525.Az

Mən onu tanıdım - Aqşin Əliyevin hekayəsi


 

Mən onu tanıdım - <b style="color:red">Aqşin Əliyevin hekayəsi </b>

Həyətlərinin ortasında yalnız bir ağac var idi. Qalanları həyətin ətrafında idi. Bu ağacın altında saysız-hesabsız kitab oxumuşdu, elə bəzən ağacın altında yerdəcə yıxılıb yatmışdı.

Ta şagirdlik dövründən müəllim olduğu bu günədək aldığı kitabları göz bəbəyi kimi qoruyub saxlayırdı. Tahirin kitabdan olan gözləntisi başqalarına yüksək görünə bilməzdi. Uşaqlıqda onu əlində kitab görəndə tez-tez tərifləyərdilər. İndi isə əksinə, məzəmmət edirlər. Niyə? Çünki, indiki həyatını görənlər heyrətlərini gizlədə bilmirdilər. O qədər kitab oxuyasan, amma böyüyüb bu qədər kasıb olasan.

Tahir lap özündən xəcələt çəkirdi. Aldığı maaşı özünə qalsaydı dərd yarıydı. Xəsta ata-anasına baxırdı, tək bacısı uzaqda yaşayırdı. Hansısa qeyri-müəyyən səbəblərdən ata-anasına təqaüd verilmirdi, cüzi sosial müavinət onların heç dərmanına çatmırdı. Körpə uşağı ilə evdar qadın olan həyat yoldaşı Tahirin vəziyyəti ilə çoxdan barışmışdılar: aza da qane olurdular, lap aza da. Sözün qısası, həyat ən ağır zərbələrini vururdu Tahirin sifətinə. Elə bil onun bəxtini qəflət yuxusundan oyatmaq istəyirdi, amma Tahirin qara bəxti oyanmırdı ki, oyanmırdı. Niyə də oyansın axı, hansı müəllimin bəxti oyanıb ki, Tahirinki də oyansın. Tahir yalnız gənclik illərində aldığı o kitabların arasında özünə rahatlıq tapırdı. Kitab qoxusunu daha çox dadırdı, nəinki dadlı yemək qoxusunu.

Körpəsi böyümüşdü Tahirin, məktəbi kandarına ayaq basdığı an gəlib çatmışdı. Dərslərin başlama vaxtına günlər qalmışdı. Amma uşağın nə ger-geyimi var idi, nə də ki məktəb ləvazimatı. Tahir son maaşının yarıdan çoxunu ata-anasının dərmanlarına, yerdə qalanını isə evə, ərzağa xərcləmişdi. Ürəyini dələn fikir isə balasının məktəbə nə ilə gedəcəyi idi. Dərslərin açılmağına bir neçə gün qalmış yenə evindəki torpaq döşəməli nimdaş kitabxanasına daxil oldu. Torpaqdan gələn nəm iyi ilə köhnə kitabların qoxusu bir-birinə qarışmışdı. Torpağın üstündə əyləşdi, kürəyini kitablara söykədi, isti havanın tərini kitablara hopdurdu bir az. İki həftədir baş sındırdığı həll yolunu yenidən götür-qoy etməyə başladı – “bəlkə satım, kitablardan satım, bir az pul düzəldim, uşağı məktəbə əməlli başlı yola salım”. Bir yerə baxdı, bir də gəncliyində qəpik-qəpik toplayıb yığdığı kitablara. O, qəbahəti təkcə sevdiyi kitabları satmaqda yox, bir gənc müəllimin öz kitablarını əlacsızcasına satmağında görürdü. Həyat yoldaşına bu barədə dilucu demişdi, qarşılığında onun ümid dolu gözlərini görmüşdü. Məsələ burasındadır ki, iki həftə əvvəl dərs zamanı Tahir bir şagirdin mobil telefonda girinc-giriftar olduğunu gördü, əsəbləşdi və ona yaxınlaşdı, hirslə telefonu onun əlindən alıb uşağa təpindi və gözucu telefona baxdı. Ekranda görünən mavi səhifədə “İkinci əl kitablar satılır” cümləsini gördü. Əvvəllər ağlının ucundan da keçməyən kitabların satışı ideyası məhz o zaman yarandı. Birdən ayağa qalxdı, elə ilk rəfdəki bədii kitabların arasından qucağına bacardığı qədər kitab alıb otaqdan çıxdı, bir neçə dəqiqə sonra əliboş qayıdıb yenə bir qucaq kitab alıb otaqdan çıxdı, bir də geri qayıtmadı.

