525.Az

Ağ xalatlı qəhrəmanlar


 

Ağ xalatlı qəhrəmanlar<b style="color:red"></b>

Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər və tibbi personaldır. Koronavirusun yayıldığı ilk günlərdə insanlarımızın köməyinə gələn, onları bu bəladan xilas etməyə çalışan, ayaq üstə gecə-gündüz işləyən, hava keçirməyən, kamuflyaj geyimdə, nəfəs almaq çətin olan maskada, eynəkdə, ikiqat əlcəklərdə fədakarlıq edən ağ xalatlı qəhrəmanlarımız olan həkimlərin gördüyü iş təqdirəlayiqdir. Heç nədən şikayət etməyən, yorulsa belə hiss etdirməyən, üzündə həmişə təbəssüm olan, heç zaman insanlardan köməyini əsirgəməyən həkimlərimizin əməyi hər zaman xatırlanacaq.

Sabunçu rayonundakı 11 saylı şəhər poliklinikasının həkim-terapevti Məlahət İsayeva da TƏBİB-in çağırışı ilə koronavirusla mübarizəyə könüllü qoşulan həkimlərdən biridir. Artıq bir neçə gündür ki, həkim öz kolleqaları ilə birlikdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında qorxmadan, çəkinmədən COVİD 19 virusuna yoluxan xəstələrin müalicəsilə məşğuldur.

 
TƏBİB-in çağırışına cavab

 
Həkim deyir ki, virusun yayıldığı ilk günlərdə çalışdığı Sabunçu rayonundakı 11 saylı şəhər poliklinikasında xəstələrin qəbuluna başlayıb: “Poliklinikada xüsusi filtir otaqları yaradılmışdı. Hər gün bura müraciət edən pasiyentlərin hərarəti həkimlər tərəfindən yoxlanılırdı. Poliklinikamız gərgin iş rejimində çalışırdı. Səhər açılan kimi poliklinika gələnlərlə dolub, boşalırdı. İnsanlar stres və panikada idilər. Hərarəti oldu, olmadı müayinəyə gəlirdilər. Hərarəti olan xəstələrin burun dəliyindən və boğazdan (əsnəkdən və badamcıqlardan) yaxmalar götürülürdü. Təcili yardım vasitəsi ilə Taun Mərkəzinə laborator müayinəyə göndərilirdı. Hərarəti olmayan pasiyentləri də səbrlə müayinə edirdik. "Siz sağlamsız"- deyəndə isə üzlərində təbəssüm görürük. Özlərini xoşbəxt hiss edirlər. Bizə təşəkkür edib, "doktor, yaxşı ki, varsız"-deyib gedirdilər. İnsanların sanitar gigiyena qaydalarına əməl etmələri, maskadan istifadə etmək tövsiyyə olunur və virusa qarşı təlimatlandırırdım. Bir sözlə COVİD 19-la mübarizəyə elə poliklinikadan başladım. Sonra TƏBİB-in çağırışı ilə koronavirusla mübarizəyə könüllü qoşulan həkim kollektivinə qoşuldum. O gündən də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstələrin müalicəsi ilə məşğulam. Könüllü olaraq mən koronavirusdan əziyyət çəkən xəstələri müalicə etməyə gəldim. Düşündüm ki, bu vəziyyətdə çalışdığım poliklinikada otura bilmərəm. Mən burada qalmaqdansa gedib orada həkim kimi daha faydalı ola bilərəm”.

 
Kamuflyaj, eynək, maska və rezin əlcəklər

 
M.İsayevanın sözlərinə görə, hər gün 8 saat olmaqla üç növbəli iş qrafiki ilə çalışır: “Mənim də içərisində olduğum 700-ə yaxın həkim və tibbi personal TƏBİB tərəfindən “Bulvar” oteldə yerləşdirilib. Burada qalan həkim və tibbi personal əsasən paytaxtın müxtəlif xəstəxana və poliklinikalarından olan tibb işçiləridir. Hər gün avtobuslar bizi buradan iş saatına uyğun Tədris Cərrahiyyə Xəstəxanasına aparır. Xəstəxanaya daxil olmazdan öncə dua edir və işə başlayıram. İlk olaraq klinikanın birinci mərtəbəsində yerləşən, təmiz zona adlanan, tibbi geyimlərin saxlanıldığı geyinmə otağına keçirəm. Kamuflyajı geyinib, eynək, maska və əlcəyimizi taxdıqdan sonra yollanıram xəstələrin yanına. Lift vasitəsilə müvafiq mərtəbəyə qalxır və neytral zonanı keçərək kirli zonaya daxil oluram. Kirli zona karonaviruslu xəstələrin müalicə olunduğu zona sayılır. Mənim nəzarət etdiyin 11-ci mərtəbədə 21 nəfər xəstə müalicə olunur. Qeyd edim ki, onların çoxu koronavirusla yanaşı digər xroniki xəstəliklərdən də əziyyət çəkirlər. Bu xəstələr içərisində şəkərli diabet, ürək-damar sistemi, arterial hipertenziya, plevrit, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkənlər üstünlük təşkil edir. Mən öncə gecə növbəsinin həkimi tərəfindən xəstəyə təyin olunan təyinata nəzər yetirdikdən sonra tibb bacısı ilə birgə palataları bir-bir gəzib xəstələrə "sabahınız xeyir" deyib, vəziyyətləri ilə maraqlanırıq. Bu xəstələr biz həkimlərə çox inanırlar. Mən hər gün bütün xəstələrimə müalicələrini qəbul edib, xəstəxanadan sağalıb çıxacaqlarına, şəfa tapacaqlarına, sağalacaqlarına inandığımı bildirirəm. Onların bu gün mənəvi dəstəyə çox böyük ehtiyacları var. Mən də onlara mənəvi dəstək olmağa çalışıram. O insanların gözlərində ümid işığını görəndə isə çox sevinirəm”.


