525.Az

Həyat Şəmidən poetik "Evdə qal" çağırışı


 

Həyat Şəmidən poetik "Evdə qal" çağırışı<b style="color:red"></b>

#EvdeQal

Bu gündən evdə qal,
günlərdən cümə...
Aç gözlərini,
oxu kitabları,
aç cümlələri!
O gəldi ki,
cümləmizin başına gələnləri görəsən -
indi mübtədamız o (koronavirus),
xəbərimiz də o.
Ölənlər var,
qalanlar var,
Sən də evdə qal!

Günlərdən şənbə...
Özünü və gözünü götür evdən düşəndə,
Eynəyini tax, amma gözüaçıq ol,
Maskanı gey,
 telefona bax,
məsafə saxla insanlarla...
vaxtın bitdimi, dön geri
və evdə qal!

Günlərdən bazar...
Evdə qal və tanı
Covid-19 adlı azar dolaşır dünyanı...
Sən elə bilirdin ki,
yalnız ətli-qanlı olur düşmən,
canlı olur düşmən?
Cəsdləri gördünmü, evdə qal!

Hazırlaş, günlərdən bazar ertəsi:
Ölən var,  infarktdan amma,
dönən var –
Çıxır evdə qalmaq yaraşmayan acların səsi...
- Evdə qal,
sənə də düşəcək
Tanrının yardım tikəsi.

Günlərdən ikinci gün,
Karantində beşinci,
Siz heç belə bir tonqallı gün gördünüzmü!?
Hardasa uzaqlarda yandırılır cəsədlər,
bağlanıb sərhədlər,
evdə qal!

Günlərdən çərşənbə,
Bir film izlə tarixi,
tarixi izlə,
xəbərdən aralan,
ondan uzaq dur!
bir muzeyi səyahət et virtual,
Evdə qal!

Günlərdən cümə axşamı,
Aç bağladığın qapıları, Tanrım!
Bir yazı oxut!
Səndən uzaq qalanlara
bir məktub yazdır,
qara düymələr üzərində
bəyaz
barmaqlarla:  #evdeqal
#nigaran qalma,
#ürəyimdəsən...
#ölümsüz bir sevda qal,
Tanrım!

12.04.2020


 

 





12.04.2020    çap et  çap et