525.Az

İsveçdə yaşayan həmyerlimiz: “Məni Azərbaycandakı vəziyyət daha çox maraqlandırır”


 

İsveçdə yaşayan həmyerlimiz: “Məni Azərbaycandakı vəziyyət daha çox maraqlandırır” <b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aprelin 9-a olan məlumatına görə, dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 1,5 milyonu ötüb. 100 minə yaxın insan virusun qurbanı olub.

Dünyanı cənginə alan pandemiya ilə mübarizədə çətin duruma düşmüş ölkələr arasında Avropa dövlətləri çoxluq təşkil edir. Əksər dövlətlər karantin rejimi tətbiq etməklə virusla mübarizə aparır. Amma elə ölkələr var ki, sanki vəziyyəti ciddiyə almır, sərt qərarlardan qaçırlar. Belə ölkələrdən biri də yaşayış səviyyəsinə görə dünyada ilk 3-lükdə yer alan İsveçdir.

Skandinaviya yarımadasının “sakin”i koronavirusa yoluxma sayına görə ilk 20-likdə yer alıb. Bu gün İsveçdə 10 min civarında insan virus daşıyıcısıdır. Ölüm faktına görə isə İsveç 14-cü yerdədir. Rəqəmlərin artacağı heç kimdə şübhə yaratmır. Elə isveçlilərin özündə də. Vəziyyətin ciddiliyinə baxmayaraq, İsveç hökuməti hələ də radikal addımlar atmaq fikrində deyil. Yalnız müəyyən tədbirlər görməklə kifayətlənir.

Bu gün İsveçdə xeyli azərbaycanlı işləyir, yaşayır. Onlardan biri də həmyerlimiz Valeh Qafarovdur. Valeh veteran futbolçudur. Müstəqillik dövründə “Neftçi”, MOİK, “Fərid” komandalarının futbolçusu olub. 2003-cü ildə İsveçə köçüb. Qısa müddət orada “Nordmarks”ın şərəfini qoruduqdan sonra karyerasını bitirib. Erebruda yaşayan Valeh hazırda bu şəhərin eyniadlı təmsilçisinin futbol akademiyasında məşqçi işləyir. Həmçinin, tikinti şirkətlərinin birində çalışır. Onunla əlaqə saxlayıb şimal ölkəsindəki vəziyyətlə, orada yaşayan azərbaycanlılarla maraqlandıq.

- Erebru elə də böyük şəhər deyil. 120-130 min əhalisi var. Buna baxmayaraq, İsveçin həm istehsalat, həm də turizm baxımından strateji əhəmiyyətli şəhərlərindəndir. Pandemiyanın əksər ölkələrdə həyatı iflic etməsinə rəğmən, İsveçdə, o cümlədən, Erebruda həyat öz axarı ilə davam edir. Doğrudur, İsveçdə də koronavirus infeksiyasına yoluxanlar az deyil. Üstəlik, risk zonasında olanların, yəni yaşlı insanlarında sayı çoxdur. Amma bir çox dövlətlərdən fərqli olaraq İsveç hökuməti virusla mübarizədə fərqli mövqe tutur. Daha dəqiqi, karantin, hansısa qadağalar tətbiq olunmayıb. Bu gün İsveçdə əksər müəssisələr fəaliyyət göstərir, məktəblər, uşaq bağçaları, ictimai iaşə obyektləri açıqdır. Yalnız müəyyən sahələrin fəaliyyətində durğunluq var. Ölkəyə turist axını olmadığından otellərin çoxu boş qalıb, aviareyslər təxirə salınıb. Maraqlı bir məqamı da qeyd edim ki, İsveç hökuməti sərhədlərini bağlamayıb. Sadəcə qonşu dövlətlər bizimlə sərhədi qapayıblar.

- Dünənə olan məlumata görə, İsveçdə koronavirusa yoluxanların sayı 10 minə çatıb. Ölənlərlə də bağlı rəqəmlər ürəkaçan deyil. Erebruda vəziyyət necədir?