Avtobusdan düşən Tahir əlində iki ağır zənbil küçə ilə irəliləyirdi, ona əziyyət verən kitabların ağırlığı yox, onun kitablara xəyanəti idi. Toz iyi basmış köhnə kitablara yaxşı pul verən kim idi ki. Həmişə ehtiyatla yerinə yığdığı kitabları bir neçə dəqiqə öncə elə ehtiyatsız yığdı ki, heç bilmədi hansılardır vidalaşdığı kitablar, əlinə nə gəldi yığdı zənbilə.

Şəhərdə bir neçə köhnə kitab mağazası vardı, Tahir o mağazalara illər öncə, tələbə olanda getmişdi sonuncu dəfə. Tələbəlik illərindən sonra əsgərlik, sonra iş, evlənmək, valideynlərinin xəstəliyi - bu kimi həyat qanunları onun başını o qədər qatdı ki, kitab almaq nədir, kitab mağazası nədir bilmədi. Həm də necə getsin, gərək pulu ola ki getsin.

Tahir irəliləyirdi, əlində kitablarını ürəyində isə gənclik xatirələrini satmağa gedirdi. Dost-tanışdan öyrəndiyi köhnə kitablar satılan dükanın ağzında dayandı, dükanın sol tərəfində kiçik hərflərlə “Elman dayının kitab dükanı” yazılmışdı. Tahir bu kitab mağazası barədə heç eşitməmişdi, bir az özündən utandı. Guya bu, kitab həvəskarıdır, belə maraqlı adı olan dükanı tanımırdı. Yenə də həyatını qınadı, ona vaxt və imkan verməmişdi ki, ətrafında baş verənlərdən xəbərdar olsun. Uzaq Bakı kəndində yaşayırdı deyə şəhərə ancaq xüsusi hallarda gəlirdi. Şəhər başdan ayağa xərcdir. Qapını cırıltıyla açıb içəri keçdi. Kifayət qədər geniş olan dükanda kitablar ya yerdə, ya da köhnə rəflərdə nizamsız şəkildə düzülmüşdü. Kitabların arasında demək olar ki, görünməz olan eynəkli, olduqca qoca bir kişi onun gəlişinə elə də əhəmiyyət vermədi. Yəqin Elman dayı budur, deyə düşündü Tahir. Əgər hətta bu deyilsə, təm əminliklə demək olar ki, düknın sahibidir. Çünki özünü olducaq arxayın aparırdı. Əlindəki zənbilləri ehmallıca yerə qoyub salamlaşdı və çox sakit səsli bir cavab aldı. “Bağışlayın mən bu kitabları satmağa gətirmişəm götürə bilərsinizmi?” deyəndən sonra dükan sahibi üzünü Tahirə tərəf çevirdi və ağır addımlarla ona yaxınınlaşdı. Qalın şüşəli eynəyini burnunun üstündən bir az da yuxarı qaldırıb zənbillərin içinə baxdı. Bir neçə saniyəlik qısa müşahidədən sonra başını qaldırıb Tahirin üzünə baxdı. Elə o an, Tahir onu tanıdı.Ay gidi zəmanə, bu ki mənim orta məktəbdəki ədəbiyyat müəllimim Elman müəllimdir. Mən onun ən sevimli şagirdi, o da mənim ən sevimli müəllimim olub axı. Amma cavan olanda Elman müəllim eynək taxmırdı.Tahir duruxdu, istədi xoş beş on beş köhnə müəllimi ilə görüşsün tanışlıq vesin. Çünki açıq-aydın məlum idi ki, müəllimi onu tanımamışdı. Amma fikrindən vaz keçdi, Elman müəllimin müəllimin ona verəcəyi suallardan qorxdu. “Oğlum, kitablarını niyə satırsan? Çətinliyin var? Axı sən çalışqan, əlaçı şagird idin, nə oldu sənə?” ağlına milyon dənə sual gəldi. Bu fikirləri başında götür-qoy edən məqamlarda Elman dayının ona verdiyi sualları eşitmədi. “Ay bala sənləyəm”, - Elman dayı üçüncü dəfə daha yüksən səslə müraciət edəndə, Tahir ayıldı, “Hə, dayı, satıram bunları, baxın görün dəyəri nədir”. Elman dayı kitabları ehmalca bir-bir zənbildən çıxarmağa başladı. Hər kitab bir tarix idi Tahir üçün. Elman dayı kitabları bir-bir zənbildən çıxarıb sanki Tahirin çiyninə düzürdü. Düzdükcə Tahir ürəyindəki ağırlığı çəki ilə yox, kitabların sayı ilə ölçürdü, “...beş kitab, altı kitab, yeddi kitab...dayan görək bu kitabı da satmağa götürmüşəm?!” Tahir öz dırnağını var gücü ilə öz əlinin ətinə batırdı - köhnə adəti idi, ehtiyatsız iş görəndə özünə verdiyi cəza idi, hansı ki, bu cəzanı özünə tez-tez verirdi.

