525.Az

"Yaradıcı insan həyatı dopdolu yaşamalıdır" - Müsahibə


 

NURU XƏLİLLİ: "MUSİQİ ELƏ BİR ENERJİDİR Kİ, İNSAN ONU KİMƏSƏ ÖTÜRMƏLİDİR"

"Yaradıcı insan həyatı dopdolu yaşamalıdır" -<b style="color:red"> Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar...

Bu dəfə müsahibimizi sıfırdan təqdim eləmək fikrimiz yoxdur. Sosial şəbəkələrdə bir dəfə tanınıb, sonra bu məkanı tərk eləsə də, sonradan yenidən geri qayıdıb və əlbəttə, yenə uğur qazanıb. Gənc ifaçı, bəstəçi Nuru Xəlillidən danışacağıq. Görək özü nə deyəcək?


"Özümü tanımadığım insanlara tanıtmaq fikrində olmamışam"

- Sosial şəbəkələr elədir ki, müntəzəm istifadə etməyəndə, fəal olmayanda izləyicilər də azalır. Daha çox tanınmaq üçün niyə fəallıq göstərmirsiniz ki?

- Sosial şəbəkəyə marağım gec yarandı, ona görə də bu məkanın imkanlarından gec istifadə eləməyə başladım. Amma onu da deyim ki, zamanında yetərincə izləyicilərim vardı və özümü az-çox tanıda bilmişdim. O zaman sosial şəbəkədə istədiyim diqqəti görmədim deyə, hər şeyi sıfırlayıb yenidən başlamaq qərarına gəldim. Çox zaman ətrafımda olan dinləyicilərimlə kifayətləndiyimdən bu platformalara marağım az olub. Özümü tanımadığım insanlara tanıtmaq fikrində olmamışam. Amma zaman keçdikcə buna ehtiyac olduğunu görürəm. Yəqin musiqini maddi yox, bədii-poetik tərəflərinə görə sevdiyimdən içimdə tanınmaq arzusu olmayıb.

"Ən böyük dəstəyi anamdan və skripka müəlliməmdən görmüşəm"

- Necə oldu ifaçılığa meyl elədiniz?

- Musiqiyə marağım 6-7 yaşlarımda, musiqi məktəbinə getməklə başladı. Məni bu sənətə gəlməyə anam sövq elədi. Bu gün rahatca deyə bilərəm ki, həyatda nail olduğum ən böyük uğurum musiqidir. Ancaq universitetə seçim vaxtı gələndə musiqini seçmədim. Bu duyğular və həvəs ürəyimdə yarımçıq qaldı. Uşaq vaxtlarında solfecio dərslərindən hiss etmişdim ki, məndə musiqi duyumu var (gülür). Beləcə, gitarada ifa eləməyi  öyrəndim və ifaçılığa başladım. Bundan sonra yavaş-yavaş müxtəlif məkanlarda, məclislərdə çıxış etdim.

- Ən çox kimdən dəstək görmüsünüz?

- Uşaqlıqda mənə ən böyük dəstək anam və skripka müəlliməm Gülnarə xanımdan gəlirdi. Gülnarə müəllimə daima üzərimdə çalışmağımı təkid edirdi. İndi gitaranı, ya da skripkanı əlimə alanda onun o vaxtlar dediyi bəzi sözlərin mənasını daha yaxşı başa düşürəm. Məncə, pedaqoqların sözünü hər zaman eşitmək lazımdır.



- Ailənizdə sizdən başqa musiqiçi varmı?


- Yox, məndən başqa musiqiçi yoxdur, amma anamın yaxşı istedadı olub. Sadəcə, o dövrdə bu sahədə fəaliyyət göstərmək üçün şərait yaranmayıb. Bəlkə də, anamın öz içində belə istək olduğu üçün məni musiqi sahəsinə yönəldib.