- Erebruda yoluxma hələ ki, azdır. Heç 50 nəfər yoxdur. Ölüm faktı isə qeydə alınmayıb. Üstəlik, İsveçdə karantində saxlanılanlar da yoxdur. Bu da ondan irəli gəlir ki, isveçlilər qayda-qanuna riayət etməyi bacarırlar. Bu mənada, hətta almanlardan geri qalmırlar. Adi bir misal çəkim. Bir neçə gün əvvəl hökumət xalqa müəyyən tövsiyələr etdi - növbədə 1 metr məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmayanda bayıra çıxmamağı və s. İnanın ki, ertəsi gün hamı bir nəfər kimi həmin tövsiyələrə əməl etməyə başladı. Mağazalarda, kafe-restoranlarda insanlar müəyyən olunmuş məsafəni saxlamağa başladılar. Erebruda bir nəfər belə qoyulan qaydaları pozmur. Sabah karantin rejimi tətbiq olunsa, hamı yenə də bir nəfər kimi bayıra çıxmayacaq. Ümumiyyətlə, pandemiya dövürndə əhalinin necə davranması ilə bağlı hər gün televiziyada çıxışlar olur, qəzetlərdə bu barədə yazılar dərc olunur və hamı da deyilənlərə riayət edir. Daha yox yaşlı nəslin nümayəndələrinin bayıra az çıxmaları məsləhət olunur. Yaşlı insanlar İsveçdə çoxdur. Onlara da daha çox yaxınları, qonşuları kömək olurlar. Qonşum var, yaşı 90-ı haqlayıb. Hər gün mənə siyahı verir ki, bunları almaq lazımdır. O da yaşına görə deyil, əlini sındırdığına görə evdə qalıb. Əlbəttə, bir müsəlman olaraq insanlara kömək etməyə hazırıq və edirik də. Təkcə mən yox, hamı bir-birinə kömək edir.

- İsveçdə Pasxa bayramı xüsusi qeyd edilir. Bu dəfə necə, əvvəlki illər kimi təmtəraqlı oldu?

- Deməzdim. Pasxa bayramında İsveçdə qeyri-iş günləri olur. İnsanların bir hissəsi digər şəhərlərə qohumlarına, yaxınlarına baş çəkməyə gedirlər. Bayramdan bir neçə gün əvvəl səhiyyə naziri xalqa müraciət etdi ki, bu il bacardıqca yaşadığınız ərazini tərk etməyin. Hamı bu müraciəti anlayışla qarşıladı. Əksəriyyət bayramı evində ailəsi ilə keçirir.

- Valeh, ailən də İsveçdədir. Uşaqlara görə, narahat deyilsən ki, birdən...

- Qətiyyən. Doğrudur, martın axırlarında bir qədər çəkindim və uşaqları 3-4 günlüyü məktəbə göndərmədik. İnanırsan, məktəbdən zəng edib maraqlandılar və uşaqların dərsə qoşulmalarını tələb etdilər. Düzdür, ali təhsil müəssisələrinə, universitetlərdə, kolleclərdə dərslərin dayandırıldığını deməliyəm. Bu, orta məktəblərə, uşaq bağçalarına aid deyil. Burada təhsilə xüsusi önəm verirlər. Xüsusilə də kiçik yaşlı uşaqların dərsdən qalmalarına yaxşı baxmırlar. Bunu bir tərəfdən uşaqların pis vərdişlərə aludə olmamaları üçün edirlər. Pis vərdiş deyəndə uşaqlar evdə qalanda sosial şəbəkələrdən, internetdən daha çox istifadə edirlər. valideynlərə məsləhət görülür ki, əgər uşaqlar özlərini bir balaca pis hiss etsələr, bu barədə məktəbə məlumat verməklə uşaqları evdə saxlaya bilərlər. Digər tərəfdən, İsveç hökumətinin fikrincə, məktəblər bağlansa, uşaqlar evdə qalacaq, bu da valideynlərin işə çıxmamasına səbəb olacaq.  Bir faktı da qeyd edim, hökumət insanların işlə bağlı verdiyi qərara hörmətlə yanaşır. Belə ki, səhhətində hansısa problem hiss edən kəs iş yerinə məlumat verməklə evdə qala bilər və buna görə kimsə cəzalandırılmır. Maraqlıdır ki, İsveçdə mövcud durumdan istifadə, yəni özünü yalandan xəstə kimi qələmə verib işdən, məktəbdən qalma halları yox dərəcəsindədir. Bu da isveçlilərin qayda-qanunlara həssas yanaşmalarından, mentalitetdən irəli gəlir.

- İsveçdə karantin rejimi tətbiq olunsa, insanların buna reaksiyası necə olacaq?

- Karantin rejiminin tətbiqinə inanmıram. Koronavirusun Avropanı bürüdüyü bir vaxtda baş nazir çıxış etdi ki, bu dövrü işləyərək keçirməliyik. Əks təqdirdə dövlət iqtisadi cəhətdən xeyli ziyana düşəcək. Avropanın çox ölkələrində olmuşam. Amma isveçlilər kimi qanunsevər ikinci millət görməmişəm. Qoyulan bütün qaydalara riayət edirlər. Sabah qərar çıxsa ki, karantindi, bayıra çıxmaq olmaz, hamı bir nəfər kimi buna əməl edəcək. Çox soyuqqanlıdırlar, panikaya düşmürlər. Doğrudur, indiki durumda karantin rejiminin tətbiqinin tərəfdarı olanlar da var. Amma əksəriyyət dövlətin verdiyi qərarlara hörmətlə yanaşar.