Səkkizinci boz üzlü kitab şagird olarkən Elman müəllimin özünün ona hədiyyə etdiyi kitab idi, ən yaxşı inşa yazdığına görə. Hətta içində Elman müəllimin öz əlləri ilə yazdığı ürək sözləri də vardı. İlahi, müəlliminin ona hədiyyə verdiyi kitabı indi Tahir onun özünə satacaqdı. Atasıyla o vaxt şəhərin cah-cəlallı yerlərindən birində yerləşən kitab mağazasının önündən keçəndə Tahir atasını məcbir etmişdi ki, dükana girib baxsınlar. Atası tərəddüd etmişdi, səbəbi də aydın idi. Amma girmişdilər, Tahir məhz orda bu kitabı götürmüş, vərəqləmiş, mündəricatı, nəşriyyatın adını, ön sözün ilk bir neçə cümləsini oxumuş, ümidlə atasının gözlərinin içinə baxmış və kitabı yerinə qoymuşdu. İnşa müsabiqəsində isə Elman müəllimin əli ilə məktəb ona məhz bu kitabı hədiyyə edəndə həm sevincini, həm də təəccübünü saxlaya bilməmişdi.

 Satdı. Elman dayının dediyi qiymətlə anında razılaşdı, pulu saymadan cibinə qoyub yeyin addımlarla gənclik xatirələrindən uzaqlaşdı. O kitabları bir daha görməyəcəkdi, amma birindən başqa. 

