünütənqid yaxşı şeydir, amma burada və belə bir formada yox!”

İndi isə əsas məsələ yaranmış vəziyyətə uyğun yaşayıb, səhhəti - özümüzün və ətrafdakıların - qorumaq, imkan daxilində bir-birimizə dayaq və yardımçı olmaqdır. Mərhəmət, sevgi, qayğı sərgiləməkdir. Çox istərdim ki, insanlar qlobal təhlükə ilə üzləşib, bu sınaqdan ləyaqətlə çıxıb, daha vacib məsələlər haqqında düşünsünlər. Vacib olan nədir? Gündəlik həyatda dürüst olmaq, yaxşı müəllim, yaxşı həkim - yaxşı mütəxəssis olmaq! Öz işini şərəflə görmək! Böyüklərimizin vəsiyyətlərini də unutmamaq, Qarayevin təbirincə, “həqiqət naminə vuruşmaq”, yəni daim təkmilləşmək, irəliyə doğru hərəkət etmək! “Gəlimli-gedimli, son ucu ölümlü” dünyada əbədi mətləblər haqqında düşünmək!

Şahanə MÜŞFİQ

 





11.04.2020    çap et  çap et