"...düşünmədən "Cahangir Məmmədli" deyərdim"

- Babanız - professor Cahangir Məmmədli jurnalistika sahəsində öz sözünü demiş şəxsiyyətlərdəndir. Hamımızın müəllimidir. Bəzən insanlar kiminsə adı ilə tanınmağı xoşlamır. Babanızın adı ilə tanınmaq sizi narahat etmir ki?

- Bundan narahat olmuram, əksinə, babamın adı gələndə qürur hissi keçirirəm. Məndən kimin adı ilə tanınmaq istəyirsən deyə soruşsalar, düşünmədən "Cahangir Məmmədli" deyərdim. Ondan öyrəndiyim kiçik bir informasiyanı heç bir tərbiyəyə dəyişmərəm. İncəsənətə meylim çox olduğundan elm, təhsil mövzusunda ondan çox xüsusiyyətləri mənimsəməmişəm. Amma həyati mövzularda çox şeyləri öyrənmişəm. Kiçik yaşlarından həyatın ağır sınaqlarına təkbaşına sinə gərmək və bundan sonra dirçəliş etmək yalnız Cahangir Məmmədli olmaq deməkdir. Jurnalistikanın informasiya texnologiyalarının bu qədər inkişaf etdiyi bir dövrdə o, xalqın içindən çıxmış bir təmsilçidir.

- Babanız nə vaxtsa sizə jurnalist olmağı təklif edibmi?

- Babam həmişə insanın düzgün formalaşması üçün əlindən gələni edən bir insandır. Onun heç vaxt kimisə hansısa sahəyə yönəltməyə çalışmasına inanmıram. Bəlkə də jurnalistika sahəsində xüsusi potensialım olduğunu görsəydi, mənə bununla bağlı məsləhət verərdi. Bu sahədə çalışmaq olduqca məsuliyyətli bir işdir. Mən bunu babamın fəaliyyətində görmüşəm.

- Cahangir müəllim haqqında çəkilmiş "Beşinci fəsil" filmində bir mahnı ifa etmişdiniz: "Dəyməyin mənim qəmli-yaslı könlümə". Niyə məhz o ifanı seçmişdiniz ki?

- "Beşinci fəsil" filminin sonunda hər kəs nikbin notlara köklənsə də, əslində, övladların və atanın ürəyində bir nisgil, bir dərd var idi. Bu da vətən dərdidir. Onların yurdsuz keçən illərini heç nə əvəz edə bilməz. O mahnını seçməyimə səbəb də torpaq sevgisi və həsrəti ilə bağlıdır. Həmin mahnıda bir neçə məqam var ki, həm də vətənə olan sevgini ifadə edir.

"Yurdundan didərgin düşmüş insanların içindəki Qarabağı həmişə duymuşam"

- Səsinizdəki məlahətin, musiqi istedadının soykökünüzlə bağlı olduğunuz Qarabağla da bir əlaqəsi var yəqin?

- Qarabağ istedadlar, igidlər yurdudur. O torpaqları görməsəm də, yurdlarından didərgin düşmüş insanların içindəki Qarabağı həmişə duymuşam. Bu hissin nə demək olduğunu, az da olsa, mən də yaşamışam. Təsadüfi deyil ki, Azərbaycan muğamı bütün dünyanın qeyri-adi musiqi dəyəri kimi yanaşdığı bir janrdır. Bu isə Qarabağda musiqi sənətinin nə qədər valehedici olmasından xəbər verir.

"Həyatın major və minor notları bir-birini tamamlamalıdır"

- Öz bəstələriniz də var. Amma son zamanlar yenilərini eşitmirik.

- Dünyada yaranmış bu kritik vəziyyət başa çatdıqdan sonra yeni sözlər, musiqilər, ifalar gələcək. Yaradıcı insan həyatı da dopdolu yaşamalıdır. Buraya sevinc də, kədər də, qazanmaq da, itirmək də daxildir. Həyatın major və minor notları bir-birini tamamlamalıdır. Yaradıcı insan adi bir yağışla, küləklə -  bütün təbii hadisələrlə öz dilində danışmağı bacarmalıdır.