***

Mən onu tanıdım. O, mənim şagirdim olmuşdu illər öncə, məktəbdə dərs deyərkən. Amma o, məni tanımadı, deyəsən, indi eynək taxıram axı. Bəlkə də tanıdı, amma biruzə vermədi, utandı yəqin. Mən də onun yerində olsaydım utanardım. Mən başqa bir şeyi də tanıdım - ona şagird olarkən hədiyyə verdiyim kitabı. Özü də çox yaxşı yadımdadır, 3 şagirdə kitab hədiyyə verdim o vaxt. Amma yalnız onun kitabına ürək sözlərimi yazdım və bunu heç kim bilmədi. Bax, bu sözləri. Hə, özüdür ki var. İndi gətirib satmağa. Onun ailəsini yaxşı tanımışam, həmişə ehtiyac içində yaşayıblar. Elə ailəsini tanımağımda məhz bu kitab böyük rol oynayıb. Deməli, məktəbdə inşa müsabiqəsi keçirilirdi, hansı mövzuda yadımda deyil. Məni də təyin etmişdilər təşkilatçı. Uşaqlara hədiyyə də söz vermişdilər, məktəbin rəhbərliyi cüzi vəsait də ayırmışdı buna görə. Müsabiqəni keçirdik, Tahir birinci yerə layiq görüldü, digər iki yeri tutan şagirdin adı yadımda deyil. Ümumiyyətlə, o cür inşa müsabiqəsindən çox keçirmişik, bircə Tahir yadımdadır. Onun da səbəbi bu kitabdır. Niyə? Dediyim kimi, məktəb rəhbərliyi vəsait ayırmışdı hədiyyə üçün, gedib o vəsaitə bir necə dəftərxana ləvazimatı aldıq ki, yer tutanlara verək. Gün kimi yadımdadır, mükafat təqdim olunan gün günorta sinif otağında tək oturmuşdum. Otağa bir kişi daxil oldu, əlində bir bağlama. Nəsə əlində bağlama ilə yanıma gələn adamlardan xoşum gəlmir, çoxlarından fərqli olaraq. Amma bu, o cür adama oxşamırdı. Özünü təqdim etdi, Tahrin atası idi. Tanış olduq, oğlunun qalibiyyəti münasibəti ilə təbrik etdim atasını. Gözlərindəki müvəqqəti sevincin arxasında əbədiyyət yatmış kədəri görməmək mümkün deyildi. Birdən elə bildim ki, oğlunun birinci yer tutması münasibəti ilə bəxşiş gətirib. Bir az özümü qəribə hiss etdim. Amma deyəsən elə deyildi. “Müəllim, oğlum deyir müsabiqədə yer tutduğuna görə ona hədiyyə veriləcək” -dedi. Təsdiqlədim. “Olarmı bu kitabı məktəbin, ya özünüzün adınızdan mənim oğluma hədiyyə kimi verəsiniz?” - deyib bağlamanı mənə uzatdı. Aldım bağlamanı valideynin cod əllərindən. İlk dəfə idi belə bir halla qarşılaşırdım. Özü niyə vermir ki, bu kitabı oğluna, görəsən. Atanın istəyini yerinə yetirib-yetirməyəcəyimi deməmiş özümü saxlaya bilməyib sorüşdum ki, niyə özünüz vermirsiniz kitabı oğlunuza hədiyyə. Onun cavabından aldığım bədən giziltisini bu yaşımda da hiss edirəm: “Tahir bu kitabı “mənə al” deyəndə, mən ona “ananı həkimə göstərməyə pulum yoxdur, kitabı necə alım” dedim. O da ehmalca kitabı götürdüyü rəfə geri qoydu. Amma övladımın gələcəyini balta ilə kəsməyə ürəyim dözmədi, dərman pulundan bir az götürüb gizlicə bu kitabı aldım. İndi ona özüm versəm, deyəcək ki, bəs anamın dərmanları, həkimi necə olacaq, uşağın ürəyi pis olacaq, ona görə sizdən xahiş edirəm, bunu öz adınızdan ona hədiyyə verin, heç anasının da xəbəri yoxdur.” Cavab vermədən kitabı aldım, ikiəlli sinəmə sıxıb “Verərəm” dedim. Atanı yola salandan sonra bir xeyli düşündüm, onlar kimi nə qədər ailə var?! Guya mənim öz vəziyyətim onlardan dahamı yaxşıdır?! Qərara gəldim ki, hər 3 tələbəyə kitab hədiyyə edim, dərfərxana ləvazimatlarını məktəbin rəhbərliyinə qaytardım, öz cibimdən digər iki tələbəyə də kitab aldım. Məktəbi bitirdikdən sonra Tahirdən xəbərim olmadı, eşitdiyimə görə ali məktəbə daxil olmuşdu. Amma bu günkü halını görəndə başa düşdüm ki, həyatı çarəsizlik, ümidsizlik içində boğulub ölmək üzrədir. Kitabı rəfə qoymadım. Öz masamın altına, heç kimin görməyəcəyi bir yerə qoydum və acı xatirələrimi unutmağa çalışdım. Ta ki, köməkçim mənə yaxınlaşana qədər.

