525.Az

Nyu-York sakini: "Azərbaycanda vəziyyət buradan qat-qat yaxşıdır" - Müsahibə


 

Nyu-York sakini: "Azərbaycanda vəziyyət buradan qat-qat yaxşıdır" - <b style="color:red">Müsahibə </b>

Nyu-York. Dünyanın ən qüdrətli 2 dövlətindən biri olan ABŞ-ın ən böyük şəhəri. 8 milyondan çox əhalisi olan Nyu-York həm də təkcə ABŞ-ın deyil, dünyanın ən vacib iqtisadi mərkəzlərindən biridir. Böyük şəhərlərə xas olan səs-küylü küçələri, tıxacları ilə göz önünə gələn Nyu-York bu gün sükuta qərq olub. Sanki Çernobılı xatırladır. Səbəb hamıya məlumdur - koronavirus.

Dünya iqtisadiyyatında lider mövqedə olan ABŞ bu gün koronavirus infeksiyasına yoluxanların, eyni zamanda, bu mərəzdən dünyasını dəyişənlərin sayına görə də 1-ci yerdədir. Artıq, 600 minə yaxın amerikalı koronavirusa yoluxub, 23 mindən çox insan isə həyatını itirib. Nyu-Yorka gəlincə, virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 10 mini keçib.

Nyu-Yorkda yaşayan soydaşlarımız az deyil. Aralarında vaxtilə bu ölkəyə immiqrasiya edən həmvətənlərimiz də var. Azərbaycanda doğulub, boya-başa çatan Arif Zərbailov da onlardan biridir. Milliyətcə dağ yəhudisi olan Arifi Azərbaycanda daha çox futbolçu kimi xatırlayırlar. SSRİ dövründə ölkəmizin "Neftçi", "Araz" (Bakı), "Avtomobilçi" (Mingəçevir), "Qarabağ" (Xankəndi), "Kəpəz", "Qarabağ" (Ağdam) komandalarının şərəfini qoruyub. Müstəqillik qazandıqdan sonra son iş yeri "Azəri" olub. Karyerasını bitirdikdən sonra okeanın o tayına köçən Arif və ailəsi bu günə kimi vətəni ilə əlaqələri kəsməyib. Hazırda "My Way" Azərbaycan-Amerika Uşaq Futbol Mərkəzində məşqçilik edən, eyni zamanda Nyu-York Futbol Veteranları Assosiasiyasında çalışan Ariflə əlaqə saxladıq. Veteran futbolçu atası Raşpil İşayeviçlə birgə Nyu-Yorkdakı vəziyyətlə bağlı məlumat verdi.   

"Bir neçə gün əvvəl ikisi də dünyasını dəyişdi" 

Raşpil Zərbailov: Nyu-Yorkda vəziyyət yaxşı deyil. ABŞ koronavirusa yoluxanların sayını görə dünyada birinci yerdədir. Ölkədə ən çox yoluxma isə bizim yaşadığımız Nyu-Yorkdadı. Hər gün minlərlə insan xəstəxanaya yerləşdirilir, yüzlərlə insan həyatını itirir. Bildiyiniz kimi, hazırda bütün ABŞ-da, o cümlədən, Nyu-Yorkda karantin rejimidir, bir çox qadağalar tətbiq edilib. Müəssisələr, zavodlar, fabriklər, məktəblər, bir sözlə, hər yerdə iş dayanıb. Yalnız həyat üçün vacib olan yerlər işləyir. İnsanlar evlərinə çəkiliblər. Hamı qadağalara riayət edir. Qadağa deyəndə, burada kiminsə evdən çıxmasını yasaqlamayıblar. Sadəcə, məsləhət görürlər ki, hamı evdə qalsın. Camaat da mümkün qədər küçəyə-bayıra çıxmamağa, tövsiyələrə əməl etməyə çalışır. 1-2 ay əvvələ kimi səs-küylü, tıxaclı, həyat dolu Nyu-York küçələri indi boş qalıb. Kədərli mənzərədi.

Arif Zərbailov: İnsanlar ancaq ərzaq, dərman almaq üçün, bir də çox vacib işləri olduqda evlərini tərk edirlər. Nyu-York beynəlmiləl şəhərdi. Burada hər millətin nümayəndəsinə rast gəlmək olur. İstər yerlilər, istərsə də gəlmələr qaydalara riayət edirlər. Bütün dünyada olduğu kimi, burada da həkimlərin, polislərin, ərzaq istehsalçılarının üzərinə böyük yük düşür. Vəziyyətin düzəlməsi onlardan çox asılıdı.

Raşpil Zərbailov: Burada yaşayan azərbaycanlılar az deyil. Xeyli dost-tanış var. Aralarında virusa yoluxan yoxdu. Amma yəhudi millətindən olan 2 tanışımız - bir qadın, bir kişi xəstəxanaya yerləşdirilmişdilər. Hər ikisi yaşlı idi. Təəssüf ki, bir neçə gün əvvəl ikisi də dünyasını dəyişdi. Onlar da bizim kimi illər əvvəl Azərbaycandan ABŞ-a köçmüşdülər.  