- İfalarınızı klip formatına salmaq vaxtı gəlib çatmayıb hələ?

 - Klip məsələsinə çox ciddi yanaşıram. Çünki klip çəkilişləri vizual olduğuna görə həddindən artıq mədəni, etik olmalıdır. Axı bu, gənc nəsildən tutmuş yaşlı nəslə qədər hər kəsə təqdim olunacaq. Yaxın gələcəkdə bununla bağlı bir ideyam var.



"Yeni mahnıların çoxunda söz və musiqi kasadlığı var"

- Niyə daha çox türk mahnılarını ifa edirsiniz?

- Əslində, müasir dövr müğənnilərimizin yarıdan çoxunun ifasını bəyənmədiyim üçün Türkiyə estradasına meyillənmişəm. İndiki mahnıların çoxunda söz və musiqi kasadlığı var. Qardaş ölkə musiqiçilərinin ifalarına yer verməkdə elə də böyük fərq görmürəm - bir millət iki dövlətik.

"Musiqidən sonra ən sevdiyim məşğuliyyət balıq ovudur"

- Başqa hansı məşğuliyyətləriniz var?

- Ən düzgün qərarları təbiətin qoynunda keçirdiyim vaxtlarda verirəm. Musiqidən sonra ən sevdiyim məşğuliyyət balıq ovuna getməkdir. Təbiətlə bu qədər bağlı olmağımın yaradıcılığımla da əlaqəsi var. Açığı, texnologiyalar həyatımızı bu qədər əhatə etməzdən əvvəl hər kəsdə belə olurdu. Odur ki, ara-sıra təbiətlə yaxın olmağı hər kəsə tövsiyə edərdim.

"Saçımı-saqqalımı çox sevirəm"

- Uzun saçlar və saqqal daha çox gənclərin qəbul edəcəyi bir tərzidir. Valideynlərin isə bu mövzuda daha qatı qaydaları var. Görkəminizlə bağlı irad tuturlarmı?

- Saçımı-saqqalımı çox sevirəm (gülür). Doğrusu, bununla bağlı iradlar olur. Amma hər kəsin öz tərzi var. Mənə də bu tərz daha yaxındır deyə, bunu seçmişəm.

"İnsan yalnız qalanda yaradıcılıq daha çox ortaya çıxır"

- Bildiyim qədərilə, müxtəlif məkanlarda canlı musiqilər ifa edirdiniz. Yəqin karantin olduğundan indi bu, baş tutmur. Dinləyicilər üçün onlayn canlı yayımlar haqda düşünmüsünüzmü?

- Heç vaxt öz sənətimdə çalışmadan dayana bilməmişəm. Musiqi elə bir enerjidir ki, insan onu kiməsə ötürməlidir. Karantin rejiminə görə xidmət obyektlərinin fəaliyyəti dayanıb. Hər şey qaydasına düşəndən sonra qaldığım yerdən davam edəcəyəm. Bu müddətdə yeni mahnılar da yaranır. İnsan öz-özü ilə yalnız qaldıqda yaradıcılıq daha çox ortaya çıxır. Bu vəziyyətdən səmərəli istifadə etmək lazımdır. Sosial şəbəkələrdə əlimdən gəldiyi qədər yeni ifalar paylaşıb, canlı yayımlar edirəm.

- Nə vaxtsa, solo konsert təşkil etmək kimi bir düşüncəniz varmı?

- Məncə, bunu hər bir sənətçi istəyər. Amma solo konsert üçün böyük dinləyici və tamaşaçı toplumun olmalıdır. Hələ ki özümü buna hazır hiss etmirəm. Ümid edirəm ki, nə vaxtsa belə bir konsert təşkil etmək mənə də qismət olar.
 
Günel ABBAS

 





15.04.2020    çap et  çap et