***

Mən onu tanıdım. Elə uzaqdan dükana tərəf gəldiyini şüşəli qapıdan gördüm, qaçıb kitab qalaqlarının arxasında gizləndim. Hamınız uşaq olmusunuz, müəllimlərini görəndə yolunu dəyişənlər az deyil aranızda, mən də sizdən biriyəm. Çoxları bunu hörmətsizlik kimi qəbul edir, amma bir şagird kimi sizi inandırmaq istəyirəm ki, elə deyil. Misal üçün mən Tahir müəllimimin uzaqdan gəldiyini görüb gizləndim, ona görə ki, ...deyəsən mətləbdən uzaqlaşdım. Artıq iki il idi ki, Tahir müəllimin dərsini dinləyirdik. Sadə adam idi, sadədən də sadə. Həftəsonları Elman dayının kitab dükanında köməkçi işləyirdim, pula ehtiyacım yox idi əslində. Onsuz da burda aldığım pul yola ancaq çatırdı. Kitaba ehtiyacım var idi, məktəbin kitabxanası yox səviyyəsində idi. Evimizdə isə heç vaxt kitab olmayıb. Beş-altı ay öncə özüm Elman dayıya yaxınlaşıb həftəsonları ona kömək etmək istədiyimi bildirdim. O da razılaşdı, valideynlərim də etiraz etmədiər, hərdən cibxərcliyi də verirdilər, həm Elman dayı, həm də valideynlərim.

Tahir müəllimin əlindəki iki zənbildən hiss etmişdim ki, kitablarını satmağa gətirir. Məktəbdə heç kimə sirr deyildi ki, onun çoxlu kitabı var. Çünki hamıya müvəqqəti oxumağa verirdi o kitablardan. Uşaqlar ləqəb də vermişdilər ona - “fağır Tahir”. İndi “fağır Tahir” müəllim ağır zənbillərin ağırlığı altında daha da ağırlaşaraq ağır-ağır dükana tərəf addımlayırdı. İçəri girib Elman dayıyla görüşdü, söhbətləri qısa çəkdi. Elman dayı köhnə çəkəcəkdən pul götürüb Tahir müəllimə verdi, o da başını aşağı salıb çıxıb getdi. Elman dayı kitabların arasından birini seçib masanın altına qoydu və işinə davam etdi. Mənə maraqlı gəldi, görəsən Elman dayı o kitabı niyə ayırdı, bəlkə özü oxumaq istəyirdi, amma ola bilməz, Elman dayının oxumadığı kitab vardı bəyəm?! Elman dayıya yaxınlaşdım və gələn müştərinin müəllimim olduğunu, eyni kənddə yaşadığımı bildirdim. Elman dayı təəccüblə mənə baxdı, sanki gözləri ilə məzəmmət etdi ki, niyə gəlib görüşmədin müəlliminlə? Heç bir söz demədən masasına yaxınlaşdı və bir neçə dəqiqə əvvəl oraya qoyduğu kitabı götürüb yenə mənə tərəf gəldi: -“Oğlum, bu kitabı gizli şəkildə Tahir müəllimin evinin kandarına qoya bilərsən?” Doğrusu sual məni çaşdırdı, birincisi ona görə ki, “kandar” sözünü başa düşmədim. Amma özümü o yerə qoymadım, “Əlbəttə”, deyə cavab verib kitabı aldım və “kandar” sözünün mənasını axtarmağa getdim. 

***

“Ata, bu sənin kitabındır?” qızcığaz əlindəki kitabı atasına tərəf uzatdı: “Qapının ağzından tapdım”. Tahir kitabı əlinə alıb bərəlmiş gözlərindəki təəccübü gizlədə bilmədi. Evdəkilərin sual dolu nəzərlərindən yayınıb torpaq döşəməli otağa girdi, nəm havanı ciyərinə çəkib kürəyini divara dayadı. Elman müəllim onu tanımışdı. Yoxsa bu kitabı bura hansı möcüzə gətirə bilərdi?! Ürəyindəki sevinci dodaqlarındakı titrəyişli təbəssüm gizlədə bilmədi. Aylardan bəri ilk dəfə idi ki, belə gizli sevinirdi. Kitabı ehmalca mənsub olduğu boş rəfə qoydu, kitabın qonşuları çoxdan satılmışdı. İndi bütün rəf onun idi. Çox güman o, ömrünün sonuna qədər elə burada qalacaq, elə bu döşəmənin torpağında çürüyüb əbədiyyətə qovuşacaq.

Aqşin ƏLİYEV
Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrası

 





16.04.2020    çap et  çap et