"Vəziyyətin bu həddə çatmasında özümüz günahkarıq" 

Raşpil Zərbailov: 85 yaşım var, 1-ci qrup əliləm. Yoldaşım da 80-i adlayıb. Bizə ərzaq və dərman sarıdan yardım edirlər. Deyilənə görə, gələcəkdə maddi yardım da göstərəcəklər. Doğrudur, bizim köməyə o qədər ehtiyacımız yoxdur. Pis-yaxşı təqaüd alırıq, dolanırıq. Üstəlik, hər iki oğlum bacardıqca əlimizdən tutur. Yaşlı adamlarıq, istər-istəməz problemlərimiz olur. Hələ ki öhdəsindən gəlirik.

Arif Zərbailov: Əksəriyyət kimi mənim də işim dayanıb. Məşq keçmirik, xidmət göstərmirik. Bütün günü evdə oluruq. Heç kim bilmir ki, nə vaxt işimizin başına qayıdacağıq. Tezliklə əvvəlki həyatın bərpa olunacağına inamım azdı. 2-3 aya hər şey düzəlsə, sevinərəm. Hökumət söz verib ki, əhaliyə müəyyən köməklik göstərəcək. Deyilənə görə, işini itirən hər bir vətəndaş aylıq 1200 dollar yardım alacaq. Uşaqlar üçünsə 500 dollar nəzərdə tutulub. Nyu-York kimi şəhərdə aylıq məsrəfin 2/3-di. Hər halda indiki vəziyyətdə insanlara kömək olar. İşsizlərə də yardım ayrılmalıdı. Bunun üçün qeydiyyatdan keçməli və növbə tutmalısan. Təsəvvür edin ki, 2 həftə ərzində 17 milyon insan növbəyə yazılıb. Dövlət yardım ayırmasa, çətin olacaq. Hamı kimi elə mənə də. 1-2 ay dözmək olar. Karantin rejimi aprelin 30-da başa çatmalıdı. Amma bu gedişlə yəqin ki, yenə uzadacaqlar.

Raşpil Zərbailov: ABŞ-ın düşdüyü vəziyyət həqiqətən ürək ağrıdır. Dünyanın ən qüdrətli dövlətin bu gün bir virusun qarşısında aciz qalmış kimi görünür. İndiyə kimi bütün dünyaya yardım edən ABŞ indi özü nəsə yardım alır. Hər halda hamının məqsədi eynidi - bu bəladan minimum itkilərlə və qısa zamanda qurtulmaq. Vəziyyətin bu həddə çatmasında özümüz günahkarıq. Məncə, Donald Tramp 1 həftə gecikdi. Hökumət martın 10-17-i arası karantin rejimini tətbiq etmək barədə tərəddüd etdi, fikirləşdi. Əgər karantin rejimi bir neçə gün əvvəl tətbiq olunsaydı, yoluxma və itki az olacaqdı. 

"Onların sayəsində özümü ruhən vətənimdə hiss edirəm" 

Arif Zərbailov: 26 il idi ki, fasiləsiz işləyirdim. İş-gücə öyrəşmişdim. İndi evdə qalmaq mənə çox darıxdırıcı gəlir. Tərs kimi futbol da yoxdu ki, başımızı qataq. Yaxşı ki, Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş ənənəvi futbol turnirini vaxtında təşkil etdik. Bu, sayca 6-cı turnir oldu. Əgər karantin rejimi bir neçə gün əvvəl qüvvəyə minsəydi, turnir baş tutmayacaqdı. Bakıdan qonaqlar gəlmişdi. AFFA-nın nümayəndəsi Asim Xudiyev də onların arasında idi. Turnirdən sonra 4-5 gün Nyu-Yorkda qalmağı planlaşdırmışdı. Vəziyyət pisləşdiyindən tələm-tələsik Azərbaycana qayıtdı. Bakıdakı dostlara hədiyyə göndərməliydim. Yaddan çıxıb qaldı. İndi vəziyyətin düzəlməyini gözləməliyik ki...

Raşpil Zərbailov: Azərbaycan hökuməti vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun sayəsində Azərbaycanda vəziyyət Nyu-Yorkdakı kimi faciəvi deyil.

Arif Zərbailov: Azərbaycandakı vəziyyətlə yaxından maraqlanırıq. Dost-tanış çoxdu, onlardan, televiziyadan, saytlardan məlumat alırıq. Azərbaycanda vəziyyət buradan qat-qat yaxşıdı. Buna çox sevinirik.

Raşpil Zərbailov: Artıq neçə ildir ki, Azərbaycan kanallarını izləyirəm. Ən çox sevdiyim veriliş Xoşqədəm Hidayətqızının "Səni axtarıram" və Zaur Kamalın "5-də 5" verilişləridi. Bütün buraxılışlarını izləmişəm. Şəkər xəstəsiyəm, 5 il əvvəl ayaqlarımı amputasiya etdilər. İnanın ki, məni həyatda saxlayan bəlkə də həmin verilişlər oldu. Onların sayəsində özümü ruhən vətənimdə hiss edirəm. Sizdən də xahiş edirəm, salamlarımı Azərbaycan xalqına çatdırın. Arzu edirəm və inanıram ki, bu bəladan tezliklə minimum itkilərlə qurtulacaqsınız.

İlqar TAĞIYEV

 





15.04.2020    çap et  çap et