- Bu gün mövcud durumla əlaqədar İsveçdə işsiz qalan, köməyə ehtiyacı olan insanlar az deyil. Belələrinə hökumət hansı yardımlar, güzəştlər edir?

- Pandemiya ilə əlaqədar İsveçdə bəzi sahələr fəaliyyətlərini dayandırmalı oldu. Hətta “Volvo”, “Skania” kimi avtomobil istehsalçıları fəaliyyətlərinə ara verdilər. Bu da orada işləyən insanların işsiz qalmasına səbəb oldu. İsveçdə belə qanun var. İşləyən hər kəs aylıq məvacibindən bir hissəni “A-kassa” deyilən fonda köçürür. Bu, nə üçündür? Məsələn, mənim hər ay maaşımdan 20 avro tuturlar. Sabah işsiz qalsam və ya işləməsəm, 1 il müddətində son iş yerindəki maaşımın 80 faizini dövlət mənə ödəyəcək. 1 ildən sonra bu rəqəm 60 faiz təşkil edəcək. Bu gün otellərdə, aviaşirkətlərdə və digər sahələrdə çalışan və hazırda mövcud vəziyyətlə bağlı işləməyən insanlar məhz “A-kassa”nın hesabına çətinlik çəkmirlər. O ki qaldı digər sahələrin itkilərinə və ziyanlarına, İsveç hökuməti belə hallara həssas yanaşır. Bəzi güzəştlər və köməklik barədə qərarlar qəbul edilib, üstəlik, yenə gözlənilir. Bunlardan biri haqqında məlumat verim. Erebru 10 inzibati rayona bölünüb. Şəhər meri hər rayona 1 milyon avro yardım ayırmağı planlaşdırır. Bu yardım köməyi ehtiyacı olanlara ünvanlanıb.

- Dövlətin verdiyi tövsiyələrdən sonra insanlar arasına münasibətdə nəzərəçarpacaq məqamlar varmı?

- Əlbəttə var. İsveçlilər Azərbaycanda olduğu kimi, görüşəndə heç vaxt öpüşmürlər. Ya əl sıxırlar, ya da sadəcə qucaqlaşırlar. Son günlər əllə görüşmə hallarına demək olar ki, rast gəlmirəm. İki nəfər dayanıb söhbət edəndə də 1-2 metrlik məsafəni saxlayır. Bunu da təhlükəsizlikləri baxımından edirlər. Fiziki yaxınlıqdan başqa digər münasibətlər əvvəlki kimi qalmaqdadır.

- İsveçdə həyat öz axarı ilə davam edir. Amma futbol çempionatı hələ də başlamayıb. Səbəb nədir?

- Bütün komandalar, akademiyalar məşqlərini davam etdirirlər, yoldaşlıq oyunları keçirirlər. İnsanların toplaşmaması barədə edilən müraciətlərdən sonra bu oyunlar tamaşaçısız keçirilir. Yeri gəlmişkən, bu üzdən konsertlər, teatr tamaşaları təxirə salınıb. Amma idman yarışları yox. Cıdır yarışlarını misal gətirə bilərəm. Futbol çempionatları martda başlamalı idi. Gecikmə səbəbini bilmirəm. Hamımız gözləyirik. Məşqçisi olduğum “Erebru”nun 16 yaşlıları gələn həftə Fransada keçirilən turnirə getməli idi. Biz tərəfdən bir problem yox idi. Amma Fransadakı vəziyyətlə əlaqədar həmin yarışa gedə bilmədik. Qısası, əksər sahələrdə olduğu kimi, İsveçdə futbol həyatı da öz axarı ilə davam edir.

- İsveçdə həmyerlilərimiz, azərbaycanlılar az deyil. Onlar arasında virusa yoluxanlar varmı?

- Burada azərbaycanlılar çoxdur, bir-birimizlə daim əlaqə saxlayırıq. Məndə olan məlumata görə, aramızda virusa yoluxan yoxdur. Düzü, indi məni Azərbaycandakı vəziyyət daha çox maraqlandırır. Hər gün saytları izləyirəm, Azərbaycan telekanallarına baxıram. Atam Bakıdadır, yaşlıdır. Ona görə də narahatam. Azərbaycanda pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlər bir çox Avropa ölkələri ilə müqayisədə daha yaxşı, daha peşəkardır. İnanıram ki, görülən işlərin nəticəsində xalqımız bu bəladan minimum itkilərlə və ziyanla çıxacaq. 

İlqar TAĞIYEV

 

 





11.04.2020    çap et  çap et