 
Biz bu xəstəliyə qalib gələcəyik

 
Terapevt vurğulayıb ki, vəziyyətlərində ağırlaşma müşahidə olunan xəstələrə şikayətlərinə uyğun müalicə təyin edilir. Tibb bacılarına xəstələrə hansı dərman preparatlarını verməsi tapşırılır. Lazım olduğu təqdirdə palataya ultrasəs aparati gətirilir və xəstə ultrasəs müayinəsindən keçirilir: “Hazırda xəstələrin bir qisminin durumu stabildir. Müsbətə doğru irəliləyişlər var. Hətta tamamilə sağalıb evə buraxılan xəstələrimiz də az deyil. Bu da həkim olaraq məni çox sevindirir. Deməli, biz bu xəstəliyə qalib gələcəyik”. Peşəsini sevən həkim M.İsayevanın sözlərinə əsasən, hava keçirməyən kamuflyaj geyimdə, nəfəs almaq çətin olan maskada, eynəkdə, ikiqat əlcəklərdə işləmək çox çətindir: “Ancaq bütün bu çətinliklərə baxmayaraq mən işimi, bu virusa qarşı mübarizəmi davam etdirirəm. Bu, həkim olaraq mənim başlıca vəzifəmdir. Peşəsini ürəkdən sevən həkim üçün hər bir şəraitdə çalışmaq çətin olmamalıdır. Mənə bu geyimdə işləmək ilk günlər biz az çətin oldu. Ancaq öyrəşdim. Biz bu geyimdə xəstələrə baxmağa məcburuq. Bu geyim bizi xəstəlikdən qoruyan yeganə vasitədir. Bizi gözləyən, ümidini bizə bağlayan xəstələrə görə öz sağlamlığımızı qorumalıyıq. Axı biz o xəstələrə lazımıq. Mən peşəmi çox sevirəm. Peşəm üçün canımdan belə keçməyə hazıram. Hər gün işdən yorğun çıxsam da, calışıram əhvalımı yüksək tutum, ruhdan düşməyim, ümidimi itirməyim, üzümdəki təbəssümü qoruyum. Bu gün mən insanların şəfa tapmasına yardım etdiyimiz üçün qürur duyuram. Könüllü olaraq gəldim və heç də peşman deyiləm. İnsanlara kömək, yardım etdikcə, şəfa tapan xəstələri gördükçə özümü xoşbəxt hiss edirəm”.

 
Koronaviruslu cütlük

 
Həkim qeyd edib ki, poliklinikada çalışan zaman yüksək hərarətlə müraciət edən pasientlər arasında iki nəfər onun yanında xüsusi olaraq qalıb: “Poliklinikanın filtr otağında yüksək hərarətlə müraciət edən iki nəfəri müayinə etdim. Onlar ər-arvad idilər. Hər ikisi çox həyəcanlı və tədirgin idi. Onları müayinə etdim və xəstəliyin əlamətləri olduğu üçün burun və boğazlarından yaxmalar götürüb Taun Mərkəzinə laborator müayinəyə göndərdim. Nəticələr müsbət çıxmışdı. Onlar koronavirusa yoluxmuşdular. Dərhal xəstəxanaya yerləşdirildilər. Onlara ürək-dirək verdim ki, hər şey yaxşı olacaq. Bu məqamda psixoloji dəstək çox vacibdir. Maraqlıdır ki, klinikaya gəldikdən sonra həmin cütlüklə burada rastlaşdım. Məni görüb çox sevindilər. Hazırda onların müalicəsi davam edir və vəziyyətləri yaxşıdır. Bu gün də onlardan öz mənəvi dəstəyimi əsirgəmirəm”.

 
Ailəmizdən uzağıq

 
M.İsayeva səhərdən, axşama qədər xəstələrin qayğısına qalan, sağalmaları üçün əziyyət çəkən, gecə növbəsində yuxusuz qalan bu şöbənin mənimlə növbədə olan tibb bacıları haqqında söz açmağı da unutmadı: “İşini canla-başla yerinə yetirən, mənimlə çiyin-çiyinə çalışan fədakar tibb bacılarından biri də Çinarə Səfərovadır. Ç.Səfərova xəstələrə nəzarət edir, dərmanlarını vaxtlı vaxtında verir. Onlara lazımi diqqət və qayğı göstərir: “Tibb bacılarının işi çox çətindir. Həkimlərlə bərabər çiyin-çiyinə çalışırlar. Sanitarların da əməyini unutmaq olmaz. Onlar hər gün xəstələrin müalicə olunduqları otaqları təmizləyir, dezinfeksiya edirlər. Hətta xəstələrə yemək paylayan insanlar da bu gün bizimlə birgə əziyyət çəkirlər. Bu virusla mübarizəyə hamı səfərbər olub. Ailəmizi qoyub gəlmişik. Burada çalışan hər bir kəs karantin dövründə ailəsindən, əzizlərindən uzaqda TƏBİB tərəfindən yerləşdirilən yerlərdə qalır. Ailəmizlə ancaq telefon və internet vasitəsilə əlaqə saxlayırıq. Bizim üçün çox çətindir. Ancaq biz bilirik ki, bu vəziyyət müvəqqətidir. Dövlət tərəfindən görülən müvafiq tədbirlər və həkimlərin gərgin işi sayəsində biz bu xəstəliyə qalib gələcəyik. İnşallah”.

Sevinc QARAYEVA

 





14.04.2020    çap et  çap et